Kanada vergi məhkəməsi: kosmik səyahət xərcləri gəlirdən çıxıla bilərmi?

Kanadalı iş adamı, “Cirque du Soleil” şirkətinin təsisçisi Guy Laliberté Beynəlxalq Kosmik Stansiyaya 12 günlük səyahət edir. Səyahət zamanı canlı yayımla müxtəlif konsertlərə bağlanan iş adamı “Cirque du Soleil”in marketinq tədbiri daxilində təmiz su probleminə diqqət çəkmiş, eyni zamanda problemlərin həlli ilə bağlı vəsait toplamağa çalışmışdır.1

İş adamı səfərin xərclərini əvvəlcə özü ödəmiş, səfərdən 2 ay sonra isə “Cirque du Soleil” tərəfindən xərclər (41.8 milyon dollar) ona geri ödənmişdir. “Cirque du Soleil” holdinq şirkətinə də bu məbləğ holdinqin əsas əməliyyat şirkəti olan “Créations Méandres” tərəfindən ödənmişdir. “Créations Méandres” da həmin məbləği marketinq məqsədli kosmik səyahət xərcləri kimi gəlirdən çıxır. Bu dövr üçün Guy Laliberté iştirakçı faydasını2 cəmi 4 milyon dollar olaraq bildirmişdir.3

Qeyd edim ki, Kanadada öz şirkətindən fayda əldə edən iştirakçı, həmin faydanın dəyərini gəlir olaraq bildirməyə borcludur. Kanada vergi hüququna görə iştirakçı faydasının dəyəri iştirakçının gəliri hesablanarkən nəzərə alınmalı və gəlirə əlavə olunmalıdır. Əgər bu fayda bildirilməsə, Kanada Gəlir Agentliyi bu faydanı yenidən müəyyən edə bilər.

Hazırkı işdə kosmik səyahət xərcləri kimi hüquqi şəxsin gəlirindən çıxılan 41.8 milyon dollar məbləği vergi orqanı iştirakçı faydası kimi müəyyən etmişdir. İddiaçı buradakı xərclərin marketinq və reklam xarakterli xərclər olduğunu, yəni biznes xərcləri olduğunu əsas gətirərək bunların gəlirdən çıxılmalı olan xərclər olduğunu irəli sürsə də, vergi orqanı və məhkəmə tamamilə ayrı fikirdədilər.

Qərarın üçüncü hissəsində kosmik səyahətin məqsədini aydınlaşdıran məhkəmə o qərara gəlir ki, səyahət biznes məqsədli deyil, şəxsi məqsədlə edilmişdir. Məhkəmə bunu əsaslandırmaq üçün qərarda 27 səbəb göstərir.

Məhkəmə qeyd edir ki, şəxsi yararlanma aspektləri olan biznes səyahətləri ilə biznes aspektləri olan şəxsi səyahətlər arasında fərq var və hazırki işin halları da sonuncuya uyğun gəlir. Məhkəməyə görə bu ona görədir ki, Guy Laliberté Beynəlxalq Kosmik Stansiyaya getməyi çoxdan istəmiş, bu səyahətin marketinq planı kimi şirkətdə qərarlaşdırılması da sanki iştirakçının bu istəyinin nəticəsi kimi ortaya çıxmışdır.

Məhkəmə səyahətin bizneslə bağlı olan hissəsinin məbləğini 10%, yəni 4.2 milyon dollar olaraq müəyyən etmişdir. Qalan 90%, yəni 37.6 milyon dollar isə iştirakçı faydası kimi müəyyən olunmuşdur.

Maraq üçün qeyd edim ki, Azərbaycan qanunvericiliyində gəlirdən çıxılmayan xərclər Vergi Məcəlləsinin 109-cu maddəsində müəyyən olunmuşdur.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

İstinadlar və izahlar

  1. Laliberté v. The Queen, Canada Tax Court Docket: 2015-1475(IT)G (2018/09/12).
  2. İngiliscə: Shareholder benefit.
  3. Kanada hüququna görə, iştirakçı faydası şirkətin öz iştirakçısına müəyyən dəyərə malik bir şey verdiyi zaman baş tutur. Kanada hüququ iştirakçı faydasına çox geniş anlayış vermişdir. Məsələn, iştirakçının şirkət maşınından şəxsi istifadə üçün istifadə etdiyi zaman və ya şirkətə məxsus əmlakı müəyyən güzəştlə kirayəyə götürdüyü zaman iştirakçı faydası yaranır.