İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi: sürücünün telefondan istifadəsi dedikdə nə nəzərdə tutulur?

Hazırda Azərbaycan Respublikası ərazisində sürücülərin sıx-sıx cərimə edildiyi hallardan biri nəqliyyat vasitəsinin hərəkəti zamanı mobil telefondan istifadə edilməsidir. Sözügedən hal üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə cərimə müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (“AR İXM”) 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə sürücü əlli manat məbləğində cərimə edilir.

AR İXM-nin qeyd olunan maddəsi sürücünün yalnız telefondan istifadəsinə görə cərimə nəzərdə tutur. Burada isə sual yaranır ki, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefondan deyil, planşetdən, yaxud bu növdə hər hansı digər cihazdan istifadə etməsi AR İXM-nin 342.6-cı maddəsi ilə müəyyən olunan cərimə üçün əsas hesab olunurmu?

Bununla bağlı ilk növbədə “telefon” anlayışının izahını müəyyən etmək zərurəti yaranır. Azərbaycan Respulikasının qanunvericilik aktları sözügedən terminin definisiyasını müəyyən etmir. Eyni zamanda araşdırdığım məhkəmə qərarlarının heç birində “telefon” sözünün izahı müəyyən olunmadığı üçün Azərbaycan dilinin izahlı lüğətinə müraciət etdim. Azərbaycan dilinin izahlı lüğətində “telefon” dedikdə “danışığı uzaq məsafəyə verən qurğular sistemi – elektrik rabitə növü; habelə danışıq üçün siqnal zəngi və əldə tutmaq üçün dəstəsi olan aparat” nəzərdə tutulur.1 Göründüyü kimi, Azərbaycan dilinin izahlı lüğətində qeyd olunan anlayış bir qədər köhnə aspektdə ifadə olunub və “ənənəvi” telefon anlayışını əhatə edir və bu səbəbdən yuxarıda qeyd olunan anlayışlar ilə əlaqələndirmək mümkün deyildir. Müqayisə üçün qonşu ölkələrin qanunvericilik aktlarına nəzər salsaq, analoji müddəanın “Yol hərəkəti haqqında” Gürcüstan Respublikasının Qanununda da mövcud olduğunun şahidi olarıq. Bununla belə Yol hərəkəti haqqında” Gürcüstan Respublikasının Qanunu AR İXM-dən və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunundan fərqli olaraq telefona aşağıdakı qaydada anlayış verir:2

“Mobil telefon – iki və daha artıq fiziki şəxs arasında davamlı ünsiyyətə və/və ya mətn məlumatlarını göndərməyə və ya qəbul etməyə imkan verən cihaz”

Məhz sözügedən müddəa geniş təfsir edildikdə burada qeyd olunan “telefon” anlayışının “planşet” anlayışını da əhatə edəcəyi qənaətinə gəlmək olar.3

AR İXM-nin 342.6-cı maddəsi ilə bağlı digər maraqlı məqam “telefonu əldə saxlamaqla ondan istifadə edilməsi” ifadəsidir. Belə ki, qeyd olunan ifadə iki məsələni – (1) telefonun əldə saxlanılması, lakin istifadə edilməməsi və (2) telefonun əldə saxlanmadan, məsələn, çiyin vasitəsilə saxlayaraq istifadə edilməsi – sual altına qoyur. Birinci məsələ ilə bağlı mətbuatda işıqlandırılmış kifayət qədər sürücü etirazları mövcuddur. Təbii ki, burada “əldə saxlamaq” və “istifadə etmək” ifadəsi birlikdə başa düşülməlidir, çünki qanun bu ifadələri “və ya” bağlayıcısı ilə ayırmır. İkinci məsələ ilə bağlı isə əsas məqam “istifadə” hissəsindədir. Əfsuslar olsun ki, “istifadə” anlayışı nə qanunvericilik aktlarında, nə də məhkəmə qərarlarında telefona, yaxud elektron cihazlara münasibətdə izah olunmamışdır. Oxşar məsələ ilə bağlı qonşu dövlətlərin qanunvericilik aktlarındakı müvafiq müddəalar isə daha geniş xarakter daşıyır. Müqayisə üçün Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsində nəqliyyat vasitəsinin hərəkəti vaxtı sürücünün telefondan istifadəsi ilə bağlı aşağıdakı müddəa mövcuddur:

“Nəqliyyat vasitəsini idarə edərkən əldən istifadə etmədən danışıqlar aparmağa imkan verən texniki cihazlarla təchiz olunmamış sürücünün telefondan istifadə etməsinə görə həmin sürücü 1500 rubl məbləğində cərimə olunur.”4

“Yol hərəkəti haqqında” Gürcüstan Respublikasının Qanununda isə telefondan istifadə ilə bağlı aşağıdakı müddəa müəyyən olunmuşdur:

“Sürücülər nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə edə bilməz. Bu qadağa sürücülərin qulaqlıqlardan və ya reproduktorlardan (səsucaldıcılardan) istifadə etdiyi hallara şamil olunmur.”5

Yuxarıda qeyd olunanlar heç də sürücülərin yalnız “əllərdən istifadə edərək telefondan istifadə etməli olduqlarını” nəzərdə tutmur və bu baxımdan AR İXM-nin 342.6-cı maddəsinin məzmunun dar ifadə olunduğunu sübut edir. Nəzərə alsaq ki, Gürcüstan Respublikasının və Rusiya Federasiyasının qanunvericilik aktlarında analoji məsələ nisbətən geniş kontekstdə ifadə olunub, AR İXM-nin qeyd olunan maddəsinə müvafiq dəyişikliklər edilməsinə zərurət vardır.

Yuxarıdakıları nəzərə alaraq hazırkı vəziyyətdə nəqliyyat vasitəsini idarə edərkən sürücülərin telefonu əldə saxlayıb ondan istifadə etməmələri, yaxud telefon əvəzinə planşetdən istifadə nəticəsində AR İXM-nin 342.6-cı maddəsinə əsasən cərimə olunmalarının nə dərəcədə qanunauyğun olduğunu müəyyən etmək çətindir. Buna baxmayaraq sözügedən maddəni qanunun məqsədinə müvafiq olaraq təfsir etdikdə bu cür qənaətə gəlmək mümkündür. Belə ki, qanun sürücülərin diqqətinin yayınmamasını, eləcə də yol hərəkəti iştirakçılarının təhlükəsizliyini ön planda saxladığı üçün, güman etmək olar ki, yuxarıda qeyd olunan hallar bu məqsədlərə uyğun olaraq təfsir edilə bildiyi üçün müvafiq əməllər AR İXM-nin 342.6-cı maddəsi ilə tövsif olunur. Lakin Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə və geniş təfsirinə yol verilmədiyinə görə qeyd olunan maddənin daha detallı redaksiyasının qəbul olunmasına zərurət vardır. Əks halda hazırkı vəziyyətdə AR İXM-nin 342.6-cı maddəsi yuxarıda qeyd olunan məqamları əhatə etmədiyindən sürücülərin müvafiq əməllərinin bu maddə ilə tövsif olunması mübahisəyə açıqdır.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

İstinadlar və izahlar

  1. Azərbaycan dilinin izahlı lüğəti, Şərq-Qərb nəşriyyatı, Bakı, 2006.
  2. “Yol hərəkəti haqqında” Gürcüstan Respublikasının Qanunu, maddə 5.41
  3. Nəzərə alaraq ki, maddədə qeyd olunan “və/və ya” bağlayıcıları qanunun məqsədləri üçün bütün cihazların “ünsiyyətə imkan verən olmasını” istisna edir, bu baxımdan mətn məlumatlarının göndərilməsini və ya qəbul edilməsini həyata keçirməyə imkan verən planşetlər (məhz “və ya” bağlayıcısı ilə ayrıldığı üçün) də qanunun məqsədləri üçün telefon hesab olunacaqdır. Digər tərəfdən müasir planşetlərin böyük qismi artıq “sim card” qəbul edə bildiyindən müvafiq olaraq “ünsiyyətə imkan verən” əlaməti də bu cür planşetlərə şamil oluna bilər.
  4. Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsi, maddə 12.36.1.
  5. “Yol hərəkəti haqqında” Gürcüstan Respublikasının Qanunu, maddə 21.8