Ali Məhkəmə: “Mübahisəyə məhkəmə tərəfindən baxılır” ifadəsi mübahisəyə baxıla bilməsi deməkdirmi?

30 aprel 2019-cu il tarixində Ali Məhkəmə bir qiymətləndirmə hesabatının ləğvi tələbi barədə qərar verib.

İşin hallarından görünür ki, iddaçı “Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi” MMC cavabdeh “Sərraf-N” MMC qiymətləndirmə şirkətinin qiymətləndirmə hesabatının ləğv edilməsini tələb edir. Cavabdeh mübahisə predmeti hesabatı icra orqanının sifarişi əsasında hazırlamışdır.

Qərardakı əsas hissə Qiymətləndirmə haqqında Qanunun 8-ci maddəsinin tətbiqi hissəsidir. Qanunun 8-ci maddəsinə görə, “[q]iymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır”. Müddəadan belə mübahisəyə məhkəmə tərəfindən baxılmalı olduğu aydın görünsə də, Məhkəməyə qeyd edir ki, “sözügedən müddəa istənilən halda qiymətləndirməni mübahisələndirmək hüququna malik olmaq kimi qəbul edilə bilməz”. Məhkəməyə görə belə bir maddi hüququn realizəsi üçün prosessual qanunvericiliyin tələbi də qarşılanmalıdır. “İddia qaldırmağa imkan verən prosessual qanunvericilikdən irəli gələn mühüm şərtdən biri iddiaya münasibətdə hüquqi marağın müəyyən olunmasıdır”. Belə bir hüquqi maraq da ona görə mövcud deyil ki, icra icraatı mərhələsində bu hesabat hələ son deyil, çünki icra orqanı belə qiymətləndirməni hərraca tətbiq etmək üçün ayrıca qərar verəcək.1

Məhkəmə əsaslandırmasına Konstitusiya Məhkəməsinin bir qərarına istinad etməklə belə davam edir ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil. Bu hüquq

a) legitim məqsədlərə nail olmaq və
b) zəruri həddə tətbiq edilməklə ictimai və fərdi maraqların ədalətli tarazlığını təmin etmək şərti ilə (məhdudiyyətin mütənasibliyi) məhdudlaşdırıla bilər.

Məhkəmə Qanunun 8-ci maddəsinin təmin olunmasının icra prosesini gecikdirdiyinə görə, bu hüququ məhdudlaşdırmağın legitim olması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, bu qiymətləndirmə hesabatının deyil, “ilkin satış qiymətini göstərdiyi hərracın keçirilməsinə dair icra məmuru tərəfindən verilmiş sifarişin mübahisələndirilməsi” təmin olunarsa, sözügedən məhdudiyyətin mütənasibliyi də təmin olunmuş olar.

Elə hesab edirəm ki, qanun açıq-aşkar nəyinsə mübahisələndirilə bilməsini qeyd edirsə, buna məhdudiyyət qoyulmamalıdır. Bunu etməklə məhkəmə əslində hansısa müddəanı etibarsız edir. Bu isə həmin müddəa Konstitusiyaya zidd olduqda mümkün olmalıdır. Məhkəmə qərarda həmin müddəanın Konstitusiyaya zidd olub-olmamasını əsaslandırsa idi, mövqe ilə razılaşmaq olardı. Bundan əlavə, Ali Məhkəmə qərarında istinad etdiyi testi (məhdudiyyətin legitimliyi və mütənasibliyi) Konstitusiya Məhkəməsi fərqli kontekstdə tətbiq etmişdir. Belə ki, KM qərarında İnzibati Prosessual Məcəllənin 55.5-ci maddəsinin üçüncü cümləsindəki “məhkəmənin həmin qərardadından şikayət verilə bilməz” məhdudiyyətinin Konstitusiyaya uyğunluğu məsələsinə baxır. Ali Məhkəmə bu testi qanunun baxılmasına icazə verdiyi məsələyə tətbiq edir.

Məncə, Ali Məhkəmənin bu qərarının Konstitusiyaya zidd olub-olmaması məsələsinə Konsititusiya Məhkəməsi baxa bilər.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

İstinadlar və izahlar

  1. Prosesin sona çatmamasının hüquqi marağı necə aradan qaldırdığı isə qaranlıq qalır.
Oxşar paylaşımlar