İnnovativ hüquq texnologiyası – TƏRCÜMƏ

Tərcümə Richard Susskind, Tomorrow’s Lawyers: An Introduction to Your Future kitabından bir hissədir. Kitabın qeyd olunan hissəsi tərcümə məqsədləri üçün bəzi yerlərdə qısaldılmış və ümumiləşdirilmişdir. 

Clayton Christensen-in “İnnovatorun Dilemması” kitabını nəzərdən keçirsəniz, görərsiniz ki, idarəçilik nəzəriyyəsində təminedici və innovativ texnologiyalar arasında fərqləndirici bir xətt mövcuddur. Başqa sözlə, təminedici texnologiya biznesin və ya bazarın hazırkı fəaliyyətini dəstəkləyir və inkişaf etdirirsə, innovativ texnologiya şirkətin, yaxud sənayenin işləmə qaydasını tamamilə sorğulayır və dəyişir.

İnnovativ texnologiya nəzəriyyəsi ilə bağlı iki mühüm məqam mövcuddur. İlk olaraq, bu cür texnologiya hətta bazar liderlərinin də zəifləməsinə və məhvinə gətirib çıxara bilər. İkincisi isə, bazar liderlərinin, eləcə də onların müştərilərinin innovativ texnologiyanın ilk vaxtlarda inkişaf edəcəyinə inanmamalarıdır. Müəyyən müddətdən sonra müştərilər yeni texnologiyaya əsaslanan xidmətlərə sürətli bir şəkildə ayaq uydursalar da, bu cür xidmətləri göstərən bazar iştirakçıları çox zaman öz imkanlarının fərqinə gec varır və itirilmişi geri qazana bilmirlər (erkən vaxtda yeni texnologiyaya uyğunlaşmadıqları təqdirdə).

Bununla birlikdə bu kitabın əsas məqsədlərindən biri hüquq bazarının “tələb” tərəfini sorğulamaq, yəni texnologiyanın hüquq şirkətləri və digər hüquq xidməti təchizatçıları arasında ortaya çıxara biləcəyi mümkün zərərləri təsvir etməkdir.

Daha spesifik olsam, mən hüquqda ən azı 13 innovativ texnologiyanın olduğunu düşünürəm. Fərdi olaraq, bu mövcud və inkişaf etməkdə olan sistemlər müəyyən hüquq xidmətlərinin göstərilmə tərzini sorğulayacaq, birlikdə isə bütün hüquq sənayesini dəyişdirəcəkdir. Aşağıda bu innovativ hüquq texnologiyaları barədə təsvirlərimi təqdim edirəm:1

Sənədlərin avtomatlaşdırılması. Bu sistemlər istifadəçilərə ünvanlanmış suallara uyğun olaraq müvafiq sənədlərin ilk şablonlarını formalaşdırır. Sənədlərin avtomatlaşdırılması hüquq şirkətlərində, yaxud onlayn olaraq istifadə oluna bilər və saat hesabı tariflərlə işləyən hüquqşünaslara2 mənfi təsir göstərəcəkdir. Belə ki, bu cür sistem sayəsində tərtib olunması əvvəllər saatlar çəkən sənədləri bir neçə dəqiqədə hazırlanır. Bu, LegalZoom və onun əsas rəqibi RocketLawyer, eləcə də Epoq tərəfindən istifadə olunmaqdadır.

Daimi əlaqə. Belə texnologiya sırasına planşetləri, simsiz geniş zolaqlı xətlər, yüksək keyfiyyətli video-konfrans, sürətli mesajlaşma, sosial media və e-poçt yazışmaları daxildir. Bu texnologiyaların aktiv olması nəticəsində müştərilər hüquqşünaslarla istənilən vaxt əlaqə saxlaya bilirlər ki, bu da öz növbəsində, hüquqşünasların iş və sosial həyatları üçün narahatedici ola bilər.

Elektron hüquq bazarı. Mən bu termini müştərilərin öz hüquqşünaslarının fəaliyyətləri və xidmət səviyyələri (otellərin və restoranların müştərilərinin etdikləri kimi) barədə öz fikirlərini bölüşməyə imkan verən onlayn reputasiya sistemləri üçün istifadə edərdim (xidmət haqlarının müqayisəsi, onlayn hüquq xidməti hərracları və s.).

Elektron tədris. Hüquq tədrisini dəstəkləmək məqsədilə onlayn platformaların tətbiqində gözəçarpan inkişaf mövcuddur. Bu cür dəyişiklik bildiyimiz hüquq mühazirələrini və hüquq fakültələrinin ənənəvi metodlarını çökdürəcəkdir. Hazırda istifadə olunan üsullar onlayn mühazirələr və vebinarlardan daha da irəli gedəcək, virtual hüquq praktikası və hüquq tədrisi mühitlərindən istifadə ilə nəticələnəcəkdir.

Onlayn hüquq rəhbəri. Bu, internet vasitəsilə hüquqi məlumat, hüquqi tövsiyələr və hətta hüquqi məsləhət verə biləcək sistemlərdir. Burada hüquqşünaslar üçün risk isə aydındır: əgər insanlar hüquqi məsləhəti və tövsiyələri onlayn qaydada əldə edə bilsələr, bu, hüquqşünaslar üçün üz-üzə məsləhət görüşlərindən daha ucuz başa gələn bir alternativ olacaqdır. Və əgər bu cür əsaslı və güvənilən hüquqi xidmət maliyyələşdirilsə və istifadəçilər üçün ödənişsiz təqdim olunsa, insanların niyə ənənəvi “insan” hüquqşünaslara böyük məbləğdə ödəniş etməyi seçəcəkləri sualı yaranır (ən azından bir çox hallarda).

Açıq hüquq mənbələri. Açıq mənbələr tendensiyasına uyğun olaraq burada əsas etibarilə hüquq sahəsində onlayn əməkdaşlıq nəzərdə tutulur (standart sənədlər, siyahılar və sxemlər kimi dövlət, ictimai və s. xarakterli materialları formalaşdırmağa yönəlmiş bir əməkdaşlıq).

Qapalı hüquq cəmiyyətləri. Burada əsas məqsəd həmfikir hüquqşünasların bir araya gələ bilmələri və xüsusi onlayn platformalarda əməkdaşlıq etmələridir. Bu, bir növ LinkedInWikipedia-nın kəsişməsini xatırlatsa da, daha çox kiçik hüquqşünas qrupları üçün nəzərdə tutulur. Bənzər konsept tibb işçiləri üçün artıq mövcuddur: həkimlər üçün onlayn platforma olan Sermo-nun 30-dan çox ölkədən 600,000-i aşan istifadəçisi var. Bu fenomenin hüquqdakı ən yaxşı nümunəsi Legal OnRamp-in (korporativ hüquqşünaslar üçün əməkdaşlıq sistemi) ilkin versiyasıdır.

İş axını və layihələrin idarə edilməsi. İri həcmli və təkrarlanan hüquq layihələri üçün iş axını sistemləri standart bir prosesi başdan sona qədər idarə edən avtomatlaşdırılmış “check-list” xarakteri daşıyır. Saathesabı tariflər əsasında fəaliyyət göstərən və keçmişdə səmərəsiz layihələr və əməliyyatlardan faydalanan hüquq şirkətləri üçün bu sistemlər daha effektiv fəaliyyət və nəticə etibarilə, daha az xidmət haqqı ilə nəticələnəcəkdir.

Yerləşdirilmiş hüquq biliyi. Önümüzdəki illərdə, hesab edirəm ki, hüquq qaydaları bizim sistemlərdə və proseslərdə tam yerləşdiriləcəkdir. Avtomobildə quraşdırılmış nəfəs vermə testini keçmədiyi təqdirdə sürücülərə və sərnişinlərə avtomobilin işə düşməyəcəyi barədə xəbərdarlıq edən bir sistem düşünün. Bu, avtomobildən istifadə edən şəxslərin heç də hüquq barədə biliklərə malik olmasını tələb etmir. Əvəzində spirtli içkinin təsiri ilə avtomobilin idarə edilməsini qadağan edən qanun birbaşa avtomobilin sistemində yerləşdiriləcəkdir.

Mübahisələrin onlayn həlli. Bu (hansı formada – onlayn məhkəmə, elektron danışıqlar, onlayn mediasiya – olmasından asılı olmayaraq), əsas işi mübahisə və ya məhkəmələrə əsaslanan hüquqşünasların fəaliyyətini daha da çətinləşdirəcəkdir.

Sənədlərin təhlili. Hüquqşünasların əksəriyyəti, xüsusilə də məhkəmələrdə çıxış edənlər vaxtlarının böyük hissəsini sənədlərin təhlilinə ayırırlar. Artıq bir neçə ildir ki, düzgün qurulmuş sistemlər irihəcmli sənədləri təhlil edərək əsas işləri bundan ibarət olan paraleqal və kiçik hüquqşünaslardan üstün ola bilmişlər.

Maşınların proqnozu. İrihəcmli məlumatlardakı müxtəlif hissələri və əlaqələri müəyyən etmək üçün getdikcə daha da mürəkkəb üsullar formalaşdırılmaqdadır. Daniel Katz-in ABŞ Ali Məhkəməsi ilə bağlı araşdırmalarında qeyd olunduğu kimi hüquqda hesablama statistikaları məhkəmələrin ehtimal olunan yanaşmaları haqqında ənənəvi hüquqi araşdırma və əsaslandırmada iştirak edən hüquqşünasların ehtimallarından daha doğrudur. Burada hüquqşünaslar üçün əsas narahatlıq hüquq praktikasındakı və hüquqi risklərin idarə olunmasındakı mühüm məsələlərin böyük bir hissəsinin hüquqşünaslardan istifadə etməyə zərurət olmadan irihəcmli məlumat sistemlərində qurulmuş alqoritmlər əsasında emal oluna bilməsidir.

Hüquqi suallara cavab. Sual-cavab insan istifadəçilərin gündəlik ünsiyyətdə verdiyi suallara avtomatik cavab verən sistemlərin inkişafı üzrə kompüter elminin bir sahəsidir. Bu cür sistemin ən yaxşı nümunəsi IBM-in Watson adlı sistemidir (bu sistem “Jeopardy!” adlı Amerikan televiziya proqramında yarışmaq üzrə qurulmuşdur). Hüquqda isə bu cür sistem insanların hüquqa daimi müraciət etmə imkanını daha da artıracaqdır. Watson-dan irəli gələrək qeyd edə bilərəm ki, bu, özündə hüquqi materialların geniş bazasını əhatə edən, gündəlik danışıq üslubunda verilmiş hüquqi sualları anlaya bilən, bu suallara xas olan faktları təhlil və təsnif edən, nəticələri müəyyən edən və hüquqi rəy verə bilən və hətta bunu kompüter vasitəsilə səsləndirə bilən bir sistem şəklində qurula bilər. Belə sistem yalnız praktiki hüquqşünasların işlərini deyil, həm də məhkəmə prosesi haqqında ümumi təsəvvürümüzü dəyişəcəkdir. Buna hələ bir neçə il qalsa da, inkişaf etməkdə olan texnologiyalar sual-cavab sistemini düşündüyümüzdən daha tez mümkün edə bilər.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

İstinadlar və izahlar

  1. Kitabda qeyd olunan təsvirlər əhatəli olduğundan daha oxunaqlı olması üçün müvafiq hissələr qısaldılmışdır.
  2. Sərf olunan vaxta uyğun olaraq təqdim olunan xidmətlərə görə xidmət haqqının hesablanması. Bu zaman daha çox sərf olunan saat daha yüksək xidmət haqqı mənasına gəlir.
Oxşar paylaşımlar