Giriş
Bir öncəki hissədə mövcud hüquq sisteminin hansı formada yaranmasının tarixinə qısa səyahət edilərək mövcud hüquq təhsili modeli müzakirə edilib. Hazırkı hissədə onun səbəb olduğu digər məqamlar, xüsusilə magistr təhsili müzakirə edilir.
Xarici ölkələrdə magistr təhsili dalğası: yağışdan çıxıb yağmura düşmək?
Magistr dərəcəsi ilkin elmi dərəcə olmaqla bir sahədə ixtisaslaşma məqsədi daşıyır. Magistr təhsilinə başlayarkən artıq müəyyən baza nəzəri, doktrinal və metodoloji biliklərinin olması ehtimal edilir. Bu səbəbdən də bu mərhələdə təhsil verilən zaman daha çox həmin sahənin özəlliklərinə diqqət yetirib, fundamental məsələlərə minimal vaxt ayırılır. Qərb universitetlərində verilən magistr təhsilində tələb olunan kreditlərin bir hissəsi müəyyən məcburi fənlərdən, digər hissəsi isə könüllü olaraq seçilən fənlərdən toplanır. Bu, magistr təhsilini alan şəxsin öz istəyinə uyğun olaraq və qəbul olduğu proqramın xüsusiyyətinə uyğun ixtisaslaşmasını təmin etməyə xidmət edir. Bu səbəbdən həmin proqramlar əksər hallarda 1 il (dəqiq desək, 9 ay), nadir hallarda 2 il olur. Müzakirə etdiyimiz nüansın əhəmiyyəti bir az sonra aydın olacaq. Deyilən şərtlərin məcmu şəklində mövcud olması ideal haldır. Əsas problem isə bakalavr dərəcəsində müasir dövrün tələblərinə uyğun nəzəri, doktrinal və metodoloji təhsil almamış tələbələrin magistr təhsili zamanı yaranır və bu Azərbaycanlı hüquqşünaslar da daxil olmaqla bir qayda olaraq post-kommunist ölkələrdən gələn hüquqşünasların üzləşdiyi problemdir.
Magistr seçimində trendlər
Müstəqilliyimizi bərpa etdikdən sonra yerli hüquq təhsilinin bazarın tələblərinə cavab verməməsi nəticəsində hüquqşünaslar Qərb ölkələrinə magistratura təhsili almaq üçün müraciət etməyə başladılar. Magistr təhsili almağa yola düşən hüquqşünasları şərti olaraq üç qrupa bölmək olar:
- Neft və qaz sahəsinin inkişafı ilə həmin sahədə məşğul olan hüquqşünaslar (ölkədə ən böyük vergi ödəyicilərin enerji şirkətləri olması fonunda gözləniləndir);
- Magistr təhsilini xarici ölkələrə miqrasiya aləti kimi görən hüquqşünaslar;
- Magistratura təhsilini bakalavrın davamı kimi zəruri hesab edən və ya sadəcə “prestij” üçün alan şəxslər.
Həqiqətən təhsilini inkişaf etdirib və sonra sistemə töhfə verməyə gedən şəxslər azlıq təşkil etmişdir. Bu mərhələdə hüquqşünaslar təqaüd proqramları və ya şəxsi vəsait hesabına əsasən Amerika, İngiltərə, Fransa, Almaniya, Türkiyə, Rusiya və Belarusiya kimi ölkələrdə təhsil almışlar. Sadalanan ölkələrə qısaca nəzər yetirmək lazımdır.
Amerika və İngiltərə ümumi hüquq sistemli ölkələrə aiddirlər və kontinental hüquq sistemli ölkələr ilə müəyyən oxşarlıqlara sahibdir. Həmin məqamlar istisna olmaqla alınan biliklərin, xüsusilə doktrinal, kontinental hüquq sistemli ölkələrdə tətbiqi minimaldır. Azərbaycan kontinental hüquq sisteminə aid hüquq sisteminə malikdir, bu səbəbdən Amerika hüquq sistemi haqqında doktrinal biliklərin aidiyyatı yetərincə azdır. 9 aylıq tədris müddəti geridə qalan hissədə isə ümumi hüquq sisteminin hüquq məntiqi və ya yazı bacarığı və digər əlaqəli güclü tərəflərinin qazanılması üçün dahi və ya fitri istedadlara malik olan şəxs deyilsinizsə, sadəcə yetərsizdir. Nəticədə ümumi hüquq sistemli ölkədə 9 ay müddətinə alınmış təhsilin nə dərəcədə Azərbaycana tətbiq edilə bilinməsi sual yaradır.
Son üç ölkə olan Türkiyə, Rusiya və Belarusiya isə özləri digər ölkələrdən həm normaları, həm də hüquq ədəbiyyatlarını əsasən tərcümə etməklə məşğul idilər və Azərbaycandan çox da irəli getmiş hesab edilə bilməzdilər.
Yerdə qalan ölkələrdən yalnız Fransa və Almaniyada təhsil almaq ağlabatan seçim olaraq qalırdı. Səbəb isə, onların ilk növbədə kontinental hüquq sistemli ölkələr, müasir kontinental hüquq sisteminin əsasında duran siyasi və hüquqi fəlsəfənin yarandığı ölkələr olmaları, buna əsaslanan geniş tarixli hüquq məktəbinə sahib, geniş dövlətçilik tarixlərinə malik olmaları və son olaraq Azərbaycan qanunvericiliyinin mütləq əksəriyyətinin tərtib edilməsinə bu iki ölkənin təsirinin böyük olmasıdır.
Motivlər
Yuxarıda şərti olaraq üç kateqoriyaya bölünən hüquqşünasların ixtisas seçimləri də özünəməxsus xarakter daşıyıb. Burada, təəssüf ki, heç bir statistik və ya elmi mənbəyə istinad etmədən tanıdığım hüquqşünasların tədris profillərinə və digər şəxsi müşahidələrimə əsaslanaraq fikir bildirəcəyəm:
- İlk qrupun təmsilçiləri əsasən biznes və ya enerji hüququnda ixtisaslaşmağa yönəlmişlər.
- İkinci qrup getdikləri ölkələrdə hansı ixtisasın tələb yaratmasından asılı olaraq seçim etmişlər.
- Son qrupun təmsilçiləri isə ən çətin vəziyyətdə olmuşlar. Bakalavr təhsili zamanı fundamental sahələrin və ümumi metodologiyanın tədrisinin yetərsiz olması və xüsusən prestij üçün magistr təhsili almaq istəyən şəxslər ixtisas seçimində nəyi və niyə seçmələri suallarını cavablandırmaqda çətinlik çəkmişlər.
Maddi vəziyyətləri imkan verməyən şəxslər hansı ixtisasa təqaüd almaq mümkün olmuşdursa, orda da oxumuş, daha yaxşı maddi vəziyyətdə olanlar isə “bəxtəbəxt” seçimlər etmişlər. Burada da əsas rolu hansı ixtisasın daha “hörmətli” səslənməsi oynayıb. Sonuncu qrupun ixtisaslaşdığı sahələr biznes hüququndan insan hüquqları və beynəlxalq hüquqadək bütün spektri əhatə edib.1
Fundamental təhsili yetərli keyfiyyətdə olmayan tələbənin nəyi bilmədiyini bilməməsi səbəbindən magistr təhsilinin də təklif edilən seçmə fənnlərdən hansının onun məqsədləri üçün daha uyğun olduğunu anlamaq üçün obyektiv səbəblərdən yetərli imkanı olmayıb. Fundamental sahələri (mülki hüquq, cinayət hüququ və ümumi hüquq, yəni konstitusiya hüququ, inzibati hüquq və digər əlaqəli sahələri) oxuyanların sayı minimal olmuşdur. Əhəmiyyət və keyfiyyətdən daha çox, fənnin adının səslənməsinə və marketinqə qurban gedən şəxslərin sayı “N” qədər olmuşdur.
Seçimlərin nəticələri
Nəticədə, magistr təhsili yalnız epizodik biliklərin formalaşmasına səbəb olmuşdur. Məsələn, müqavilə hüququ ilə bağlı bəzi hüquqşünaslar “indemnity” və “warranty”-nin müqavilədə necə yazılacağını bilsələr də, iradə ifadəsinin yanılma səbəbindən mübahisələndirilməsi məsələsini tam izah edə bilmir (hələ bu institutların Azərbaycan hüququnda tətbiqi bir kənara). Başqa tragikomik nümunələr də gətirmək olar:
- tərtib edilən müqavilələrdə tərəflərin məhkəməyə müraciət etmək hüququndan imtina etməsi (waiver) bəndlərinin əlavə edilməsi,2
- ingilis və ya digər dillərdən Azərbaycan hüququnda olan terminlərdən xəbərsiz olaraq birbaşa olaraq tərcümə edilməsi, 3
- Milli hüquqda olmayan terminin izahsız əlavə edilməsi.
Siyahını sonsuz davam etdirmək mümkündür. Ümumi olaraq fundamental hüquqi bilikləri, alət və ya institutları tam dərk edən şəxslərin sayı çox məhdud olmuşdur.
Bunun üzərinə yalnız magistr dərəcəsi alıb Azərbaycana geri dönən şəxslərin həmin xarici ölkənin hüquq sisteminin mükəmməl olduğunu və Azərbaycan hüquq sisteminin bütün problemlərinə əlac olacağını iddia etməsinə gəldikdə isə mənzərə daha da pisləşir. Müvafiq hüquq sistemini nəzəri, doktrinal, metodoloji, tarixi və sosioloji baxımdan tam dərk edilib təşviq edilməsi inandırıcı görünmür, çünki bu mövzuların 3-4 il ərzində belə tam başa düşülməsi çox çətindir, qaldı ki, 9 aylıq magistr proqramında. Bu dinamikanın daha sonra universitet təhsili, məhkəmə və qanunvericilik sisteminə də təsirləri göz ardı edilməməlidir. Nəticədə, Azərbaycan hüquq sisteminə digər hüquq sistemlərindən qəribə əlavələrin4 edilməsi təklifləri səsləndirilir.5 Bənzər formada qanunvericilik aktlarının müxtəlif hüquq sistemlərindən götürülən normalar əsasında “puzzle” kimi yığılma cəhdləri də qeyri-effektivdir. Nəticədə yaranan yerli qanunvericilik sistemi “puzzle”-nın bir hissəsi evə, bir hissəsi almaya, bir hissəsi isə ata bənzəyir.
Fundamental biliklərin və metodiki yanaşmanın zəif olması səbəbindən hüquqi institutların bir ölkədən başqa ölkəyə necə qəbul edilməsi konsepsiyası və ya qaydası formalaşmamışdır. Bu həm də hüquq təhsilində təklif olunan “dəyişikliklər” fonunda da aydın görünür. Buna ən bariz nümunə, son dövrlərdə hüquqi məsələlərin həllinə ya Amerikan hüququndan “essay”-lərin yazılması formasında, ya da Alman hüququndan “kazusların” çözülməsi metodunun götürülməsi formasında yaranan yanaşmadır .
“Essay” yazma tələbi, Amerika hüquq modelində inşa yazılmasının təşviq edilməsinə əsaslanır. Təəssüf ki, bu yanaşma əksər hallarda yarımçıq həyata keçirilir. Amerika təhsil sistemində hüququn “graduate”6 proqramı olması və ümumilikdə inşa yazılmasının hüquqadək kurikulumunun7 əhəmiyyətli bir hissəsi olması gözardı edilir. Nəticədə, tələbənin yazılı və məntiqi formada öz fikirlərini inkişaf etdirmək bacarığı mövcud olmur. Buna baxmayaraq bəzi hallarda hüquqi məsələnin həll edilməsi metodları yetərincə tədris edilmədən inşa formasında, hüquqi məntiqə riayət edilmədən, sanki hüquq bədii ədəbiyyatın (hətta orda belə müəyyən struktur mövcuddur) bir növüdür kimi təqdim olunur. Bu formada yazılmış həllin məntiqi formada olması, hüquq plüralizmini və ümumi olaraq hüquq sisteminin stabilliyini təmin edə bilməsi iddiaları isə metodoloji səbəblərdən ən yaxşı halda sadəcə bir nağıldır. Nadir hallarda isə bu prosesin IRAC (Issue, Rule, Application, Conclusion) metodologiyasına uyğun yazılması tədris edilir.
Bəzi hallarda Almaniyanın kazus həll sisteminin tədris edilmədən, lakin imtahanlarda tələb olunmasına rast gəlinir. Bu yazının müəllifi də bir dəfəsində bənzər yanaşmanın qurbanı olmuşdur. Alman kazus metodu hüquqi normanın müvafiq tərkib elementlərinə bölməklə müvafiq işin hallarında olan hüquqi problemin həmin elementlərə uyğun qiymətləndirərək təfsir edilməsidir. Bir sözlə yüksək metodoloji bacarıqlar tələb edir.
Bu “yarımçıqlıqların” bir səbəbi, bakalavrda fundamental nəzəri, doktrinal və metodoloji təhsil almaq imkanı olmayan hüquqşünasların, xarici ölkədə çox dar bir sahədə tədris alaraq, fundamental hüquq sahələri əvəzinə, “maraqlı” və “gözəl” səslənən dərsləri seçməsi ilə bağlıdır.
Nəticə
Yuxarıda qeyd edilənlər müəllifin müşahidələri əsasında Azərbaycan hüquq peşəsində və təhsilində müşahidə olunan problemli məqamların icmalı idi. Qısa olaraq qeyd etmək olar ki, burada problem xaricdə təhsil alan hüquqşünasların daha çox ya da sadəcə “hörmətli” səslənən ixtisaslara yönəlməsidir. Nəticədə bir uğursuzluq çarxı yaranır: keyfiyyətsiz təhsil məlumatsız seçimlərə yol açır və magistr təhsilində alınmış epizodik biliklər də keyfiyyətsiz təhsilin davam etməsinə gətirir. Beləliklə, mövcud vəziyyətdən çıxış yolu getdikcə daha da qəlizləşir.
Üçüncü, son hissədə uzun və qısamüddətli perspektivdə hansı addımların atılmasının bu problemlərin həllinə və ya ən azından onların sayının azalmasına kömək edəcəyi müzakirə ediləcək.
İstinadlar və izahlar
- Burada qeyd etmək vacibdir ki, digər sahələrin dəyəri heç bir halda azaldılmır və ya məqsədyönlü şəkildə fundamental sahələrə aid olmayan, məsələn beynəlxalq humanitar hüquq kimi sahələrdə ixtisaslaşan şəxslərin əməyinin heç bir şəkildə alçaldılması nəzərdə tutulmur. Hər bir sahədə peşəkar hüquqşünasa həmişə ehtiyac var. Burada məsələyə daha geniş olaraq Azərbaycan hüquq sisteminin ehtiyacları perspektivindən baxılır və Azərbaycan hüquq sistemində hələ də fundamental sahələrdə çoxsaylı çatışmazlıqlar mövcuddur. Düşünürəm ki, oxucu da AR Mülki Məcəlləsindəki öhdəlik hüququ barədə tam məlumatlı olmayan şəxsin 9 ay ərzində “biznes hüququ” adı altında aldığı təhsil ilə verdiyi hüquq məsləhətinin keyfiyyəti barədə şübhələrimə qoşular. Əlavə olaraq, burada qeyd edilənlər orta statistik magistr tələbələrinə aiddir, istisnalar həmişə olmuşdur.
- Bənzər tənzimləmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə görə etibarsızdır.
- Nümunə kimi bununla bağlı Mehran Əmirlinin yazısında satınalma qanunvericiliyinə edilmiş dəyişiklik barədə analizinə diqqət yetirilə bilər.
- Son bir neçə il ərzində dəfələrlə müxtəlif İngiltərədə təhsil almış yoldaşlarımdan eşitdiyim “consideration”-un Azərbaycan hüququna gətirilməsi müzakirələrim yadıma düşür. Bəsit formada consideration-un məntiqi ondan ibarətdir ki, müqavilələr ingilis hüququna uyğun olaraq mütləq əvəzli xarakter daşımalıdır. Nominal öhdəlik (məsələn 1$) belə yetərlidir. Hər bir halda hər iki tərəfin də hərəkət və ya hərəkətsizlik formasında öhdəliyi olmalıdır. Daha ətraflı bax: Martin Hogg, Promises and Contract Law: comprarative Perspectives, ss. 124 və davamı, ss. 274 və davamı. Azərbaycan ingiltərə müstəmləkəsi olmadığı üçün onun hüquq sistemi kontinental hüquq sistemli ölkə olaraq həm əvəzli, həm də əvəzsiz müqavilələrin bağlanmasını artıq özündə ehtiva edir. Nəticədə artıq olan alətin başqa sistemdən fərqli ad altında gətirilməsinin təklif edilməsinin hansı məqsədə xidmət etməsi müəmma olaraq qalır.
- Yeri gəlmişkən consideration-un ingilis hüququnda Blackstone tərəfindən təşviq edilməsi barədə çox maraqlı bir məlumat mövcuddur. Belə ki, XVIII əsrdə Blackstone özünün məhşur Commentaries on the Laws of England-in ikinci cildini yazarkən böyük ağırlıqla kontinental hüquqda olan latın dilli mənbələrə istinad etmişdir. İngilis hüququnda əvəzli müqavilələrin qayda olaraq qəbul edilməsini əsaslandırma mərhələsində o, italyan alimi Gravinanın latın dilində yazdığı əsərə istinad edərək, kontinental hüququn da yalnız əvəzli müqavilələri tanımasını iddia etmişdir. Həmin istinad edilən əsərin Fonblanque tərəfindən nəzərdən keçirilməsi zamanı Blackstone-un latın dilindən tərcüməsinin yalnış olması ortaya çıxmışdır. Həmin istinad edilən hissədə müqavilələrin bir qayda olaraq əvəzli olmasını qeyd edir, lakin əvəzsiz olmasının da istisna edilməməsini göstərir. Daha ətraflı bax: Graziadei, Michele, Changing Images of the Law in XIX Century English Legal Though (The Continental Impulse), The Reception of Continental Ideas in the Common Law World 1820-1920-də, Reimann, Mathis (red.), Berlin, 1993, S. 131.
- Amerikada ilk hüquq dərəcəsi olan J.D.-ni etmək üçün ilkin olaraq artıq bir bakalavr təhsilinin olması və LSAT (Law School Admission Test) imtahanının verilməsi tələbi mövcuddur. LSAT yazılı riyazi məntiq imtahanıdır. Bununla amerikan sistemində ilkin hüquq dərəcəsini alan şəxs artıq uğurlu başa çatmış bir bakalavr dərəcəsinə sahib və riyazi məntiq imtahanından uğurla keçmiş olur. Nəticədə təxminən 25 yaşında olur. İngiltərədə də qəbul bənzər olan LNAT (National Admission Test for Law) adlanan yazılı riyazi məntiq testi əsasında aparılır.
- Azərbaycan təhsil modelində isə, universitet qəbul imtahanında sadəcə şəxsin məktəb təhsili illəri ərzində verilən məlumatı yadda saxlama dərəcəsi yoxlanılır. Ortalama birinci kurs tələbəsi 18 yaşında olur.