Son bir neçə ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin (NK) iş və istirahət günlərinin ardıcıllığının təmin edilməsi praktikasına baxsaq, qəbul edilmiş qərarların həm sosial baxımdan, həm də hüquqi müəyyənlik baxımından effektiv olmadığını görürük. Belə ki, xarici ölkələrin qanunvericiliyindən olduğu kimi götürülən normaların tətbiqi zamanı problemlər yaranır. Bəs müvafiq hüquqi qeyri-müəyyənliyə səbəb olan amillər hansılardır və onları necə aradan qaldırmaq olar? Uzun zamandır üzərində düşündüyümüz iş və istirahət günlərinin ardıcıllığının təmin edilməsi zamanı yaranan problemlərin səbəbləri aşağıda müzakirə olunacaq və həll yolları təklif ediləcəkdir.

Quyuya atılmış daş

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə iş və istirahət günlərinin ardıcıllığının təmin edilməsini NK həyata keçirir.1 Bununla belə, NK-nın müvafiq məsələ barədə qərarı ilə bağlı konkret mexanizm müəyyən edilmədiyindən bəzən qərarlar ağlabatan müddət fərqi nəzərə alınmadan da verilir. Belə ki, yerləri dəyişdirilən iş və istirahət günləri ilə verilən qərarın dərc edildiyi gün arasındakı müddət adətən 30, 40, 50 gün olsa da, müvafiq normanın olduqca dispozitiv olması səbəbilə bəzən, məsələn, 3 mart 2022-ci ildə sadəcə 2 gün fərqlə 5 və 7 mart günləri barədə qərar verilmişdir.2

Beləcə, insanların qabaqcadan planlaşdırılmış işlərinin puç olması, sosial və iqtisadi      gözləntilərin köklü dəyişməsi qaçılmaz olur. Əlavə olaraq, hər il Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası (Kollegiya) tərəfindən qəbul edilən illik iş vaxtı və istehsalat təqviminin tətbiqinə dair qərarların illik planlaşdırma olmadan hazırlanması da bu baxımdan çətinləşir. Belə ki, bu il üçün verilmiş müvafiq qərara nəzər salsaq, qərarın mətnində NK tərəfindən 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar ayında iş və istirahət günlərinin ardıcıllığının tənzimlənməsi məqsədilə verilən qərarın3 mətninə istinad edilərək nəzərə alındığı vurğulanmışdır ki, bu da olduqca doğrudur.4 Bəs növbəti il, məsələn, 2025-ci il ərzində veriləcək digər NK qərarları qəbul edildikcə Kollegiya qərarının tənzimləməsi necə olacaq?

Mövcud praktika göstərir ki, iş və istirahət günlərinin dəyişdirilməsi ilə bağlı il ərzində verilən qərarlardan sonra mövcud istehsalat təqvimlərinə dəyişiklik edilmir və dolayı yolla, yəni iyerarxik olaraq daha üstün pillədə qərarlaşmış olduğuna görə il ərzində verilmiş sözügedən NK qərarları cari ilin təqvimi barədə qərarlardakı tarixlərə aid hissədə təbii üstünlük əldə edir. Bu üstünlük isə növbəti il üçün öncədən və yalnız bir dəfə təsdiq edilən istehsalat təqviminin periodik olaraq yararsız olmasına gətirib çıxarır. Əlavə olaraq, mövcud praktikada bir neçə dəfə yol verilmiş istirahət günü olmadan ardıcıl bir həftə işləmək də işin digər tərəfidir. Bu cür qeyri-effektiv tənzimləmənin normallaşdırılmasının insanların psixoloji vəziyyətinə nə dərəcədə təsir etdiyi isə araşdırmaya açıq mövzu olaraq qalır.

Problemlərin xülasəsi

Beləliklə, mövcud problemlər aşağıdakı kimidir:
1) İstirahət günlərinin dəyişdirilməsi çox gec elan edilir;
2) İstehsalat təqviminin qüvvəsi sonrakı dəyişikliklərə görə qeyri-müəyyən olur;
3) İstirahət günlərinin ardıcıllığının il üzrə deyil, yalnız aylar üzrə təmin edilir.

Digər ölkələrin təcrübəsi

Bənzər praktikaya sahib ölkələrə nəzər salsaq, hazırda Rusiya Federasiyasında (RF) və Özbəkistan Respublikasında bu məsələ daha effektiv tənzimlənir. Belə ki, RF-in Əmək Məcəlləsində konkretləşdirici mexanizm müəyyən olunmuşdur: NK müvafiq qərarı ən geci növbəti ilin başlanğıcına bir ay qalmış elan edir.5 Praktikaya görə həmin qərarlar istehsalat təqvimi müəyyən edilmədən öncə artıq verilmiş olur.6 Əlavə olaraq, istirahət günləri ilə iş günlərinin yerinin dəyişdirilməsi bütün il ərzində nəzərə alınır.

Özbəkistanın Əmək Məcəlləsində müvafiq norma təsbit edilməsə də, iş və istirahət günlərinin ardıcıllığı eyni məntiqlə təmin edilir və Prezident Fərmanında təsbit edilir.7

Təəssüf ki, digər ölkələrin təcrübəsində qeyri-iş günü hesab edilən bayramların say və ya aralıq tarixləri ölkəmizlə bənzərlik təşkil etmədiyindən müqayisə apara biləcəyimiz yurisdiksiya sayı məhduddur. Qeyd edək ki, bayramların sayı çox olub, lakin praqmatik olmayan tənzimləməyə sahib Qazaxıstan nümunəsi və ya ümumiyyətlə bayram günlərinin istirahət günləri ilə kəsişsə də, yalnız bayram günlərinin nəzərə alınmasını tələb edən Türkiyə modeli də mövcuddur.

İndiki halda ən effektiv tənzimlənmə məhz ölkəmizdə tətbiq edilən iş və istirahət günlərinin ardıcıllığının tənzimlənməsi praktikasının lokal bütün bayram və istirahət günlərinin hər il üçün istehsalat təqvimi tətbiq edilmədən öncəki tarixdə edilməsi bu unikal akt üçün ən ağlabatan praktika kimi görünür. Qeyd etmək zəruridir ki, bu praktika heç də Azərbaycan normayaratma təcrübəsinə yad deyil, belə ki, bənzər qərarın ilk dəfə verildiyi 2006-cı ildə 2007-ci təqvim ili üçün bayramları və bayram günləri ilə əlaqədar iş günləri hesab olunmayan istirahət günləri illik əsasda tənzimlənmişdir.8 Təəssüf ki, müvafiq tendensiya sonrakı illərdə davam etdirilməmişdir.9 Beləliklə, istehsalat təqviminin effektiv tənzimlənməsi, həmçinin iş və istirahət günlərinin ardıcıllığının ağlabatan müddətdə təmin edilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranmışdır.

2+2=5

Cari ilin mart ayında Qadınlar günü, Novruz və Ramazan bayramları qeyd ediləcəkdir. İş və istirahət günü olan bu bayramların ardıcıllığının təmin edilməsi də hal-hazırda aktual məsələdir. Bu yazının yazıldığı tarixdə bununla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı barədə məlumat elan edilməsə də, “de lege feranda” (arzu edilən qanun) olaraq aşağıdakı təqvimi təklif edirik (təqvimin şəkli əlavə olunur):

“İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilsin”.

8 Mart – Qadınlar Gününün şənbə gününə təsadüf etməsi səbəbilə qeyri-iş gününə çevrilən 10 Mart (bazar ertəsi) tarixi və əlavə olaraq Ramazan Bayramının 30 mart tarixində qeyri-iş günü olan bazar gününə təsadüf etməsinə görə qeyri-iş gününə çevrilən 1 aprel tarixləri müvafiq olaraq qeyri-iş günləri arasında qalan 27 və 28 mart iş günləri ilə dəyişdirilməsi məqsədəuyğundur.

Digər mümkün variantlar kimi isə həmin ay daxilində bir və ya bir neçə şənbə gününün (həmçinin bazar günlərindən hər hansı birinin) iş gününə çevrilməsi və əlavə olaraq uzadılmış qeyri-iş günü periodu yaradılması istisna edilmir. Əlbəttə ki, bu, optimal həll yolu deyildir. Bununla belə, mövcud praktika hansı optimizasiyanın aparılacağını təxmin etməyi daha da çətinləşdirir.

Sonluq

Göründüyü kimi əslində bəzən məsələyə daha bəsit yanaşaraq parçalara ayırmadan, bütöv nəzərdən keçirsək, daha asan həll yolu ilə həm hüquqi, həm də sosial olaraq effektiv tənzimləmə apara bilərik. Beləliklə, iş və istirahət günlərinin ardıcıllığının təmin edilməsinin bütün bir il üzrə öncədən aparılması, ilin müxtəlif dövrlərini nəzərə alaraq bu cür günlərin yerlərinin dəyişdirilməsi və bir il öncədən elan edilməsini məqsədəuyğun hesab edirik.

İstinadlar və izahlar

  1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, mad.105.7 (1999) və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, hissə 2 (2006).
  2. “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (3 mart 2022).
  3. Söhbət 28 noyabr 2024-cü il tarixli 449 nömrəli NK Qərarından gedir.
  4. “2025-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminin  təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  Kollegiyasının qərarı (2024).
  5. Rusiya Federasiyasının Əmək Məcəlləsi, mad. 112 (2001).
  6. RF NK-nın əvvəlki illərə dair iş və istirahət günlərinin dəyişdirilməsi barədə müvafiq qərarları ilə aşağıdakı keçidlərə daxil olaraq tanış ola bilərsiniz: http://static.government.ru/media/files/QkGT2QIDdzICtlaxOxctIZQONofaJwZO.pdf    http://static.government.ru/media/files/XBIhmpDam4A9mx0HA0FrWIOQ5bhKJqua.pdf  http://static.government.ru/media/files/M0250AfQJkV0wjCmMgX9ZMU8pWmnMeuo.pdf.
  7. https://cis-legislation.com/document.fwx?rgn=155617.
  8. “2007-ci ildə Novruz, Ramazan, Qurban bayramları və bayram günləri ilə əlaqədar iş günləri hesab olunmayan istirahət günləri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (19 dekabr 2006).
  9. Burada söhbət müvafiq olaraq illik əsasda bayram və istirahət günləri müəyyən edildikdən sonra yerdəyişmə ilə bağlı qərarların verilməsindən gedir. Belə ki, 2006-cı ildə müvafiq qərar qəbul edildikdən sonra 2007-ci il ərzində yerdəyişmə ilə bağlı heç bir qərar verilməmişdir. Növbəti təqvim ilində isə müvafiq tarixlər 2007-ci il tarixli qərarla müəyyən edilsə də, 2008-ci il ərzində yerdəyişmə ilə bağlı qərar qəbul edilmişdir. Bax: 2008-ci ildə Novruz, Ramazan, Qurban bayramları və bayram günləri ilə əlaqədar iş günləri hesab olunmayan istirahət günləri haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (7 dekabr 2007) və İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (23 sentyabr 2008).

Kateqoriya:

Əmək hüququ,