Qüsurlu məhsulların vurduğu zərərə görə təqsirsiz məsuliyyət və paralel məsuliyyət rejimləri

Qüsurlu məhsulların istehlakçılara vurduğu zərərə görə istehsalçıların məsuliyyəti hər bir ölkənin istehlakçıların hüquqlarının qorunması siyasətinin özəyini təşkil edir. Bu sahə ingilis dilli ədəbiyyatda product liability adlanan qüsurlu məhsula görə məsuliyyət hüququnu formalaşdırır. Qüsurlu məhsula görə məsuliyyət hüququnun yaxın zamanlarda dünya boyunca yayılması özünü xüsusi qanunvericilikdə ifadə edib və belə qanunvericilik, əsasən, 3 formada olur:

  1. Məhsula görə məsuliyyəti müəyyən edən spesifik və sərbəst aktın qəbul olunması;
  2. Məhsula görə məsuliyyət qaydalarının mülki məcəllələrin delikt fəsillərinə birləşdirilməsi;
  3. Məhsula görə məsuliyyət qaydalarının istehlakçıların hüquqlarının qorunması haqqında daha əhatəli qanunların tərkib hissəsi olaraq qəbul olunması.1

Qüsurlu məhsula görə məsuliyyət Birləşmiş Krallıq,2 Almaniya3 kimi ölkələrdə olduğu kimi Azərbaycan Respublikasında (bundan sonra AR) da 3 mənbəyə əsaslanır:

  1. Müqavilə hüququ;
  2. Ənənəvi (təqsirə əsaslanan) delikt hüququ;
  3. Təqsirsiz (sərt) məsuliyyət.

1-ci halda sizin istehlakçı olaraq istehsalçı ilə hansısa məhsulun alğı-satqısı ilə bağlı müqaviləniz olur və həmin məhsulun sizə vurduğu zərərə görə müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq iddia qaldırırsınız. 2-ci halda siz məhsul tərəfindən sizə vurulan zərərə görə ənənəvi delikt hüququnun müddəalarına əsasən iddia qaldırırsınız və bu zaman istehsalçının təqsirini sübut etməyə məcbur olursunuz. 3-cü halda isə siz vurulan zərərə görə istehsalçının təqsirsiz məsuliyyətini müəyyən edən müddəalara əsasən iddia qaldırırsınız və bu zaman onun təqsirini sübut etməli olmursunuz. Sadəcə qüsuru, zərəri və qüsur və zərər arasındakı səbəbli əlaqəni sübut etmək vəzifəsi daşıyırsınız.

Avropa İttifaqında qüsurlu məhsula görə məsuliyyət hüququ “Üzv Dövlətlərin keyfiyyətsiz məhsullara görə məsuliyyətlə bağlı qanunlarının, qaydalarının və inzibati müddəalarının yaxınlaşdırılması haqqında” Direktiv4 (bundan sonra Direktiv) ilə tənzimlənir. Direktiv özündə təqsirsiz məsuliyyət prinsipini ehtiva edir. Richard Posner qeyd edir ki, təqsirsiz məsuliyyət o mənaya gəlir ki, hadisəyə səbəb olan şəxs zərərin lazımi qayğı nəticəsində qarşısının alına bilinməyəcəyinə baxmayaraq, zərərçəkənin zərərinə görə məsuliyyət daşıyır.5 Yəni burada istehsalçının zərərə görə təqsirli olub-olmaması heç bir əhəmiyyət kəsb etmir və qüsur, zərər və onlar arasında səbəbli əlaqə mövcud olarsa, məsuliyyət daşıyır.

Direktivin 13-cü maddəsinə əsasən, onun müddəaları Direktiv bildirildiyi zaman mövcud olan müqavilə və ya qeyri-müqavilə məsuliyyəti hüququna və ya xüsusi məsuliyyət sisteminə əsasən, zərərçəkən şəxsin sahib olduğu hər hansı hüquqlara təsir etmir.6 Bu, o deməkdir ki, birincisi, Üzv Dövlətlərə ümumi məsuliyyət qaydalarının (həm delikt, həm də müqavilə) tətbiqinə davam etməyə icazə verilir, ikincisi, 13-cü maddə Üzv Dövlətlərə xüsusi sərt məsuliyyət sistemi saxlamağa imkan verir.7 Məsələn, alman hüququnun ümumi prinsiplərinə əsasən yuxarıda göstərilən bu rejimlər (müqavilə hüququ, ənənəvi delikt hüququ və təqsirsiz məsuliyyət) paralel hüquqi əsaslar əmələ gətirirlər və Direktivin 13-cü maddəsi də bu yanaşmanı qoruyur.8

AR-in qanunvericiliyinə nəzər saldığımız zaman da oxşar bölgünü görə bilərik. Azərbaycanda paralel olaraq fəaliyyət göstərən müqavilə, ənənəvi delikt və təqsirsiz məsuliyyətə əsaslanan delikt öhdəlikləri zərərçəkən şəxslər üçün öz irəli sürüləcək iddalarını müəyyənləşdirmək üçün seçim imkanı yaradır.

AR qüsurlu məhsulların vurduğu zərərə görə təqsirsiz məsuliyyət müəyyən edən məsuliyyət rejimini öz qanunvericiliyinə Avropa hüququ təməl alınaraq AR Mülki Məcəlləsinin 9-cu bölməsinə (mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) 61-ci fəsil olaraq, “malın, işin və ya xidmətin qüsurları nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi” adı altında daxil edilmişdir.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

İstinadlar və izahlar

  1. Mathias Reimann, Liability for Defective Products at the Beginning of the Twenty-First Century: Emergence of a Worldwide Standard, 51 American Journal of Comparative Law 751, 758 (2003)
  2. Aubrey L. Diamond, New Trends in Product Liability Legislation in the United Kingdom: The Consumer Protection Act, 16 Journal of Legislation 15, 15 (1989)
  3. Stefan Lenze, German product liability law: between European Directives, American Restatements and common sense, Product Liability in Comparative Perspective, 101 (Duncan Fairgrieve red., 2005)
  4. Bax: https://eur-lex.europa.eu/legal-content/EN/ALL/?uri=CELEX%3A31985L0374 (Son baxış tarixi: 26 Sentyabr 2019)
  5. Richard Posner, Economic Analysis of Law, 160 (1986)
  6. Council Directive 85/374/EEC on the approximation of the laws, regulations and administrative provisions of the Member States concerning liability for defective products, Official Journal L210 (1985), art. 13
  7. Cees van Dam, European Tort Law, 425 (2013)
  8. Yuxarıda istinad 3.
Oxşar paylaşımlar