Mediasiya üzrə Sinqapur Konvensiyası 20 dekabr 2018-ci il tarixində BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş və imza mərasiminin Sinqapurda keçirilməsi qərara alınmışdı.1 Konvensiya hər nə qədər “Sinqapur Konvensiyası” adı ilə tanınsa da, rəsmi olaraq “Mediasiya vasitasilə əldə olunan beynəlxalq barışıq sazişləri üzrə”2 BMT Konvensiyası adlandırılıb. Konvensiyanın 11.1-ci maddəsində onun 1 avqust 2019-cu il tarixində imzalanmağa açıq elan olunacağının qeyd olunmasına baxmayaraq o, 7 avqust 2019-cu il tarixində imzalanmağa açıq elan edilmiş və ümumilikdə 46 ölkə tərəfindən imzalanmışdır.

Konvensiyanın əsas məqsədi beynəlxalq kommersiya mübahisələrinin həlli üsulu kimi mediasiyanın istifadəsini təmin etmək, eləcə də, barışıq sazişləri üzrə icra mexanizmlərinin müəyyən olunmasından ibarətdir. Ümumilikdə Konvensiya mediasiya ilə bağlı əsas prinsipləri, Konvensiyanın tətbiq olunduğu barışıq sazişləri, mediasiya yolu ilə əldə olunmuş barışıq sazişlərinin icrası mexanizmləri, onun imzalanması, qüvvəyə minməsi və ondan imtina ilə bağlı mühüm məsələləri özündə əks etdirir.

Bundan əlavə, Konvensiya bir sıra barışıq sazişlərinə, o cümlədən, əmək, ailə, vərəsəlik məsələləri üzə barışıq sazişlərinə, məhkəmə icraatı zamanı imzalanmış barışıq sazişlərinə tətbiq olunmur. Konvensiyanın tətbiq olunmadığı barışıq sazişlərinin tam dairəsi onun 1.2 və 1.3-cü maddələrində qeyd olunmuşdur.

Baxmayaraq ki, Konvensiya mediasiya üzrə bir sıra mühüm məsələləri tənzimləyir, bəzi məqamların müəyyən olunması zamanı daha detallı təfsirə və ya əlavə müddəalara ehtiyac yaranır. Məsələn, Konvensiya baxımından barışıq sazişlərinin etibarlılığı şərtlərindən biri onun mediasiya vasitəsilə əldə olunmasıdır. Bəs barışıq sazişinin mediasiya vasitəsilə əldə olunması necə sübut olunur? Konvensiyanın 4.1 (b) maddəsi bir sıra amilləri belə sübutlar qismində nəzərdə keçirir ki, bunlardan biri də barışıq sazişində mediatorun imzasının olmasıdır. Lakin bir sıra yurisdiksiyalarda mediatorlar bir qayda olaraq barışıq sazişlərini imzalamaqdan imtina edirlər3 və bu halda mediatorun imzasının, yaxud mediatorun iştirakını təsdiqləyən sənədin mövcudluğu ilə bağlı məsələlər əlavə sübutlara ehtiyac yaradır. Müqayisə üçün qeyd edək ki, bu yaxınlarda qəbul olunan “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən barışıq sazişində həm tərəflərin, həm də mediatorun imzasının olması əsas tələblərdən biridir.

Bununla belə Konvensiyanın 4.1 (b) maddəsində qeyd olunan sübutlardan yalnız biri mediatorun imzası ilə bağlıdır. Müvafiq olaraq sübutlardan hər hansı birinin mövcud olmaması halında Konvensiyaya üzv dövlətin səlahiyyətli orqanı üçün məqbul hesab edilən hər hansı digər sübutlar da barışıq sazişinin mediasiya nəticəsində imzalandığını müəyyən edə bilər4 və bu isə öz növbəsində maddənin geniş təfsirini tələb edir.

Digər tərəfdən Konvensiyada mediasiya nəticəsində əldə olunan barışıq sazişlərinin birbaşa icra mexanizminin müəyyən edilməsinə baxmayaraq, bir sıra yurisdiksiyalarda daxili icra mexanizminin olmaması sözügedən barışıq sazişlərinin icrası və tanınması ilə bağlı məsələləri bir qədər çətinləşdirəcəkdir. Lakin bu, heç də Konvensiyanın təsirinin effektiv olmasını istisna etmir. Əksinə, Kolumbiya Hüquq Məktəbinin Beynəlxalq Kommersiya və İnvestisiya Arbitrajı Mərkəzinin direktoru George Bermann-ın sözləri ilə qeyd etsək, “Onun Nyu York Konvensiyası qədər səmərəli və praktiki olmaması üçün heç bir səbəb mövcud deyildir.”5

İstinadlar və izahlar

  1. United Nations Convention on International Settlement Agreements Resulting from Mediation (New York, 2018) (the “Singapore Convention on Mediation”), https://uncitral.un.org/en/texts/mediation/conventions/international_settlement_agreements
  2. İngiliscə: United Nations Convention on International Settlement Agreements Resulting from Mediation
  3. Lucy Reed, Ultima Thule: Prospects for International Commecial Mediation, NUS Centre for International Law Working Paper 19/03, 2019, s. 15
  4. Konvensiyanın 4.1 (b) (iv) maddəsi
  5. Bruce Love, New UN Singapore Convention drives shift to mediation of trade disputes, 5 avqust 2019-cu il (son dəfə baxılıb: 29 avqust 2019-cu il)