Sülhməramlı qüvvələrə görə kim məsuliyyət daşıyır?

Sülhməramlıların tətbiqinin beynəlxalq hüquqda özünə yer etməsi prosesi 1956-cı ildə Süveyş böhranına edilən müdaxilədən bəri fərqli meyarlardan asılı şəkildə davam etmişdir. Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin 51-ci maddəsində dövlətlərin fərdi və ya kollektiv özünümüdafiə hüququ nəzərdə tutulmuşdur. Geniş qəbul edilən yanaşmaya əsasən, bu hüquq vasitəsilə üçüncü dövlətin müdaxiləsinin mümkünlüyü sülhməramlıların tətbiqi üçün əsas sayılır.1 Bu məsələyə aydınlıq gətirmək üçün sülhməramlı dedikdə nəzərdə tutulan anlayışı dəqiqləşdirməyə çalışaq. Sülhməramlıları mandatını münaqişə tərəflərinin razılığı ilə cəlb olunmasından asılı olaraq iki kateqoriyaya ayıra bilərik.2 Bu kateqoriyalar sülhməramlılardan nizamnamənin 6-cı (mübahisələrin dinc yolla həlli) və ya 7-ci fəslinə uyğun olaraq (sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər) istifadə edilməsi ilə fərqləndirilib. Təsadüfi deyil ki, BMT-nin 2-ci baş katibi Dag Hammarskjöld sülhməramlılıq fəaliyyətini “altı yarımıncı fəsil” adlandırmışdı.

Sülhməramlı əməliyyatları keçirənlərin fərqləndirilməsi

Təcrübədə sülhməramlı əməliyyatlar arasında əsas fərqləndirmə bu əməliyyatların kim tərəfindən həyata keçirilməsinin müəyyən olunması zamanı ortaya çıxır. Yazıda bu bölgünü BMT tərəfindən və digər subyektlər tərəfindən həyata keçirilən əməliyyatlar kimi aparacağıq. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasını təmin etmək üçün3 BMT Təhlükəsizlik Şurasına könüllü əsaslarla sülhməramlı qüvvələr formalaşdırmaq və BMT baş katibini rəhbərlik etmək üçün təyin etmək səlahiyyəti verilmişdir.   

Qeyd etmək zəruridir ki, hansı subyekt tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, hərbi münaqişə tərəflərinin razılığı olmadan sülhməramlı əməliyyatlar keçirilsə idi bu, hüquqazidd güc tətbiqindən fərqlənməzdi.4 Tarixdə razılıqla bağlı mübahisəli vəziyyətin yarandığı, demək olar ki, bütün əməliyyatlar, ya uğursuzluqla nəticələnmiş, ya da böyük tənqidlə qarşılanmışdır.5

BMT tərəfindən sülhməramlı missiyalar birbaşa TŞ və ya BM qətnamələri ilə həyata keçirilir. BMT sülhməramlılarının və regional sülhməramlı qüvvələrin fəaliyyətini üç meyar baxımından dəyərləndirək. İlk meyar kimi münaqişəni yaradan səbəblər haqqında ətraflı təsəvvürün, mədəni və siyasi kontekstdə daha yaxın əlaqələrin olması regional səviyyədə sülhməramlılıq fəaliyyəti üçün üstünlük kimi qiymətləndirilir. İkinci tərəfdən coğrafi yaxınlıq ehtiyac yarandıqda əlavə qüvvələrin reaksiya imkanlarını da artırır. Son olaraq münaqişədə daha çox siyasi maraqlarının olması regional qüvvələrin neytral fəaliyyəti haqqında sullar yaradır.6

Tərkib baxımından BMT sülhməramlıları polis xarakterli şəxsi heyətə malik olduqları halda, regional sülhməramlılar birbaşa ordu birləşmələrdən ibarət olmaqdadırlar. Bunun səbəbləri arasında siyasi məqsədlər, maddi resurslar və BMT-nin beynəlxalq polis anlayışına7 yaxınlığı da yer almaqdadır. Sülhməramlılara danışıqlar həyata keçirmək, mediasiya aparmaq bacarıqları lazım olur,8 fəaliyyətlərinin təbiəti isə hərbi birləşmədən daha çox yerli polis fəaliyyətinə yaxındır. Bu xüsusda, ABŞ Konqresinin Respublikaçı üzvlərinin 1965-ci ildə təsdiq etdikləri xüsusi hazırlıqlı “birinci alay”-ın yaradılması ideyası ilə təkmilləşdirilməli olan, lakin sonradan həyata keçirilməyən ABŞ sülhməramlılarını da,9 məqsədləri arasında “Rusiyanın milli maraqlarını və vətəndaşlarını müdafiə etməy”-in də yer aldığı Rusiya sülhməramlılarını da tam məqsədəuyğun hesab etmək olmaz.

Sülhməramlıların əməllərinə görə məsuliyyət

Bəs əməliyyatlar zamanı törədilən hüquq pozuntularına görə məsuliyyəti kim daşıyır? Beynəlxalq Hüquq Komissiyasının 2001-ci ildə qəbul etdiyi “Dövlətlərin məsuliyyəti ilə bağlı maddələr”-in 1 və 2-ci maddələrinə əsasən törədilən hərəkət dövlətə aid ediləndirsə və beynəlxalq öhdəliyin pozulması ilə nəticələnmişdirsə, dövlət bu hərəkətə görə məsuliyyət daşıyır.10  4-cü maddə dövlətin orqanının hərəkətinə görə dövlətin məsuliyyətini o zaman nəzərdə tutur ki, orqan qanunverici, icraedici, məhkəmə və ya digər funksiyanı həyata keçirsin. Dövlətin hərbi birləşmələri bu cəhətləri özündə daşımaqla maddənin tətbiq dairəsinə düşür. Lakin hərbi birləşmələr hər hansı beynəlxalq bir təşkilatın tərkibində fəaliyyət göstərdikdə dövlətin birbaşa özündən əmrlər almadığına görə vəziyyət dəyişir. Hüquq ədəbiyyatında formalaşmış əsas mövqe sülhməramlıların fəaliyyətinə görə məsuliyyətin aparılan əməliyyatlara rəhbərlik edən subyektin üzərində olması istiqamətindədir. BMT Hüquq Müşaviri 2004-cü ildə sülhməramlı qüvvələrin BMT-nin subsidiar orqanı kimi fəaliyyət göstərməsi və onların hərəkətlərinə görə BMT-nin beynəlxalq hüquqi məsuliyyət daşımasını təsdiq etdi.11 Sual yaranır ki, onda yalnız beynəlxalq təşkilat məsuliyyət daşıyır?

Məsələyə bir az daha aydınlıq gətirə bilmək üçün çoxmillətli sülhməramlı qüvvələrin tərkibində xidmət aparan qüvvələrlə bağlı 3 məhkəmə işini nəzərdən keçirək.

  •  H.N. v. the Netherlands işində Srebrenitsa soyqırımında ölən şəxslərin yaxınları Haaqada aşağı instansiya məhkəməsinə etdikləri müraciətdə Niderland sülhməramlılarının Bosniyalı müsəlmanları köçürməsi nəticəsində qətliamla üzləşdiklərini və buna görə də Niderlandın öz hərbi birləşmələrinin hərəkətlərinə görə məsuliyyət daşıdığını iddia etmişdirlər. Məhkəmə isə Niderland hərbi birləşməsinin sülhməramlı missiya ilə bağlı BMT-nin tabeçiliyinə verildiyini əsas gətirmiş və dövlətin məsuliyyətinin olmaması qənaətinə gəlsə də, 2013-cü ildə Niderland Ali Məhkəməsi bu qərarla razılaşmadı. Niderland Ali Məhkəməsi törədilən pozuntuya görə beynəlxalq hüquqda həm dövlətin, həm də beynəlxalq təşkilatın məsuliyyətinin istisna olunmadığını əsas gətirdi və şəxslərin ölümünə görə dövlətin məsuliyyət daşıdığını müəyyən etdi.
  • Digər iş olan Mothers of Srebrenica v. the Netherlands işində isə iddia BMT-yə və Niderland hökumətinə qarşı yönəldilmişdir. Bu işdə məhkəmə BMT-yə qarşı işə baxmaq səlahiyyətinin olmadığı nəticəsinə gəlmişdi.12  Yuxarıda sadalanan iki işin nəticəsində məhkəmə 1)  Niderland hökumətini Srebrenitsanın məsuliyyətindən azad etdi, 2) bütün məsuliyyəti kifayət qədər sübutların olmamasına baxmayaraq BMT-yə atdı, 3) BMT Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, Avropa İnsan Hüquqları Konvensiyası və Genosid Konvensiyasından irəlli gələn mülki iddialardan immuniteti vasitəsilə azad oldu.13 1995-ci ilin iyulunda Niderland Ali Məhkəməsi Mothers of Srebrenica v. the Netherlands işi ilə bağlı yekun qərar qəbul edərək  BMT-nin immunitetini saxlamaqla Niderland sülhməramlılarının soyqırımın mövcud nəticələrinin 10%-i üçün məsuliyyət daşıdığını müəyyən etdi. Beləcə gələcəkdə effektiv nəzarətin BMT ilə bərabər sülhməramlı göndərən dövlətlərin də üzərinə düşdüyünü göstərmiş oldu.
  • Behrami işində isə Fransız sülhməramlıların təyin olunduqları ərazidə oyun oynayarkən sursatların partlaması nəticəsində həlak olan uşağın valideyni Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinin pozulması əsası ilə Avropa İnsan Hüquqları Məhkəməsinə Fransaya qarşı iddia ilə müraciət etmişdi. AİHM-in ən çox tənqid olunan qərarlarından biri olmaqla bu işdə məhkəmə Konvensiyanı tətbiq etməyərək, Fransız sülhməramlılarının BMT TŞ-nın qətnaməsinə əsasən xidmət apardığını və bu minvalla dövlətin məsuliyyət daşımadığını qərarlaşdırdı.14 Bu bir kənara qalsın məhkəmə Konvensiyanın üzv dövlətlərin BMT-nin Təhlükəsizlik Şurasının Qətnamələri ilə əhatə olunan və beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması missiyası ilə bağlı baş verən hərəkət və ya hərəkətsizliyinə dair araşdırma aparmaqla BMT-nin həlledici missiyasının icrasına maneə törədilə biləcəyini düşünür.15 Məhkəmənin BMT-ni gələcək xoşagəlməz nəticələrdən qorumaq üçün belə qərar qəbul etdiyini düşünürük.

Sülhməramlılıq fəaliyyəti üzrə 70 ildən çoxdur formalaşan təcrübə dövlətlərin göndərdikləri şəxsi heyət üzərində beynəlxalq təşkilatlarla bərabər məsuliyyətinin formalaşdığını göstərir. Bu fəaliyyət tək dövlət tərəfindən həyata keçirildikdə isə dövlətin məsuliyyətini müəyyən etmək üçün yalnız pozuntunu törədən şəxslərin həmin dövlətin silahlı birləşmələrinə aidliyini sübut etmək qalır. Sülhməramlı qüvvələrin hansı hüquqi əsasla təyin olunması, necə idarə olunması, effektiv nəzarətin yoxlanılması kimi suallar sülhməramlı fəaliyyətlər zamanı beynəlxalq hüquq pozuntularına görə məsuliyyətin daşıyıcısını müəyyən etməkdə rol oynayır.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

İstinadlar və izahlar

  1. Brian Zimbler, Peacekeeping without the UN: The Multinational Force in Lebanon and International Law, 10 Yale Journal of International Law 222, 227 (1985).
  2. Virginia Page Fortna, Does peacekeeping work? Shaping belligerents’ choices after civil war, 5 (Princeton University Press, 2008).
  3. BMT-nin Nizamnaməsi, maddə 24.
  4. Yuxarıda istinad 1, 230.
  5. ABŞ-ın Livan (1958), Dominikan Respublikası (1965) və Vyetnama (1965-73); Sovet İttifaqının isə Macarıstana (1956) müdaxiləsi.
  6. Birger Heldt, UN-led or Non-UN-led peacekeeping operations? 122.
  7. Yuxarıda istinad 1, 247.
  8. Dicks, The International Soldier-A Psychiatrist’s View, in International Military Forces 236, 238 (Bloomfield ed. I964).
  9. BMT-də ABŞ-ın milli təsirini azalda biləcəyi səbəbilə həyata keçirilməmişdi.
  10. Kjetil Mujezinović Larsen, Attribution of Conduct in Peace Operations: The ‘ Ultimate Authority and Control ’ Test, 19 EJIL 509, 512 (2008); buradan bax: http://ejil.org/pdfs/19/3/1628.pdf
  11. BMT Hüquq Müşavirinin 3 fevral 2004-cü il tarixli dərc olunmamış məktubu: https://digitallibrary.un.org/record/526094/files/A_CN.4_L.654_Add.1-EN.pdf.
  12. “Mothers of Srebrenica” v. the State of the Netherlands and the United Nations, Rechtbank’s-Gravenhage [HA ZA] [District Court in The Hague], July 10, 2008, 295247 / HA ZA 07- 2973 (Neth.).
  13. Tom Dannenbaum, Translating the Standard of Effective Control into a System of Effective Accountability: How Liability Should be Apportioned for Violations of Human Rights by Member State Troop Contingents Serving as United Nations Peacekeepers 51 Harvard International Law Journal 113, 122 (2010).
  14. Behrami işi, para. 142-143: https://hudoc.echr.coe.int/fre#{%22itemid%22:[%22001-80830%22]; həmçinin bax: Stephanie Farrior, Introductory Note to Behrami and Behrami v France and Saramati v France, Germany & Norway, European Court of Human Rights, Vermont Law school Legal Studies Research Paper series, Research Paper No. 09-23, 2007.
  15. Yenə orada, para. 149.
Oxşar paylaşımlar