Şəxs xarici ölkəyə köçdüyü üçün onun pensiyanın dayandırılması diskriminasiya hesab edilməlidir?

Təsəvvür edin ki, ərazisi işğal edilən dövlət müstəqil olduqdan sonra bildirir ki, onun ərazisində işləyən və pensiya hüququ yaranmış şəxslərin pensiyası verilərkən həmin şəxslərin işğal vaxtında işlədikləri dövr nəzərə alınmamalıdır. Bu, diskriminasiya hesab edilməlidir?

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) öz qərarlarında yuxarıda göstərilən hallarda şəxslərə pensiyanın verilməsinin dayandırılmasının Konvensiyanın 14-cü maddəsinin pozuntusu kimi tanımışdır. Qeyd etmək lazımdır ki, Konvensiyada sosial təminat hüquqları birbaşa olaraq əks edilməmişdir, lakin sosial müavinət və pensiya ödənişləri müvafiq maddələrin əhatə dairəsinə düşür.1

Bu blog yazısında AİHM-in iki qərarı təhlil edilib və qeyd edilən məsələlərin Azərbaycan Respublikasının qanunvericiliyində necə əks edildiyi araşdırılacaq.


Sərhədlərdən kənarda olan təqaüdçü

Birinci halda, 1938-ci il təvəllüdlü Piçkur 40 il Ukraynada işlədikdən sonra 1996-cı ildə təqaüdə çıxır və 4 il sonra, yəni 2000-ci ildə Almaniyaya köçür. O, Almaniyaya mühacirət etdikdən sonra anası onun pensiyasını almağa başlayır. 

Piçkur yerli pensiya orqanına Almaniyaya köçməsi barədə məlumat verməli idi, bununla da o, 6 ayın pensiya ödənişini əvvəldən alacaq 2 və bundan sonra pensiya ödənişi dayandırılacaqdı. Lakin, Piçkur Almaniyaya miqrasiyası ilə bağlı yerli hakimiyyət orqanına məlumat verməyib və anası onun pensiyasını almağa davam edib.

Pensiya Fondu Departamenti Piçkurun artıq Ukraynada yaşamadığını aşkar edib və pensiya ödənişlərini dayandırıb. Hətta departament Piçkurdan onun mühacirətindən sonra aldığı pensiya ödənişini qaytarmağı tələb edib. Yerli məhkəmələr də Piçkurun əleyhinə qərar çıxardıqdan sonra o, Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutaraq, o, məhz yaşayış yerini dəyişdiyinə görə pensiya ödənişi hüququndan Ukraynanın digər vətəndaşları kimi istifadə edə bilməməyi və nəticədə, ona qarşı ayrı-seçikiliyə yol verilməsi ilə bağlı şikayət ünvanlayıb. 

AİHM-in mövqeyinə görə şəxs başqa ölkədə yaşadığına görə ona fərqli münasibət göstərilərək ayrı-seçkilik edilmiş və pensiya hüququndan məhrum olunmuşdur, bu isə, Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsinin pozuntusudur. Belə ki, Piçkur öz ölkəsinə digər vətəndaşlarla eyni səviyyədə töhvə verməsinə, vergi ödəməsinə və iş stajına malik olmasına baxmayaraq onun pensiyası dayandırılmışdır. O, məhz Ukraynadan kənarda yaşamağı seçdiyi üçün bir növ cəzalandırılırdı. Piçkurun Ukraynada yaşayan digər pensiyaçılarla eyni vəziyyətdə olduğunu, yəni eyni şəkildə pensiya almaq hüququna sahib olduğunu nəzərə alaraq, onun xaricdə yaşaması pensiyadan məhrum edilməsi üçün kifayət qədər əsas hesab edilməməlidir.3


Vətəndaşlığı olmasa da, pensiya hüququ var.

Nataliya Andreyeva SSRİ-də anadan olub, lakin 1954-cü ildən Latviyada yaşayıb. SSRİ-nin dağılmasından sonra o, Latviyada vətəndaşlığı və digər heç bir ölkənin vətəndaşlığını qəbul etməyib. Nəticədə o, vətəndaşlığı olmayan şəxs olmuşdur.4

Təqaüdə çıxana qədər, yəni 1966-1997-ci illər aralığında ərizəçi Latviyada işləmişdir, lakin həmin vaxtın bir hissəsi onun iş yeri Latviyadan kənarda – SSRİ-də yerləşdiyi üçün Latviya hökuməti ona pensiya müavinətinin verilməsində məhdudiyyət müəyyən etmişdir. Başqa sözlə, 1973-cü ildən 1990-cı ilə qədər o, Sovet hökuməti dövründə Ukrayna, Belarusiya və Rusiyada yerləşən qurumlarda işləmişdir. Natalia fiziki cəhətdən Latviyada işləsə də, əmək haqqı Latviyaya aid olmayan bu qurumlardan köçürülürdü. Nəticədə, Latviya hakimiyyəti onun pensiya müavinətlərini yalnız Latviyada yerləşən qurumlarda birbaşa işlədiyi dövrlər üçün hesablayıb. 

Natalia AİHM-ə müraciət edərək ona qarşı vətəndaşlıq, daha doğrusu onun olmaması əsasında ayrı-seçkiliyin olduğunu vurğulayıb. AİHM-in mövqeyinə əsasən, Andreyevaya pensiya hüququ baxımından Latviya vətəndaşlarından fərqli yanaşılıb. Sovet dövründə o, Latviyada ölkədən kənarda yerləşən müəssisələrdə çalışsa da, Latviya hakimiyyət orqanları onun Latviya vətəndaşı olmadığına görə həmin illərdə onun işlədiyi dövrü pensiya ödənişlərindən çıxıblar. Vətəndaşlarla vətəndaşlığı olmayan şəxslər arasında rəftardakı bu fərq ayrı-seçkilik hesab edilməlidir.5


Azərbaycan hüququnun yanaşması

Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, AR vətəndaşları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla əmək pensiyası almaq hüququna malikdirlər. 6 Qanunda göstərilən tələbləri yerinə yetirən şəxslər (müvafiq sığorta stajına, pensiya kapitalına malik olan və d.) xaricdə daimi yaşasalar belə, onların pensiya təminatı hüququ vardır. 

Azərbaycan ilə Qazaxıstan, Gürcüstan Respublikası və s. kimi dövlətlər arasında vətəndaşların pensiya təminatı sahəsində əməkdaşlıq ilə bağlı beynəlxalq müqavilələr imzalanmışdır. Bu müqavilələr Azərbaycanda və ya tərəfdaş olan digər dövlətlərin ərazisində pensiya təminatı hüququ qazanmış şəxslər tərəfindən pensiya ödənişinin alınması məsələlərini tənzimləyir. Burada həmin şəxslərin pensiya təminatı hüququnun yaşadığı yer üzrə həyata keçirildiyi vurğulanır. Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış sazişə əsasən, əgər pensiyaçı tərəflərdən birinin ərazisinə köçərsə, onun pensiya ödənişi əvvəlki yaşayış yerində pensiya ödənişinin dayandırıldığı vaxtdan, yeni yaşayış yerində isə əhalinin sosial müdafiəsi orqanına yazılı müraciət etdiyi gündən 6 ay müddətində köçürülməyə davam edir.7 Bu hal Piçkurun Ukraynaya qarşı işindəki hal ilə oxşardır, lakin orada Ukrayna ilə Almaniya arasında vətəndaşların tərəflərdən birinin ərazisindən digərinin ərazisinə köçən zaman pensiya təminatı hüququnun olmasını tənzimləyən hər hansı bir beynəlxalq saziş mövcud deyildir.

Azərbaycan ilə Gürcüstan arasında imzalanmış sazişə əsasən isə pensiyaçının tərəflərdən birinin ərazisinə köçdükdə pensiya ödənişinin dayandırılmağı və həmin ödənişin yeni yaşayış yerinin qanunvericiliyi əsasında hesablanmağı və ödənişə davam etdirilməyi qeyd edilir.8 Bununla pensiyaçı yaşadığı yeri dəyişdiyi an ona ilkin ölkə tərəfindən verilən pensiya ödənişi dayandırılır və son ödənişin ödənildiyi konkret müddət axımı müəyyənləşdirilmir.

Andreyevanın işində qeyd edilən pensiya hüquq münasibətlərinin tənzimlənməsi Azərbaycan qanunvericiliyində, Əmək Pensiyaları haqqında Qanunda da, nəzərdə tutulmuşdur. Həmin qanunun 23-cü maddəsinə əsasən, əgər AR vətəndaşları başqa dövlətlərin ərazisində işləyirlərsə, Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqları ödənildiyi təqdirdə, onların iş dövrü sosial sığorta stajına daxil edilir. Lakin 1 yanvar 1992-ci ilə qədər SSRİ-nin ərazisində işləyən şəxslərin əmək stajının hesablanması zamanı yuxarıda göstərilən qayda nəzərə alınmır. Yəni, bu zaman işçinin faktiki işlədiyi dövr hər bir halda nəzərə alınır, başqa sözlə 1992-ci il yanvarın 1-nə qədər SSRİ ərazisində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi üçün AR vətəndaşlığı olan şəxslərin məcburi dövlət sosial sığorta haqqını ödəməməsi halı nəzərə alınmır. 

Lakin bu halın vətəndaşlığı olmayan şəxslərə şamil edilib-edilməməsi məsələsi sual doğurur. Belə ki, 1993-cü il “Vətəndaşların pensiya təminatı haqqında” AR qanunun 1-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-nə qədər həm əcnəbilərin, həm də vətəndaşlığı olmayan şəxslərin fiziki olaraq Azərbaycanda, lakin rəsmi olaraq SSRİ ərazisində işlədikləri iş müddəti tam olaraq nəzərə alınırdı. 2007-ci ildə qəbul olunan yeni qanuna əsasən isə yalnız AR vətəndaşlarının SSRİ-də işlədikləri dövrün iş müddəti kimi nəzərə alınır. Deməli, Andreyeva 2007-ci ilə qədər, yəni əvvəlki qanunun qüvvədən düşmə tarixinə qədər Latviyada yox, Azərbaycanda olsa idi, onun vətəndaşlığı olmayan şəxs kimi SSRİ dövründə işlədiyi müddət tam iş müddəti kimi nəzərə alınacaqdı. İndiki dövrdə bənzər hal yaransa idi qanunun təsviri metodları vasitəsilə həmin münasibətə keçmiş qanununun tətbiq edilməsi müzakirə predmeti ola bilərdi.

İstinadlar və izahlar

  1. Council of Europe. Guide on Article 14 of the European Convention on Human Rights and on Article 1 of Protocol No. 12 to the Convention, Prohibition of Discrimination, 2024, s. 53
  2. 5 noyabr 1991-ci il tarixli Ukrayna Pensiya Aktı, maddə 92
  3. Pichkur v. Ukraine, müraciət No. 10441/06, ECtHR, 7 noyabr 2013.
  4. Andrejeva v. Latvia, müraciət. No. 55707/00, ECtHR, 18 fevral 2009, abz. 13.
  5. Yenə orada.
  6. 2006-cı il tarixli Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunu, 2006, maddə 30.
  7. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Beynəlxalq Saziş, 1996, maddə 7.
  8. Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Saziş, 1993, maddə 6