Çinin pandemiyaya görə beynəlxalq hüquqi məsuliyyəti?

Hal-hazırda gündəmin ən məşhur mövzusu kimi bütün dünyada iqtisadi və sosial zərərə səbəb olan COVID-19 pandemiyası çıxış edir. Virusun yayıldığı ölkələrin, demək olar ki, hamısının diqqəti virusla tibbi mübarizəyə yönəltməsinə baxmayaraq, artıq vəziyyəti hüquqi müstəvidə təhlil edənlər də az deyil.1, 2 Bu təhlillərin əsas məqsədi isə vəziyyətin bu həddə çatmasında təqsirli olanların müəyyən edilməsi və pandemiyanın vurduğu zərərin onlar tərəfindən kompensasiya edilməsinə nail olmaqdır. Hazırkı halda Çin Xalq Respublikası (ÇXR) ən başlıca səbəbkar kimi göstərilir və onun beynəlxalq hüquqi məsuliyyəti geniş müzakirə edilən məsələlərdəndir.

İnfeksion xəstəliklərin yayılması ilə bağlı məsuliyyətdə çətinliklər

İlk növbədə onu qeyd etmək lazımdır ki, dövlətlər infeksiyaların beynəlxalq yayılması ilə əlaqəli çoxtərəfli müqavilələrə tərəflərin vurulan zərəri kompensasiya etməsi ilə bağlı normaların daxil edilməsinə səy göstərmirlər. Halbuki, bu cür normaların müqavilə mətninə daxil edilməməsi dövlətləri müqavilə öhdəliklərinin pozulması nəticəsində dəyən zərərə görə kompensasiya etməkdən azad edə bilmir. Belə ki, beynəlxalq adət hüququ kimi formalaşmış “beynəlxalq hüquqazidd əmələ görə dəymiş zərərin tam ödənilməsi” öhdəliyi tətbiq edilə bilir. Digər tərəfdən dövlətlər bu kimi alətlərdən infeksiya və virus yayılması kontekstində az hallarda istifadə edirlər. Bunun əsas səbəbi kimi isə növbəti bu cür infeksiya və virusların nə vaxt və hansı ölkədə baş verəcəyindən heç bir dövlətin sığortalanmaması göstərilir. Dövlətlər bir növ özlərini gələcəkdəki daha pis nəticələrdən qorumaq üçün bu cür davranırlar.

Bu kontektsdə digər bir məsələ isə odur ki, infeksiya nəticəsində vurulan zərərin hansı hissəsinin məhz birbaşa infeksiyanın başlandığı ölkənin hərəkəti (hərəkətsizliyi) ucbatından baş verməsini (səbəb-nəticə əlaqəsi) müəyyən etmək çox mürəkkəb prosesdir. Bu, o deməkdir ki, ÇXR “COVID-19” nəticəsində vurulan zərərin bütün hissəsi həcmində məsuliyyət daşımayacaqdır. Belə ki, virusun bu qədər yayılması və vurulan zərərin tam həcmi birbaşa ÇXR-in iddia olunan öhdəlik pozuntularına görə olmaya da bilər. Bu yanaşma əsas götürüldükdə bəzi hüquqşünasların ÇXR-in Beynəlxalq Səhiyyə Qaydaları (IHR) üzrə xəbərdar etmə öhdəliyini pozması nəticəsində hazırda və gələcəkdə “COVID-19” ilə bağlı vurulan bütün zərərə görə məsuliyyət daşıması iddiası zəifləmiş olur.

Çin mətbəxinə hüquqi müdaxilə?

Bir sıra hüquqşünaslar ÇXR-in “Kökünün Kəsilməsi Təhlükəsi Olan Vəhşi Fauna və Yabanı Flora Növlərinin Beynəlxalq Ticarəti Haqqında” Konvensiyadan (CITES) irəli gələn öhdəlikləri pozduğuna görə beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmasını qeyd edirlər. Belə ki, onların iddiasına görə, virusun başlandığı ərazi hesab olunan Uhan şəhərindəki dəniz məhsulların satıldığı bazarda zəif tənzimlənmə nəticəsində vəhşi heyvanların qanunsuz satışı da həyata keçirilir və bu, virusun daşıyıcı heyvanlardan insana keçməsinə şərait yaradıb. Bu isə ÇXR-in konvensiyadan qaynaqlanan “təhlükə altında olan heyvanların ticarətini və yeyilməsini dayandırmaq” öhdəliyinin pozulması hesab olunur.

ÇXR-ə qarşı iddiaların mümkün platformaları

  • Yuxarıda da qeyd olunduğu kimi ÇXR-in hərəkətinin beynəlxalq adət hüququnun pozuntusu (dövlətin beynəlxalq məsuliyyəti kontekstində) olması ilə bağlı iddia Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) qaldırıla bilər. Bunun üçün isə pozuntunun ÇXR-ə aiddiyyəti (attribution) sübut edilməlidir. Digər bir məsələ isə ÇXR-in işin BƏM-də baxılmasına razılıq verməsidir. Trilyonlarla zərərin olduğu vəziyyətdə isə ÇXR-in buna razılıq verməsi heç də real görünmür.
  • Digər bir yanaşmaya görə, ÇXR-in davranışı (virus haqqında vaxtında və dürüst xəbərdarlıq etməmə) qlobal təhlükəsizliyə təhdid təşkil edir və BMT Nizamnaməsinin (VII fəsil) pozuntusu hesab olunmalıdır. Buna görə də BMT Təhlükəsizlik Şurası ÇXR-ə qarşı tədbirlər həyata keçirə bilər. Bununla bağlı artıq Təhlükəsizlik Şurasında təklif və müzakirələrə başlanılmasına baxmayaraq, ÇXR-in veto hüquqlu üzv olması yekun qərarı şübhə altına alır. ABŞ-ın BMT-də pandemiya ilə bağlı qəbul olunacaq sənəddə virusun “ÇXR-də yaranması” qeydinin sənədin mətninə daxil edilməsi cəhdləri də bu baxımdan anlaşılandır.

Yuxarıda sadalanan və digər platformaların mövcudluğuna baxmayaraq qəbul olunacaq qərarın icrası, yəni vəsaitin ÇXR-dən alınması daha da mürəkkəb məsələ kimi qalmaqdadır. Bu, o deməkdir ki, vurulan zərərin heç də hamısını faktiki kompensasiya etmək mümkün olmaya bilər.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

İstinadlar və izahlar

  1. Həmçinin bax: ABŞ-da Çinə qarşı pandemiyaya səbəb olma ilə bağlı iddia qaldırılıb
  2. Həmçinin bax: Belçika Beynəlxalq Hüquq İnstitutu gələcək oxşar halların beynəlxalq hüquqi tənzimləməsi ilə bağlı təkliflər hazırlamaq üçün komissiya yaradıb.
Oxşar paylaşımlar