Əmək pensiyaları necə artırılır?

Sosial təminat hüququ özlüyündə sosial müavinətləri, ünvanlı dövlət sosial yardımını və digər hüquqları birləşdirsə də, sosial təminat deyəndə ağıla ilk olaraq əmək pensiyaları gəlir. Hazırki hüquq cəmiyyətində bu sahənin çox da gündəmdə olmamasına baxmayaraq, demək olar, hər kəsin ailəsində sosial təminat hüququndan yararlanan insanlar vardır. Buna görə də, pensiya artımı barədə hamıya maraqlı olan suallar vardır. Aşağıda bu mövzu üzrə əsas hüquqi məsələlərə toxunuram.

Əmək pensiyaları haqqında Qanuna əsasən əmək pensiyalarının üç növü vardır: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası. Məlum olduğu kimi bu pensiyaların [2020-ci ilə qədər] məbləği hər il müəyyən qədər artırılır. Həmin artımın əsası Qanunun 29-cu maddəsidir. Maddənin tələbinə görə əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə indeksləşdirilərək artırılır. Əvvəlcə, əmək pensiyasının sığorta hissəsi anlayışını, daha sonra isə artım prosesinin hüquqi cəhətdən necə baş verdiyini müəyyənləşdirək.

Əmək pensiyasının sığorta hissəsi

Şəxslərə əmək pensiyası onların fərdi hesabları əsasında təyin edilir. Fərdi hesab Dövlət Sosial Müdafiə Fondu tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır. Bu hesab iki hissədən – sığorta və yığım hissələrindən ibarətdir. Fərdi hesabın sığorta hissəsi sığortaolunanlar tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır (bu hissə də hər il istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir1). Fərdi hesabın yığım hissəsi isə sığortaolunanların könüllü olaraq etdiyi ödənişlərdən ibarətdir. (Anlayışlar Qanunun 1-ci maddəsindən götürülüb) Onu qeyd etmək lazımdır ki, fərdi hesabın yığım hissəsinə vəsaitin köçürülməsinə hazırki praktikada rast gəlinmir, yəni şəxslər könüllü olaraq əlavə sığorta haqqı ödəmirlər. Başqa sözlə, sığortaolunanlar yalnız məcburi dövlət sosial sığorta haqqını ödəyirlər və hələ ki fərdi hesabların yığım hissəsi sistemi formalaşmayıb. Beləliklə də, əmək pensiyaları yalnız fərdi hesabın sığorta hissəsinin əsasında təyin edilir.

Sığortaolunanlar pensiyaya çıxdıqdan sonra onların fərdi hesabının sığorta hissəsi müvafiq hesablamalar aparılmaqla əmək pensiyasının sığorta hissəsinə çevrilir (əgər fərdi hesabın yığım hissəsində də kapital toplanarsa, bu kapital əmək pensiyasının yığım hissəsinə çevriləcək). Əmək pensiyasının sığorta hissəsi fərdi hesabda toplanan kapitalın gözlənilən pensiya ödənişi müddətinə (istisnaları çıxmaqla 144 ay) bölünməsi yolu ilə müəyyənləşdirilir. Məsələn, əgər sığortaolunanın fərdi hesabında 35000 manat pul toplanıbsa, onun əmək pensiyasının sığorta hissəsi 35000/144=243 manat təşkil edəcək.

Əmək pensiyasının artımı

Pensiyanın artımı isə üç mərhələli proses şəklində həyata keçirilir. Belə ki, pensiyanın artırılması üçün vacib olan birinci şərt Dövlət Statistika Komitəsi (Komitə) tərəfindən ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinin müəyyənləşdirilməsidir. Bu temp Komitə tərəfindən hər ilin əvvəlində müəyyən faizlər şəklində ifadə edilir. Əgər ötən ilə nisbətdə orta aylıq nominal əməkhaqqında artım olubsa, bu, o deməkdir ki, pulun dəyəri düşüb və beləliklə də, pensiyaların məbləği artırılmalıdır ki, pensiyaçıların sosial müdafiəsi əvvəlki qaydada təmin edilə bilsin. Praktika göstərir ki, son zamanlar, demək olar, hər il pensiyalar artırılmışdır. Komitə tərəfindən faizlər müəyyənləşdirildikdən sonra həmin faizlər əsasında Azərbaycan Respublikasının Prezidenti pensiyaların dövlət hesabına artırılması ilə bağlı (adətən yanvar-fevral aylarında) sərəncam verir. Bu mərhələdən sonra isə Prezident tərəfindən verilən tapşırıq Dövlət Sosial Müdafiə Fondu tərəfindən icra edilir.2

Komitənin 2019-cu il üçün müəyyənləşdirdiyi faizlər və Azərbaycan Respublikasının Prezidentinin 06 fevral 2020-ci il tarixli Sərəncamına əsasən bu il yanvar ayının 1-dən etibarən əmək pensiyalarının sığorta hissəsi 16.6% indeksləşdirilmişdir. Bu da o deməkdir ki, məsələn, yanvarın 1-nə qədər 250 manat pensiya alan vətəndaş artıq 16% artımla  291,5 manat pensiya alır.

Pensiyaların artırılması ilə bağlı bir məqamı da qeyd etmək lazımdır ki, haqqında danışdığımız indeksləşdirilmə əmək pensiyalarına edilən əlavələrə şamil edilmir. Belə ki, Qanunun 19-cu maddəsi əmək pensiyasının sığorta hissəsinə edilən əlavələri müəyyənləşdirir. Bu əlavələr yalnız xüsusi kateqoriya şəxslər üçün nəzərdə tutulmuşdur və qanunda dəyişiklik edilmədiyi müddətdə dəyişməz olaraq qalır. Məsələn, yanvarın 1-dək 340 manat (230 manat sığorta hissəsi üstəgəl 110 manat əlavə) pensiya alan I qrup gözdən əlil şəxs son indeksasiyadan sonra (230+16,6% )+110=378,18 manat pensiya alır.

Pensiyaların məbləğinin artımı ilə bağlı nəzərə alınmalı digər bir məsələ isə əmək pensiyasının minimum məbləği ilə bağlıdır, çünki bəzi hallarda minimum məbləğ özü də spesifik şəxslərdə pensiyanın məbləğinin artmasına səbəb ola bilər. Belə ki, Qanunun 6-cı maddəsinə edilmiş 12 iyul 2019-cu il tarixli dəyişikliyə əsasən 1 oktyabr 2019-cu il tarixindən bu günə qədər əmək pensiyasının minimum məbləği 200 manatdır. Əgər hər hansı şəxs 1 yanvar 2020-ci il tarixinə qədər 200 manat pensiya alırdısa, o, hazırda 200+16,6%=233,2 manat pensiya alır. Lakin 2021-ci ilin əvvəlinə qədər pensiyanın minimum məbləği artırılaraq Qanununa3 yenidən dəyişiklik edilsə və bu dəyişiklik əmək pensiyasının minimum məbləği kimi 233,2 manatdan daha yüksək məbləğ müəyyənləşdirsə, həmin şəxsin pensiyası Qanunda müəyyən edilən tarixdən etibarən pensiyanın minimum məbləğinə çatdırılaraq artırılacaq.

Yuxarıda qeyd olunanlara əlavə kimi onu da nəzərə almaq lazımdır ki, əgər şəxs 1 yanvar 2020-ci il tarixindən sonra pensiyaya çıxıbsa, haqqında danışdığımız indeksasiya onun pensiyasının sığorta hissəsinə şamil edilmir. Başqa sözlə, indeksasiya yalnız 1 yanvar 2020-ci il tarixinə qədər pensiyaya çıxmış şəxslərin pensiyasını artırır. Hazırki qanunvericiliyin tələblərinə əsasən bu şəxslərin pensiyasının (minimum pensiyanın artırılması səbəbi ilə müəyyən qrup şəxslərin pensiyasının artırılması istisna olmaqla) 2021-ci ildə artırılması gözlənilə bilər.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

İstinadlar və izahlar

  1. Qanunun 29.1-1-ci maddəsi.
  2. Qanunun 29-cu maddəsi.
  3. “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsi.