Təsəvvür edin ki, hansısa hədiyyə mağazasına daxil olub 50 manat dəyərində boyunbağı alırsınız. Satıcı ilə şifahi alğı-satqı müqaviləsi bağlayıb, pulu ona verirsiniz. Əvəzində isə satıcı sizə boyunbağını verir. Daha sonra ortaya çıxır ki, müqaviləni vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlamısınız və Mülki Məcəllənin (MM) 347-ci maddəsinə əsasən belə əqdlər etibarsızdır. Bəs bunun nəticəsi nə olur? MM-in 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəyə əsasən isə, əqd etibarsız olduqda, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur. Yəni sizinlə satıcı arasında faktiki olaraq müqavilə yoxdur və siz boyunbağını satıcıya, satıcı isə 50 manat məbləğində pulu sizə geri qaytarır. Yəni müqavilədə olan qüsur sizin əşya və pul üzərində olan mülkiyyət hüququnuza birbaşa təsir edir.

Bəs bu əqdi Azərbaycanda deyil, Almaniyada bağlasanız nəticə necə olardı? Məhz bu sual bizi alman mülki hüququndakı abstraksiya və ayrılma prinsiplərinə yönəldir. Misal gətirilən əqdi alman hüququ baxımından müzakirə etməzdən əvvəl bu prinsiplərin anlayışına nəzər yetirək.

Ayrılma prinsipinə görə, məcburi hüquqi hərəkətlər (öhdəlik yaradan hüquqi hərəkətlər) dispozitiv hüquqi hərkətlərdən (əşyanın faktiki olaraq verilməsi barədə olan hüquqi hərəkətlərdən) fərqlidir. Bu o deməkdir ki, əşyaya olan mülkiyyət hüququnun satıcıdan alıcıya keçməsi üçün alğı-satqı müqaviləsi yetərli deyil, eyni zamanda əşya üzərindəki mülkiyyət hüququnun verilməsi barədə də müqavilə olmalıdır.

Abstraksiya prinsipinə görə isə, alğı-satqı müqaviləsində olan qüsür mülkiyyət hüququnun verilməsi ilə bağlı olan müqavilənin etibarlılığına təsir etmir. Yəni hər iki müqavilə bağlandıqdan sonra alğı-satqı müqaviləsinin etibarsızlığı əşya üzərində olan mülkiyyət hüququnun verilməsi barədə müqaviləyə təsir etmir. Etibarsız alğı-satqı müqaviləsinə rəğmən, alıcı əşyanın mülkiyyətçisi olur.

Ayrılma prinsipinin əsasında məcburi hüquqi hərəkətlər ilə dispozitiv hüquqi hərəkətlərin ayrılması durur. Məcburi hüquqi hərəkətlərin nəticəsi əvvəllər mövcud olmayan tələblərin yaranmasıdır. Bu da tərəflər arasında öhdəlik münasibətlərini yaradır. Yəni bir nəfərin üzərinə digər tərəfin tələbini yerinə yetirmək vəzifəsi qoyulur. Kreditor və borclu ortaya çıxır. Bu o deməkdir ki, alğı-satqı müqaviləsi bağlandıqdan sonra əşya üzərində mülkiyyət hüququ satıcıdan alıcıya keçmir. Sadəcə alıcının həmin əşya üzərindəki mülkiyyət hüququnun ona verilməsini tələb etmək hüququ yaranır. Əşyanın faktiki olaraq verilməsi və mülkiyyət hüququ ötürülərkən onun ötürülməsinə qarşılıqlı razılıq dispozitiv hüquqi hərəkət hesab olunur.

Abstraksiya prinsipinə görə isə, məcburi hüquqi hərəkətlər abstraktdır, çünki onların etibarsızlığı dispozitiv hüquqi hərəkətlərə təsir etmir. Yəni alğı-satqı müqaviləsi etibarsız olsa belə, o, əşya üzərindəki mülkiyyət hüququna təsir etməyəcək.

Bu iki prinsipin qarşılığını Almaniyanın MM-nin (Bürgerliches Gesetzbuch) 433-cü və 929-cu maddələrində görə bilərik.1 Belə ki, 433-cü maddəyə əsasən, alğı-satqı müqaviləsi zamanı satıcının əşyanı və onun üzərindəki mülkiyyət hüququnu alıcıya vermək öhdəliyi yaranır. 929-cu maddəyə əsasən isə, daşınar əşya üzərindəki mülkiyyətin ötürülməsi zamanı mülkiyyətçinin əşyanı əldə edənə verməsi və hər ikisinin mülkiyyətin ötürülməsi barədə razılığa gəlməsi zəruridir. Əgər əldə edən əşyanın sahibidirsə, bu zaman mülkiyyətin ötürülməsi barədə razılaşma kifayət edəcək.

Yuxarıdakı iki maddənin təhlili göstərir ki, 433-cü maddəyə əsasən, alğı-satqı müqaviləsinə əsasında satıcının əşya üzərindəki mülkiyyəti alıcıya vermək öhdəliyi (eyni zamanda satıcının əşya üzərindəki mülkiyyətin ona verilməsini tələb etmək hüququ) yaranır. 929-cu maddəyə görə isə, əşya üzərindəki mülkiyyətin ötürülməsi barədə ayrıca razılaşma əldə olunmalıdır.

Beləliklə, ayrılma prinsipi alğı-satqı müqaviləsinin bağlanması zamanı 3 müqavilənin bağlanmasına gətirib çıxarır:

  1. Alğı-satqı müqaviləsi (məcburi)
  2. Əşya üzərində olan mülkiyyət hüququnun verilməsi müqaviləsi (dispozitiv)
  3. Pul üzərində olan mülkiyyət hüququnun verilməsi müqaviləsi (dispozitiv)

Başlanğıcdakı kazusa qayıtsaq, alman hüququna görə, burada siz boyunbağını, satıcı isə pulu sizə geri vermək məcburiyyətində olmayacaq. Çünki sizin aranızdakı alğı-satqı müqaviləsinin etibarsızlığı əşya və pul üzərində olan mülkiyyət hüquqlarınıza təsir etməyəcək. Sizin aranızdakı mübahisə əsassız varlanma haqqında müddəalara uyğun olaraq həll olunacaq.2

 

İstinadlar

  1. https://www.gesetze-im-internet.de/bgb/
  2. Mövzu ilə bağlı daha ətraflı məlumat üçün: https://pressto.amu.edu.pl/index.php/ppuam/article/view/4606
Nihat Huseynov

Author Nihat Huseynov

More posts by Nihat Huseynov