Müəllif: Mehran Əmirli

Ali Məhkəmənin 19 iyul 2019-cu il tarixli qərarında müqavilə aidiyyəti ilə bağlı maraqlı bir iş həll olunub.

İşin halları

İş üzrə iddiaçı Paghera Green Service Societa Agricola S.R.L adlı italyan şirkəti, cavabdeh isə “Baku Kaspian Real İsteyts Limited” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. İddiaçı Cavabdehin sifarişi əsasında Bilgəh qəsəbəsindəki bir torpaq sahəsində xidmətlər göstərilməsi üçün razılaşır. Müqavilənin ümumi məbləği 6.357.813 avro olaraq müəyyən edilir. Bu məbləğin əksər hissəsi razılaşmaya uyğun olaraq ödənsə də, məbləğin son 10%-i ödənilmədən saxlanılır. Buna görə də, İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Cavabdehə qarşı iddia qaldırır. Buna cavab olaraq isə Cavabdeh məhkəmədən tərəflər arasındakı müqavilə ilə ayrıca məhkəmə aidiyyatının razılaşdırılmasını əsas gətirərək işə xitam verilməsini xahiş edir.

Belə ki, tərəflər arasında bağlanmış 14 dekabr 2016-cı il tarixli müqaviləyə əsasən, müqaviləyə tətbiq edilməli hüquq İngiltərə və Uels qanunvericiliyi, onlar arasındakı mübahisələr üzrə səlahiyyətli məhkəmə kimi isə həmin ölkələrin məhkəmələri müəyyən edilmişdir. Nə birinci instansiya, nə də apellyasiya instansiya məhkəməsi Cavabdehin işə xitam verilməsi haqqında xahişini qəbul etməmişdir. Lakin Ali Məhkəmə bu xahişin qəbul edilməli olduğu nəticəsinə gəlmişdir.

Apellyasiya məhkəməsinin mövqeyi

Apellyasiya məhkəməsi mövqeyini aşağıdakılara əsasən formalaşdırmışdır:

  • Tərəflər arasındakı müqavilədə mübahisələrin İngiltərə və Uels məhkəmələrində həll ediləcəyi razılaşdırılsa da, “bu şərtin hansı zərurətdən irəli gəldiyi qeyd edilməmiş, konkret beynəlxalq məhkəmənin yurisdiksiyası seçilməmişdir”;
  • İddiaçı şirkətin İngiltərə və Uelsdə qeydiyyata alınmış hüquqi şəxs olması barədə sübut təqdim olnumamışdır;
  • O, cümlədən tərəflər arasında İngiltərə və Uels məhkəmələri tərəfindən baxılmış və ya icraatda olan məhkəmə mübahisəsi olması iş materiallarından müəyyən olunmur.

Və bütün bunlara görə, habelə mübahisə predmeti Azərbaycanda görülən işlər olduğundan və Cavabdeh Azərbaycan hüquqi şəxsi olduğundan, bu işə də Azərbaycan məhkəmələrində baxılmalıdır.

Apellyasiya məhkəməsi bu əsaslarına isə aşağıdakı hüquq normalarını tətbiq etməklə işə xitam verilməsi xahişini rədd etmişdir:

  • Mülki Prosessual Məcəllənin (MPM) 40-cı maddəsinə görə, tərəflər öz aralarındakı yazılı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər (40.2), lakin saziş o zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış olsun (40.3).1
  • MPM-in 440-cı maddəsinə görə, işdəki şəxslərdən biri xarici şəxsdirsə, Azərbaycan məhkəmələri beynəlxalq səlahiyyətə malikdirlər (440.1) və belə olduqda icraat MPM-ə əsasən aparılır (440.2).
  • MPM-in 443.0.7-ci maddəsinə əsasən isə, iddia icrası tam və ya qismən Azərbaycan ərazisində həyata keçirilmiş müqavilədən irəli gəlirsə, Azərbaycan məhkəmələri həmin işə baxmağa haqlıdır.

Ali Məhkəmənin mövqeyi

Lakin Ali Məhkəmə hesab etmişdir ki, gəlinmiş nəticə düzgün deyil.

Ali Məhkəmə əsaslandırmasına belə başlayır ki, məhkəmə aidiyyəti qanuna uyğun şəkildə müqavilə ilə müəyyən edildiyinə görə, İddiaçının qarşılıqlı razılıq olmadan Azərbaycan məhkəməsinə müraciət etməsi düzgün deyil.2 Ali Məhkəmə həm də, MPM-in 28-ci maddəsinə istinad edərək bildirir ki, tərəflər arasındakı saziş başqa qayda nəzərdə tutmursa, Azərbaycan məhkəmələri işə baxa bilər.

Ali Məhkəmə MPM-in 29-cu maddəsinə əsaslanaraq işin razılıqla “münsiflər məhkəməsinin” həllinə verilə bilməsini təsdiq edir. Ali Məhkəmə təkcə “münsiflər məhkəməsi” ifadəsini arbitraj mənasında işlədildiyini deməklə kifayətlənmir, bu maddənin məqsədləri üçün digər ölkənin məhkəmələrini də arbitrajla eyniləşdirir.

Maraqlıdır ki, Ali Məhkəmə apellyasiya məhkəməsinin mövqeyini MPM-in 40.1-40.3-cü maddələri ilə əsaslandırmasını ona görə yanlış hesab edir ki, aşağı instansiya MPM-in 40.4-cü maddəsini nəzərə almayıb. Ali Məhkəməyə görə, müqavilə ilə aidiyyətin müəyyən edilməsi “müstəsna aidiyyət”dir və MPM-in 40.4-cü maddəsinə görə, müstəsna aidiyyət halında 40.1-40.3-cü maddələr tətbiq oluna bilməz. Buradan belə nəticəyə gəlmək olar ki, müstəsna aidiyyət MPM-in 39-cu maddəsində qeyd edilənlərlə məhdudlaşmır. Lakin hesab edirəm ki, MPM-in 40.4-cü maddəsindəki “müstəsna aidiyyət” sözləri ilə yalnız MPM 39-cu maddədəki hallar nəzərdə tutulub.

Ali Məhkəmə MPM-in 259.0.5-ci maddəsinə istinad etməklə bir daha “digər dövlətin məhkəməsi” ifadəsi ilə “münsiflər məhkəməsi” ifadəsini eyniləşdirir.

Ali Məhkəmə daha sonra apellyasiya məhkəməsinin mövqeyini MPM-in 40.2 və 40.3-cü maddələrilə əsaslandırmasına bir daha qayıdır. Apellyasiya məhkəməsi belə hesab etmişdir ki, konkret mübahisənin meydana çıxdığı hər bir halda aidiyyətlə bağlı ayrıca saziş bağlanmalıdır və tərəflər arasında yarana biləcək istənilən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsini ehtiva edən ümumi sazişlər bağlana bilməz. Belə saziş olduqda isə ona istinadən ərazi aidiyyətinin dəyişdirilməsinə yol vermək olmaz. Ali Məhkəməyə görə bu qənaət yanlışdır.

Ali Məhkəmə apellyasiya instansiyasının MPM-in 40.3-cü maddəsinə verdiyi təfsirlə də razılaşmır. Həmin maddəyə görə, “saziş o zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış olsun”. Bakı Apellyasiya Məhkəməsi belə hesab edib ki, bu qaydanın mənasına görə, belə saziş yalnız iş “məhkəmə mübahisəsi”nə çevrildikdən sonra, yəni məhkəmə tərəfindən qəbul olunuduqdan sonra bağlana bilər. Ali Məhkəmə bu mövqeyi də yanlış hesab edir.

Hüquq praktikası və məntiqilik baxımından Ali Məhkəmənin mövqeyini haqlı hesab etsəm də, qanunun mətninə nəzər salarkən aşağı instansiyaların da mövqeyinə tam olaraq yanlış demək olmur. MPM-in müqavilə aidiyyəti müddəaları açıq və aydın deyil. MPM-in 40-cı maddəsində belə sazişin “müəyyən məhkəmə işinə və ya mübahisəsinə” əsaslanmalı olması tələbi çaşqınlıq yaradır, məsələn. Bakı Apellyasiya Məhkəməsi bu qaydanı yalnız “məhkəmə işi”nin yaranmasından sonra tətbiq oluna biləcəyini hesab edir, Ali Məhkəmə də sazişlə tərəflərin gələcəkdəki mümkün məhkəmə işlərinin aidiyyətini öncədən dəyişdirə bilməsi kimi təfsir edir.

Yaxın ölkələrin məsələ barədə qanunvericiliyinə nəzər salaq.

Rusiyanın Mülki Prosessual Məcəlləsi bu qaydanı daha aşkar qeyd edir. Həmin Məcəllənin  Müqavilə aidiyyəti başlıqlı 32-ci maddəsi🔗 belədir:

İş məhkəmə tərəfindən icraata qəbul edilənə kimi tərəflər aralarındakı razılaşma ilə həmin işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Bu Məcəllənin 26🔗, 27🔗, 30🔗-cu maddələri ilə müəyyən olunmuş aidiyyət tərəflərin razılığı ilə dəyişdirilə bilməz.

Türkiyə qanunvericiliyi bu baxımdan bir az detallıdır. Türkiyə Respublikası Hukuk Mahkemeleri Kanunu🔗 müqavilə aidiyyəti barədə bu qaydaları müəyyən edir:

Səlahiyyətləndirmə müqaviləsi

Maddə 17- (1) Sahibkarlar və ya publik hüquqi şəxslər aralarında ortaya çıxmış və ya çıxa biləcək bir mübahisə haqqında bir və ya birdən çox məhkəməni müqavilə ilə səlahiyyətli edə bilərlər. Tərəflər tərəfindən əksi haqqında razılıq əldə edilmədikcə, icraat ancaq müqavilə ilə müəyyən edilmiş bu məhkəmələrdə başlana bilər.

Səlahiyyətləndirmə müqaviləsinin etibarlılıq şərtləri

Maddə 18- (1) Tərəflərin haqqında sərbəst qərar verə bilmədiyi məsələlərlə bağlı və dəqiq müəyyən edilmiş səlahiyyət hallarında səlahiyyətləndirmə müqaviləsi bağlana bilməz.

(2) Səlahiyyətləndirmə müqaviləsinin etibarlı ola bilməsi üçün yazılı olaraq bağlanması, mübahisənin qaynaqlandığı hüquqi münasibətin müəyyən və ya müəyyən edilə bilən olması və səlahiyyətləndirilən məhkəmə və ya məhkəmələrin göstərilməsi şərtdir.

Bütün bunları nəzərə alsaq, bu nəticəyə gəlmək olar ki, MPM-dəki müqavilə aidiyyəti qaydalarının aydınlaşdırılmasına ehtiyac vardır. Xarici elementli münasibətlərdə müqavilə aidiyyatının razılaşdırılması geniş yayılmış beynəlxalq praktikadır və MPM-in də həmin praktikaya uyğunlaşdırılması zəruridir. Ali Məhkəmənin mövqeyi baxımıdan MPM-in həmin qaydalarının yenilənməsi daha düzgün olar.

İstinadlar və izahlar

  1. Vurğu əlavə olunub.
  2. Burdan belə nəticəyə gəlinməlidir ki, müqavilə aidiyyəti, tərəflərdən biri etiraz etməzsə, nəzərə alınmayacaqdı.