Yazı Fransa, İspaniya, Rusiya kimi bir çox ölkələrdə səyahət edən insanların istifadə etdiyi və ya tanıdığı “BlaBlaCar” tətbiqi ilə bağlı olacaq və onu vergiqoyma aspektindən nəzərindən keçirəcək.

Əksər hallarda “BlaBlaCar”-ı “Uber”, “Taxify” və ya digər taksi xidməti tətbiqləri ilə müqayisə edirlər. Yalnız bu yanaşma tam düzgün deyildir. Belə ki, Avropada geniş istifadə edilən bu proqramın əsas məqsədi carpooling kimi tanınan müştərək nəqliyyat formasını təbliğ etməkdir. Müştərək nəqliyyat halında sürücü bir yerdən digərinə səyahət edəcəyini, nəqliyyat vasitəsində boş oturacaqların olduğunu və digər səyahətçilərin müəyyən haqq müqabilində birgə səyahət edə biləcəyini tətbiqdə elan edir. Bu halda müəyyən edilən məbləğ yalnız nəqliyyat üçün zəruri xərcləri özündə əhatə edir. Carpooling-in əsas məzmunu ondan ibarətdir ki, həmin xidməti göstərən sürücü heç bir gəlir əldə etmir, yalnız müəyyən məsafəni qət etmək üçün özünün zəruri olan xərclərini azaldır.

Məsələn: Sürücü Bakıdan Şamaxıya avtomobil vasitəsilə səyahət edəcəyini tətbiqdə göstərir. Həmin məsafəni qət etmək üçün avtomobilin zəruri xərcləri 40 manat təşkil edir. Sürücü tərəfindən baş verə biləcək sui-istifadələrin qarşısının alınması üçün zəruri xərclərin həcmi tətbiq tərəfindən müəyyən edilir. Səyahətdə əlavə olaraq üç sərnişinin də iştirak etməsi imkanı göstərilir və zəruri xərclər sürücü də daxil olmaqla dörd hissəyə bölünür. Sərnişinlər tətbiq üzərindən həmin məbləği (bu halda 10 manatı) ödəyirlər. Ödəniş zamanı ümumi nəqliyyat xərclərinin 10%-i məbləğində xidmət haqqı tətbiq tərəfindən tutulur.

Bu halda gəlir əldə edən tərəf yalnız tətbiq olur.

Yarana biləcək suallardan biri müxtəlif ölkələrdə fəaliyyət göstərən tətbiqin hər ölkəyə münasibətdə məsafəni qət etmək üçün zəruri ola biləcək xərcləri necə müəyyən etməsini göstərmək olar. Bu sualın cavabı kimi, tətbiqin Böyük Britaniyada nümayiş etdirdiyi yanaşma nümunə gətirilə bilər. Böyük Britaniyada “BlaBlaCar” zəruri xərclərin müəyyən edilməsi üçün vergi orqanının1 müəyyən etdiyi qaydadan2 istifadə edilir. Həmin qayda əmək münasibətləri çərçivəsində işçinin işgüzar məqsədlər üçün şəxsi nəqliyyat vasitəsindən istifadə etdiyi halda işəgötürən tərəfindən onun qət etdiyi hər milə uyğun olaraq ödəyə biləcəyi yanacaq sərfiyyatı haqqını müəyyən edir. Həmin akt çərçivəsində 10.000 milədək qət edilmiş məsafəyə görə ödənilən məbləğ vergilərdən azaddır3.

Digər bir maraqlı məsələ isə odur ki, Azərbaycanda adıçəkilən tətbiq istifadə edildiyi halda vergiqoyma siyasəti perspektivindən yanaşma necə olmalıdır? “Avtomobil nəqliyyatı haqqında” Qanunun perspektivindən sərnişin daşıma sərnişinlərin avtonəqliyyat vasitəsilə yoladüşmə məntəqəsindən təyinat məntəqəsinə çatdırılmasıdır4 Sərnişin deyəndə avtonəqliyyat vasitəsində gediş hüququ verən sənəd (bilet) və ya digər qanuni əsaslarla daşınan fiziki şəxs nəzərdə tutulur5 Qanunun sərnişinə verdiyi anlayışdan göründüyü kimi şəxsin sərnişin qismində qiymətləndirilməsi üçün sürücü ilə daşıma müqaviləsi bağlanmalıdır, şəxs əvəzində sürücüyə xidmət haqqı ödəməli və gediş hüququnu təsdiq edən sənədə sahib olmalıdır. Mülki Məcəllənin perspektivindən6 sərnişin daşıma müqaviləsi əvəzli müqavilədir, yəni sürücü bu halda göstərdiyi xidmət əvəzində gəlir əldə edir. “BlaBlaCar”-ın isə nümunəsində göründüyü kimi sərnişin sürücüyə xidmət haqqı ödəmir, sərnişin yalnız həmin istiqamətdə hərəkət etmək üçün zəruri olan xərclərinin bir hissəsinin ödənişini həyata keçirir.

Milli təcrübədə adıçəkilən tətbiqin istifadə edildiyi halda ən zəruri addımlardan biri tətbiq çərçivəsində həyata keçirilən ödənişin təbiətinin müəyyən edilməsi təşkil edir. Belə ki, bu münasibətlər özlüyündə yuxarıda qeyd olunan səbəblərdən daşıma müqaviləsi kimi təfsir edilməməli və bu səbəbdən “Avtomobil nəqliyyatı haqqında” Qanun daxilində müəyyən edilən sərnişin daşımaları üzrə münasibət mövcud olmur. Lakin, əgər edilən ödəniş xidmət haqqı qismində və münasibətlərin daşıma müqaviləsi qismində təfsir edilərsə bu halda sürücünün həyata keçirdiyi fəaliyyət vergiqoymanın obyekti olacaqdır.

Bu halda tətbiq ediləcək akt qismində Azərbaycan Respublikası Vergilər Məcəlləsi (bundan sonra “Məcəllə”) çıxış edir. Məcəllə baxımından sərnişin daşımaları ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisidirlər7 və həmin fəaliyyət ilə məşğul olmaq üçün vergi qeydiyyatından keçməlidirlər.  Tətbiq edilən sadələşdirilmiş verginin dərəcəsi və müvafiq olaraq hər oturacaq yerinə münasibətdə8 baza dərəcə müəyyən edilir və daşımanın həyata keçirildiyi ərazi baxımından tətbiq edilən əmsal qeyd edilir.9 Sərnişin və ya yük daşımasını həyata keçirən şəxslər bu halda fərqlənmə nişanı almalıdırlar.10

Sadələşdirilmiş vergi sərnişin daşımalarına münasibətdə ümumi dövriyyədən müəyyən edilməsi səbəbindən “BlaBlaCar”-ın təcrübəsini tətbiq edən şəxslər gəlir əldə etməmələrinə baxmayaraq vergi ödəmək öhdəliyi daşıyırlar.

İstinadlar və izahlar

  1. HM Customs and Revenue
  2. HM Revenue & Customs Expenses and Benefits, 16-cı fəsil.
  3. 2019-cu il üçün mövcud olan dərəcələr ilə burada tanış ola bilərsiniz: https://www.gov.uk/expenses-and-benefits-business-travel-mileage/
  4. Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunu, 1.0.14-cü maddə.
  5. Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunu, 1.0.13-cü maddə.
  6. Maddə 842.1.
  7. Azərbaycan Respublikasının Vergilər Məcəlləsi, 218.4.1-ci maddə
  8. Azərbaycan Respublikasının Vergilər Məcəlləsi, 220.5-ci maddə.
  9. Azərbaycan Respublikasının Vergilər Məcəlləsi, 220.6-ci maddə.
  10. Azərbaycan Respublikasının Vergilər Məcəlləsi, 221.4.7-ci maddə.

Kateqoriya:

Vergi hüququ,