BMT Təhlükəsizlik Şurasının qətnamələrinin şərhi və bağlayıcılığı

BMT Təhlükəsizlik Şurasının (bundan sonra TŞ) həm beynəlxalq hüquq, həm də beynəlxalq münasibətlər və siyasət baxımından olduqca əhəmiyyətli qurum olması şübhəsizdir. BMT-nin Nizamnaməsinin (bundan sonra Nizamnamə) 24-cü maddəsindən də görünür ki, BMT-nin üzv dövlətləri beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına görə başlıca məsuliyyəti TŞ-nın üzərinə qoyurlar.1 TŞ bir qayda olaraq BMT-nin 15 üzv dövlətindən ibarət olur. ABŞ, Çin, Fransa, Birləşmiş Krallıq və Rusiya daimi üzvlər olduğu halda, digər 10 üzv BMT-nin üzv dövlətləri arasından 2 il müddətinə qeyri-daimi əsaslarla seçilirlər.

TŞ-nın ən önəmli səlahiyyətləri Nizamnamənin VII fəslində (sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər) əks olunub. Nizamnamənin 39-cu maddəsinə əsasən, TŞ sülhə təhlükənin, sülhün pozulmasının və ya təcavüz aktının mövcudluğunu müəyyən edir və bununla bağlı tövsiyələr edir və ya beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq və ya bərpa etmək üçün Nizamnamənin 41 və 42-ci maddələrinə uyğun olaraq hansı tədbirlərin görülməli olduğuna qərar verir.2 Müvafiq 41-ci maddə iqtisadi əlaqələrin kəsilməsi və s. kimi silahlı qüvvələrin istifadəsini əhatə etməyən tədbirləri nəzərdə tutduğu halda, 42-ci maddə bu cür tədbirlərin adekvat olmadığı hallarda güc tətbiqini ehtiva edən tədbirləri nəzərdə tutur.

Bunlara misal kimi TŞ-nın 1990-cı ildə 678 nömrəli qətnaməsi3 ilə Küveytin İraq tərəfindən işğalı zamanı, 1994-cü ildə 9294 və 9405 nömrəli qətnamələr ilə, müvafiq olaraq, Ruandada və Haitidə, 1999-cu ildə 1264 nömrəli qətnamə6 ilə Şərqi Timorda silahlı güc tətbiqini ehtiva edən tədbirlər qəbul etdiyini göstərə bilərik.

Oxucunu TŞ-nın beynəlxalq sistemdə tutduğu yeri daha çox izah etməklə sıxmaq istəmədiyimə görə, bu yazının əsas mövzusunu əmələ gətirən sualı vermək istəyirəm: TŞ-nın qətnamələri dövlətlər üçün hüquqi olaraq bağlayıcıdırmı?

TŞ-nın qətnamələrinin bağlayıcılığı probleminin daha geniş bir mövzunun – TŞ-nın qətnamələrinin şərhinin tərkib hissəsi olduğuna görə, ilk öncə bu məsələyə diqqət ayırmağın vacib olduğunu düşünürəm. TŞ-nın qətnamələri hansı meyarlar nəzərə alınaraq şərh olunur?

Beynəlxalq hüquqda hansısa sənədin şərhindən söhbət gedərkən ilk öncə, təbii olaraq, ağlımıza “Beynəlxalq Müqavilələr Hüququ” haqqında 1969-cu il tarixli Vyana Konvensiyasının (bundan sonra Vyana Konvensiyası) beynəlxalq müqavilələrin şərhi ilə bağlı olan 31-33-cü maddələri gəlir. Bəs bu müddəalar TŞ-nın qətnamələri üçün də keçərlidirmi? Beynəlxalq Ədalət Məhkəməsi (bundan sonra Məhkəmə) 2010-cü ildə Kosovo ilə bağlı Məsləhətçi Rəyində, açıq olaraq, TŞ-nın qətnamələrini şərh etmək ilə bağlı öz səlahiyyətlərini təsdiqləmişdir.7 TŞ-nın qətnamələrinin şərhi ilə bağlı Məhkəmə qeyd edir ki, Vyana Konvensiyasının 31 və 32-ci maddələrində təcəssüm olunan beynəlxalq müqavilələrin şərhi haqqında qaydalar yol göstərə bilsə də, TŞ-nın qətnamələri ilə beynəlxalq müqavilələr arasındakı fərqlər o mənaya gəlir ki, TŞ-nın qətnamələrinin şərhi digər faktorların da nəzərə alınmasını tələb edir. Məhkəmə, həmçinin əlavə edir ki, TŞ-nın qətnamələrinin təhlili tələb edə bilər ki, Məhkəmə onların qəbulu zamanı TŞ-nın üzvlərinin nümayəndələri tərəfindən edilən açıqlamaları, eyni məsələ ilə bağlı TŞ-nın digər qətnamələrini, həmçinin müvafiq BMT orqanlarının və sözügedən qətnamələrin təsir etdiyi dövlətlərin daha sonrakı praktikasını təhlil etsin.8

TŞ qətnamələrinin şərhinin ümumi əsasları ilə bağlı fikir sahibi olduqdan sonra əsas sualı verə bilərik: TŞ qətnamələri nə zaman hüquqi olaraq bağlayıcı hesab olunur? Nizamnamənin 25-ci maddəsinə əsasən, BMT-nin üzv dövlətləri razılaşırlar ki, bu Nizamnaməyə uyğun olaraq TŞ-nın qərarlarına tabe olsunlar və onları yerinə yetirsinlər.9 Məhkəmə də Namibiya ilə bağlı Məsləhətçi Rəyində qeyd edir ki, TŞ 25-ci maddəyə əsasən qərar qəbul etdikdə, TŞ-nın o qərarın əleyhinə səs verən üzvləri də daxil olmaqla üzv dövlətlər bu qərara əməl etməlidirlər.10 Bəzi müəlliflər TŞ-nın yalnız Nizamnamənin VII fəslinə uyğun olaraq qəbul etdiyi qətnamələrin bağlayıcı olduğunu irəli sürsələr də, Məhkəmə bu fikri rədd edir. Belə ki, Məhkəmə qeyd edir ki, Nizamnamənin 25-ci maddəsinin sadəcə VII fəsilə əsasən qəbul olunan məcburedici tədbirlərə tətbiq olunması fikri üçün Nizamnamədə hər hansı dəstək tapmaq mümkün deyil. Məhkəmə əlavə edir ki, 25-ci maddə məcburedici hərəkət ilə bağlı qərarlara məhdudlaşdırılmış deyil və Nizamnaməyə uyğun olaraq qəbul olunan TŞ-nın qərarlarına tətbiq olunur.11

Nizamnamədə açıqca qeyd olunmasından əlavə, həm Məhkəmənin praktikasından, həm də akademik ədəbiyyatdan görsənir ki, TŞ-nın qərarları hüquqi olaraq bağlayıcıdırlar. Lakin TŞ-nın bütün qətnamələri 25-ci maddənin mənası daxilində qərar hesab olunmurlar. Belə qətnamələr tövsiyə xarakteri daşıyırlar və dövlətləri müəyyən hərəkətləri etməyə təşviq edirlər. Buna görə də, TŞ-nın qətnaməsinin bağlayıcı olması qənaətinə gəlmək üçün onun 25-ci maddənin məqsədləri üçün qərar olduğunu müəyyənləşdirmək vacibdir. Bəs bunu hansı yolla müəyyənləşdirmək mümkündür?

Alabama Universitetinin professoru Dan Joyner qeyd edir ki, TŞ qətnaməsinin müəyyən bir müddəasının üzv dövlətlər üçün hüquqi olaraq bağlayıcı olub-olmadığını, yəni müddəanın TŞ-nın “qərar”ı olub-olmadığını müəyyən etmək üçün əsas sual TŞ-nın həmin müddəanın daxilində hüquqi olaraq bağlayıcı öhdəlik yaratmaq niyyətini bildirən sözləri işlətməyi seçib-seçməməsidir.12 Qətnamədə işlədilən dilin (sözlərin, ifadələrin) onun bağlayıcılığını, yəni qərar olmasını müəyyən etmək üçün önəmini təsdiq edərək Məhkəmə Namibiya ilə bağlı Məsləhətçi Rəyində qeyd edir ki, qətnamənin bağlayıcı təsiri ilə bağlı nəticəyə gəlməzdən öncə, qətnamənin dili diqqətlə təhlil olunmalıdır. Bundan əlavə, 25-ci maddəyə əsasən səlahiyyətlərin xarakterini nəzərə alaraq, onların əslində yerinə yetirilib-yetirilməməsini hər bir halda şərh ediləcək qətnamənin şərtlərini, ona gətirib çıxaran müzakirələri, Nizamnamənin istinad olunan müddəalarını və ümumiyyətlə, TŞ-nın qətnaməsinin hüquqi nəticələrinin müəyyən edilməsinə kömək edə biləcək bütün hallar nəzərə alınaraq müəyyənləşdirilməlidir.13 Bundan 39 il sonra Kosovo ilə bağlı Məsləhətçi Rəyində Məhkəmə qeyd edir ki, TŞ qətnamələrinin şərhi zamanı Məhkəmə, hər işdən-işə, bütün müvafiq halları nəzərə alaraq TŞ-nın kimin üçün bağlayıcı hüquqi öhdəlik yaratmaq istədiyini sübut etməlidir. Bu baxımdan qətnamə tərəfindən istifadə olunan dil vacib göstərici ola bilər.14

TŞ-nın bağlayıcı öhdəlik yaratmaq niyyətini hansı sözlərin bildirəcəyi akademik ədəbiyyatda müzakirə olunur. Məsələn, akademik ədəbiyyatda TŞ-nın işlətdiyi “calls upon” ifadəsinin bağlayıcı öhdəlik yaratmadığı fikri hakim olsa da, Namibiya ilə bağlı Məsləhətçi Rəyində məhkəmə bu ifadə ilə başlayan müddəanı bağlayıcı hesab etmişdir. Buna görə də, Dan Joynerin də qeyd etdiyi kimi, hansı sözlərin bu kateqoriyaya düşməsi ilə bağlı müəyyən ixtilaf var.15

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

İstinadlar və izahlar

  1. Charter of the United Nations, art. 24(1)
  2. Yenə orada, art. 39
  3. Bax: https://undocs.org/S/RES/678(1990) (Son baxış tarixi: 6 Sentyabr 2019-cu il)
  4. Bax: https://undocs.org/S/RES/929(1994) (Son baxış tarixi: 6 Sentyabr 2019-cu il)
  5. Bax: https://undocs.org/S/RES/940(1994) (Son baxış tarixi: 6 Sentyabr 2019-cu il)
  6. Bax: https://undocs.org/S/RES/1264(1999) (Son baxış tarixi: 6 Sentyabr 2019-cu il)
  7. Accordance with International Law of the Unilateral Declaration of Independence in Respect of Kosovo, Advisory Opinion, I.C.J. Reports 2010, p. 403, para. 46-47
  8. Yenə orada, para. 94
  9. Yuxarıda istinad 1, art. 25
  10. Legal Consequences for States of the Contitiued Presence of South Africa in Namibia (South West Africa) notwithstanding Security Council Resolution 276 (1970), Adrisory Opinion, I.C.J. Reports 1971, p. 16, para. 116
  11. Yenə orada, para. 113
  12. Bax: https://www.ejiltalk.org/legal-bindingness-of-security-council-resolutions-generally-and-resolution-2334-on-the-israeli-settlements-in-particular/ (Son baxış tarixi: 1 Sentyabr 2019-cu il)
  13. Yuxarıda istinad 10, para. 114
  14. Yuxarıda istinad 7, para. 117
  15. Yuxarıda istinad 12
Oxşar paylaşımlar