Incoterms® 2020-də nələr dəyişib?

Müəllif: Kənan Təyyarlı. Kiçik hüquqşünas, Turan Legal and Tax Services. 2019-cu ildə Bakı Dövlət Universiteti Hüquq fakültəsindən məzun olmuşdur.

Incoterms və ya Beynəlxalq Kommersiya Şərtləri, Beynəlxalq Ticarət Palatası (ICC) tərəfindən beynəlxalq ticarət hüququna aid olan və əvvəlcədən təsbit edilmiş şərtlərdir. Bunlar beynəlxalq ticarət razılaşmalarında və ya satınalma proseslərində geniş istifadə olunur. Onların istifadəsi tarif şuraları, məhkəmələr və arbitrajlar tərəfindən dəstəklənir.

2020-ci il İnkoterms qaydaları 1 yanvar 2020-ci ildən etibarən qüvvəyə minmişdir. Bu o deməkdir ki, müqavilə 1 yanvar 2020-ci il tarixində və ya ondan sonra bağlanarsa və müqavilədə başqa hal nəzərdə tutulmazsa, 2020-ci il İnkoterms qaydaları tətbiq oluna bilər.

2010-cu il və 2020-ci il İnkoterms qaydaları arasında müəyyən fərqliliklər mövcuddur ki, əsas fərqlər aşağıdakılardır:

1. DAT şərti DPU ilə əvəzlənmişdir

2010-cu il DAT (“Delivered at Terminal”) və DAP (“Delivered at Place”) şərtlərini qarışdırmamaq üçün 2020-ci il qaydalarında DAT əvəzinə DPU (“Delivered at Place Unloaded”) şərti yer alacaqdır. DAP şərtinə əsasən, mallar nəqliyyat vasitələrindən birbaşa alıcının ixtiyarına verildikdə çatdırılmış hesab olunur. Halbuki DPU şərtində isə mallar razılaşdırılmış nöqtəyə endirildikdən sonra çatdırılmış sayılır. Əlavə olaraq (DAT şərtindən fərqli olaraq), DPU şərtinə əsasən çatdırılma artıq terminal ilə məhdudlaşmır. Məsələn, hər hansı avadanlıq istehsalçısı olan alıcı müqavilə şərtlərinə əsasən, malların satıcı tərəfindən fabrik ərazisində çatdırılmasını tələb edə bilər. Buna görə də, 2010-cu il şərtlərində terminal kimi istifadə olunması müəyyən formada məhdudlaşma hesab olunurdu. Bundan başqa şərtlər arasında başqa dəyişiklik nəzərə çarpmır.

2. Sığorta xərcləri

CIP (“Carriage and Insurance Paid to”) şərti o mənaya gəlir ki, satıcı malı daşıyıcıya təhvil verir, lakin sonra təyin olunmuş yerə görə daşınma və sığorta haqqını ödəyir. CIF (“Carriage Insurance and Freight”) şərti isə yalnız dəniz nəqliyyatı üçün istifadə edilir, lakin qalan şərtlər CIP şərti ilə eynilik təşkil edir (çatdırılma gəmidə və təyinat nöqtəsi isə müəyyən liman olmalıdır).

2010-cu il İnkoterms şərtlərinə əsasən, satıcı alıcının mallarını sığortalamağa borcludur. Bu, bir qayda olaraq toplu mal yükləri üçün yararlı ola bilər, lakin istehsal edilən mallara uyğun olmayan sığorta növü hesab olunur.

Dəyişiklik iki İnkoterms şərti altında, ümumiyyətlə daşınan mal növləri haqqında daha yaxşı əsaslandırmanı əks etdirir: CIF şərti dəniz yolları ilə həyata keçirilən ticarətdə istifadə olunur, CIP şərti isə dəyəri çox yüksək, əsasən istehsal olunan malların daşınması zamanı istifadə olunur. CIF şərti əsasən, əmtəə sövdələşmələri ilə məşhurdur və bu sığorta xərclərinin aşağı səviyyədə olması geniş qəbul olunur. CIP şərtində isə satıcılar bundan sonra tələb olunan əlavə sığortanın artan dəyərini də nəzərə almalıdırlar. 2010 versiyasının CIF və CIP şərtlərində Institute Cargo Clauses (C) müddəaları minimum tələb kimi götürülürdü. 2020 versiyasında isə CIF şərti üçün əvvəlki minimum sığorta tələbi qalsa da, CIP şərtində ilkin sığorta səviyyəsi (A) olaraq dəyişib (tərəflər daha aşağı sığorta səviyyəsi müəyyən edə bilərlər.

3. Təhlükəsizliklə bağlı tələblər və xərclər

Son on ildə ticarət və gəmiçilik sektorlarında təhlükəsizliklə əlaqəli narahatlıqların artmasını nəzərə alaraq, şərtin A4-cü maddəsi (“Daşınma”) indi satıcıdan, nəqliyyat vasitəsi ilə əlaqəli təhlükəsizlik tələblərinin yerinə yetirilməsini, həmçinin, alıcının tələbinə əsasən, çatdırılma nöqtəsinə kimi daşınmanın daha yaxşı təşkil olunması üçün nəqliyyatla əlaqəli təhlükəsizlik tələblərinə dair məlumat verilməsini tələb edir.

2020-ci il İnkoterms qaydaları idxal və ixrac rəsmiləşdirmələri ilə bağlı xərclərə də hər bir qaydanın A4/B4 və A7/B7 maddələrində aydınlıq gətirir. Belə ki, nəqliyyatla əlaqəli olan xərcləri  təşkil edən tərəf qarşılayır. İxrac rəsmiləşdirilməsi ilə əlaqədar təhlükəsizlik xərcləri satıcı tərəfindən ödənilməlidir (EXW – “Ex Works” istisna olmaqla). İdxal ilə əlaqəli təhlükəsizlik xərcləri isə alıcı tərəfindən ödəniləcəkdir (DDP – “Delivered Duty Paid” şərti istisna olmaqla).

4. Satıcı / alıcının malları öz nəqliyyat vasitələri ilə daşıması

2010-cu il İnkoterms qaydalarına əsasən, FCA (“Free Carrier”), DAP (“Delivered at Place”), (2020-ci il qaydalarına əsasən DPU) və DDP şərtlərinə əsasən, daşınmanı təşkil edən tərəfdən üçüncü tərəf olan daşıyıcı ilə müqavilə bağlamaq ön görülürdü. 2020-ci il İnkoterms qaydaları isə həm alıcının, həm də satıcının üçüncü tərəfin xidmətlərindən istifadə etmədən, öz nəqliyyat vasitələrindən istifadə edərək malların daşınması situasiyasını da özündə əks etdirir.

5. Yükləmə sənədləri

Satıcılar çox vaxt ödənişləri akkreditivlə təmin etməkdə maraqlı olurlar. Akkreditivin verilməsi üçün isə bank tərəfindən yükləmə sənədləri tələb olunur. FCA şərtinə görə, çatdırılma ya satıcının olduğu yerdə, ya da malların müəyyənləşdirilən yerdə alıcı tərəfindən təyin olunan daşıyıcının ixtiyarına verildiyi zaman həyata keçirilir. Əvvəlki versiyaya əsasən, satıcının ödəmə şərti olaraq banklar tərəfindən tələb olunan yükləmə sənədini əldə etməsi mümkün olmaya bilər. 2020-ci il İnkoterms qaydalarına görə isə, tərəflər razılığına əsasən, alıcı öz xərci və riski ilə daşıyıcı tərəfindən malların göyərtəyə endirildiyini bildirən yükləmə sənədinin satıcıya təqdim edilməsini tapşıra bilər. Bu dəyişiklik yuxarıda göstərilən problemin həll edilməsi məqsədini daşıyır.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]