Azərbaycan 1997-ci ildə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq üçün danışıqlara başlamışdır. ÜTT İşçi Qrupu ilə Azərbaycan arasındakı sənədlərə nəzər saldığımız zaman 1999-cu ildən bəri texniki tənzimləmələr ilə bağlı bir sıra məsələlərin əhatə olunduğunu görürük.1 Bəs beynəlxalq ticarətdə texniki tənzimləmələr nədir?

Uruqvay Raundu təkcə ÜTT-nin yaradılması ilə yox, eləcə də bir sıra əlavə sazişlərin bağlanılması ilə nəticələndi. “Ticarətə Texniki Maneələr” (TTM)  Sazişi qablaşdırma, işarətləmə və etiketləmə tələbləri daxil olmaqla, texniki tənzimləmələrin, standartların və uyğunluğun qiymətləndirilməsi prosesinin ticarətə lüzumsuz maneə yaratmayacağını təmin etmək üçün bağlandı. TTM Sazişi həm texniki tənzimləmələr, həm standartlar, həm də uyğunluğun qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləsə də, bu yazıda ancaq texniki tənzimləmələr müzakirə olunacaqdır.

Texniki tənzimləmələr məhsulun ölçüsü, forması, dizaynı, funksiyası və ya qablaşdırılması və s. ilə bağlı xüsusi tələblər ortaya qoyur. Texniki tənzimləmələrə əməl etmək məcburi olduğu halda, standartlara əməl etmək könüllüdür.2

TTM Sazişinin 1 saylı Əlavəsinə əsasən “əməl olunması məcburi olan məhsul xüsusiyyətlərini və ya onların əlaqədar proseslərini və istehsal metodlarını müəyyən edən sənədlər” texniki tənzimləmələrdir.3

ÜTT-nin Apellyasiya Orqanı EC-Arbestos işindəki raportuna istinad edərək EC-Sardines işində  hər hansı sənədin texniki tənzimləmə olub-olmadığını müəyyən etmək üçün 3 hissəli test müəyyən etmişdir:

  1. Sənəd müəyyən oluna bilən məhsul və ya məhsul qrupuna tətbiq olunur;
  2. Sənəd bir və ya daha artıq məhsul xüsusiyyəti müəyyən etməlidir;
  3. Bu xüsusiyyətlərə əməl olunması məcburi olmalıdır.4

Məsələn, hər hansı X dövlətində yalnız 1 metrdən hündür soyuducuların satıla biləcəyi ilə bağlı qanun texniki tənzimləmədir.

Texniki tənzimləmələr sahəsində harmonizasiyaya nail olmağın əsas məqsədi isə azad ticarətin inkişafı ilə bağlıdır. Müxtəlif ölkələrdə müxtəlif texniki tənzimləmələrə əməl olunması istehsalçılar və ixracatçılar üçün ciddi xərclərə səbəb olur.

Texniki tənzimləmələr dövlətlər tərəfindən əsas olaraq proteksionist məqsədlərlə qeyri-tarif maneəsi kimi yerli istehsalçıları qorumaq məqsədilə qəbul olunur. GATT və ÜTT çərçivəsində tariflərin kifayət qədər azaldılması öz sənayesini qorumaq istəyən dövlətlərdə qeyri-tarif maneələrinin qəbul edilməsi üçün impuls yaradır.

TTM Sazişinin məqsədi isə əsas olaraq aşağıda göstərilən 2 məqsəd arasında balansı qorumaqdan ibarətdir:

  1. Proteksionizmin qarşısının alınması;
  2. Dövlətlərə öz legitim maraqlarını təmin etmək üçün məhdudlaşdırıcı texniki tənzimləmələr qəbul etmək azadlığının verilməsi.5

TTM Sazişinin 2.2-ci maddəsini təhlil göstərir ki, dövlətlərin qəbul etdiyi ticarəti məhdudlaşdırıcı texniki tənzimləmələr onların nail olmaq istədiyi legitim məqsədlərə mütənasib olmalıdır. Belə legitim məqsədlər kimi milli təhlükəsizlik tələbləri, aldadıcı praktikaların qarşısının alınması, insan sağlamlığının və təhlükəsizliyinin, heyvan və bitki həyat və sağlamlığının, eləcə də ətraf-mühitin qorunması çıxış edir.6

United States – Measures Concerning the Importation, Marketing and Sale of Tuna and Tuna Products işində ÜTT Apellyasiya Orqanı legitim məqsəd anlayışına açıqlıq gətirmişdir. Belə ki, legitim “qanuni, əsaslandırıla bilən, uyğun” kimi başa düşülməlidir.7

Elə həmin işdə Apellyasiya Orqanı qəbul edilən məhdudlaşdırıcı tədbirlərin (burada tədbir deyərkən həm texniki tənzimləmələr, həm də standartlar anlaşıla bilər) hədəflənən legitim məqsədə nail olmaq zərurəti ilə mütənasib olub-olmadığını müəyyən etmək üçün aşağıdakı faktorlara nəzər salmışdır:

  1. Qəbul olunan tədbirin müvafiq legitim məqsədə nail olmaq üçün verdiyi töhfənin dərəcəsi;
  2. Tədbirin ticarəti nə qədər məhdudlaşdırması;
  3. Müvafiq riskin təbiəti və dövlətin qəbul etdiyi müvafiq tədbirlə məqsədinə nail olmamasının səbəb olacağı nəticələrin ağırlığı.8

Azərbaycanda texniki tənzimləmər sahəsində dövlət siyasətini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirirdi. Lakin Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli fərmanı ilə Komitə ləğv olundu və onun texniki tənzimləmələr sahəsində səlahiyyətləri yeni yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə verildi.9

Nəticə olaraq, ÜTT çərçivəsində dövlətlər proteksionist siyasətlərdən çəkinməli və ticarətə menələr yaradacaq texniki tənzimləmələr qəbul etməməlidir. Bunun istisnası isə dövlətin öz legitim maraqlarına nail olmaq üçün belə texniki tənzimləmələri qəbul etmə azadlığıdır. Bu azadlıq isə sərhədsiz deyil və dövlətlər qəbul etdikləri texniki tənzimləmələrin hədəflədikləri məqsədlərlə mütənasib olmasına diqqət yetirməlidirlər.

İstinadlar

  1. https://docs.wto.org/dol2fe/Pages/FE_Search/FE_S_S006.aspx?Query=(+(%40Symbol%3d+(wt%2facc%2faze%2f*+or+wt%2facc%2fspec%2faze%2f*+or+wt%2fgc%2fm%2f21+))+or+(%40Title%3d+(accession+of+azerbaijan)))&Language=ENGLISH&Context=FomerScriptedSearch&languageUIChanged=true
  2. Eun Sup Lee – World Trade Regulation, International Trade under the WTO Mechanism, 53 (2012)
  3. Annex 1 (Terms and their Definitions for the purpose of this Agreement) to the TBT Agreement
  4. European Communities – Trade Description of Sardines, Appellate Body Report, WT/DS231/AB/R, adopted 23 October 2002
  5. United Nations Conference on Development and Trade, 3.10 Technical Barriers to Trade, 3 (2003)
  6. TBT Agreement, Art. 2.2
  7. Samantha Gaul, The Technical Barriers to Trade Agreement: A Reconciliation of Divergent Values in the Global Trading System, 91 Chi.-Kent L. Rev. 267, 274 (2016)
  8. Yenə orada, 275
  9. https://president.az/articles/28139
Nihat Huseynov

Author Nihat Huseynov

More posts by Nihat Huseynov