Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı ilə bağlı iki və ya bir neçə şəxsin razılaşması1 sayılan müqavilə hər zamanmı bərabər tərəflər arasında, mülki hüquq və vəzifələrə şamil olunmaqla bağlanır?
Müqavilələrə olan yanaşma daima praktiki xarakter daşıdığından müqavilələrin hüquqi rejimi və onlarla bağlı yaranan mübahisənin məhkəmə aidiyyatı kimi məsələlərə tərəflər ciddi əhəmiyyət verməməkdədirlər. Buna ən sadə nümunə dövlət orqanlarının daxil olduqları bir sıra müqavilə münasibətlərinin xarakter analizidir.2 İnzibati müqavilə tərəflərdən birinin dövlət orqanı olduğu və həmin tərəfin üstünlüyünün mövcud olduğu müqavilə növüdür. İnzibati müqavilədən meydana çıxan mübahisələrə inzibati məhkəmə icraatında baxılır. Ümumi nəzəriyyədə müqavilənin inzibati müqavilə sayılması üçün bir neçə əlavə şərtlər mövcuddur ki, bunlar – (1) məzmun ictimai xidmətlə bağlı və ya qanunla müəyyənləşdirilmiş digər məsələ olmalıdır, (2) müqavilədə ümumi hüquqa əsaslanan dövlət orqanının məcburedici şərti olmalıdır.3
İnzibati müqavilələrlə bağlı ən inkişaf etmiş yanaşma Fransadadır. Fransız hüquq ədəbiyyatı müqavilənin inzibati sayılıb sayılmaması ilə bağlı ölçülər müəyyən edib. Bunlara ümumi maraqları qorumaq üçün tərəflərin qeyri-bərabərliyi, müqavilə şərtlərini dəyişmək hüququnun güclü tərəfə verilməsi, öhdəlikləri icra etməməyə görə özəl subyektə əlavə cərimənin tətbiq oluna bilməsi, müqavilənin məsuliyyət olmadan birtərəfli qaydada xitamının və müqavilə şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinin mümkünlüyü4 misal göstərə bilərik. Fransanın inzibati işlər üzrə ali məhkəmə funksiyasını həyata keçirən dövlət şurasının bir sıra qərarda əks olunmuş mövqeyinə görə tərəflərdən biri dövlət orqanı və ya publik-hüquqi şəxs deyilsə, məzmundan asılı olmayaraq bu müqavilə inzibati müqavilə sayıla bilməz.5
Türkiyə hüququnun inzibati müqavilələrə yanaşması da Fransa yanaşmasına oxşardır. Türklər inzibati müqavilənin mülki müqavilədən fərqlənməsini əsas 2 kriteriya üzrə aparırlar: tərəflərə görə və maddi. Tərəflərə görə və ya struktural fərqlənmə o əsasla aparılır ki, inzibati müqavilə tərəflərindən biri mütləq publik səlahiyyət və imtiyaza malik olsun.6 Lakin Ankara 9-cu İnzibati Məhkəməsinin qərarı7 göstərir ki, son illər telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr tərəflərin özəl hüquq subyekti olmasına baxmayaraq məzmununa görə inzibati müqavilə hesab olunmaqdadır. Maddi fərqlənməyə müqavilənin məzmunu ilə bağlı amillər aiddir: ictimai maraqlarla bağlı olmağı, özəl hüququ aşan (bir tərəfin üstünlüyü) bəndləri ehtiva etməsi, əvvəlkilər olmasa belə özəl hüquqdan üstün rejimin mövcudluğu8.
Azərbaycan İnzibati icraat üzrə Alman hüququnun nümunəsini9 qəbul etdiyi üçün bizdə də inzibati müqaviləyə müstəqil institut kimi yanaşma demək olar ki, mövcud deyildir və inzibati müqavilənin imzalanmasına inzibati akt statusu verilmədən hüquqi akt kimi baxılır10. Buna baxmayaraq inzibati müqavilə elementləri olan formalar ölkəmizdə də praktikada qəbul olunmaqdadır. Bunu AR Nazirlər Kabinetinin 34 saylı Qərarı ilə təsdiq olunmuş tipik satın alma müqavilə formasında asanlıqla görə bilərsiniz.11 İnzibati müqavilə əsasən ictimai maraqların həyata keçirilməsi zamanı dövlət orqanı və sahibkar (özəl müəssisə) arasında münasibətləri tənzimləyərkən istifadə olunur.12 İnzibati müqavilənin daha ətraflı anlayışı KM qərarında təsbit olunmuşdur. İnzibati müqavilə icra funksiyasının həyata keçirilməsi məqsədilə icra hakimiyyəti orqanı ilə digər subyektlər arasında bağlanan müqavilədir. Bu növ müqavilələrdə bir tərəf mütləq qaydada icra funksiyalarını həyata keçirən subyekt olur.13 Həmin qərarda KM müəyyən etmişdir ki, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. İnzibati müqaviləni də hərəkət hesab etsək, bir sıra mübahisələr həllini tapmış olar.
Azərbaycanda məhkəmə aidiyyatının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin kifayət qədər çox olduğunu nəzərə alsaq, bu gün inzibati müqavilələri mülki müqavilələrdən ayırd edə bilməyin ciddi hüquqi əhəmiyyəti vardır.
İstinadlar və izahlar
- AR Mülki Məcəlləsi, Maddə 389.
- Liana-Teodora Pascariu, The Distinction Of The Administrative Contract From Other Types Of Contracts, 10 The Annals of The “Ştefan cel Mare” University of Suceava 408, 408.
- Marie Grace Seif, Administrative contract, 5 (2011).
- Pascariu, yuxarıda istinad 1, 409.
- De Laubadere, André, De Moderne, Franck, Delvolve Pierre: Traité Des Contrats Administratifs, 180 (1983).
- Mehmet Tank, Yargı Kararları İşığında İdari Sözleşme Kriterleri, 518 (2011)
- Ankara 9-cu İnzibati Məhkəməsi, Q. 1999/577.
- Fransa Dövlət Şurası Rivière du Sant işində müəyən edib ki, Dövlət Şirkəti olan Électricité de France-ın özəl elektrik istehsalçısısından elektrik almaq üçün bağladığı bir nə predmetinə, nə də daxil olan bəndlərə görə inzibati müqavilə sayılmasa da, xüsusi şərtləri əhatə etdiyi üçün üstün hüquqi rejimə malikdir. Bu şərtlərə dövlət şirkətinin elektrik almaqla bağlı dövlət qarşısında öhdəliyi, mübahisələrin müvafiq nazirlik səviyyəsində həlli kimi məsələlər aiddir.
- Alman İnzibati İcraat qanunu, maddə 35 (Verwaltungsverfahrensgesetz): https://germanlawarchive.iuscomp.org/?p=289.
- Fərhad Mehdiyev, İnzibati hüquq 187 (2010); Müəllif hüquqi aktı əqd mənasında nəzərdə tutur, lakin hərəkət kimi daha uyğun olacağını düşünürük.
- Müqavilə formasının 17 və 19-cu maddələri müvafiq olaraq müqavilənin icrasına tenxniki nəzarət və sınaq, texniki təminatla bağlı inzibati orqanın üstünlüyünü müəyyən edir: http://www.e-qanun.az/framework/2015.
- Dövlət orqanının bütün fəaliyyəti özəl müəssisəyə ötürdüyü və hər ikisinin paralel fəaliyyət göstərdiyi əsas iki forma mövcuddur.
- AR KM-nın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 6 oktyabr tarixli plenum qərarı, 24-cü abzas.