Bu il 10 ili tamam olan ötən maliyyə böhranı mərkəzi bankların sonuncu instansiya kreditoru funksiyasının vacibliyini bir daha təsdiq etdi. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bu funksiyanı Azərbaycan Respublikasının Mərkəzi Bankı həyata keçirir.1

Bəs sonuncu instansiya kreditoru nədir? Termin əslini ingilis dilindəki “the lender of last resort” (bundan sonra “LOLR” adlandırılacaqdır) ifadəsindən alır və ilk dəfə 1797-ci ildə Sir Francis Baring tərəfindən İngiltərənin mərkəzi bankı olan Bank of England-ə münasibətdə “ən son çarə” mənasında (dernier resort) istifadə olunmuşdur.2

LOLR-a ehtiyac banklar likvidlik böhranı keçirdiyi zaman yaranır.3 Ənənəvi olaraq banklarda likvidlik böhranı depozitorların hesablarındakı məbləği kütləvi şəkildə geri çəkməsi ilə yaranır (belə vəziyyətlərlə bağlı hətta “ani likvidlik” termini də formalaşmışdır4). Bu zaman likvidliyin təmin edilməsinə qeyri-təbii və həddindən artıq ehtiyac yaranır və bunun digər mənbələrdən əldə edilməsi mümkün olmur. Belə olduqda, Mərkəzi Bankın bank rezervləri şəklində likvid aktivlər yarada bilməsi, ödəmə sistemində mərkəzi mövqe tutması və makroiqtisadi sabitliyin təmin edilməsi kimi məqsədləri həyata keçirmək üçün unikal gücü olduğundan Mərkəzi Bank bu funksiyanı öz üzərinə götürə bilir. Digər tərəfdən, LOLR potensial olaraq geniş miqyasda sarsıntı5 yarada, Mərkəzi Bankı böyük maliyyə risklərinə məruz qoya və fiskal siyasətin sərhədləri ilə qarışa bildiyindən, çox riskli fəaliyyət hesab olunur. Həmçinin, fərdi maliyyə institutlarının likvidliyinin təmin edilməsi reputasiya risklərinin yaranmasına da səbəb ola bilər.6

LOLR-un doktrinal prinsipləri isə XIX əsrdə Henry Thornton və Walter Bagehot tərəfindən inkişaf etdirilmişdir.7 Əsas prinsiplər bunlardır:

  • böhran zamanı borc verməyə hazır vəziyyətdə olmaq;
  • likvid olmasa da, ödəmə qabiliyyəti olan banklara borc vermək;
  • ödəmə qabiliyyəti olmayan bankların iflasına yol vermək;
  • sağlam girovlara (təminat) qarşı borc vermək;
  • yüksək faiz dərəcəsiylə borc vermək;
  • şərtləri əvvəlcədən elan etməklə maliyyə bazarlarını gözləntilərdən xəbərdar etmək.

Ötən maliyyə böhranı zamanı LOLR-dan, əsasən, Federal Ehtiyat Sistemi (FED), Avropa Mərkəzi Bankı və Bank of England çox geniş şəkildə istifadə etmiş və bu da həmin bankların balanslarının həddindən artıq “şişməsinə” gətirib çıxarsa da, maliyyə institutlarının böhrandan çıxmasına əsaslı yardım etmişdir. Böhrandan sonra ortaya çıxan maraqlı məsələlərdən biri də LOLR təmini zamanı müxtəlif yurisdiksiyalarda müxtəlif fərqlərin yaranmasıdır. Bu isə daha böyük yazının mövzusudur.

İstinadlar

  1. Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu, Maddə 49:

    “Bankların ödəmə qabiliyyətinin qısamüddətli pozulması və likvidlik çatışmazlığı hallarında maliyyə bazarlarına nəzarət orqanı 6 (altı) aydan artıq olmayan müddətə kreditlərin verilməsi üçün Mərkəzi Banka müraciət edə bilər. Maliyyə bazarlarına nəzarət orqanının müraciəti əsasında Mərkəzi Bank 2 (iki) bank günündən gec olmayaraq kreditlərin verilib-verilməməsi barədə müvafiq qərar qəbul etməlidir”. Daha ətraflı bax: David Laidler, “Central Banks as Lender of Last Resorts  – Trendy or Passe?“, University of Western Ontario, Economic Policy Research Institute Working Papers, no2004-8 (2004) (sonuncu dəfə baxılıb: 11.10.2018).

  2. Daha ətraflı bax: David Laidler, “Central Banks as Lender of Last Resorts  – Trendy or Passe?”, University of Western Ontario, Economic Policy Research Institute Working Papers, no2004-8 (2004) (sonuncu dəfə baxılıb: 11.10.2018).
  3. Ümumi olaraq sadə dillə desək, “likvidlik” bankın öhdəliklərini vaxtında icra edə bilməsi deməkdir. Likvidliyin aşağı düşməsi, bankın öhdəliklərini bir o qədər çətin icra etməsi deməkdir.
  4. Bax: Azərbaycan Respublikası Mərkəzi Bankı, Banklarda likvidliyin idarə olunması haqqında Qaydalar (20.09.2009).
  5. Bu bir növ ingilis dilindən tərcümədə “moral hazard” terminini ehtiva edir. “Əgər banklar mərkəzi bankların onlara likvidlik yardımı edəcəyindən əmin olsalar, onlar növbəti iqtisadi yüksəlmələr zamanı kreditlərin verilməsində ehtiyatsız davranacaqlar.” – Charles P Kindleberger and Robert Z Aliber, Manias, Panics and Crashes: A History of Financial Crises (6th edn, Palgrave Macmillan 2011), səhifə 213.
  6. Dietrich Domanski and Vladyslav Sushko, “Rethinking the lender of last resort: workshop summary“, BIS Papers No 79, p 1 (2014) (sonuncu dəfə baxılıb: 11.10.2018)
  7. Thomas M Humphrey, “Lender of Last Resort: The Concept in History”, Economic Review 8 (1989) March/April (sonuncu dəfə baxılıb: 11.10.2018)
Guest Author

Author Guest Author

More posts by Guest Author