Sentyabrın 23-də Britaniyanın və dünyanın ən böyük səyahət şirkətlərindən biri olan Thomas Cook Group və törəmə şirkətlərinin iflas etdiyi açıqlanıb. Şirkət tur operatoru və hava yolları olmaqla iki yöndə fəaliyyət göstərirdi.

Şirkətin rekapitalizasiyası və reorqanizasiyasını təmin etmək üçün aparılan danışıqların uğursuzluqla nəticələnməsindən sonra (şirkət fəaliyyətinə davam etmək üçün Birləşmiş Krallıq hökumətindən 250 milyon funt sterlinq tələb edirdi) şirkət icbari likvidləşməyə daxil olmaq üçün məhkəməyə müraciət edib və məhkəmə tərəfindən “winding up order” adlanan məhkəmə əmri qəbul edilib. Bu əmr növü müflis şirkəti icbari likvidləşməyə məcbur edir və bu zaman məhkəmə tərəfindən “official receiver” adlanan rəsmi nümayəndə məhkəmənin əmrlərini yerinə yetirmək və kreditorların borclarını ödəmək üçün şirkətin aktivlərinin likvidləşdirilməsi üçün təyin olunur. “Official receiver” Birləşmiş Krallıq hökumətinin Biznes, Enerji və Sənaye Strategiyası Departamentinin icraedici qurumu olan Müflislik Xidmətinin məmuru olur. Müflislik Xidməti şirkətlərin icbari likvidləşməsini idarə edən qurumdur. Qeyd edək ki, Britaniyada müflisləşmə 1986-cı il tarixli Müflisləşmə Aktı əsasında həyata keçirilir.

Məhkəmə, həmçinin “official receiver”ə likvidləşmə ilə bağlı yardım etmək üçün Xüsusi Menecerlər təyin edib. Belə ki, AlixPartners şirkətindən mütəxəssislər tur operatorları və hava yolları şirkətləri üçün, KPMG LLP şirkətinin mütəxəssisləri isə pərakəndə satış və təyyarə təminatı şöbələri üçün Xüsusi Menecerlər olaraq təyin olunublar.

Şirkətin fəaliyyətini dayandırmasından sonra müxtəlif ölkələrdə səyahətdə olan minlərlə insanın (şirkətin müştərilərinin) geri qaytarılması üçün hökumət müxtəlif tədbirlər görməyə başlayıb.

Kateqoriya:

Kommersiya hüququ,