Giriş

Bu yazının ilk hissəsində hüquq sistemi və təhsilinin sovet sistemindən müasir sistemə keçidi, ikinci hissədə onun səbəb olduğu magistr axımı müzakirə edilmişdir. Bu son hissədə isə qeyd olunan problemli məqamların aradan qaldırılması üçün müxtəlif çıxış yolları müzakirə ediləcəkdir. Qarşımızdakı vəziyyət nə qədər mürəkkəb olsa da, onun potensial həlli qoçaqlıqlarının Herakla verdiyi güc kimi bədiidir.

Bir daha qeyd etmək zəruridir ki, bu üç hissəli yazının məqsədi günahkar axtarmaq, kimisə və ya hansısa müəssisəni tənqid etmək və ya görülən işlərin əhəmiyyətinin azaldılması deyildir. Burada sadəcə olaraq yaranan çətin vəziyyətin səbəb olduğu ümumi tendensiyalar müzakirə edilir. Hazırkı hissədə müzakirə əsasən hüquq təhsilinə fokuslanacaqdır.

Hüquq Təhsili

Problemin həlli barədə düşünərkən ilk növbədə hüquq təhsili ön plana çıxır. Hüquq təhsilinin yenilənməsi və müasir dövrün tələblərinə uyğun olaraq nəzəri, doktrinal və metodoloji biliklərin tədris edilməsi həm qısa, həm də uzun müddətli olaraq təmin edilməlidir.

Təhsilin əsas sütunlarından biri professor heyətidir. Tədris prosesində magistrantların hansı rolda iştirak etməsinə dair müxtəlif yanaşmalar mövcuddur. Hal-hazırda qərb, xüsusilə kontinental sistemli universitetlərdə fundamental hüquq sahələrinin birində əldə olunmuş fəlsəfə doktoru dərəcəsi ilə tədrisdə iştirak edən şəxslərin sayı minimaldır. Bu baxımdan, fundamental sahələrin (konstitusiya hüququ, mülki hüquq, cinayət hüququ, inzibati hüquq və digər əlaqəli sahələr) tədrisinin əsasən kontinental hüquq sistemli universitetlərdən fəlsəfə doktoru dərəcəsi alan şəxslər tərəfindən aparılması məqsədəuyğun olardı. Bu sahələr bütün digər hüquq sahələrinin əsası olaraq xidmət edir və fəlsəfə doktoru dərəcəsinə malik olan şəxslər həm əsaslı biliklərə, həm də metodoloji yanaşmaya malik olurlar. Qeyd edilən ideal haldır, lakin belə elmi dərəcəyə malik şəxslərin sayı çox azdır və onların tədrisdə iştirak etmək istəyib-istəməməsi də digər bir vacib sualdır.

Paralel olaraq həmin şəxslər gələcəkdə artıq Azərbaycanda müasir dövrün tələblərinə uyğun yeni fəlsəfə doktorlarınının hazırlanmasına da ciddi töhfə verə biləcəklər. 

Ədəbiyyat və kitabxanalar

İkinci məqam isə ədəbiyyat və kitabxanalarla bağlıdır. Azərbaycan dilində keyfiyyətli hüquq ədəbiyyatı çox azdır, barmaqla sayılacaq qədərdir. Azərbaycan dilində fundamental sahələrdə ədəbiyyatın tərtib edilməsi üçün müəllif ən azından üç hüquq dilinə (Azərbaycan, İngilis, Rus), ideal halda isə dördünə (məsələn mülki hüquqda əlavə olaraq Alman dilinə) hakim olmalıdır ki, Azərbaycanın hüquq sisteminin özəlliklərini başa düşərək müxtəlif sistemlərdən götürülmüş normaları tam dərk etsin və həmin hüquq sistemin ədəbiyyatına istinad edərək normaların nə demək istədiyini izah etsin. Təxmin edirəm ki, dörd dilə hüquq ədəbiyyatını başa düşəcək səviyyədə hakim olan belə şəxslərin siyahısı yetərincə azdır. Bu səbəbdən ilkin olaraq həmin dillərdən hüquq ədəbiyyatının tərcümə edilməsi daha əlçatan görünür. 

Mövcud ədəbiyyatın bir qismi rus dilindən tərcümədir.1 Nəzərə alsaq ki, rus ədəbiyyatı da əksər hallarda qərb ədəbiyyatının tərcüməsidir və ya qərb ədəbiyyatına istinad onun əhəmiyyətli hissəsini təşkil edir, həmin ədəbiyyatın rus dilindən Azərbaycan dilinə tərcümə olunması orijinalın ikinci dəfə tərcüməsi olur. Bu cür tərcümələrdə ilkin mənbədən artıq əsər əlamət qalmır. Buna görə də fundamental sahələr üzrə ilkin mənbələrə birbaşa çıxış təmin edilməli və həmin ədəbiyyatlar Azərbaycan dilinə tərcümə edilməlidir. Hüquq ədəbiyyatının tərcüməsi istənilən hüquq sisteminin ilkin mərhələlərdə keçdiyi yoldur. Burada əsas sual hansı ədəbiyyatın və hansı dillərin vacib olmasıdır. 

Mülki hüquq, inzibati hüquq və inzibati proses sahələrində bu, birmənalı olaraq alman dili və alman ədəbiyyatıdır. Alman alimlərinin ingilis dilində alman hüququ barədə nəşrləri minimaldır və çox zaman fraqmentar xarakter daşıyır. Xarici müəlliflərin alman hüququ barədə ingilis dilində etdiyi nəşrləri isə sistemin əksər hallarda dil baryeri və ya fərqli təhsil profili səbəbindən tam dərk edilmədiyi üçün etibarlı mənbə kimi qəbul edilə bilməz.

Cinayət hüququ, cinayət prosessi və cəza icra hüququ sahələrində isə rus hüquq sisteminin və dolayısı ilə alman hüquq sisteminin təsirini nəzərə alaraq, rus və alman dillərində olan ədəbiyyatların tərcümə edilməsi məntiqlidir.

Konstitusiya və insan hüquqları sahəsində isə Azərbaycan fransız hüquq sistemindən ciddi şəkildə təsirlənmişdir, buna görə də ilkin olaraq fransız dilində olan ədəbiyyata üz tutulması ağlabatandır. 

Mülki prosesdə alman və fransız hüquq sistemlərinin təsiri hiss olunur, bu səbəbdən müvafiq ədəbiyyat zəruridir.

İngilis dilində əsasən ingilis və ya Amerika hüququ, yəni ümumi hüquq barədə ədəbiyyat nəşr edilir. Neft və qaz sahələrin istisna olmaqla, ümumi hüququnun tətbiqi Azərbaycan hüquq sistemi perspektivindən minimal olduğu üçün ikincidərəcəli prioritetə sahibdir. Üstəlik, ingilis dilinə müəyyən dərəcədə hamının çıxışı var.

Bu dillərdə hər fundamental sahəyə aid 5-10 klassik ədəbiyyatın tərcümə edilməsi və həmin dillərdə olan onlayn məlumat bazalarına çıxışın təmin edilməsi vacibdir.

Başqa bir problemli məsələ isə hüquq kitabxanalarıdır. Daha doğrusu onların olmamasıdır. Təəssüf ki, Azərbaycanda hal-hazırda keyfiyyətli hüquq ədəbiyyatını ehtiva edən və ictimaiyyətə açıq olan hüquq kitabxanası mövcud deyildir (ən azından mənə məlum deyil). Seminar, konfrans və s. tədbirlər ilə xarici hüquqşünasları dəvət edib həmin mübadilə əsasında nəsə öyrənmək mümkündür. Lakin bu məlumat (1) həm məlumatın həcmi, həm də iştirakçıların dairəsini nəzərə almaqla məhdud xarakterli olur, (2) müəyyən müddət sonra unudulur və (3) tədbirlərin təşkili, şəxslərin dəvəti və s. maddi məqamları nəzərə aldıqda qiymət-keyfiyyət nisbətinin yazılı ədəbiyyatdan daha aşağı olması birmənalıdır.

Kitabxanalar ilə məlumat daha geniş kütləyə çatımlı olur. Kitabxananın olmadığı yerdə isə təhsil və araşdırma haqqında danışmağa belə dəyməz. Bu hissədə Vəkillər Kollegiyasının və ya dövlət orqanlarının, məsələn Ədliyyə Nazirliyinin tərkibində Ədliyyə Akademiyasının aktiv fəaliyyətini görmək sevindirici bir hal olardı. Universitet kitabxanalarının ərazisinə orada təhsil almayan şəxslərin girişinin çox məhdud olması səbəbindən suboptimal seçimdir.

Tədrisin nəzəri və doktrinal fokusunun artırılması

Hal-hazırda həm hüquq tədrisi, həm də sonrakı mərhələlərdə olan imtahanlar, əksər hallarda, əzbərçiliyə fokuslanmışdır. Bu, sovet dövründən qalan təhsil sisteminin bir “hədiyyəsidir” və onun effektivliyi sıfıra bərabərdir. Səbəb isə qanunların dəyişilməsi ilə əldə edilən “biliyin” də əhəmiyyətini itirməsidir. Bu səbəbdən nəzəri, doktrinal və metodoloji təhsilə daha çox diqqət yetirilməlidir.

Məsələn, mənim şəxsi təcrübəmdə bir-iki professor istisna olmaqla, hüquq təhsilində təfsir qaydaları sadəcə qısaca olaraq nəzərdən keçirilirdi və ən yaxşı halda Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununa istinad edilirdi. Maksimum 15 dəqiqə. Halbuki təfsir hüquqşünasın ən əhəmiyyətli alətlərindən biridir və keyfiyyətli hüquq ədəbiyyatında bu mövzuya onlarla, bəzən minlərlə səhifə həsr edilir. Eyni qaydada da normaların müəyyən hüquq kazuslarına məntiqi və metodoloji tətbiqinin tədrisi də vacib əhəmiyyətlidir.

Bundan əlavə aparılan araşdırmaların digər hüquq sistemləri ilə Azərbaycan hüququnun müqayisəsi ilə aparılması bu prosesə böyük töhfə vermiş olardı. 

Jurnallar

Son olaraq, hər hansı bir inkişafın əsasında sağlam akademik mübadilə dayanır və bu proses əsasən yazı üzərindən həyata keçirilir. Bu mübadilənin əsas forumu isə hüquqi jurnallardır. Professorlar, hüquq sahəsində çalışan mütəxəssislər və tələbələr mümkün qədər çox Azərbaycan dilində və Azərbaycan hüququ haqqında nəşrlər etməlidirlər. Bu, hüquqi mübadilənin inkişafı üçün vacibdir. Hal-hazırda əksər nəşrlər ingilis dilində və xarici və ya beynəlxalq hüquq sahələrində edilir. Bunun əsas səbəbi isə, həmin yazıların müəlliflərinin daha çox xarici oxucuya xitab edəcək yazıları tərtib etməsidir. Burada məqsəd xaricdə tanınmaq və s. ola bilər. 

Burada Almaniyada maliyyə hüququ sahəsində məşhur professorlardan biri ilə söhbətim yadıma düşür. Ondan niyə alman alimlərinin ingilis dilində daha çox nəşr etmədiklərini soruşduğum zaman, mənə belə cavab vermişdi: “Beynəlxalq səviyyədə yazını yazacaq səviyyədə yaxşı olmaq üçün ilk növbədə milli səviyyədə digər hüquqşünasların “imtahanından” keçmək gərəkdir.” Düşünürəm ki, eyni yanaşma Azərbaycan hüquq ictimayəti üçün də yetərincə xeyirli olardı.

Təxmin edirəm ki, Azərbaycan hüququ barədə Azərbaycan dilində nəşrlərin sayının azlığının digər səbəbi qismində hüquq təhsilindən sonrakı mərhələlərdə yazıların oxunmasının geniş yayılmış olmamasıdır. Bir sözlə tələb olmadığı üçün təklif də yoxdur. Məsələn, bunun bir həlli yolu məhkəmələrin öz qərarlarını ədəbiyyatda olan fikirlərə istinad edərək qəbul etməsi olardı. Bu hüquq akademiyası ilə hüququn tətbiqi arasında birbaşa bağın yaranmasına dəlalət edərdi. Hüquq nəşrlərinin vahid milli ekosistemdə birləşdirilməsi, istinadların indeksinin aparılması, tam mətnli axtarışa imkan yaradılması, bunlar vasitəsilə akademik hüquqi mübadilənin təşviqi də yaxşı başlanğıc olardı.

Müəllifin şəxsi məsləhəti

Mən əsasən Almaniya hüquq sistemində təhsil almışam və Azərbaycan hüquq sisteminin də alman hüququndan təsirləndiyini nəzərə alaraq, alman dilini öyrənməyi və alman sistemində təhsil almağı ağlabatan hesab edirəm. Bu məsələdə bitərəf olma iddiam yoxdur. Çalışıb alman dilinin və alman hüququnda təhsil almağın əhəmiyyətini izah edəcəm. 

İlk olaraq, Alman hüquq modelinin dünyada ən geniş yayılmış hüquq sistemlərindən biri olduğunu vurğulamaq istəyirəm. Alman hüququ, xüsusilə mülki hüququ, Şərqi Avropa, post-sovet ölkələri, Yaponiya, Çin və Latın Amerikası ölkələrinin hüquq sistemlərinə nümunə kimi xidmət etmişdir və çox zaman sözbəsöz tərcümə edilmişdir. Üstəlik bu “ixrac” digər sistemlərdən fərqli olaraq müstəmləkəçilik tarixinə dayanmır, yəni həmin ölkələr başqa hüquq sistemlərini də nümunə kimi götürə bilərdilər.

Tədris sahəsində də müasir universitet modelinin Humboldt modeli adlandığını qeyd etməklə yetinirəm.2 Almaniyanın hüquqi məsələlərin həlli metodikası da geniş yayılmış bir modeldir. Beynəlxalq məhkəmələr, məsələn, Avropa İnsan Hüquqları Məhkəməsi və digər hüquq sistemləri, məsələn, Amerikanın populyar IRAC modeli,3 birbaşa olaraq alman hüquq elmində mövcud kazusların həlli metodunu götürərək tətbiq edir.4

Müəyyən ölkələrdə, məsələn Türkiyədə universitetlərdə hüquq tədrisi ilə, xüsusilə mülki və cinayət hüququ sahələrində məşğul olan şəxslərdən ən azından passiv alman dilinin bilinməsi, alman ədəbiyyatına istinad gözlənilir. Yaponiya kimi ölkələrdə isə, mülki hüquqda fəlsəfə doktoru dərəcəsi almaq üçün passiv alman dilinin bilinməsi hətta məcburi tələbdir.

Şübhəsiz ki, digər hüquq sistemlərinin də öz üstünlükləri mövcuddur.

Nəticə

Sonda yanaşma bundan ibarət olmalıdır ki, hüquq təhsilində və peşəsində öz yolumuzu tapaq. Qərb hüququnda olanlar mükəmməl deyildir, onlar sadəcə bizlərdən daha öncə bu proseslərə başlayıblar və daha geniş təcrübəyə malikdirlər. Bizim kimi cavan cəmiyyətlərin (ən azından hüquqi kontekstdə) üstünlüyü ondan ibarətdir ki, biz təkəri yenidən icad etməli deyilik. Digər ölkələrin təcrübələrini ilkin mərhələlərdə qəbul edə bilərik. Onların müsbət cəhətlərini götürüb öz sistemimizə daxil etmək, səhvlərindən isə dərs almaq lazımdır. Lakin bu proses sonsuz davam etməməlidir. “Köçürməklə” bir yerə qədər irəliləmək olar, vacib olan öz iqtisadi, siyasi, sosial və tarixi ənənələrimizə uyğun müstəqil və məntiqli düşünmə bacarığına yiyələnməkdir. Tənqidi düşünərək, yalnız hansısa ölkədə oxuduğuna görə həmin ölkəni tərifləmək yox, onun mənfi və müsbət tərəflərini anlamaq lazımdır (məsələn, təhsildə alman dövlət imtahan sisteminin mövcud formada tam qəbul edilməsi heç də ağlabatan deyildir). Nə qədər xarici fundamental hüquq təhsilinə sahib şəxslərin sayı çox olarsa, milli hüquq sistemi bundan bir o qədər çox qazanmış olar. 

Post-skriptum

Bəzən magistr təhsilinin, xüsusilə, Amerikada alınan təhsilin əhəmiyyəti yetərincə şişirdilir, hətta bəzən üstünlük nişanəsi kimi istifadə edilir. 9 aylıq təhsilin, hələ miqrasiya, inzibati, kirayə ev, party-lər (çox vacib və əhəmiyyətlidir😀) çıxıldıqda geriyə təxminən maksimum 7-8 aylıq müddət qalır. Ehtimal etsək ki, magistr təhsilini alan şəxs milyonda bir istisnadır və həmin 36 həftəlik müddətin hər gününu effektiv olaraq 5 saat yalnız oxumaqla keçirir, nəticədə 1260 saat alınır.5  Həmin müddət ərzində keyfiyyətli olaraq maksimum 10 hüquq kitabı oxunub başa düşülə bilər. 1260 saata 10 və ya 20 xarici hüquq barədə hüquq kitabı oxumaq isə magistr təhsilini almayan şəxslərdən heç də savadlı olmanın göstəricisi ola bilməz. Bu sadəcə kitabxana və professorlar vasitəsilə daha çox sistematik məlumata çıxışın mövcud olduğunun göstəricisi ola bilər.

Əgər iş məqsədləri üçün, məsələn akademik karyeraya keçid və ya sadəcə fərqli hüquq sistemini, dilini və mədəniyyətini öyrənmək niyyətinə gəlib magistr təhsili üçün yola düşmək istəyirsinizsə, bu seçimi tələsmədən etmək gərəkdir. Mən özüm də tez magistr təhsili alan şəxslərdən biriyəm, bəzən gözləyib daha fərqli qərar verməmin ağlabatan olduğunu düşünürəm. Müəyyən hüquq təcrübəsini qazandıqdan sonra hansı sahədə ixtisaslaşmaq qərarını vermək daha asan olur. 

Son olaraq peşəkar hüquqşünas olmaq üçün mütləq olaraq magistr təhsilinə, xüsusilə, xaricdə magistr təhsilinə ehtiyac yoxdur. Əksi də doğrudur, magistr təhsilinə sahib olmaq mütləq olaraq yaxşı hüquqşünas olmaq anlamına gəlmir. İnternet, kitablar və yetərli iş təcrübəsi bunun üçün yetərlidir. Magistr dərəcəsinin bakalavr dərəcəsindən fərqləndirən cəhətin universitetdə dərs demək səlahiyyətinin verməsinin olduğunu unutmamaq gərəkdir. Əgər magistr və ya doktorantura təhsili almaq qərarına gəlmisinizsə, o zaman hansı hüquq sistemində və ya ölkədə təhsil almağınızdan asılı olmayaraq, çalışın həmin ölkənin dilində təhsil alın və ən azından öz istiqamətinizdə olan fundamental sahələri öyrənin. Bu həm sizlərə həmin hüquq sisteminin ümumi məntiqini dərk etməyə kömək olacaq, həm də digərlərindən fərqləndirəcək.

İstinadlar və izahlar

  1. Bu cümləni yazarkən bakalavr təhsilii zamanı Azərbaycan hüququ barədə oxuduğum ədəbiyyatlarda cümlələrdə bəzən AR əvəzinə RF gördüyüm zamanlar yadıma düşür.
  2. Daha ətraflı bax: Anderson, Robert D., European Universities from the Enlightenment to 1914, Oxford, 2004, ss. 51 və davamı.
  3. XIX əsrin sonu XX əsrin əvvəllərində Carnegie Fondu amerikan universitetləri üçün alman kazus həlli metodununa bənzər metodun tərtib edilməsi üçün müsabiqə elan etmişdir. Nəticədə alman alim Josef Redlich alman kazusların həlli metodu əsasında amerikan universitetlərində bugün IRAC (Issue, Rule, Application, Conclusion) kimi tanınan metodu hazırlamışdır. Həmin layihə Ruzvelt və II Vilhelmin birgə təqaüdü əsasında maliyyələşmişdir. Daha ətraflı bax Reimann, Mathias, A Career in Itself the German Professiorate as a Model for American Legal Academia, in
    The reception of continental ideas in the common law world 1820 – 1920, Reimann, Mathias (red.), 1993, Berlin, ss. 176 və davamı
  4. Əksər amerikan hüquq məktəblərinin qurucuları, məsələn Harvard Hüquq kitabxanasının yaradılmasının səbəbkarı Legaré, Harvard Hüquq Məktəbinin qurucusu Langdell, Roscoe Pound, James Barr Ames və digər çoxsaylı amerikalı hüquq filosofları öz karyelarının müəyyən vaxtını Almaniyada keçirərək ordakı professorlardan, məsələn Eugene Ehrlich, Rudolph von Jhering və digərlərindən öyrəndiklərini Amerikada tətbiq ediblər. American Realizm məktəbi birbaşa olaraq Ehrlichin işlərinin təsiri altında yaranıb. Daha ətraflı bax, yenə orada, ss. 166 və davamı.
  5. Müqayisə üçün: 2024-cü il üzrə istehsalat təqvimi 1901 iş saatı normasını müəyyən edib.