Bütün dünyada böyük əks-səda doğuran ChatGPT botu 30 noyabr 2023-cü il tarixində bir yaşını qeyd etdi. Aləti ərsəyə gətirənlərdən biri olan Sam Altman özü belə ChatGPT-nin bu qədər böyük rezonans doğurmasından təəccübləndiyini özünün X (əvvəlki Twitter) hesabında qeyd edir.1 Ətrafımızda istifadəsi sürətlə artan yaradıcı süni intellektdən bəs hüquqşünaslar istifadə edərkən nələrə diqqət etməlidir?

ChatGPT nədir? 

Əvvəlcə, gəlin bu alətin quruluşunu və iş prinsipini izah etməyə çalışaq. ChatGPT OpenAI şirkəti tərəfindən hazırlanmış qabaqcıl dil modelidir. Sadə dillə desək, ChatGPT əvvəlcədən təlim keçilmiş məlumatlar əsasında insanlar tərəfindən yazılmış mətnləri təhlil edərək, başa düşə və yaza bilən intellektli botdur. Onun necə işlədiyini qısaca aşağıdakı kimi ifadə etmək olar:2

Birinci Mərhələ – Təlim: ChatGPT milyardlarla mətn üzərində təlim keçirilərək təkmilləşdirilmişdir. Bu təlim ona dil nümunələri, fərqli dillərin qrammatikası və geniş məlumat spektrini öyrənməyə imkan vermişdir.

İkinci Mərhələ – Daxil edilən mətn və əmrlərin başa düşülməsi və emalı: Siz sual və ya əmri daxil etdiyiniz zaman ChatGPT bu informasiyanı təlim aldığı iri həcmli informasiya əsasında emal edir və nə soruşduğunuzu (və ya dediyinizi) anlamağa çalışır.

Üçüncü Mərhələ – Cavabın hazırlanması: Bazasında mövcud olan məlumatlara əsasən, ChatGPT sizin verdiyiniz əmr əsasında öz cavabını formalaşdırır. Qeyd etmək lazımdır ki, ChatGPT-nin ödənişsiz versiyasının verdiyi cavabların əhatə dairəsi 2023-cü ilin aprel ayınadək olan məlumatlarla məhdudlaşır. Yəni ChatGPT sizə bu tarixə qədər olan hadisələr və əlaqəli məlumatlar əsasında cavab verə bilər. Bununla belə, ChatGPT-nin aylıq abunəlik haqqı tələb edən versiyası internet çıxışına malikdir.  Bu o deməkdir ki, ChatGPT internetdə mövcud olan bütün məlumatlar əsasında verilən əmrə uyğun gələnlərini təhlil edib cavab verə bilər.

Bu yazıda ChatGPT və eyni zamanda daha təkmil və xüsusi məqsədlər üçün qurulmuş, süni zəka ilə gücləndirilmiş alətlərdən necə istifadə edilməsi qısaca işıqlandırılacaqdır.

İstifadə Halı 1 – Məlumat Təhlili

Şübhəsiz ki, hüquqşünasların ən çox gördüyü işlərdən biri səhifələrcə materialları təhlil etməkdir. Burada qeyd etmək lazımdır ki, təhlil edilən materialın dili vacib rol oynayır. Təbii ki, ChatGPT ingilis dilində daha yaxşı təhlillər apara və cavablar verə bilər. Bununla belə bizim sınaqlarımızda Azərbaycan dilində də mükəmməl olmasa da cavab verə bilmişdir.

Əlinizdə olan materialı təhlil etmək üçün ChatGPT-nin ödənişli versiyasından istifadə etməlisiniz. Mövcud sənədi PDF, Word və ya hətta şəkil formatında (JPEG, PNG və s.) ChatGPT-yə yükləyə və suallar verə bilərsiniz. Bu uzun mətnli müqavilələrin, hesabatların və s. sənədlərin təhlil edilməsində faydalı ola bilər.

ChatGPT-nin ödənişli versiyasına çıxışınız yoxdursa, PDF AI və oxşar saytlardan istifadə edə bilərsiniz.3 Bu saytın ödənişsiz versiyasında da məhdud sayda  sənədləri sayta yükləyə və suallar verə bilərsiniz. Digər alternativ isə ChatPDF AI ola bilər.

Qeyd etmək lazımdır ki, ChatGPT-nin ödənişsiz versiyasına da mətnləri köçürərək barəsində suallar verə bilərsiniz. Bu sadəcə daha çox zaman alacaqdır, lakin kömək edəcəkdir.

İstifadə halı 2 – Hüquqi və elmi araşdırma

ChatGPT-dən hüquqi və elmi araşdırma üçün istifadə edilə bilər. Lakin ödənişsiz versiyasında bu imkan məhduddur. Yuxarıda qeyd edildiyi kimi ChatGPT-nin ödənişsiz versiyasında məlumatların son aktuallaşdırılma tarixi 2023-cü ilin aprel ayıdır. Yəni sizə həmin tarixə qədər olan məlumatlar əsasında cavab veriləcəkdir.

Elmi araşdırma aparılmasında və ya hüquqi sənədlər üçün elmi mənbələrin tapılmasında daha çox ixtisaslaşdırılmış və süni zəka ilə gücləndirilmiş alətlərdən istifadə edilməsi tövsiyə edilir. Bunlara nümunə olaraq Scite AI4 və ya Scispace AI saytlarını göstərə bilərik. Bunlar elmi və həmçinin məhkəmə işləri ilə bağlı mənbələrin tapılmasında kömək edə bilər. Bunlarla bağlı daha ətraflı və gündəlik məlumat əldə etmək istəsəniz mənim X hesabımı izləyə bilərsiniz5.

İstifadə halı 3 – Sənədlərin tərtib edilməsi

ChatGPT və ya süni intellekt ilə gücləndirilmiş alətlərdən sənədlərin tərtib edilməsində də istifadə edilə bilər. Lakin ChatGPT-nin ödənişsiz versiyasının qüsursuz olduğunu demək də düzgün olmazdı. Çünki ChatGPT-nin ödənişsiz versiyası bəzən səhv və ya ümumiyyətlə mövcud olmayan mənbələrə istinad edərək cavablar verə bilər (bunlar “hallüsinasiya” adlandırılır). Bununla bağlı ən çox rezonansa səbəb olan hal 2023-cü ilin iyun ayında ABŞ-da baş vermişdir.

Belə ki, məhkəmə işinə hazırlaşan vəkil ərizə hazırlamaq üçün ChatGPT-dən istifadə etmişdir. Vəkilin suallarına cavab verən süni intellekt botu ChatGPT verdiyi cavablarda ümumiyyətlə mövcud olmayan məhkəmə işlərinə (presedentlərə) istinad etmişdir. Yekunda isə məhkəməyə ChatGPT tərəfindən uydurulmuş işlərə əsaslanan ərizə təqdim etdiyinə görə vəkil cərimələnmişdir.6

Bu səbəbdən ChatGPT-nin təqdim etdiyi mətnlərin yoxlanılmadan birbaşa istifadə edilməsi tövsiyə edilmir. 

Digər əsas məsələlərdən biri isə həssas və fərdi məlumatların qorunması məsələsidir. Şəxsi, həssas və ya kommersiya sirri sayıla biləcək məlumatların ChatGPT botuna və ya hər hansı süni intellekt alətinə daxil edilməsi qətiyyən tövsiyyə edilmir. Hər nə qədər OpenAI şirkətinin rəsmi internet səhifəsində belə məlumatların həm onlayn, həm də oflayn rejimdə itirilməsinin, sui-istifadə edilməsinin, icazəsiz əldə edilməsinin, kütləyə açıq elan edilməsinin, dəyişdirilməsinin və ya silinməsinin qarşısını almaq üçün ağlabatan texniki, inzibati və təşkilati tədbirlərin həyata keçirildiyi7 bəyan edilsə də, belə məlumatlarla ehtiyatlı davranılmasında fayda olduğu vurğulanmalıdır.

Bir il ərzində çox böyük dəyişikliklərə səbəb olan ChatGPT botunun yeni informsiya və funksiyalar ilə təkmilləşdirilməsi prosesi davam edir. OpenAI şirkətinin bu məhsuluna rəqib olaraq isə Google şirkəti tərəfindən Gemini süni intellekti ilə təchiz edilmiş Bard və Elon Muskın xAI şirkəti tərəfindən Grok süni intellekt alətləri təkmilləşdirilməkdədir. Bu və eləcə də digər süni intellekt alətləri barədə növbəti yazılarımızda oxuya bilərsiniz.

İstinadlar və izahlar

  1. Keçid: https://twitter.com/sama/status/1730076492162548208
  2. Daha ətraflı məlumatı buradan əldə bilərsiniz: https://openai.com/chatgpt
  3. Keçid: https://pdf.ai/?via=vgr
  4. Keçid: https://scite.ai/?via=vgr
  5. Keçid: Vüqar İbrahimov https://l.linklyhq.com/l/1vE1J
  6. Lawyer Used ChatGPT In Court—And Cited Fake Cases. A Judge Is Considering Sanctions, https://www.forbes.com/sites/mollybohannon/2023/06/08/lawyer-used-chatgpt-in-court-and-cited-fake-cases-a-judge-is-considering-sanctions/?sh=60dbd4827c7f
  7. Privacy policy OpenAI, https://openai.com/policies/privacy-policy