Kanadanın təyyarə istehsalçısı Bombardier öz sabiq işçiləri tərəfindən kommersiya sirlərinin Mitsubishi şirkətinin Regional Təyyarə Proqramına kömək etmək üçün Mitsubishi Heavy Industries Ltd şirkətinin hava gəmilərinin istehsalı və satışı ilə məşğul olan törəmə şirkətinə – Mitsubishi Aircraft Corporation-a ötürüldüyünü irəli sürərək, sonuncuya qarşı keçən həftə Seattle Federal Məhkəməsinə iddia verib.1

İddia təkcə Mitsubishi Aircraft Corporation-a qarşı deyil, eyni zamanda Seattle-based Aerospace Testing Engineering & Certification Inc (AeroTEC) və iddiaçının bəzi sabiq işçilərinə qarşı da verilib. AeroTEC Mitsubishi Aircraft Corporation ilə birlikdə çalışaraq, onun 90 nəfərlik təyyarəsinin səlahiyyətli orqanlar tərəfindən sertifikatlaşdırılmasına kömək edir.

Bombardier iddia edir ki, onun Mitsubishi və AeroTEC tərəfindən işə götürülən sabiq işçiləri özləri ilə bərabər ona məxsus olan, Kanadada və ABŞ-da təyyarələrin sertifikatlaşdırılması ilə bağlı konfidensial sənədləri və məlumatları da gətiriblər. İddiaçı irəli sürür ki, onun sabiq işçiləri şirkəti tərk etməzdən və Mitsubishinin layihəsinə qoşulmazdan əvvəl önəmli məlumatları öz şəxsi elektron poçtlarına göndəriblər.

Azərbaycan qanunvericiliyinin dilinə uyğunlaşdırsaq, iddiaçı məhkəmədən iddianın təmin edilməsi üçün tədbirlər görməyi tələb edib. Belə ki, Bombardier tələb edir ki, məhkəmə preliminary injunction qəbul edərək Mitsubishi Aircraftın və AeroTEC-in götürülən məlumatlardan istifadə etməsinin qarşısını alsın. Bu bizə Azərbaycan Respublikasının (AR) Mülki-Prosessual Məcəlləsinin 158.1.2-ci maddəsinin xatırladır. Belə ki, həmin maddəyə görə “müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək” məhkəmənin iddianı təmin etmək üçün görə biləcəyi tədbirlərdən biridir.

Mitsubishi-nin Regional Təyyarə Proqramı – Yaponiyanın 1960-cı illərdən bəri ilk sərnişin təyyarəsi artıq illərdir ki gecikdirilir. Təyyarələrin ilk müştərisi olan ANA Holdings Inc 90 nəfərlik təyyarəni 2020-ci ilə gözləyir, halbuki bu təyyarələr ilkin olaraq 2013-cü ilə planlaşdırılmışdı. İddiaya görə Mitsubishi keçmişdə layihənin gecikdirilməsi səbəbi kimi sertifikatlaşdırılmanın çətinliyinə istinad etmişdir.

Bombardierə görə cavabdehlər onun sabiq işçilərindən əldə etdikləri konfidensial məlumatları istifadə etməklə 2016-cı ildə ABŞ-da qəbul olunmuş Ticarət Sirrlərinin Qorunması Aktını2 pozmuşdurlar. Qeyd edim ki, bu qanun kommersiya sirri sahibinə onun kommersiya sirri olan məlumatlarının qanunsuz olaraq mənimsənilməsi zamanı Federal Məhkəmələrdə iddia qaldırmaq hüququ verir.

Azərbaycan qanunvericiliyinə nəzər yetirsək, bu sahədəki münasibətləri tənzimləyən əsas qanun Kommersiya sirri haqqında AR-in qanunudur. Xüsusilə də, qanunun 10-cu və 11-ci maddələri hazırki iş baxımından diqqət çəkir. Belə ki, 10-cu maddə “işçilərin müəyyən edilən kommersiya sirri rejiminə əməl etmə öhdəlikləri”dən, 11-ci maddə isə “əmək münasibətlərinə xitam verildikdən sonra kommersiya sirrinin qorunması”dan bəhs edir.

Bundan əlavə, Haqsız rəqabət haqqında AR qanununun 7-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti zamanı bazar subyektinin elmi-texniki, istehsal və ya ticarət fəaliyyətinə dair məlumatlarının, o cümlədən kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması qadağandır.

Eyni zamanda, AR-nın İnzibati Xətalar Məcəlləsinin 431-ci və Cinayət Məcəlləsinin 202-ci maddələrində kommersiya sirrinin qanunsuz olaraq əldə edilməsi və yayılması ilə bağlı məsuliyyət nəzərdə tutulmuşdur.

İstinadlar

  1. https://www.independent.co.uk/news/business/news/bombardier-sues-mitsubishi-trade-secret-theft-plane-airbus-japan-canada-a8595596.html; https://www.reuters.com/article/us-bombardier-lawsuit-mitsubishi/bombardier-sues-mitsubishi-jet-program-over-trade-secrets-idUSKCN1MV0S5
  2. Defend Trade Secrets Act
Nihat Huseynov

Author Nihat Huseynov

More posts by Nihat Huseynov