Avropa İnsan Hüquqları Konvensiyasının (“AİHK”) tətbiqi və insan hüquqlarının müdafiəsi1 məqsədilə yaradılan Avropa İnsan Hüquqları Məhkəməsi (“AİHM”) demokratiyanın başlıca ünsürü olan ifadə azadlığı barədə qeyd edirdi ki, demokratik cəmiyyətin əsas sütunlarından biri olan ifadə azadlığı, belə cəmiyyətin inkişafı və hər bir fərdin özünü realizə etməsi üçün əsas şərtlərdən biri hesab olunur.2

AİHK-in 10-cu maddəsinin 2-ci bəndində adını çəkdiyim ifadə azadlığı barədə göstərilir ki, istifadəsi öhdəlik və vəzifələr yaradan bu hüquqlar ………… tələb, şərt, məhdudiyyət və sanksiyalara məruz qala bilər. Bu zaman belə bir sual ortaya çıxır ki, demokratik cəmiyyətdə belə bir məhdudiyyətə ehtiyac varmı?

Unutmamaq lazımdır ki, ifadə azadlığı üzərində hər hansı məhdudiyyət, şərt və ya digər bir müdaxilə forması bu azadlığın ancaq müəyyən tərzdə istifadəsi zamanı tətbiq oluna bilər. Bu mövqedən AİHK-in 17-ci maddəsində qeyd edilməkdədir ki, AİHK-dəki heç bir müddəa hər hansı dövlətin, qrupun və ya şəxsin bu konvensiyada təsbit olunan hüquq və azadlıqlarının ləğvinə və ya onların Konvensiyada nəzərdə tutulandan daha artıq məhdudlaşdırılmasına yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq və  ya hər hansı əməl törətmək hüququna malik olması kimi şərh oluna bilməz.

Aydın şəkildə qeyd olunmaqdadır ki, bir hüququn məzmunu üzərində hər hansı bir məhdudiyyət o hüququn yox edilməsi kimi qəbul edilir. Bununla yanaşı, AİHK ifadə azadlığının məhdudlaşdırılması üzrə hər hansı bir şərtin ödəndiyi halda, dövlətlərin qarşısına “müdaxilə etmək” kimi bir pozitiv öhdəlik qoymur, çünki əks halda, bu, hüququn məzmununa birbaşa məhdudiyyət qoyulması olardı.

AİHK-in 10-cu maddəsinin 2-ci bəndində qeyd edildiyi kimi, bu hüquqlar özü ilə vəzifə və öhdəliklər gətirmişdir ki, AİHM qərarlarında bu vəzifə və öhdəliklərə müxtəlif yanaşmalar ortaya çıxmışdır. Məsələn, Engel və digərləri işində3 əsgərlərin bəzi yuxarı vəzifəli zabitləri tənqid edən bir qəzet yayınlaması və paylaması məsələsində qoyulan qadağan AİHM tərəfindən ifadə azadlığına haqlı bir müdaxilə olaraq qəbul edilmiş, lakin hakimlər tərəfindən qərarda qeyd edilmişdir ki, məsələ bu insanların ifadə azadlığından məhrum edilməsi deyil, onların bu hüququ sui-isifadəsinin cəzalandırılmasıdır.

Lakin Engel və digərləri işindən 18 il sonra, oxşar bir iş üzrə AİHM-in yanaşması fərqli olmuşdur. Belə ki, Vereinigung Demokratischer Soldaten işində4 hökumət əsgərlərin qoşun rəhbərliyini tənqid edən xüsusi bir nəşr yaymasını qadağan etmişdi. Bu zaman Avstriya hökuməti nəşrin ölkənin müdafiə sisteminə qarşı bir hədə yaratdığına görə bu qadağanı qoyduğunu irəli sürmüşdü, lakin AİHM hökumətin bu əsaslandırmasını qəbul etməmiş və qeyd etmişdi ki, nəşrdəki yazılar daha çox şikayətləri dilə gətirmiş, islahatlar üçün tövsiyələr vermiş və oxucuları hüquqi vasitələrə müraciət etməyə və apellyasiya prosesini başlatmağa təşviq etmişdir və tez-tez mübahisə edici bir mövqe almalarına baxmayaraq, bu mübahisənin demokratik bir dövlətin ordusunda xoş qarşılanacaq bir mübahisənin çərçivəsindən kənara çıxmadığı deyilə bilər. Bununla, AİHM Engel və digərləri işində qeyd etdiyi sui-istifadə məsələsinə diqqət yetirərək, ifadə azadlığının məqsədini əsas götürmüşdür.

AİHM əsgərlərlə yanaşı digər tərəfdən, hakimlərin də 10-cu maddə üzrə vəzifə və məsuliyyətinə Wille işində diqqət yetirmişdir.5 Belə ki, iş üzrə Şikayətçi qismində iştirak edən yüksək rütbəli hakim Lixtenşteyn şahzadəsindən məktub alır və məktubda hakimin akademik konfransda səsləndirdiyi ölkənin konstitusiyası barədə fikirlərini şahzadənin tənqid etdiyi və bundan sonra hakimi rəsmi vəzifəyə təyin etməyəcəyi qeyd edilir. Bu hal üçün, AİHM qeyd edir ki, AİHK-in 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulan vəzifə və məsuliyyət məsələsi bu cür vəzifədə olan şəxslər üçün xüsusi önəm kəsb edir, çünki məhkəmədə fəaliyyət göstərən bu cür vəzifəli şəxslərdən məhkəmənin nüfuzu və bitərəfliyinə xələl gətirəcək hər hansı bir situasiyada ifadə azadlığının istifadəsində öz-özlərinə məhdudiyyətlər qoymaları gözlənilir. Bir sözlə, AİHM öhdəliyi bu cür vəzifədə işləyən şəxslərin üzərinə qoyaraq, hər hansı vəziyyət üzrə onların vəzifəsini bəyan edir.

AİHM və AİHK-in ifadə azadlığının məhdudiyyətinə olan bu yanaşmalarından əlavə, onlar “qanuni müdaxilə” adı altında belə məhdudiyyətlər üçün müəyyən şərtlər qoymuşdur ki, yuxarıda qeyd etdiyim kimi həmin şərtlərin hər biri ödənildiyi halda, belə müdaxilə qanuni hesab olunur. Belə müdaxilə qanuvericilikdə göstərilməli, 10-cu maddədə göstərilən məqsədlərə yönəlməli və demokratik bir cəmiyyətdə lazımlı olmalıdır. Bu 3 şərt içindən vacib olan “müdaxilə demokratik cəmiyyətdə lazımlı olmalıdır” şərtinin ödəndiyindən əmin olmaq üçün belə bir suala cavab verilməlidir ki, AİHK-in 10-cu maddəsinin 2-ci bəndi üzrə məqsəd, bu məqsədə çatmaq üçün istifadə olunacaq vasitələrlə mütənasibdirmi? Bu sual üzrə məqsəd dedikdə, həmin maddədə nəzərdə tutulan milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları, iğtişaşın və ya cinayətin qarşısını almaq, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək kimi dövlətin ifadə azadlığına müdaxilə edə bilməsi üçün əsas olan dəyər və çıxarlardan, vasitə dedikdə isə, sırf müdaxilənin özündən söhbət gedir. Qarşımızdakı sualın açar sözü olan mütənasiblik anlayışı isə sırf AİHM-in ifadə azadlığı üzərinə məhdudiyyət qoymasına “təcili ehtiyacın” olduğuna dair inamı ilə əlaqədardır.6 AİHM belə “təcili ehtiyac” barədə qeyd edir ki, bu cür təcili ehtiyacın olub-olmadığını dəyərləndirmək üçün razılığa gələn dövlətlərin müvafiq meyarları var, lakin Avropa səviyyəsində qanunvericiliklə yanaşı, həm də bu qanunvericiliyi tətbiq edən qərarlar, eləcə də müstəqil məhkəmələrin qəbul etdiyi qərarlar AİHM-in nəzarəti ilə qarşılaşır.7

Buradan belə bir nəticə çıxır ki, dolayı yolla olsa da, AİHK-in 10-cu maddəsi ilə qorunan ifadə azadlığına məhdudiyyətin tətbiqi məsələsi barədə son qərarı vermə səlahiyyəti AİHM-dədir. Buradan həmçinin yerli məhkəmələr üçün də təlimat çıxır ki, hər hansı ifadə azadlığı işində ilk andan etibarən AİHM-in Presedent hüququnu tətbiq etsinlər. Buna səbəb isə odur ki, Avropanın irəli sürdüyü standartlar qismində AİHM-in Presedent hüququ, ifadə azadlığı üçün yerli qanunvericilikdən daha yüksək səviyyəli müdafiə yaradır və hər bir hakimə tək bir çıxış yolu kimi bu standartları tətbiq etməyi təklif edir. Nəticə etibarı ilə, təcrübə göstərir ki, AİHM ifadə azadlığına müdaxilə üzrə baxdığı işlərdə məhdudiyyət üçün yuxarıda qeyd etdiyim 3 şərtin ödənilməsinə diqqət edərək müvafiq qərar qəbul edir və AİHK-in 10-cu maddəsinin 2-ci bəndində adı çəkilən məqsədlər çərçivəsində demokratik cəmiyyətdə ifadə azadlığına məhdudiyyətin qoyulmasını zəruri hesab edir.

İstinadlar və izahlar

  1. Avropa İnsan Hüquqları Konvensiyası, 11 nömrəli Protokol.
  2. Thoma Lüksemburqa qarşı işi (2001); Dichand və başqaları Avstriyaya qarşı işi (2002). 
  3. Engel və digərləri Hollandiyaya qarşı işi (1976). 
  4. Vereinigung Demokratischer Soldaten Ostereichs und Gubi Avstriyaya qarşı (1994). 
  5. Wille Lixtenşteynə qarşı işi (1999). 
  6. Observer və Guardian Birləşmiş Krallığa qarşı işi (1995). 
  7. Tammer Estoniyaya qarşı işi (1999.)

Kateqoriya:

Uncategorized,