Hakimin vəkillə Facebook “dostluğu” hakimin işə baxmaması üçün əsasdırmı?

Ötən ay ABŞ-ın Florida Ali Məhkəməsi belə bir sual qarşısında qərar verməli olub. Məhkəmə kollegiyasının cüzi çoxluğunun qənaətinə (4-3 nisbətində) görə hakimin işdəki tərəflərdən birinin vəkili ilə Facebook “dostluğu” özü-özlüyündə hakimin işdən kənarlaşdırılmasına əsas deyil.

Məhkəmənin mövqeyi aşağıdakı əsaslara dayanır:

  • Kənarlaşdırma üçün hüquqi standart. Hakimin işdən kənarlaşdırılması üçün kifayət qədər ağlabatan əsaslar olmalıdır. Əks halda sadə bəhanələrlə hakimlərə etirazlar çoxalar, işlər lazımsız yerə uzanar. Hazırkı işdə də hakimlə vəkilin yalnız Facebook dostluğunun olması uzaqlaşdırma üçün kifayət deyil.
  • Ənənəvi “dostluq”. Florida Ali Məhkəməsinin əvvəlki qərarlarında da oxşar suallar ortaya çıxsa da, həmin suallarda belə qeyri-müəyyən dostluğun etiraz üçün kifayət etməməsi nəticəsinə gəlinmişdir. Məhkəməyə görə “dostluq” fərqli yaxınlıqlarda ola bilər və sadəcə tanışlıq kimi görünən dostluq ertiraz üçün əsas deyil.
  • Facebook “dostluğu”. Sosial şəbəkələri təhlil edən məhkəmə belə izah edir ki, virtual “dostluq” heç də real dostluq demək deyil: vəkilin hakimin “dostluq” siyahısında olması onların real dost olması anlamına gəlmir. Sadəcə silmək funksiyası ilə belə “dostluğu” sonlandırmaq olur. Bu halda yalnız belə bir əsasla etirazı qəbul etmək olmaz.

Məhkəmə kollegiyasının etirazı qəbul etməyən 4 üzvündən fərqli olaraq digər 3 üzvü hakimləri belə “dostluqlardan” uzaq tutmaq üçün etirazı qəbul etməyin tərəfdarı olmuşlar. Onlara görə hakim, məhkəmə hakimiyyətinin əsas iştirakçılarından biri olduğuna görə onun qərəzli olması fikrini formalaşdıran fəaliyyətdən qaçmalıdır. Əlavə olaraq, hakimin yeniyetmələr kimi sərbəst sosial şəbəkə istifadə etmək azadlığı olmamalıdır: o, məhkəmə hakimiyyətinin düzgünlüyünü qorumalıdır.

Hazırda, normal olaraq, Azərbaycanda da Facebook hesabı olan hakimlər var. Bəs belə bir sualla Azərbaycan məhkəməsi qarşılaşsa, necə qərar verilər?

Mülki Prosessual Məcəllənin 19.2.3-cü maddəsinə görə hakim “şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa”, o, işə baxılmasında iştirak edə bilməz və hakimə etiraz edilə bilər. Lakin bunun üçün Facebook dostluğunun Azərbaycan məhkəməsi üçün kifayət edib-etməyəcəyi ayrıca bir sual olaraq qalır.

Fikrimcə, vəkillə hakimin Facebook dostluğu onun işə baxmaması üçün kifayət qədər əsas verir. Məsələn, vəkilin paylaşımlarından hakimin ona qarşı mənfi və ya müsbət fikri yarana bilər. Belə olduqda isə hakimin obyektivliyi şübhə altına düşür.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

Oxşar paylaşımlar