London italyan torpedosuna qarşı

Torpedolar dəniz döyüşlərində düşməni zərbənin haradan və nə zaman gəldiyini müəyyən etməyə macal tapmamış suyun dibinə yollamaq üçün istifadə olunurdular. Yazıda yurisdiksiya məsələlərində torpedo kimi istifadə olunan bir mexanizmi müzakirə edəcəyik.

İtaliya məhkəmə sisteminin ləngliyinə görə ad-san qazanmış bir ölkədir. İtaliya məhkəmələrinin bu cəhətindən patent hüququ mübahisələrində çox yüksək səviyyədə istifadə olunurdu.1 Belə ki, hüquq pozan tərəf hüquq sahibinin onu daha operativ məhkəmə sisteminə malik ölkədə məhkəməyə verəcəyindən ehtiyat edib işi yubatmaq üçün əvvəlcədən işə baxılacaq məhkəməni seçmək məqsədilə İtaliya məhkəməsinə müraciət edir və patent hüquq pozuntusunun baş verib-verməməsinin yoxlanmasını məhkəmədən xahiş edir. Məhkəmə isə II Brüssel Reqlamentinin2 7-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinə uyğun olaraq işi icraatına götürür. Bununla da hüquq pozan tərəf italyan torpedosu ilə məhkəmə prosesini təxminən 2 ilədək uzadaraq qarşı tərəfi razılığa gətirmək üçün yaxşı imkan əldə edir.  Misal üçün A şirkəti B şirkətinin patent hüquqlarını pozmaqdadır. A şirkəti bundan xəbərdar olduğundan və B şirkətinin onu hüquqlarının pozulduğu və ya pozula biləcəyi hər hansı ölkədə məhkəməyə verməsinin qarşısını ala bilməyəcəyindən əmindir. Buna görə də B şirkətinin pozulan patent hüququ ilə bağlı italyan məhkəməsinə müraciət edərək məhkəmənin hüquq pozuntusunun olub-olmamasının yoxlanması barədə icraat başlamasına nail olur. Bu zaman II Brüssel reqlamentinin 29-cu maddəsinin 1-ci bəndində nəzərdə tutulan “lis pendens”3 qaydası A şirkətinin köməyinə gəlir. II Brüssel reqlamentinin 29-cu maddəsinin 1-ci bəndinə görə eyni tərəflər arasında eyni predmetlə bağlı müxtəlif üzv dövlətlərin məhkəmələrinə müraciət olunmuşdursa, digər məhkəmələr işə birinci baxan məhkəməni gözləməlidirlər. Nəticədə məhkəmə icraata öz yurisdiksiyasının olub olmamasını yoxlamaqla başlayır ki, bu da A şirkəti üçün göydəndüşmədir.

İngiltərə və Uels məhkəmələri baxdıqları mübahisə üzrə başqa ölkənin məhkəməsinə müraciət olunmasının qarşısını almaq məqsədilə qəbul etdikləri qətnamələrlə məşhurdurlar.4 2001-ci il Brüssel reqlamenti qəbul edildikdən sonra Avropa Ədalət Məhkəməsi tərəfindən 2003-cü ildə Erich Gasser GmbH v Misat Srl və 2004-cü ildə Turner v Grovit işləri ilə İngiltərə məhkəmələrinin başqa məhkəməyə müraciət edilmənin qarşısını alan tədbirlərinin yurisdiksiya məsələlərinə aid olmadığı təsdiqləndi. Ardınca Allianz SpA v West Tankers Inc. işində İngiltərə məhkəməsinin başqa məhkəməyə müraciət edilməsinə qarşı tədbirlərinin arbitraj sazişinin mübahisələndirilməsi zamanı da Avropa Ədalət Məhkəməsi tərəfindən qəbul edilməməsi İngiltərə və Uelsi ciddi şəkildə narahat etdi. Belə ki, Avropa Ədalət Məhkəməsi işdə deliktlə bağlı mübahisənin olduğunu əsas gətirərək iş üzrə prosesin Brüssel reqlamentinə uyğun şəkildə əvvəlcə İtaliya məhkəməsində aparılmasını qət etmişdir. Bundan sonra 2001-ci il Brüssel reqlamentinin yenilənməsi istiqamətində aparılan işlərin nəticəsi kimi 2012-ci ildə Brüssel reqlamenti yeni mətnlə qəbul edildi və 31-ci maddənin 2-ci bəndi italyan torpedolarının mövcudluğuna olduqca ciddi zərbə vurdu. Buna baxmayaraq, ingilislər aparılan islahatlara arxayın deyildilər və 2012-ci ildə West Tankers işi üzrə arbitraj qərarını 1996-cı il tarixli Arbitraj aktının 66-cı maddəsinə əsaslanmaqla təsdiq etdilər. Bu, ingilislərin italyan torpedolarına qarşı öz taktikalarını yaratmaqları demək idi və təsdiqlənmiş arbitraj qərarının istənilən Avropa İttifaqı ölkəsində aparılan paralel məhkəmə proseslərindən asılı olmayaraq hüquqi qüvvəyə malik olduğunu göstərirdi. 1996-cı il Arbitraj aktının 66-cı maddəsi arbitraj qərarının icrası ilə bağlıdır və məhkəmə tərəfindən təsdiq olunan arbitraj qərarının məhkəmə qərarı ilə bərabər hüquqi qüvvəyə malik olmasını təsbit edir.5 2012-ci ilin yanvarında İngiltərə və Uels Apellyasiya məhkəməsi formalaşmış presedentin ziddinə hərəkət edərək West Tankers 2012 qərarını təsdiq etdi və dəniz arbitrajının mərkəzi sayılan Londonun nüfuzuna görə narahat olduğunu bir daha göstərdi.6

2020-ci ilin yanvar ayının 31-dən rəsmiləşən Birləşmiş Krallığın Avropa İttifaqından ayrılması ilə italyan torpedo mexanizminin yenidən gündəmə gəlməsi barədə mövzuların müzakirəsi xeyli artdı. Breksit sazişinin 127-ci maddəsinə7 əsasən keçid prosesi yekunlaşana qədər, yəni bu ilin sonuna qədər Luqano Konvensiyası və Avropa İttifaqı hüququ Birləşmiş Krallığa şamil olunacaq. Növbəti ildən hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi bir növ Birləşmiş Krallığın addımlarından asılı olacaqdır.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

İstinadlar və izahlar

  1. Paul Friedman, Anti-Suit Injunctions from the English Courts, CLYDE & CO. (Oct. 5, 2010), http://www.clydeco.com/uploads/Files/Publications/2010/Anti Suit%20Injunctions_oct.pdf.
  2. Mülki və kommersiya hüququ işlərində məhkəmə yurisdiksiyasının müəyyənləşdirilməsi, həmin işlər üzrə məhkəmə qərarlarının tanınması və icrasının təmin edilməsi barədə” Avropa İttifaqı Parlamentinin və Şurasının 12 dekabr 2012-ci il tarixli (EC) 1215/2012 saylı Reqlament Bax: https://eur-lex.europa.eu/legal-content/EN/TXT/PDF/ (son dəfə baxılmışdır: 20 iyul 2020-ci il)
  3. Lis alibi pendens – birdən çox məhkəmənin eyni işə baxmaq səlahiyyətinin olduğu hallarda ziddiyyətin qarşısını almaq üçün yurisdiksiyanı müəyyən edən və ya işi birinci qəbul edən məhkəmənin yurisdiksiya üstünlüyünü tanıyan qaydalar.
  4. İngiliscə: anti-suit injunctions
  5. UK General Acts, Arbitration Act, 1996 s. 66. keçid: https://www.legislation.gov.uk/ukpga/1996/23/section/66
  6. Thomas Panighetti, Has London Outmaneuvered the Italian Torpedo?, 5 Y.B. Arb. & Mediation 277, 10 (2013).
  7. Keçid: https://eur-lex.europa.eu/legal-content/EN/TXT/PDF/?uri=CELEX:12019W/TXT(02)&from=EN
Oxşar paylaşımlar