Süni intellekt (AI) və hüquqi analiz: süni intellekt nə dərəcədə hüquqa təsir edir?

Yazının əsas məzmununa keçməzdən öncə qeyd edim ki, yazı nisbətən giriş xarakteri daşıyır və növbəti yazılar mövzunu daha da dərindən təhlil edəcəkdir.

Hazırki dövrün ən qabaqcıl texnoloji yeniliklərindən hesab olunan süni intellektin1 mühasibatlıq, nəqliyyat, nəşriyyat və bu kimi bir çox sahəyə bu və ya digər şəkildə təsir etdiyi danılmaz bir faktdır. Bu sahələr arasında məhz hüquq da tədricən öz yerini almağa başlayır. 2011-ci ildə John Markoff New York Times qəzetində dərc olunan bir məqaləsində artıq süni intellekt əsaslı bəzi proqramların müxtəlif hüquqi mətnləri oxuyub qısa nəticələr çıxara bildiyini qeyd etmişdi2 ki, bu da öz növbəsində mətbuatda kifayət qədər səs-küyə səbəb olmuşdu.

Bəs süni intellektin hüquqa təsiri, həqiqətən də, realdırmı?

IBM tərəfindən hazırlanan WatsonDebater adlı iki müxtəlif süni intellekt əsaslı sistem hər nə qədər biznes mühitində süni intellektdən istifadəyə geniş yer verməyi planlasa da, bu planlar özündə hüququ əks etdirmirdi.3 Qeyd olunan proqramlar hüquq motivli bir çox suala cavab verə bilsə də, bu cür cavablar hüquqşünas yanaşmasını əhatə etmir və daha təkmil nəticələrə fokuslanmağı tələb edir. Bunun nəticəsidir ki, IBM Watson proqramı çərçivəsində sırf hüquqa fokuslanan Ross Intelligence adlı layihə formalaşdırdı. Ross Intelligence, süni intellekt əsaslı tətbiq olaraq hüquqi sualı oxuyur, təhlil edir, müvafiq qaydada hüquqi araşdırma edir və gəldiyi nəticəni sizə təqdim edir.4

Digər tərəfdən LegalZoom, RocketLawyer kimi sistemlər heç bir hüquqşünasın iştirakı olmadan müxtəlif əməliyyatlar, məsələn,alğı-satqı, daşıma, daşınmaz əmlak, miras və s. üzrə zəruri sənədləri (o cümlədən, müqavilə və razılaşmaları) hazırlayır5, Neota Logic biznes mühitində “solutions provider” kimi bilinən xidmətləri təqdim etməklə müxtəlif ekspert və mütəxəssisləri cəlb edir6, Westlaw EdgeCALI adlanan sistem həm hüquq təhsilində, həm də hüquq praktikasında hüquqi araşdırmada yeni bir istiqaməti formalaşdırır, Modria adlanan tətbiq isə mübahisələrin həllinin onlayn platforması kimi mühüm rol oynayır.7

Qeyd olunanlar bazarın ən nəhəng süni intellekt və texnologiya tətbiqləridir və hüquqda tamamilə yeni bir istiqamət formalaşdırmaqdadırlar. Bu da öz növbəsində mühüm bir sualı ortaya çıxarır: Süni intellekt, hüquqi təhlil edə və nəticə çıxara bilirmi?

Yuxarıda qeyd etdiyim kimi süni intellekt əsaslı tətbiqlər hüquqi mətnləri8 asanlıqla oxuya və araşdıra bilir. Lakin bu cür araşdırma hər nə qədər əhatəli olsa da, təqdim olunan yekun nəticə tam və konstruktiv olmur. Başqa sözlə desək, təqdim olunan nəticə “xam material” olur (loru dildə “çiy material”) və süni intellekt əsaslı tətbiqlər hələ ki, növbəti mərhələ olaraq həmin materialları sistemli və əlaqəli formaya sala bilmir.

Digər tərəfdən hər nə qədər süni intellekt əsaslı tətbiqlər təqdim olunan suallara müvafiq cavabları araşdırıb, ortaya çıxara bilsə belə, daha dərin təhlil həyata keçirə bilmir.9 Bir nümunə üzərindən davam etsək: Siz tətbiqə müvafiq sualı bildirirsiniz, məsələn, “Françayz almaq üçün hansı sənədlər tələb olunur?”. Süni intellekt əsaslı tətbiq öz növbəsində müvafiq araşdırmadan sonra sizə ən münasib nəticəni, yəni qanunvericiliklə tələb olunan sənədlərin siyahısını təqdim edir. Hətta bir sıra tətbiqlər daha dərinə gedərək ayrı-ayrı məhkəmə işlərində istisna olaraq hansısa sənədlərin olmamasının güzəştə gedildiyinin, yaxud da əlavə hansısa sənədin tələb olunma imkanının mümkünlüyünü də qeyd edə bilər. Lakin süni intellekt əsaslı tətbiq bütün bu cavabın “niyə?”-sini sizə təqdim edə bilmir və təqdim olunan nəticələr də hissə-hissə, müxtəlif aktlardan çıxarışlar şəklində olur. Və nəticə etibarilə siz bu hissələri birləşdirməli və yekun hala salmalı olursunuz.

Bəs süni intellekt əsaslı tətbiq niyə bu qaydada çalışır?

Ümumiyyətlə, süni intellekt əsaslı istənilən tətbiqin əsasında kodlama dayanır. Bunun nəticəsidir ki, süni intellekt əsaslı tətbiq kodlanmamış göstərişləri10 nəticə şəklində təqdim edə bilmir. Belə ki, hüquqi məlumat məhz müxtəlif mənbələrdən – qanunvericilik aktlarından, müqavilələrdən, məhkəmə işlərindən və digərlərindən mexaniki qaydada süni intellekt əsaslı tətbiqə kodlanır.11 Yəni hüquqşünas, yaxud hər hansı digər mütəxəssis hüquqi mətni oxuyur, analiz edir və süni intellekt əsaslı tətbiq üçün lazım ola biləcək yerləri ayrı-ayrı “kəsərək” kodlamaya təqdim edir. Məhz qeyd olunan insan faktorunun olmaması, süni intellekt əsaslı tətbiqlə hüquqi mətn arasında birbaşa əlaqə yaradır ki, bu da müxtəlif qeyri-müəyyənliklərə yol aça bilər.

Əgər yuxarıdakı paraqrafı daha da spesifikləşdirsək, süni intellekt əsaslı tətbiqin təməl işləmə alqoritması aşağıdakı formadadır: əgər + [fakt] = onda + [nəticə].12 Məsələn, əgər [təqdim olunan mal qüsurludursa], onda [satıcı öz öhdəliklərini pozmuş hesab edilir].

Lakin süni intellekt əsaslı tətbiqin kodlama mexanizmi onun iki əsas istiqamətdə – a) sual-cavab13 və b) məlumatın ekstraksiyası14 (hissə-hissə təqdim olunması) – formalaşdırılması mümkünlüyünü istisna etmir. Sual-cavab əsaslı sistem bir qayda olaraq geniş həcmli mətni araşdıraraq istifadəçiyə lazım olan məlumatın əhatə olunduğu kiçik abzası, yaxud cümləni nəticə şəklində təqdim edir.15 Məlumat ekstraksiyası isə əsas etibarilə məlumatın əks olunduğu sənədi, yaxud aktı birbaşa istifadəçiyə təqdim edir.16

Məhz hüquqi məlumatın bu qədər dəqiq və hissə-hissə müəyyən olunması (nəzərə alaraq ki, bu cür məlumat mənbələrinin sayı həddindən artıqdır) öz növbəsində məlumat17 analizini (bundan sonra data analizi), spesifik olaraq hüquqi data analizini aktuallaşdırır.18 Yazını qısa tutmaq üçün hüquqi data analizi barədə bu mövzu üzrə növbəti yazımda geniş şəkildə izah edəcəyəm.

Nəzərə almaq lazımdır ki, süni intellekt əsaslı tətbiqdən hüquqda istifadə olunması heç də həmişə düzgün və mübahisəsiz hüquqi nəticənin təqdim olunması mənasına gəlmir. Bir sıra məhkəmə işlərində yuxarıda qeyd etdiyim süni intellekt tətbiq edən şirkətlərə qarşı iddia qaldırılmışdır.19

Qeyd etdiyim kimi, yazı bir qədər giriş xarakteri daşıdığından mövzu üzrə növbəti yazılarımda bəzi spesifik məqamları daha da əhatəli şəkildə qeyd edəcəyəm.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

İstinadlar və izahlar

  1. ingiliscə: artificial intelligence
  2. John Markoff, Armies of Expensive Lawyers, Replaced by Cheaper Software, N.Y. TIMES, Mar. 5, 2011, https://www.nytimes.com/2011/03/05/science/05legal.html (son dəfə ziyarət olunub: 18.08.2018)
  3. Kevin D. Ashley, Artificial Intelligence and Legal Analytics: New Tools for Law Practice in Digital Age (Cambridge University Press), 3 (2017)
  4. Dana Remus and Frank Levy, Can Robots be Lawyers? Computers, Lawyers, and the Practıce of Law, 2 (2016), https://ssrn.com/abstract=2701092
  5. Benjamin Barton, The Lawyer’s Monopoly: What Goes and What Stays, 82 FORDHAM L. REV. 3073 (2014)
  6. https://www.neotalogic.com/platform/ (son dəfə ziyarət olunub: 18.08.2018)
  7. Ben Barton, Lessons from the Rise of LegalZoom, https://biglawbusiness.com/lessons-from-the-rise-of-legalzoom/ (son dəfə ziyarət olunub: 18.08.2018)
  8. Bir qayda olaraq hüquqi mətn dedikdə qanunvericilik aktları, məhkəmə və arbitraj işləri, hüquqi doktrinal mətnlər və digərləri başa düşülür.
  9. Daha ətraflı bax: Richard Susskind, Tomorrow’s Lawyers: An Introductıon to Your Future (Oxford Univ. Press 2013)
  10. ingiliscə: command
  11. Kevin D. Ashley, Artificial Intelligence and Legal Analytics: New Tools for Law Practice in Digital Age (Cambridge University Press), 4 (2017)
  12. Kevin D. Ashley, Artificial Intelligence and Legal Analytics: New Tools for Law Practice in Digital Age (Cambridge University Press), 9 (2017)
  13. İngiliscə: question answering
  14. İngiliscə: data or information extraction
  15. John Prager, Eric Brown, Anni Coden, Question-answeringby predictive annotation 184 (2000)
  16. Dayne Freitag, Machine learning for information extraction in informal domains, Machine learning, 39 (2–3), 169–202 (2000)
  17. İngiliscə: data analytics
  18. Technology and its impact on legal practice, http://www.lawsocieties.eu/news/in-focus/technology-and-law/technology-and-its-impact-on-legal-practice/5062190.fullarticle (son dəfə ziyarət olunub: 18.08.2018)
  19. LegalForce RAPC Worldwide, P.C. et al v. LegalZoom.Com, Inc. et al, 2017; Janson v. LegalZoom, 2009 və s.
Oxşar paylaşımlar