Keçən ilin noyabr ayında Birləşmiş Krallıqda Lawtech Delivery Panel1 Hüquqi İşçi Qrupu kriptoaktivlərin və ağıllı müqavilələrin ingilis hüququndakı statusu ilə bağlı hüquqi bəyanat qəbul edib. Qeyd edək ki, bu bəyanat hər hansı hüquqi qüvvə daşımır və sadəcə mütəxəssislərin fikirlərini ehtiva edir.

Son zamanlarda kriptoaktivlər və ağıllı müqavilələr bazarı inkişafda olsa da, onlar özləri ilə bərabər hüquqi qeyri-müəyyənliklər də gətirirlər. Sözügedən hüquqi bəyanat bu sahədəki vacib suallara cavab verməklə, qeyri-müəyyənliklərə aydınlıq gətirməyə çalışır.

Qısaca olaraq qeyd edə bilərik ki, Tapşırıq Qrupunun fikrincə, (1) kriptoaktivlərin ingilis hüququna əsasən əşya hesab oluna bilər və (2) ağıllı müqavilələr ingilis hüququnun müqavilə ilə bağlı tələblərini yerinə yetirdiyinə görə müqavilə qüvvəsinə malikdir.

Kriptoaktivlər.

Tapşırıq Qrupu qeyd edir ki, ingilis hüququna görə hər hansı kriptoaktivin əşya olaraq hesab olunması həmin aktivin təbiətindən, onun mövcud olduğu sistemin qaydalarından və sualın soruşulduğu məqsəddən asılıdır. Buna baxmayaraq, Tapşırıq Qrupu kriptoaktivlər ilə bağlı aşağıdakıları qeyd edir:

  1. Kriptoaktivlər əşyanın bütün göstəricilərinə sahibdirlər;
  2. Bəzi kriptoaktivlərin sahib olduğu yeni və fərqləndirici xüsusiyyətlər onların əşya hesab olunmasına mane olmur;
  3. Onların sahib olunan əşya və ya tələb hüququ olaraq təsnifləşdirilə bilinməməsi onların əşya hesab olunmasına mane olmur;
  4. Buna görə də, kriptoaktivlər prinsip olaraq əşya hesab olunur.

Ağıllı müqavilələr.

Tapşırıq Qrupu qeyd edir ki, ingilis hüququna əsasən (1) iki və ya daha çox tərəf razılaşma əldə etdiyi, (2) bununla hüquqi münasibət yaratmağa niyyət etdiyi və (3) hər biri faydalı bir şey verdiyi zaman müqavilə var. Ağıllı müqavilələrin bu tələblərə riayət etməsinə görə müqavilə gücü vardır. Prinsip olaraq, ağıllı müqavilə adi və oturuşmuş hüquqi prinsiplərdən istifadə etməklə müəyyən oluna, təfsir oluna və tətbiq oluna bilər.

Tapşırıq Qrupu, həmçinin qeyd edir ki, müəyyən sənədlərin “imzalanması” və ya “yazılı olması” ilə bağlı hüquqi qaydalar vardır. Lakin “imza” tələbinə sənədləri doğrulamağı hədəfləyən xüsusi açar texnikasından istifadə etməklə, “yazılı” tələbinə isə ağıllı müqavilələr zamanı, onların kod elementini mənbə kodunda qeydə almaqla riayət etmək olar.2

İstinadlar və izahlar

  1. ”Lawtech Delivery Panel”  Birləşmiş Krallıqda qurulmuş, sənaye tərəfindən idarə olunan və hökumət tərəfindən dəstəklənən, Birləşmiş Krallıqda hüquq sektorunun texnologiya vasitəsilə tranformasiyasını dəstəkləyən təşəbbüsdür.
  2. Daha ətraflı məlumat üçün: https://bit.ly/2R9gdFu