Malların keyfiyyətinin tənzimlənməsi

Beynəlxalq investisiyaların cəlb edilməsi fonunda Azərbaycanda beynəlxalq elementli malların alğı-satqı müqavilələrinin tətbiq edilməsi halları çoxalmaqdadır. Lakin həmin münasibətlər çərçivəsində malların keyfiyyətinin tənzimlənməsi Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra Mülki Məcəllə) hansı dərəcədə nəzərə alınması və həmin müddəaların BMT-nin Malların Beynəlxalq Alğı-satqı Müqavilələri haqqında 1980-ci il Vyana Konvensiyası ilə (bundan sonra Vyana Konvensiyası) hansı münasibətə olması sual doğuran məsələlərdir. Hazırkı yazı malların keyfiyyətinin tərəflər arasında müqavilədə birbaşa olaraq razılaşdırılmadığı halda onun tənzimlənməsinə həsr edilmişdir.

 

Bir qayda olaraq keyfiyyət haqqında müddəaların tərəflər arasında olan alğı-satqı münasibətlərində təsbit edilmə səviyyəsinə görə üç kateqoriyaya bölünür, bunlar müvafiq olaraq keyfiyyət haqqında müddəaların tam təsbit edildiyi, keyfiyyət haqqında müddəaların qismən təsbit edildiyi və son olaraq keyfiyyət haqqında  müddəaların ümumiyyətlə müəyyən edilmədiyi hallar aid edilir.

 

Həm Vyana Konvensiyasında,1 həm də Mülki Məcəllədə2 malların alğı-satqı müqaviləsinin icrası zamanı keyfiyyət ilə bağlı iki növ konsepsiya nəzərdə tutulmuşdur: bunlar müvafiq olaraq obyektiv və subyektiv uyğunluq konsepsiyalarıdır. Subyektiv uyğunluq deyəndə tərəflər arasında razılaşdırılmış tələblərə cavab verən əşya nəzərdə tutulur, obyektiv uyğunluq isə alğı-satqı müqaviləsi çərçivəsində malların keyfiyyəti haqqında müddəalar olmadıqda malların cavab verməli tələblərdir. Ümumiyyətlə, Mülki Məcəllənin bu hissədə olan əksər müddəaları Vyana Konvensiyasının eyni münasibətləri tənzimləyən müddəaları ilə eynilik təşkil edir; bu isə öz növbəsində belə bir qənaətə gəlməyə ehtimal yaradır ki, Mülki Məcəllənin tərtib edilməsi zamanı Vyana Konvensiyasının çox böyük təsiri olmuşdur.

Hər iki mənbədə nəzərdə tutulan ilk obyektiv uyğunluq tələbi kimi “adətən istifadə edilən məqsədlər”3 üzrə uyğunluğu çıxış edir. Vyana Konvensiyası və Mülki Məcəllənin mətni hazırkı halda tamamilə eynilik təşkil edir. Sənədlərin tərtib edilmə müddətlərini nəzərə alsaq, müəyyən etmək olar ki, Mülki Məcəllənin qeyd olunan maddələrinin tərtib edilməsi zamanı əsas mənbə qismində Vyana Konvensiyası çıxış edib və bu səbəbdən adətən istifadə edilən məqsədlər məfhumuna Vyana Konvensiyasının konteksti çərçivəsində aydınlıq gətiriləcəkdir.

35-ci maddənin (2)(a) bəndinə uyğun olaraq satıcı alıcıya yalnız adətən istifadə edildiyi məqsədlər üçün uyğun olan malları vermək öhdəliyi daşıyır. Qeyd edilən maddənin razılaşdırılması mərhələsində müxtəlif dövlətlər “adətən istifadə edilən məqsədlər” əvəzinə ümumi hüquq sistemli dövlətlərdə olan ticarilik,4 kontinental hüquq sistemi ölkələri üçün xas olan orta keyfiyyət, hətta yenidən satıla bilmə5 ifadələrindən istifadə edilməsi təklif edilmişdir.6 Vyana Konvensiyasında qeyd edilən adətən istifadə edilən məqsədlər anlayışına Niderland Arbitraj İnstitutu hər iki təklif edilən əsas ifadələrə hərtərəfli əhatə edən təfsir verir.7 Həmin anlayışı təfsir edən zaman Niderland Arbitraj İnstitutu Vyana Konvensiyasının tərtibatı ilə əlaqədar hazırlıq işlərinə istinad edir və müəyyən edir ki, həm ticarililik, həm də orta keyfiyyət anlayışları maddənin məna yükünü tam daşımır. Belə ki, qeyd edilən hər iki konsepsiya beynəlxalq hüquqda deyil, daha çox milli hüquq sistemlərində qəbul edilmiş yanaşmalardır və bu səbəbdən Niderland Arbitraj İnstitutu hazırlıq işlərində hər iki konsepsiyanın Vyana Konvensiyasının təfsiri zamanı tətbiq edilməsinin ağlabatan olmadığını qeyd etmişdir.8 Bunun əvəzində isə, İnstitut ağlabatan keyfiyyət anlayışını irəli sürür.9 Vyana Konvensiyasında keyfiyyətə anlayış verilərkən heç bir dəqiq müddəanın təsbit edilməməsi tərtibatçıların niyyəti kimi göstərilir.

Malların adətən istifadə edildiyi məqsədlərin müəyyən edilməsi malların özünün təbiətindən asılı olaraq dəyişir. Vyana Konvensiyasının 35(2)(a) maddəsinin tələbində satıcının alıcıya verdiyi malların mükəmməl və ya tam qüsursuz olması ehtiva edilmir.10 Qeyd edilən qayda Almaniyanın Koburq Əyalət Məhkəməsinin 12 dekabr 2006-cı il tarixli qərarında da təsdiqlənmişdir. Belə ki, məhkəmənin təfsirinə görə, alğı-satqı müqaviləsi çərçivəsində satıcının alıcıya ümumi olaraq yetişməyə uyğun təhvil verdiyi bitkilərin alıcının yerləşdiyi yerin iqliminə uyğun olmayıb məhv olması Vyana Konvensiyasının 35(2)(a) maddəsinin tələblərinə zidd deyil və nəticə olaraq alğı-satqı müqaviləsinin pozulmasına səbəb ola bilməz.11

İndi isə Azərbaycan hüquq təcrübəsində qeyd edilən məsələlərin necə tənzimlənməsinə nəzər yetirək. Mülki Məcəllənin 581.2-ci maddəsinin birinci cümləsində qeyd edilən element12 Vyana Konvensiyasının 35(2)(a) maddəsindəki elementlə ilə eynilik təşkil edir. Maddənin mənbəyi böyük ehtimalla Vyana Konvensiyası olduğu üçün təcrübəni müşahidə etmək məqsədilə məhkəmə işlərində həmin maddənin tətbiq edilməsi qaydasını gözdən keçirmək lazımdır.

Azərbaycan Respublikası məhkəmələrinin təcrübəsində 581.2-ci maddənin tətbiqinə dair bir neçə, müəyyən mənada bir-birindən fərqli, hallara rast gəlmək olar. Buna nümunə kimi Ali Məhkəmənin 19 mart 2014-cü il tarixli qərarını göstərmək olar.13 Belə ki, həmin qərarda satıcının keyfiyyət haqqında müddəaları tam müəyyən olunmayan alğı-satqı müqaviləsinin predmeti olan avtomobili təyinatı üzrə istifadəsi məhdud olan mal verməsinə baxmayaraq, Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayaraq, avtomobilin mühərrik hissəsinin yanmasına səbəb olan daxili naqil sistemində olan qüsurların AR MM-in 581.2-ci maddəsinə ziddiyyət təşkil etmədiyini müəyyən etmişdir.

Öz növbəsində, Ali Məhkəmənin özünün 15 noyabr 2018-ci il tarixli qərarında yuxarıda qeyd olunan məhkəmə işindən fərqli yanaşma tətbiq etdiyini görmək olar.14 Ali Məhkəmə həmin qərarda özünün əvvəlki təcrübəsini daha da təkmilləşdirmişdir.  Belə ki, Ali Məhkəmə qeyd olunan məhkəmə işində lizinq münasibətləri çərçivəsində olan alğı-satqı müqaviləsinə malların keyfiyyətini tənzimləyən 581-ci maddənin müddəalarını analogiya üzrə tətbiq edir. Qeyd olunan məhkəmə işi çərçivəsində Lizinq verənin Lizinq alana təhvil verdiyi kombaynın mühərriki öncədən dəyişdirilərək traktor mühərriki ilə əvəz edilsə də, Lizinq verənin iddia etdiyi kimi kombaynın işləməsində heç bir fərq yaratmamasına baxmayaraq, 581.2-ci maddənin tələblərinin pozulmasını qət etmişdir.

Qeyd olunan məhkəmə işlərinin nümunəsində görmək olar ki, Mülki Məcəllənin 581.2-ci maddəsinin tətbiq edilməsində ümumi qəbul olunmuş yanaşma mövcud deyildir, lakin beynəlxalq elementli alğı-satqı müqavilələrin həcminin artacağını nəzərə alaraq təcrübədə qeyd olunan məsələlərə münasibətdə yekdil yanaşma hazırlanması zəruridir.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

İstinadlar və izahlar

  1. BMT-nin Malların Beynəlxalq Alğı-satqı Müqavilələri haqqında 1980-ci il Vyana Konvensiyası, maddə 35.
  2. Azərbaycan Respublikası Mülki Məcəlləsi, maddə 581.
  3. Vyana Konvensiyası, maddə 35 (2); Mülki Məcəllə, maddə 581.
  4. Merchantability; Djakhongir Saidov, Article 35 of the CISG: Reflecting on the Present and Thinking about the Future, 58 Vill. L. Rev. 529 (2013), s.535.
  5. Almaniya Federal Məhkəməsi, 2 mart 2005, son baxış 08.05.19.
  6. Peter Schlechtriem and Petra Butler, UN Law on International Sales The UN Convention on the International Sales of Goods, Springer 2009, para. 137a.
  7. Niderland Arbitraj İnstitutu, 15 oktyabr 2002, son baxış 08.05.19.
  8. Yenə orada.
  9. Bernstein, H., and Lookofsky, J., Understanding the CISG in Europe, The Hague, Kluwer Law International, 1997, 59-60, Stokqolm Kommersiya Arbitrajı Palatası, 5 iyun 1998, son baxış 08.05.2019, yuxarıda istinad 6, 7.
  10. CISG Digest 2016, 141, para.8.
  11. Yuxarıda istinad 9; Almaniya Koburq Əyaləti Məhkəməsi, 12 dekabr 2006, son baxış 08.05.2019.
  12. Malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya.
  13. Buradan baxın: Azərbaycan Respublikası Ali Məhkəməsi, İş № 2(102)-923/2014.
  14. Buradan baxın: Azərbaycan Respublikası Ali Məhkəməsi, İş № 2(102)-6746/18.
Oxşar paylaşımlar