Toyuq nədir? – ABŞ Mahal Məhkəməsinin 27 dekabr 1960-cı il tarixli qərarı

1960-cı ildə Nyu York Cənub Mahalı üzrə ABŞ Mahal Məhkəməsi əsasını “Toyuq nədir?” sualı təşkil edən bir işə baxıb. İş üzrə iddiaçı qismində Frigaliment Importing Co. Ltd. (bundan sonra “İddiaçı”) və cavabdeh qismində B.N.S. International Sales Corp. (bundan sonra “Cavabdeh”) çıxış etmişdir.

Faktlar və iddianın əsası. İddianın əsasını müqavilədən irəli gələn öhdəliklərin pozulması təşkil edir. Belə ki, İddiaçı və Cavabdeh arasında imzalanmış 2 may 1957-ci il tarixli iki fərqli müqaviləyə əsasən Cavabdeh İddiaçıya çəkiləri təqribən (a) 1,10-1,35 kq və (b) 0,60-0,90 kq olan toyuqları satmağı öhdəsinə götürmüşdür. Lakin ilk müqavilə üzrə öhdəliklər yerinə yetirildikdən sonra İddiaçı aşkar etmişdir ki, daha ağır çəkili toyuqlar (yəni yuxarıda (a) bəndində qeyd olunan) qızartmaq və ya qril üçün əlverişli olan “cavan” toyuqlar deyil, “yaşlı və yumurta toyuqlarıdır”.1 Cavabdeh isə öz növbəsində müqavilədə toyuğun növünün müəyyən olunmadığına görə birmənalı olaraq toyuğu çəkisinə uyğun normal toyuq olaraq başa düşmüşdür.

Məhkəmə qarşısındakı sual: Toyuq nədir? Müqavilədəki “toyuq” anlayışı yalnız “cavan” toyuqları əhatə edir?

İddiaçının mövqeyi. İddiaçı hər şeydən əvvəl irəli sürür ki, “toyuq” dedikdə qızartmaq və qril üçün əlverişli olan “cavan” toyuqlar nəzərdə tutulur. Bu yanaşmasını əsaslandırmaq üçün İddiaçı hətta üç şahidin ifadəsini məhkəməyə təqdim etmişdir. Şahidlərdən biri (Strasser adlı alıcı) bildirir ki, toyuq dedikdə mən birmənalı olaraq “broyler”2 başa düşürəm. Niesielowski adlı digər şahid qeyd edir ki, “toyuq” anlayışı quşçuluq sənayesinin erkək növlərini əhatə edir və bu cür növlər sırasına “broyler” və “qızartmalıq toyuqlar” daxildir. Dates adlı üçüncü şahid isə kommersiya baxımından toyuğun yalnız “broyler” və “qızartmalıq toyuq” kimi başa düşüldüyünü qeyd etmişdir.3

Bundan əlavə İddiaçı bildirir ki, Cavabdehdən alınan aşağı çəkili toyuqlar (yuxarıda (b) bəndində qeyd olunan) “cavan” toyuqlardır, belə ki, “yaşlı” toyuqlar adətən o çəkidə olmur. Bu baxımdan ağır çəkili toyuqların da (yuxarıda (a) bəndi) “cavan” olması gözlənilirdi, lakin təqdim olunan toyuqlar məzh bu kriteriyaya uyğun deyildir.

Cavabdehin mövqeyi. Cavabdeh bildirir ki, “toyuq” dedikdə müqavilə üzrə müəyyən olunan çəki və keyfiyyət xüsusiyyətlərinə cavab verən hər hansı quş növü başa düşülür. Öz arqumentini əsaslandırmaq üçün Cavabdeh də müxtəlif şahidlərin ifadələrini təqdim etmişdir. Belə ki, Weininger adlı şahidin ifadəsinə əsasən ördək, qaz, hind toyuğu olmayan bütün quşlar toyuqdur, lakin daha konkretləşdirmək üçün müvafiq növün müəyyən olunmasına ehtiyac vardır.4 Sadina adlı digər şahid bildirmişdir ki, o, Kənd Təsərrüfatı Departamentinin müəyyən etdiyi Qaydalar üzrə “toyuq” anlayışını əhatə edən hər hansı quş növünü toyuq hesab edir. Burada isə Cavabdeh əlavə edir ki, müqavilədə yoxlama və qiymətləndirmə üzrə yuxarıda qeyd olunan Qaydalara istinad edildiyindən dolayı yolla həmin Qaydaların nəzərdə tutduğu anlayışlar da müqaviləyə şamil olunur.5

Eyni zamanda İddiaçının çəki ilə bağlı arqumentinə cavab olaraq Cavabdeh bildirmişdir ki, qeyd olunan çəki üzrə (ağır çəkili toyuqlar, yuxarıda (a) bəndi) müqavilədə müəyyən olunan qiymət (biri üçün 33 sent) “cavan” toyuqlara şamil oluna bilməz, çünki həmin dövrdə sözügedən toyuqlar üçün bazar qiyməti 35 sent təşkil etdiyindən İddiaçı Cavabdehin qəsdən özünü maddi zərərə məruz qoyacağını gözləyə bilməzdi. Belə ki, həmin dövrdə ağır çəkili toyuqlar üçün bazar qiyməti 30 sent olduğuna görə və Cavabdeh “cavan” toyuqları müqavilə qiymətindən baha qiymətə (35 sentə) əldə edə bilməzdi və bu zaman İddiaçı bilməli idi ki, mənfəət əldə etmək üçün bazar qiyməti 30 sent olan toyuqlar İddiaçıya təqdim olunacaqdır.6

Məhkəmənin mövqeyi. Məhkəmə bir sıra amilləri – müqavilənin dili, ilkin danışıqlar, anlayışın kommersiya istifadəsi, hüquqi standart, icra və digər məsələləri nəzərdən keçirərək müqavilə baxımından sözügedən anlayışı dəqiqləşdirməyə çalışmışdır.7 Bununla belə yekunda məhkəmə bildirmişdir ki, qeyd olunan anlayışın, yəni “toyuq” anlayışının müqavilədə dar mənada istifadəsi ilə bağlı sübutetmə yükü İddiaçının üzərindədir. Məhkəmə İddiaçının bu vəzifəni həyata keçirmək üçün kifayət qədər sübut təqdim edə bilmədiyini hesab etmiş və bu səbəbdən iddia təmin edilməmişdir.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

İstinadlar və izahlar

  1. Qeyd olunan termin ingilis dilində “stewing chicken” adlanır. Bu cür toyuqlar bir qayda olaraq yumurtlamaq üçün nəzərdə tutulur və ətləri bərk və dadsız olduğundan yemək üçün əlverişli hesab olunmur. (Emma Christensen, What’s the Difference Between Broilers, Fryers, Roasters & Other Sizes of Chicken? – son dəfə baxılıb: 9 sentyabr 2019-cu il)
  2. Yenə orada. Qeyd edim ki, bu cür toyuqlar qril və qızartmaq üçün əlverişlidir.
  3. Frigaliment Importing Co. v. B.N.S. International Sales Corp., 190 F. Supp. 116 (S.D.N.Y. 1960) – son dəfə baxılıb: 9 sentyabr 2019-cu il
  4. Yenə orada
  5. Sözügedən Qaydalara əsasən toyuq anlayışı aşağıdakı növləri əhatə edir: a) broyler; b) qızartmalıq toyuqlar; c) kapon; d) steqlər; e) yumurtalıq toyuqlar; f) xoruzlar. Qeyd etmək lazımdır ki, İddiaçı bu mövqe ilə razılaşmayaraq bildirir ki, qeyd olunan Qaydalar yalnızca qiymətləndirmə və yoxlama ilə bağlı istifadə edilmişdir və müqavilədəki anlayışlar üzrə tətbiq edilə bilməz.
  6. Yuxarıda istinad 3.
  7. Frigaliment Importing Co. v. B.N.S. International Sales Corp. – son dəfə baxılıb: 9 sentyabr 2019-cu il
Oxşar paylaşımlar