Müəllif:

19 iyun 2019-cu il tarixli bir qərarında Ali Məhkəmə sərlövhədəki suala cavab verməli olub.1

Sualla bağlı olan işin halları belədir: İddiaçı Cavabdeh üçün podrat müqaviləsinə əsasən işlər görür. İşlərin görülməsi əsnasında Cavabdeh tərəfdən əlavə işlərin görülməsi barədə aldığı e-mailləri İddiaçı məhkəməyə sübut kimi təqdim edir. Mülki Məcəllənin 753.3-cü maddəsinə görə isə belə əlavə işləri sifarişçi, yəni cavabdeh tələb edibsə, podratçının, yəni iddiaçının buna görə əlavə muzd almaq hüququ yaranır. Apellyasiya instansiya məhkəməsi İddiaçının belə əlavə işlərin Cavabdeh tərəfindən e-mail yazışmaları ilə tələb edilməsi dəlilini qəbul etməyib.

Ali Məhkəmə də aşağı instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və qeyd edir ki, təqdim edilmiş yazışmaların sübut kimi qəbul olunması yolverilməzdir. Bunu əsaslandırmaq üçün Ali Məhkəmə Mülki Prosessual Məcəllənin 89.2-ci maddəsinə istinad edir. Həmin maddəyə görə isə belə yazışmalar o zaman qəbul edilə bilər ki, onların həqiqiliyini müəyyən etmək mümkün olsun.

Ümumi olaraq kontekstdən belə başa düşülür ki, sözügedən yazışmalar sadəcə çap olunub və məhkəməyə təqdim edilib. Hüquqşünas Emin Kərimovun “Elektron yazışma (e-mail) məhkəmədə mümkün sübut kimi” yazısında belə yazışmalardan sübut kimi istifadə etmək üçün tövsiyələr mövcuddur. Yazışmaların həqiqiliyini təsdiq etmək üçün müstəqil ekspertdən rəy əldə edilə bilə, həqiqiliyin yoxlanılması üçün müvafiq məhkəmə ekspertizasının təyin edilməsi məhkəmədən xahiş edilə bilərdi.

Ümumi nəticə odur ki, e-mail yazışmalarını Azərbaycan məhkəmələrində istifadə etmək istəyən şəxslər yazışmanı çap edib təqdim etməklə kifayətlənməməlidirlər. Onu da qeyd edim ki, qabaqcıl ölkələrdə e-maillə göndərilmiş sənədlər və məlumatlar elektron imzalanmış hesab olunur və əslində, Azərbaycan qanunvericiliyi də buna imkan verir2. Buna görə də, məhkəmələr elektron məlumatı tamamilə sübut kimi kənarlaşdırmamalıdırlar. Əgər məsələn, ekspertiza e-mail məktubunun həqiqiliyini təsdiq edirsə, cavabdeh belə yazışmanın olduğunu təsdiq edirsə, ya da mübahisələndirmirsə, belə məktublar gərək sübut kimi qəbul olunsun.

İstinadlar

  1. “Altem Alüminiyum Ltd” şirkəti v. “Falez Memarlıq” MMC, iş №2-2[102]-177/2019
  2. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu, Maddə 3.1
Mehran Amirli

Author Mehran Amirli

Mehran Amirli currently is legal counsel at an offshore drilling company and specializing in Corporate, Commercial, Energy, and Finance Law. He graduated from Baku State University Law School ('17) and has been Editor-in-Chief of BSU Law Review (2nd Vol). He is also National Administrator of Azerbaijani Qualifying Rounds of Philip C. Jessup International Law Moot Court Competition and judging international rounds of the Competition.

More posts by Mehran Amirli