ABŞ vergi sisteminin səmərəliliyinin artırılması istiqamətində müxtəlif hüquqi alətlərdən istifadə etməkdədir. Bunlardan biri kimi qəbul olunan FATCA1 (Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı) xarici maliyyə institutlarının (bundan sonra XMİ) ABŞ vergi ödəyicilərinin hesabları2 haqqında ABŞ-ın Daxili Gəlirlər İdarəsinə hesabat verməsini müəyyənləşdirən qanundur.
FATCA-nın qəbul olunmasına 2008 böhranından sonra yaranan vəziyyət səbəb olmuşdu. Ölkədə 10%-ə3 qədər yüksəlmiş işsizlik faizini aşağı salmaq üçün hüquqi addımlar hazırlanırdı. O zamankı4 ABŞ prezidenti Obama işə götürülüb 52 həftədən artıq işlədilən hər şəxs üçün müəssisələrə vergi güzəştləri müəyyən edən İşə Götürmənin Stimullaşdırılması Qanununu5 imzalamışdı. Yaranacaq xərcləri qarşılamaq üçün Konqres qanuna FATCA müddəalarını daxil etdi. FATCA diqqəti öz vəsaitlərini ölkə xaricində gizlədərək vergidən yayınmağa çalışan şəxslər üzərinə çəkdi və ABŞ-a vergi ödəyicilərinin qlobal gəlirlərinə vergi tətbiq etmək hüququ verdi.6
5 hissədən ibarət olan və HIRE aktın maliyyə tarazlaşdırması müddəaları kimi nəzərdə tutulan FATCA xaricdəki vergi ödəyici hesab məlumatlarının açıqlanması ilə bağlı tənzimləmələri təsbit edir. Aktda xarici hesablar üzrə verilməli olan hesabatlar, xarici maliyyə vəsaitlərinə münasibətdə məlumatların açıqlanması, passiv maliyyə müəssisələri ilə bağlı açıqlamaların edilməsi kimi məsələləri tənzim edən normalar və əməl etməməyə görə məsuliyyətlər əks olunub. Ümumiyyətlə, akt ABŞ-a aid hesab dedikdə bir və ya daha artıq ABŞ rezidenti, yaxud ABŞ qeydiyyatlı hüquqi şəxs və ya ABŞ-ın sahibi olduğu xarici müəssisəyə məxsus hesabı nəzərdə tutur.7 FATCA sadə şəkildə desək, ABŞ rezidenti olmayan xarici maliyyə institutları və qeyri-maliyyə institutlarının banklarında saxlanan ABŞ vergi ödəyicilərinin vəsaiti haqqında və onların özləri haqqında məlumatın verilməsini nəzərdə tutur. Hesabat qaydalarına əməl etməyən XMİ ABŞ bazarından kənarlaşdırılmaqla yanaşı, vergiyə cəlb olunmalı ödənişin 30%-i məbləğində cərimə olunur. Digər bir halda xarici vəsaitlə bağlı uyğun hesabatın edilməməsinə görə şəxslər $10000 məbləğində cərimə olunurlar.8 Bu məlumatlar hesabat şəklində ABŞ-ın Daxili Gəlirlər İdarəsinə FATCA Hökumətlərarası Sazişlər əsasında verilir. Azərbaycanla ABŞ arasında oxşar saziş 2015-ci il 9 sentyabr tarixində imzalanmışdır.9
Sazişdə FATCA ilə əlaqəli vacib anlayışlar da daxil olmaqla bir çox məsələlər təsbit olunub. Xüsusilə 1-ci maddədə maliyyə institutu anlayışına aydınlıq gətirilərək Depozitar, Bank fəaliyyətini həyata keçirən təşkilat, İnvestisiya təşkilatı və ya Sığorta Şirkəti kimi müəyyən olunmuşdur. Sazişdə hər iki ölkənin hesabat verilməli hesablarla bağlı öhdəlikləri, hesabatın məzmunu, mübadilənin həyata keçirilməsi qaydası və s. ətraflı əks olunub. Hərtərəfli yoxlama öhdəlikləri barədə 1-ci, əməl edən hesab olunan maliyyə institutları barədə 2-ci əlavələr sazişin ayrılmaz tərkib hissəsi sayılır. Məsuliyyət məsələsinə gəldikdə isə sazişin müddəalarına əməl etməyən maliyyə institutları AR Vergi Məcəlləsinin 60.3-cü maddəsinə əsasən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməməsinə görə məsuliyyətə cəlb oluna bilərlər.
Azərbaycan Respublikası vergilər nazirinin 2018-ci il 17 aprel tarixli 1817040100288300 nömrəli əmri ilə təsdiq edilmiş Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurlarının həyata keçirilməsi Qaydaları hesabat verməyən maliyyə institutlarının və hesabat verilməyən hesabların dəqiq siyahısını müəyyən edərək xarici dövlətlərin fiziki və hüquqi şəxslərinə məxsus hesablar üzrə hərtərəfli yoxlama prosedurları təsbit etmişdir. Maliyyə hesabı anlayışını genişləndirən və Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə/Öz Müştərini Tanı prosedurlarının həyata keçirilməsini nəzərdə tutan bu sənəd 2015-ci il sazişinin AR Vergi qanunvericiliyinə uyğun tətbiqini təşviq etməkdədir.
Ümumilikdə, FATCA çərçivəsində ABŞ-la beynəlxalq hüquqi əməkdaşlığın yaradılması dövlətdaxili qanunvericiliyin də inkişafında müsbət təsirini göstərəcəkdir. 2015-ci il sazişinin 6-cı maddəsində təsbit olunan “passthru”10 ödənişlərə və ümumi gəlirə münasibətdə vergitutma istiqamətində gələcək əməkdaşlığın praktiki taleyi olduqca maraqlı məsələdir.
İstinadlar və izahlar
- İngiliscə: Foreign Account Tax Compliance Act
- Habelə ABŞ vergi ödəyicilərinin paylarının olduğu xarici şirkətlərin hesabları haqqında.
- ABŞ Əmək Statistikaları Bürosu, İşsizlik faizləri hesabat-qrafiki (Son dəfə baxılıb: 18 Oktyabr 2018-ci il) Baxın: https://data.bls.gov/timeseries/LNS14000000.
- 2009-2017-ci illər.
- İngiliscə: The Hiring Incentives to Restore Employment (HIRE) Act.
- Ross K. McGill, US Withholding Tax 104 (2013).
- FATCA, I hissə, 1471-ci bölmə (d) 1. A.
- Yenə orada, II hissə, bölmə 6038D. (d) 1.
- Baxın: http://www.e-qanun.az/framework/31243
- Bu vergitutma texnikasına əsasən şirkətin gəlir vergisinə görə şirkətin özü yox sahibi məsuliyyət daşıyır. Bunun məqsədi şirkətin vergi yükünü azaltmaqdır.