Bir adın hekayəsi: əxlaqsız ifadə, yoxsa əmtəə nişanı?

Müəllif: Azad Məmmədli. Azad hazırda Lund Universitetində Avropa biznes hüququ üzrə magistr təhsili alır. O, 2015-ci ildə Bakı Dövlət Universiteti Hüquq fakültəsindən məzun olmuş, 2016-2018-ci illərdə Ekvita hüquq şirkətində Hüquqşünas kimi çalışmışdır.

Məşhur söyüşü əhəmiyyətli dərəcədə xatırladan sözlər əmtəə nişanı kimi qeydə alına bilərmi? Avropa Ədalət Məhkəməsi ötən həftə “Constantin Film Produktion” Avropa İttifaqı Əqli Mülkiyyət Agentliyinə qarşı işində bu suala aydınlıq gətirib.

Alman istehsalı “Fack Ju Göhte” komediya filmi (digər adı ilə “Suck Me Shakespeer”) Almaniya kinoteatrlarında indiyədək təxminən 7.5 milyon tamaşaçı tərəfindən izlənilib. Kinokomediya “Constantin Film” şirkəti tərəfindən 2013-cü ildə çəkilib və onun davamı olan və müvafiq olaraq 2015 və 2017-ci illərdə təqdim olunan “Fack Ju Göhte 2” və “Fack Ju Göhte 3” filmləri ilə birlikdə alman kinosunun son illərdəki ən uğurlu məhsullarından hesab olunur. Film Avstriyada da böyük müvəffəqiyyət qazanıb – trilogiya hələ 30-dan artıq ölkədə təqdim olunmazdan əvvəl, tamamlanmasının ilk ilindəcə təkcə almandilli ölkələrdə çox böyük qazanc əldə etmişdi.

“Constantin Film” şirkəti 2015-ci ilin aprelində Fack Ju Göhte nişanının müxtəlif mal və xidmətlər üzrə Avropa İttifaqı əmtəə nişanı kimi qeyd alınması üçün İttifaqın Əqli Mülkiyyət Agentliyinə (“Agentlik”) müraciət edib. Beş ay sonra Agentlik qəbul edilmiş əxlaq prinsiplərinə zidd olduğunu əsas gətirərək həmin nişana əmtəə nişanı mühafizəsi verməkdən imtina edib. Agentliyə görə, almandilli ictimaiyyət “Fack ju” sözlərini vulqar və təhqiramiz ingilis ifadəsi “F*ck you” kimi (almancaya fonetik uyğunlaşdırmada) qəbul edir (almancada tərcüməsi: “F*ck dich”). “Göhte” elementinin artırılması da “Fack ju” ifadəsinin necə dərk edildiyini əhəmiyyətli dərəcədə dəyişmir.

İmtinadan verilən şikayətlər Agentliyin Apelyasiya Şurası və Avropa İttifaqının Ümumi Məhkəməsi tərəfindən müvafiq olaraq 2016-cı ilin dekabrında1 və 2018-ci ilin yanvarında2 rədd edildikdən sonra Constantin Film nəhayət Avropa Ədalət Məhkəməsinə (“Məhkəmə”) üz tutur. Məhkəmə ötən həftə verdiyi qərarla3 Ümumi Məhkəmənin və Agentliyin qərarlarını ləğv edib.

Məhkəmə bildirib ki, bir sıra amillər ardıcıl olaraq göstərir ki, “Fack ju” birləşməsinin ingiliscə “F*ck you” ifadəsinə bənzəməsinə baxmayaraq, sözügedən kinokomediyaların adı almandilli ictimaiyyət tərəfindən əxlaqi cəhətdən qəbuledilməz hesab olunmayıb (bax: paraqraf 52, 67, 68). Məhkəmə bu amillərə öz əsaslandırmasında yer verib:

  • Böyük diqqət cəlb etməsinə baxmayaraq, bu kinokomediyaların adının izləyicilər arasında mübahisələr doğurduğu faktiki olaraq görünmür.
  • Yerli məktəblərdə uşaqların bu komediyalara elə həmin ad altında baxmasına icazə verilib.
  • Filmlər müxtəlif təşkilatlardan maliyyə dəstəyi alıb, eləcə də alman dilinin və mədəniyyətinin təşviqi üzrə fəaliyyət göstərən nüfuzlu Goethe Institute tərəfindən təhsil məqsədləri üçün istifadə edilib.
  • İngiliscədəki “F*ck you” ifadəsi ilə yaxşı tanış olmağına və onun mənasını bilməyinə baxmayaraq, almandilli ictimaiyyət həmin ifadəni ingilisdilli ictimaiyyət ilə eyni qaydada dərk etmir. Xarici dillə müqayisədə məhz ana dilinə olan həssaslıq daha böyük ola bilir, Məhkəmə qeyd edir. Elə bu səbəbdən, almandilli ictimaiyyət ingilis dilindəki bir ifadəni həmin ifadənin almancadakı tərcüməsi ilə mütləq qaydada eyni qəbul etmir. Bundan əlavə, filmin adı ingilis dilindəki həmin ifadədən deyil, onun “Göhte” elementinin müşayiəti ilə almancaya fonetik uyğunlaşdırılmasından ibarətdir.

Beləliklə, Məhkəmə bildirib ki, almandilli ictimaiyyət tərəfindən “Fack Ju Göhte” nişanının cəmiyyətin təməl əxlaqi dəyərlərinə niyə zidd qəbul ediləcəyini ağlabatan qaydada izah edəcək konkret sübutlar irəli sürmədiyinə görə, Agentlik sözügedən ifadənin qeydiyyata alınmamalı olduğunu əsaslandıra bilməyib. Belə olan halda, Agentlik sözügedən nişanın qeydiyyatı ilə bağlı yeni qərar verməli olacaq.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

İstinadlar və izahlar

  1. Qərarı burada tapa bilərsiniz: https://euipo.europa.eu/eSearchCLW/#basic/*///number/R2205%2F2015-5
  2. Qərarı burada oxuya bilərsiniz: http://curia.europa.eu/juris/document/document.jsf?text=&docid=198722&pageIndex=0&doclang=DE&mode=lst&dir=&occ=first&part=1&cid=197793
  3. Qərarı burada oxuya bilərsiniz: http://curia.europa.eu/juris/celex.jsf?celex=62018CJ0240&lang1=en&type=TXT&ancre=
Oxşar paylaşımlar