Keçən ayın əvvəllərində bir maraqlı kommersiya mübahisəsi üzrə Konstitusiya Məhkəməsində müstəqil hüquqi rəy təqdim etmək nəsib olmuşdur.

Çox şadam ki, Konstitusiya Məhkəməsinin kollegiyası ifadə etdiyim fikri məğbul hesab edib və nəzərə alıbdır. Ümid edirəm, bu addımlarla, KM-si ölkəmizin sahibkarlıq fəaliyyəti üçün vacib olan kommersiya hüququnun tətbiqedilmə keyfiyyətinin yüksəltməsinə nail olacaqdır.

İlk baxışdan, iki biznes iştirakçıları arasında çox mürəkkəb olmayan mübahisə idi. Tərəflər iki peşəkar biznes iştirakçısıdır və müstəqil şəkildə öz iradələrini ifadə edən ətraflı müqavilə bağlamışdılar. Müqavilənin müəyyən bir hissəsi icra olunmuşdur sonradan bir mərhələsinin icrası ilə bağlı mübahisə çıxmışdır.

Maraqlı hissəsi odur ki, aşağı instansiya məhkəmələri tərəflərin müqavilə şərtlərini demək olar ki nəzərə almayaraq, özləri tərəflərin münasibətlərini və müqaviləni təfsir edirdilər, halbuki mübahisə tərəfləri arasında müqavilənin təfsiri ilə bağlı heç mübahisə yox idi. Zənnimcə, mübahisəyə səbəb olan məqamlar müqavilədə yetərincə aydın ifadə olunmuşdur və məhkəmə tərəfindən əlavə təfsirə zəruriyyət yox idi. Bu hissədə məhkəmələr açıq-aşkar iddia tələblərindən kənara çıxmışdır.

Digər bir vacib məqam, məhkəmələr tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı idi. Ümumiyyətlə, məncə, sübutların qiymətləndirilməsi, daha doğrusu onların düzgün qiymətləndirilməməsi Azərbaycan məhkəməsinin, məhkəmə prosesinin ən ağrılı hissəsidir.

Bu mübahisədə də məhkəmələr heç bir advektav əsas gətirmədən hansısa sübutu/dəlili qəbul etmir, heç qərarında nəyinki bunu əsaslandırmır, heç bu sübut barədə yazmır. Bununla yanaşı digər təqdim olunmuş sübutlar içərisindən hansısa birini qəbul edir.

Mənim pozisiyam iki əsas prosesual məqam üzərində qurulmuşdur:

  1. Müqavilə azadlığı və müqavilənin məcburi icrasının təmin olunması (pacta sunt servanda)
  2. Sübutların qiymətləndirilməsi və əsaslandırıması

Müqavilə azadlığı prinsipi ilə yanaşı mülki dövriyyənin sabitliyinin ən vacib sütunundan biri də məhz pacta sunt servanda (müqavilələr icra olunmalıdır) prinsipidir. Bir halda ki, tərəflər hüquq və öhdəliklərini müqavilə şərtləri ilə razılaşdırıblarsa, məhkəmələr mümkün gədəri mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməlidirlər. Mülki dövriyyənin stabilliyinin ən vacib sütunlarından biri məhz müqavilə ilə razılaşdırılmış şərtlərin tərəflər üçün məcburiliyini təmin edilməsidir.

Dövlət, suveren güc olaraq öz ərazisində müqavilə azadlığının təmin olunmasını və mülki (iqtisadi) dövriyyə iştirakçıların sərbəst şəkildə öz iradələrinə uyğun müqavilə ilə üzərilərinə götürdükləri hüquq və öhdəliklərin icrasını məhkəmə hakimiyyəti vasitəsilə təmin edir. Məhkəmə heç bir halda öz mülahizəsinə əsasən tərəflər arasında bağlanmış müqavilənin şərtlərini dəyişdirməyə və ya fərqli izah verməyə çalışmamalıdır və obyektiv şəkildə aydın olan müqavilə şərtlərini müqavilənin mahiyyətinə və tərəflərin ifadə etdikləri iradən fərqli şəkildə təfsir və ya şəhr etməməlidir. Məhkəmələrə tərəflər arasında müqaviləni həmin tərəflərin “özəl qanunu” kimi qiymətləndirməlidir.

Xüsusilə, müqavilə iştirakçıları sahibkarıq fəaliyyəti məşqul olan şəxslər olduqda və hazırki mübahisələndirilən müqavilə kimi iri, kompleksli müqavilələri razılaşdırmaq üçün lazimi peşəkar dəstəyi alaraq imkanındandılar. Bu halda müqavilə iştirkaçıların bərabər danışıqlar imkanlarına malikdir və məhkəmələr tərəfindən əsassız olaraq tərəflərin birini müqavilənin zəif tərəfi kimi qələmə verməsi qəbuledilməzdir.

Bir halda ki, müqavilə şərtləri ağlabatan dərəcədə aydın ifadə olunubsa və məhkəmələr tərəfindən təfsirə zəruriyyəti yoxdursa, məhkəmələr müqavilə şərtlərinini və ifadələrini öz təşəbbüsləri ilə təfsir və ya şəhr etməyə cəhd etməməlidirlər və müqavilə iştirakçılarının müqavilə münasibətlərinə gərəksiz müdaxilə etməməlidirlər.

Hazirki mübahisədə olduğu kimi, bir tərəfin müəyyən hərəkəti (hərəkətsizliyi) müqavilədə digər tərəfin hərəkəti (hərəkətsizliyi) ilə şərtləndirilibsə, məhkəmələr mübahisəyə baxanda dəqiq müəyyən etməlidir ki, birinci tərəfin hansı hərəkətləri digər tərəfin hansı hərəkləri ilə şərtləndirilibdir və şərtləndirilən hərəkətlərin müqaviləyə uyğun olaraq icra olunub-olunmamasını müəyyən etməlidir. Bu halı ayıdınlaşdıran məhkəmə həmin icranın müqavilə şərtlərinə uyğunluğuna diqqət yetirməlidir.

İcranı şərtləndirilmiş şəkildə icra etməyən tərəfə məhkəmə əsassız olaraq üstünlük və müdafiyə təqdim etməməlidir. Belə olan halda məhkəmələr öz öhdəliklərini vicdanla icra edən tərəfin (və digər tərəfdən eyni dərəcədə icranı gözləmək kimi hüquqi gözləntisi olan) hüquqlarını kobud şəkildə pozmuş olurlar. Bununla məhkəmələr bazar iqtisadiyyatını inkişaf etdirən cəmiyyət üçün əhəmiyyətli olan, müqavilə üzrə hüquq və öhdəliklərə riayət olunmasının (pacta sum servanta) vacibliyini və əhəmiyyətini heçə endirmiş olurlar.

Müqavilə azadlığı prinsipinə əsasən mülki dövriyyə iştirakçıların öz sərbərt iradələrinə uyğun müqavilə şərtlərini müəyyən etmək, öz müqavilə münasibətlərini tənzimləmək, faktlara və hallara dair zəmanətlər vermək, hüquq və öhdəliklərini müəyyən etmək, o cümlədən mümkün pozuntulara görə məsuliyyəti (dəbbə pulu, zərər, xərclərin ödənilməsi, ödənişin hissəsini verilməməsi və sair) müəyyən etməyi mümkün hesab edir.

Sahibkarlarıq-iqtisadi dövriyyədə müqavilə azadlığının əhəmiyyəti çox vacibdir. Məhkəmələr öz növbələrində müqavilə azadlığı prinsipi ilə yanaşı müqavilə iştirakçılarının müqavilə öhdəliklərinin icrasına rəayyət etmələrini təmin etməlidir. Məhkəmələr müqavilə öhdəliklərin icrasını təmin edərkən ilk növbədə müqavilə şərtlərini, tərəflərin hüquq və öhdəliklərini əsas götürməlidir. Məhkəmələr mübahisəni müqavilə şərtləri daxilində həll etməlidirlər və öz təşəbbüsü ilə müqavilənin şərtlərini tərəflər üçün təfsir etməməlidir.

Müqavilədə tərəflər hüquq və öhdəliklərini sərbəsr şəkildə müəyyən hallarla və şərtlərlə şərtləndiriblərsə, məhkəmə bu hal və şərtlərdən kənara çıxmamalıdır, müqavilə üzrə öhdəliyini (halı, şərti) icra etməyən tərəfə müqavilənin digər tərəfin hüquqi gözləntilərini qurban verərək, məhkəmə müdafiəsi verilməməlidir. Məhkəmələr cəmiyyətdə müqavilənin, onun şərtlərinin məcburiliyini, razılaşdırılmış şərtlərə riaəyət olunmasının zəruriliyini tərbiyə etməlidirlər. Eyni zamanda müqavilə üzrə öhdəliklərini icra etməyərək məhkəmələrdən müdafiə axtaranları qəti şəkildə qınamalıdırlar.

Konstitusiya Məhkəməsi dəfələrlə öz qərarlarında məhkəmələr tərəfindən sübutların qiymətləndirilməsində yol verdikləri çatışmamazlıqları qeyd etmişdir. Sübutların qiymətləndirilməsi məhkəmə prosesin ən vacib hissələrindən biridir, sübutları düzgün qiymətləndirməyən məhkəmənin qərarının ədalətliyi böyük şübhə altına salınır.

Məhkəmər tərəfindən təqdim edilmiş sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks elətdirmələri zəruridir və qəti şəkildə tələb olunmalıdır. Məhkəmələr öz qərarında, mübahisə tərəflərinin bərabərliyinə və çəkişmə prinsipinə riəyət edərək, təqdim edilmiş bütün sübütların qəbul edilməsinin və ya edilməməsinin motivlərini izah etməli və əsaslandırmalıdırlar. Həmçinin gəldiyi qərarın əsaslandırılması üçün hansısa sübutların əsas götütülməsi və digər sübutların rədd olunmasının səbəblərini və əsaslarını, o cümlədən bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsaslarını yekun qərarında aydın göstərilməlidirlər.

Konstitusiya Məhkəməsinin Qərarını burdan oxuya bilərsiniz.

Kateqoriya:

Bloq, Müqavilə hüququ,