Giriş
Bir gün Nihad Hüseynovla Azərbaycan hüquq sistemi haqqında etdiyimiz müzakirə yadıma düşdü. Qızğın söhbətimiz ərzində sistemin vəziyyətinin heç də ürəkaçan olmadığı barədə təxminən 3 saat danışdıq. İllər ərzində hüquq professorlarından tutmuş peşəkar hüquqşünaslara və tələbələrə qədər apardığım müzakirələr və oxuduğum ədəbiyyat əsasında bu mövzuda bir bloq yazısı yazmağa qərar verdim. Ümid edirəm ki, oxuyucuların arasında yeni bakalavr, magistr və doktorantura təhsilinə başlamış və ya başlayacaq şəxslər də olar və bu üç hissəli yazıdan göstərilən səhvlərdən dərs çıxara bilərlər.
Məsələni bacardığım qədər yığcam şəkildə ifadə etməyə çalışsam da, nəticədə kifayət qədər geniş bir mətn alındı. Bu yazının daha çox akademik məqalə formasında olması daha məqsədəuyğun olardı, lakin daha geniş kütləyə çatımlı olması üçün üç hissəli bloq formasında tərtib edilmişdir. Bu yazıda təqdim olunanlar şəxsi müşahidələrim əsasında tərtib edilmişdir. Yazı Azərbaycanda hüquq təhsili və daha geniş mənada hüquq peşəsi haqqında müzakirəyə təkan vermək məqsədi daşıyır. Qeyd edilənlər heç bir halda şəxsi tənqid kimi qəbul edilməməlidir və sadəcə mövcud vəziyyətin qiymətləndirilməsi məqsədini daşıyır.
İstənilən məsələnin müzakirəsi zamanı əvvəlcə status-kvo müəyyən edilməli və problemli məqamlar aşkar edilməlidir. Yalnız sonra məsələnin həlli yolları nəzərdən keçirilə bilər.
Müasir Azərbaycan hüquq sisteminin qısa tarixi
XX əsrin 90-cı illərinin əvvəllərində, Sovet Sosialist Respublikalarının dağılmasına az qalmış, Azərbaycan öz müstəqilliyini elan etdi. Həmin dövrün siyasi və iqtisadi problemləri oxuculara kifayət qədər məlumdur. Digər postsovet ölkələrində olduğu kimi, Azərbaycanda da əsas məsələlərdən biri hüquq sisteminin kapitalist dövrün tələblərinə uyğunlaşdırılması idi. Çünki, hüquqi dövlət iqtisadi rifahın təməlində duran əsas amildir.
Yeni sistemə uyğun qanunların yazılması üçün xarici təcrübəyə istinada ehtiyac yaranmışdır. Əsas problemlərdən biri dil idi. SSRİ kənar dünyadan həm iqtisadi, həm də elmi cəhətdən təcrid idi. Rus dilinin üstünlük təşkil etməsi və yalnız kommunist ideologiyasını dəstəkləyən ədəbiyyatın mövcudluğu səbəbindən yerli hüquqşünasların kapitalist sistemə uyğun hüquqi yaradıcılıq bacarığı, demək olar ki, yox idi. Sual yaranırdı ki, naməlum bir münasibətlər sistemi necə tənzimlənməlidir?
Bu məqamda Avropa Birliyi müxtəlif layihələr çərçivəsində post-sovet ölkələrinə öz hüquq sistemlərini kapitalist quruluşa uyğunlaşdırmaq üçün dəstəyini təklif etdi. Bu dəstək Avropa ölkələrinin xeyirxahlığından deyil, daha çox öz iqtisadi maraqlarının təmin edilməsinə xidmət edirdi. Belə ki, onlar üçün yeni ixrac bazarları açılırdı və investorlar özlərinə tanış olan hüquq sisteminə malik ölkələrdə fəaliyyət göstərməyə daha çox meyillidirlər.
Azərbaycana bu dəstək AB TACIS (Technical Assistance for Commonwealth of Independent States) proqramı çərçivəsində və xüsusilə Almaniyanın GİZ1 təşkilatının fəaliyyəti əsasında formalaşdı.2 Burada Amerika Vəkillər Assosiasiyasının (ABA) yanaşmasına da diqqət yetirmək lazımdır. İlkin olaraq, ABA Azərbaycanda və digər post-kommunist ölkələrdə öz ofisləri vasitəsilə Amerika hüquq sistemini təbliğ etməyə çalışsa da, müəyyən müddət sonra ofislərini bağlayaraq hüquq yaradıcılığı prosesindən geri çəkildi. Nəticədə, meydan AB-yə və xüsusilə Azərbaycan kontekstində Almaniya təsirinə açıq qaldı.
Dil və ədəbiyyat problemi səbəbindən ilk olaraq alman qanunları Azərbaycan dilinə tərcümə edilirdi. Bu, xüsusilə Mülki Məcəllənin (MM) nümunəsində aydın görünür. AR MM-in layihəsi alman hüquqşünaslar tərəfindən Alman Mülki Məcəlləsinin (BGB) tərcümə edilməsi ilə tərtib edilirdi.3
MM-in hazırlanması mərhələsində alman BGB-si əsasında tərcümə edilən layihə tam başa çatdırılmamışdır. Səbəblərdən biri qismində TACIS çərçivəsində maliyyələşmənin dayandırılması göstərilir. 4 Həmin yarımçıq layihə yerli hüquqşünaslara tamamlanması üçün təqdim edilmişdir. Burada bir daha dil və ədəbiyyat problemi yada düşür. Nəticədə, Azərbaycan Respublikası MM-nin qalan hissəsi Rusiya Federasiyası MM,5 MDB Model Mülki Məcəlləsi 6, hətta bəzən AzSSR Mülki Məcəlləsi7 əsasında tamamlanmışdır. Bu səbəbdən AR MM-in müxtəlif fəsilləri fərqli, bəzən isə tam əks yanaşmalar nümayiş etdirir. AR MM sadəcə bir nümunədir; eyni qaydada digər aktlarda da müşahidə edilir.
Xüsusilə vurğulamaq istərdim ki, burada həmin müəlliflərin tənqid edilməsi niyyəti yoxdur. Sadəcə həmin dövrün yaratdığı şərait nəticəsində hadisələr belə cərəyan etmişdir. O şəraitdə belə bir işin görülməsi özlüyündə böyük səy tələb edirdi.
Nəticədə, müxtəlif hüquq sistemlərinin kortəbii şəkildə qarışması sistematik çatışmazlıqlarla dolu aktların ortaya çıxmasına səbəb oldu. Bu, məsələnin yalnız bir aspektidir.
Hüquq təhsilinin özəllikləri
Digər bir vacib məqam hüquq təhsili ilə bağlıdır. Hüquq sisteminin mövcudluğunun və düzgün tətbiqinin təmin edilməsinin əsas sütunlarından biri onun hansı formada tədris edilməsi ilə əlaqəlidir. Yeni iqtisadi sistemə keçidlə köhnə Azərbaycan dilində olan hüquq ədəbiyyatının mütləq əksəriyyəti qısa müddət ərzində dəyərini itirmişdir. Sovet dövrünün akademik olaraq şübhə doğuran təcrübələri8 artıq yeni sistemə uyğun deyildi. Nəticədə, yeni hüquq sistemini nəzəri və doktrinal olaraq izah edəcək ədəbiyyata və həmin ədəbiyyatı tədris edərək metodoloji bilikləri verə biləcək akademik kadrlara ehtiyac yaranmışdır.
Burada yenə dil çıxışının məhdud olması məsələsinə qayıdırıq. Rus dilindən başqa dillərə çıxışın olmaması səbəbindən yalnız rusdilli ədəbiyyata ya rus dilində, ya da Azərbaycan dilinə tərcümə edilmiş formada çıxış yaranmışdır. Mövcud ədəbiyyat isə əksər hallarda qanunda yazılmış tənzimləmənin müəllifin öz sözləri ilə fərqli formada yazılmasından ibarət olmuşdur.
Digər bir məsələ akademik mübadilədir. Daha doğrusu, onun olmamasıdır. Yazıların sayının az olması, olan yazıların nəşr edildiyi jurnalların isə ictimaiyyətə geniş məlum olmaması səbəbindən akademik diskurs yox dərəcəsində idi. 20 il əvvələ nisbətən hal-hazırda vəziyyətin nisbətən yaxşı olmasına baxmayaraq, indi belə məqalə yazaraq fikirlərin məntiqi ardıcıl formada nəzəri və doqmatik baxımdan əsaslandırılması geniş yayılmış təcrübə deyildir.
Doktrinal və nəzəri problemlərlərlə yanaşı metodoloji problemlər də üzə çıxmışdır. Tədrisin hüququn hansı formada tətbiq olunmasından ziyadə qanundakı maddələrin mətninin və nömrəsinin əzbər bilinməsinə vurğu edilmişdir. İmtahanlarda da qanulardan istifadənin qadağan olması tədrisin nə dərəcədə qanun əzbərçiliyi olmasının birbaşa göstəricisidir. Bir sözlə təhsildə hüquq metodlarından əsər əlamət yox idi. Nəticədə hüquq təhsili əzbərçilikdən başqa bir şeyə çevrilməmişdir. Belə təhsil əslində hüquqşünaslıq deyil, qanunşünaslıqdır adlandırılmalıdır. Qanunun dəyişməsi ilə “biliklər” də aktuallığını itirir. Bu “təhsil” forması isə digər sistemlərdən götürülərək yaradılan hüquq sisteminin nə demək istədiyi və niyə o formada tənzimləndiyi suallarını cavablandırmamışdır. O sualların anlaşılmadığı şəraitdə qanunvericiliyə gələcəkdə hansı formada dəyişilik edilməsi suallarını da cavablandırıla bilməz. Maddənin hansı formada tətbiq edilməsi, necə şərh edilməsi sualları isə ümumiyyətlə müzakirə edilməmişdir. Təəssüf ki, hələ də hüquq təhsilində və daha sonra hüquq peşəsi ilə bağlı digər mərhələlərdə də maddənin tətbiqindən çox maddənin mətninin əzbər bilinməsinə vurğu edilir.
Günün sonunda istənilən şəxsi bacarıqlı hüquqşünas edən onun metodoloji yanaşmasıdır. Qanunları oxuyub şeir kimi əzbərləmək üçün hüquqşünas olmağa ehtiyac yoxdur. Yalnız bacarıqlı hüquqşünas onların düzgün təfsir və tətbiq edilməsi üçün zəruri metodoloji biliklərə sahib olur.
Bu sistemdə yetişdirilən hüquqşünasların azad bazar iqtisadiyyatının iştirakçıları kimi fəaliyyət göstərdikləri zaman, universitet dövründə verilən təhsilin hüquq təcrübəsindən kəskin formada uzaq olduğu məlum olmuşdur. Nəticədə, qərb ölkələrinə oxumağa gedən tələbələrin dalğası başlamışdır.
Nəticə
Bu hissənin əsas məqsədi hüquq sisteminin yaranmasının və hüquq təhsilinin mövcud vəziyyətin onun tarixi hadisələr fonunda müzakirə edilməsi olmuşdur. Qısa olaraq sovet hüquq və təhsil sistemindən müasir dövrə keçid tam uğurlu olmamışdır. Bir sonrakı hissədə bu amilin səbəb olduğu magistr təhsil dalğası və onun gətirdiyi “hədiyyələr” müzakirə edilir.
İstinadlar və izahlar
- Gesellschaft für Internationale Zusammenarbeit (sözbəsöz tərcüməsi – Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti)
- daha ətraflı bax: Aliyev, Azar, Geschichte eines Gesetzbuchs: Zur internationalen Rechtsberatung im postsowjetischen Raum am Beispiel des Zivilgesetzbuchs der Republik Aserbaidschan, Rechtsentwicklung im postsowjetischen Staaten – Demokratie und Rechtsstaatlichkeit als Ideal oder Atrappe?-da, Branovitsky Konstantin/Meller-Hannich, Caroline (red.), Halle, 2023, S. 162 və davamı; TACIS-in fəaliyyəti haqqında daha ətraflı bax: Betley, Mary/Bird, Andrew/Napodano, Mauro: Evaluation of EC Tacis Country Strategy: Azerbaijan 1996-1999 (March 2020), https://www.yumpu.com/en/document/read/25214954/report-european-commission
- Əlavə olaraq nümunə kimi İnzibati icraat haqqında qanunu da bura aid etmək olar. Müvafiq alman qanununun tərcüməsidir.
- Aliyev, yuxarıda istinad 2, s. 168; həmçinini daha ətraflı bax: Evaluation of Tacis Country Strategy, yuxarıda istinad 2.
- Məsələn, əşya hüququ hissəsində bunu müşahidə etmək olar. Bir hissədə, 152.2-ci maddədə və 7-ci fəslin adında sahiblik hüquq olaraq göstərilmişdir. Bu Rusiya Mülki Məcəlləsinin 209-cu maddəsinin birinci abzası əsasında mülkiyyət hüququnun tərkibinin müəyyən edilməsinə dair mövcud olan triadaya (mülkiyyətin hüququnun sahiblik, istifadə və sərəncam hüquqlarından ibarət olması) aiddir. Digər tərəfdə isə, AR MM-in 159-cu maddədə sahiblik faktiki vəziyyət olaraq göstərilmişdir. Bu isə alman Mülki Məcəlləsinin 854-cü maddəsinin birinci abzasından götürülmüş yanaşmadır. Sahibliyin hüquq və ya faktiki vəziyyət olması onun tənzimlənməsinə əhəmiyyətli dərəcədə təsir edir. Sahibliyin nəticə olaraq hüquq olub-olmaması açıq sualdır.
- Bu barədə daha ətraflı bax: Aliyev, yuxarıda istinad 2, S. 169 və davamı.
- Bu əsasən vərəsəlik hüququnda müşahidə olunur. Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarı ilə həmin təsir müəyyən dərəcədə azaldılmışdır.
- Bu əksər hallarda müəlliflərin qərb ədəbiyyatının rus dilinə tərcümə edərək öz fikirləri kimi təqdim etməsi və ya yüzlərlə səhifə elmi işlərin istinadsız tərtib etməsində müşahidə edilirdi.