Kəmər və Yol Təşəbbüsü və İnvestisiyaların qorunması istiqamətləri

Çinin artan istehsal potensialı ilə meydana çıxan daha yaxşı daşınma şəraitinə ehtiyac son illərdə XXI əsrin ən nəhəng infrastruktur layihəsini gündəmə gətirdi. “XXI əsrin İpək yolu” da adlanan Kəmər və Yol Təşəbbüsü dünyanın ticari coğrafiyasını dəyişməyi hədəfləyən bir layihədir. Təşəbbüskarı Çin olan layihənin üzərində 2013-cü ildən bəri işlər davam edir. Çin bu layihə vasitəsilə dünya ticarətində dominantlığı ələ almağı, dövlətlərə Çin modeli ilə təsir edərək müttəfiqlər qazanmağı planlaşdırmaqdadır. Layihə əsas altı quru koridoru və dəniz yolları üzrə genişlənmə tədbirlərini əhatə edir və ümumi dəyərinin 1 trl. dollardan artıq olacağı gözlənilir. Layihə Çini Mərkəzi, Cənubi və Cənub-şərqi Asiya, Şimali Afrika, Avropa və s. dövlətləri ilə əlaqələndirməyi hədəfləyir. Çinin bu istiqamətdə ticarəti genişləndirmək üçün infrastruktur maneələrini aradan qaldırmaq, digər iqtisadi toplumlarla əlaqələri möhkəmləndirmək, layihə çərçivəsində əməkdaşlığı başqa sahələrə də daşımaq kimi planları vardır.1 II Dünya Müharibəsindən sonra Qərbi Avropa ölkələrinin iqtisadi bərpası və inkişafı məqsədilə həyata keçirilmiş Marşal planına bənzədilən Kəmər və Yol Təşəbbüsü vasitəsilə Çin məhsullarının daşınmasını asanlaşdırmaqla yanaşı proqrama daxil olan ölkələrlə əlaqələri gücləndirib iqtisadi inkişafı stimullaşdırmağı, özləri üçün yeni bazarlar yaratmağı hədəfləyir.2 Layihəyə qurudan kəmər marşrutu, dənizdən isə yol marşrutu üzrə 70-dən artıq ölkə daxil edilmişdir.3

Hal-hazırda Çin mallarının dəniz vasitəsilə mərkəzi Avropaya daşınması təxminən 30 gün çəkir. Daşınmanın qatarla aparılması təxminən bunun yarısı qədər qısa müddətdə həyata keçirilir, lakin daha baha başa gəlir. Proqram üzrə atılacaq addımlar nəticəsində bu müddətlərin xeyli azalacağı gözlənilir. Digər bir məsələ isə malların idxalı zamanı meydana çıxan hüquqi prosedurlarla bağlıdır. Asiyanın inkişaf etməkdə olan hər hansı bir ölkəsində malın idxalı 50 günə kimi həyata keçirilirsə böyük yeddilik ölkələrində bu müddət 10 gündür. Burada müvafiq uyğunlaşdırmaların aparılması proqramın əsas istiqamətlərindən biridir. Çinin 1978-ci ildən formalaşmağa başlamış bugünkü investisiya siyasəti KYT-nin investisiya təbiətini öyrənmək üçün əsas predmet kimi müzakirə edilir.

Ümumiyyətlə, investisiya qoyuluşuna dövlət və qeyri-dövlət aspektindən yanaşmaq düzgün olardı. Bunun üçün də, başda Çin olmaqla iştirakçı dövlətlərin investisiyaların qorunması üzrə hüquqi potensialına baxmaq mütləqdir. Layihə üzrə investisiyaların qorunması qanunvericilik, investisiya müqavilələri, ikitərəfli və çoxtərəfli dövlətlərarası investisiya sazişləri əsasında aparılır. Digər mühüm məqam isə investisiya mübahisələrinin həlli üçün təklif olunan mübahisələrin həlli metodları ilə bağlıdır.

Çinin investisiya qanunvericiliyi neqativ siyahı yanaşması4 əsasında işləyir ki, Xarici İnvestisiyalar haqqında qanun da onunla birlikdə tətbiq olunur və KYT bu yanaşmadan tamamilə azaddır.5  Təbii olaraq, heç bir məhdudiyyətə məruz qalmamaqla yanaşı KYT investisiyaları qanunvericiliklə müəyyən edilmiş qorunmalardan faydalanır. Beynəlxalq investisiya sazişləri investisiyaların qorunması üzrə ən vacib tənzimetmə əsası sayıla bilər. Çinin Açıq qapı siyasətinin mahiyyətini təşkil edən və bu gün sayı 129-a çatan ikitərəfli investisiya sazişləri azad ticarət zonalarının yaradılmasında əsas alətlərdən biri kimi istifadə olunur. Çinin artıq geniş ikitərəfli investisiya sazişləri təcrübəsi olduğundan yeni bağlanan Azad Ticarət Sazişləri də hüquqi cəhətdən onların əsasında bağlanır və oxşar maddələri nəzərdə tutur.6 Xaraktercə, Çinin beynəlxalq investisiya sazişlərini üç qrupa bölmək olar. 1980-ci illərdə və 1990-cı illərin əvvəlində bağlanan və məhdud hüquqları nəzərdə tutaraq Çini investisiya predmeti ölkə kimi nəzərdə tutan birinci səviyyə sazişlər olmuşdur.7 İkinci səviyyə sazişlər çətir müddəaları, bərabər münasibət və müsadirə ilə bağlı ətraflı şərtlər nəzərdə tutan saziş formaları idi. Üçüncü səviyyə sazişlər artıq mübahisələrin həlli üçün arbitrajı nəzərdə tutan, müsadirə və vəsait transferlərini ətraflı tənzimləyən formalar oldu.8 Yaxın illərdə KYT çərçivəsində aralarında geniş əməkdaşlıq nəzərdə tutulan Pakistan və Çin arasında bağlanan 2007-ci ildə qüvvəyə minmiş Azad Ticarət haqqında Sazişdə investisiyaların qorunması üzrə müddəalar mühüm yer tutur. Sazişdə razılığa gələn tərəflərin qoyulan investisiyalara münasibətdə tam ədalətli, bərabərhüquqlu rejimin və investisiyaların idarə olunmasına qarşı törədilən maneçiliklərdən müdafiənin yaradılması, ekspropriasiyanın yolverilməzliyi, ədalətli kompensasiya, köçürmələrin sərbəstliyi ilə bağlı müddəalar investisiyaların qorunması üçün əsas formalaşdırır.9 Digər ölkələr üçün də investisiyaların qorunma səviyyəsini milli hüquqa və beynəlxalq investisiya sazişlərinə görə müəyyən etmək ən uyğun metoddur.10 Milli səviyyədə qorunmaya hüququn təkmilləşdirilməsi və müasirləşdirilməsi ilə yanaşı bu sahədə dövlət orqanlarının operativ fəaliyyət sisteminin qurulması da aiddir. Digər KYT ölkələrini Dünya Bankı iki qrupa ayrırır. Birinci qrupa layihədən yüksək fayda əldə etmək potensialı olan, lakin investisiyaların qorunması səviyyəsinin aşağı olduğu ölkələr buraya Rusiya, İran, Pakistan və s. daxil edilir. İkinci qrupa isə Qazaxıstan, Özbəkistan kimi yüksək fayda potensialı ilə birlikdə investisiyaların qorunması səviyyəsinin də yüksək olduğu ölkələr daxildir. Ölkələrin zəiflikləri əksərən məhkəmə sistemində, investisiya qanunvericiliyindəki boşluqlarda11, beynəlxalq investisiya sazişlərinin azlığı və sazişlərdə nəzərdə tutulan tənzimetmənin yarımçıqlığında özünü büruzə verir. Myanmarın 2016-ci ildə qəbul etdiyi investisiya qanunu maddi və qeyri-maddi əmlaka da investisiyanı təsbit etməklə yeni qəbul edilən qanunlar arasında ən təkmili hesab olunur.

Digər istiqamət isə investisiya müqavilələridir (konsessiya müqavilələri) ki, bu əsasən qeyri-dövlət investorları maraqlandırır. Konsessiya müqavilələri investora münasibətdə spesifikasiya edildiyindən12 investisiyaların qorunması standartlarının formalaşdırılmasında əlavə rol oynayır. KYT üzrə investorların maraqlarına uyğun olaraq 4 əsas investisiyaların qorunması üzrə istiqamət ayrılır:13

  1. İnvestisiyaların və müqavilə şərtlərinin qanunla qorunması,
  2. İnvestorun qorunması standartları,
  3. Arbitraja müraciətin mümkünlüyü,
  4. Ölkələrdə icranın səviyyəsi. Xüsusilə də arbitraj qərarlarının icra olunması.

KYT ölkələrinin az bir qismi investora dövləti arbitraja vermək imkanı yaradan ICSID-ə və Xarici Arbitraj qərarlarının tanınması haqqında Nyu York Konvensiyasına üzvdürlər.14

Dünya Bankının hesabatına əsasən Azərbaycan Çin tərəfindən boru kəməri investisiyaları edilmiş ölkələr arasında ən yüksək, ümumi olaraq investisiyaların qorunması üzrə qanunvericiliyin səviyyəsinə görə isə Rusiya, İran, Gürcüstan kimi ölkələrdən yüksək dəyərləndirilmişdir.15

 

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

İstinadlar və izahlar

  1. Daha ətraflı baxın: Lily Kuo and Niko Kommenda, What is China’s Belt and Road Initiative? (2018); https://www.theguardian.com/cities/ng-interactive/2018/jul/30/what-china-belt-road-initiative-silk-road-explainer
  2. Daha ətraflı: http://blogs.worldbank.org/trade/six-corridors-integration-connectivity-along-overland-corridors-belt-and-road-initiative
  3. Julan Du və Yifei Zhang Does One Belt One Road Strategy Promote Chinese Overseas Direct Investment? 3 (2017).
  4. Dövlət tərəfindən qəbul edilən bu siyahıda investisiya edilməsi məhdudlaşdırılmış və ya qadağan edilmiş sənaye sahələri yer alır. Baxın: https://www.pwccn.com/en/china-tax-news/chinatax-news-apr2016-13.pdf
  5. Vivienne Bath, “One Belt, One Road” and Chinese Investment, 16/98 Legal Studies Research Paper 1, 1 (2016).
  6. Yenə orada, 5.
  7. Buraya Çinin ICSID Konvensiyasına qoşulmasına qədərki sazişlər aiddir.
  8. Bath, yuxarıda istinad 5, 7.
  9. Pakistan və Çin arasında Azad Ticarət haqqında Saziş, mad. 48-51. Saziş üçün: https://investmentpolicyhub.unctad.org/Download/TreatyFile/2738.
  10. World Bank Group, Investment Protection Along Belt and Road, 12 MTI Discussion paper 5 (2019).
  11. Buraya qanunvericiliyin tətbiq dairəsinin qeyri-konkretliyi, tam ədalətli və bərabər şəraitinin təmin edilməməsi, dövlət-investor mübahisələrinin həlli mexanizmində boşluqlar, vəsait köçürmələri üzrə hüquqların təsbit olunmaması aid edilir.
  12. Laure Athias & Stéphane Saussier, Contractual Flexibility or Rigidity for Public Private Partnerships? Theory and Evidence from Infrastructure Concession Contracts 10 (2007).
  13. Yuxarıda istinad 10, 7.
  14. Andrea Giardina, International Investment Arbitration: Recent Developments as to the Applicable Law and Unilateral Recourse, 5 The Law & Practice of International Courts and Tribunals 29, 32.
  15. Yuxarıda istinad 10, 18-20.