mediasiya-məhkəmədən-əvvəl

Məcburi ilkin mediasiya mübahisələrin həllində mühüm yenilik kimi

Ötən il Mediasiya haqqında Qanun qəbul edildi. Qanunun müəyyən mübahisələr üzrə məhkəmədən öncə tərəflərin məcburi ilkin mediasiyada  iştirakını nəzərdə tutan müddəası 1 iyul 2020-ci ildən etibarən qüvvəyə minir. Müddəanın əsas məqsədləri kimi məhkəmələrin iş yükünün azaldılmasınımediasiya institutuna yönəlmənin intensivləşdirilməsini göstərmək olar.

Qanun məcburi mediasiyaya müraciəti bütün hüquqi mübahisələrə tətbiq etmir. Yalnız iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 1 Qanun bütün tip iqtisadi münasibətləri, xarici elementli mübahisələr də daxil olmaqla, ilkin mediasiya sessiyasına yönəlməyi məcbur qılır. Lakin məcburi mediasiyaya yönəlməli olan mübahisələrdə istisnalar da vardır ki, bunlar aşağıdakılardır:

  1. Mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda, belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər.2
  2. İkinci istisna Ələt azad iqtisadi zonasına aiddir.3 Belə ki, Ələt azad iqtisadi zonasında baş verəcək iqtisadi münasibətlər həmin zonada formalaşdırılan “mübahisələrin həlli qurumları” vasitəsi ilə həyata keçirilir.4
  3. Digər istisna ailə münasibətlərindən irəli gələn mübahisələr ilə bağlıdır. Belə ki, əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər.5

Qanunda məcburi ilkin mediasiya anlayışı ilə bağlı olan müddəaların 1 iyul 2020-ci ildən qüvvəyə minəcəyi göstərilir.6 Tərəflər məhkəməyə müraciət etmək üçün mediator və ya mediasiya təşkilatı tərəfindən verilən müvafiq sənədi əldə etməli olacaqlar. Bu sənəd aşağıda göstərilənlərdən biri olmalıdır:

  1. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış – Tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir.7 Qanunverici, həmçinin üzrsüz səbəbdən sessiyada iştirak edilməməsinə görə məsuliyyət müəyyən etmişdir.8
  2. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayış – Tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə mübahisə yuxarıda müəyyənləşdirilən istisna hallarından birinə aid olduqda mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir.
  3. Protokol tərtibi – Tərəflər ilkin mediasiya sessiyasından sonra mediasiya prosesinə davam etdikdə, lakin mediasiya prosesinin yekununda barışıq sazişi bağlaya bilmədikdə, habelə mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir.
Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

İstinadlar və izahlar

  1. Qanunun 3-cü maddəsi.
  2. Qanunun 3.3-cü maddəsi.
  3. Qanunun 2.2-ci maddəsi.
  4. “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanunu, 2018, 25-ci maddə.
  5. Qanunun 26.4-cü maddəsi. Bu qurumun hansı olması hələ ki təsdiq olunmamışdır.
  6. Qanunun 39-cu maddəsi.
  7. Qanunun 29.2-ci maddəsi.
  8. Hələ ki, bununla bağlı İnzibati Xətalar və Cinayət məcəllələrinə sanksiya daxil edilməmişdir.