“Təsir etmək” feilini məhkəmə necə təfsir edir?

İnzibati Prosessual Məcəllənin 7.2-ci maddəsinə görə, cinayət işinin inzibati işin “həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır”.1 Keçən ilin əvvəllərində Ali Məhkəmə bu “təsir etmək” ifadəsini təfsir etməli olub.2

İnzibati işə baxan məhkəmə hesab etmişdir ki, bir cinayət işinin ibtidai istintaqında inzibati işin tərəflərindən birinin adının olması yuxarıda istinad edilən 7.2-ci maddəyə görə, həmin tərəf barədə işə baxılmasının dayandırılması üçün əsasdır. Çünki bu, baxılan inzibati işin həllinə təsir edə biləcək haldır. Məhkəmənin əsaslandırması aşağıdakı kimidir:

Vergilərin dövlət büdcəsinə ödənilməsinin yayındırılmasına dair cinayət işlərinin ibtidai istintaqı ilə bağlı məlumatda iddiaçının adının olması faktı iş üzrə aparılan cinayət təqibinin hazırki mübahisənin həllinə təsir edə biləcək hal oluğundan, 1-ci instansiya məhkəməsi haqlı olaraq iş üzrə icraatı dayandırmışdır.”

Məhkəməyə görə, iddiaçının həm də başqa bir cinayət işində istintaqının aparılması halı həmin cinayət işinin inzibati işə təsir etməsidir. Yəni işlər arasında sadə əlaqənin olması kifayətdir; bu əlaqanin real effektini müəyyən etməyə ehtiyac yoxdur. Lakin hesab edirəm ki, “təsir edə biləcəyi” ifadəsinin belə sadə təfsiri düzgün deyil.

Azərbaycan dilinin izahlı lüğətinə görə, “təsir etmək” hansısa səbəbin nəticəsində bir halın ortaya çıxması ilə həmin səbəbin nəyəsə əsər etməsidir.3 Latın dilində də belə bir ifadə var ki, “effectus sequitur causam” (təsir səbəbdən sonra gəlir).4

Buna görə də, cinayət işinin inzibati işə “təsir edə biləcəyi”ni müəyyən etmək üçün bu təsirin hansı səbəbdən baş verməsi və şəxs barəsində cinayət təqibinin aparılmasının inzibati işin həllinə necə təsir etməsi müəyyən edilməli, təsirlə bağlı cinayət işi ilə inzibati iş arasında səbəb-nəticə əlaqəsi qurulmalıdır. Əks halda İPM-in 7.2-ci maddəsinin elementi, yəni “təsir” tamamlanmır ki, bu da gəlinən nəticəni tam olaraq əsaslı etmir.

Göründüyü kimi, bəzi sözlər ilk baxışdan görünən hərfi mənaya sahib olmur, ya da başqa sözlə desək, bir söz təkcə bir elementi ehtiva etmir. “Təsir etmək” feili kimi. Buna görə də, sözlərin ifadə etdiyi mənalara hüquqi əsaslandırmada və hüquqi mətnlərdə ayrıca diqqət ayrılmalıdır.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

İstinadlar və izahlar

  1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
  2. 19 yanvar 2017-ci il tarixli, 2-1(102)-23/2017 saylı Cəfərov Natiq Mehman oğlunun Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı iddiasına dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı.
  3. Azərbaycan dilin izahlı lüğəti: IV cild 328 (Şərq-Qərb, 2006); “Əsər etmək” də “təsir etmək” feili ilə eyni mənanı verir. “Təsir etmək” feilinin işə uyğun mənasını almaq üçün həm də “təsir” isminin izahından istifadə etmişəm.
  4. Encyclopedic, ‘Effectus Sequitur Causam‘ (legaldictionary.lawin.org 2013) accesed 2018 August 16
Oxşar paylaşımlar