Hüquqi şəxslərlə bağlı mübahisələrdə bəzi məsələləri xülasəsi 

 Müəlliflər Emin Kərimov və Rəşid Əliyev

 

Azərbaycan məhkəmələrində hüquqi şəxslərlə[1] bağlı məhkəmə işlərinə baxarkən qarşıya çıxan bir sıra əsas konseptual məsələlər barədə fikirlərimizi bu məqalədə bölüşmək istərdik. Hüquqi şəxslərlə bağlı məhkəmə işləri fərqli ola və bu işlərdə müxtəlif hüquqi suallar yarana bilər.

Sırf korporativ hüquq nöqteyi-nəzərindən suallar daha çox hüquqi şəxsin idarə edilməsi ilə bağlı olur – misal üçün, MMC-nin iştirakçısının biri bir cür qərarın, digəri isə bir başqa qərarın qəbul edilməsini istəyir və ya direktor bir cür hərəkət edir, şirkətin iştirakçısı və ya səhmdarı isə bir başqa cür və sair.  Korporativ məsələlər, əlbəttə ki, sırf korporativ idarəetmə məsələləri ilə məhdudlaşmır – bir şirkətlə digər şirkət arasında bağlanan əqdlərlə əlaqədar yaranan suallarla yanaşı, başqa suallar da ortaya çıxa bilər. Bu məqalədə bizim məqsədimiz hüquqi şəxslərlə bağlı bir çox məhkəmə işlərində nəzərə alınmalı olan hüquqi amillər barədə yazmaqdır. Yəni elə amillər ki, böyük ehtimalla onlar bir çox hüquqi şəxslərlə bağlı işlərdə meydana gələ bilər:

Hüquqi şəxsin özü və onun iştirakçısı (səhmdarı) başqa-başqa şəxslərdir:

Hüquqi şəxs öncəliklə ayrıca bir şəxsdir. Burada “hüquqi” sözü bu şəxsin fiziki deyil, məhz kağız üzərində (və ya elektron formada) mövcud olduğunu bildirir.[2] Yəni biz – Rəşid və Emin “REM” MMC təsis etdikdə, özümüzdən ayrı olan bir şəxs yaratmış olduq.  Bu şəxs fiziki mövcud deyil – yəni heç kim bu şəxsə fiziki olaraq toxuna bilmir; o, yalnız kağız üzərində mövcuddur. Bununla belə, bu şəxs özü müxtəlif hərəkətlər edə bilir. O, müqavilə bağlayır, mallar və məhsullar alır, digər şəxslərlə əlaqə saxlayır və sair.  Misal üçün, “REM” MMC bir şəxslə alış-veriş müqaviləsi bağladıqda, bu müqaviləni Rəşid və ya Emin deyil, “REM” MMC bağlamış olur.

Məhkəmə çox nadir hallarda (burada “çox” sözünü vurğulamaq istərdik)  “korporativ pərdə”ni[3] (termini ingilis hüquq ədəbiyyatından götürdük) aradan qaldıra bilər. Yəni hüquqi şəxsin etdiyini onun iştirakçısının (səhmdarının) əməli kimi qəbul edə bilər.  Yenə də bu, çox nadir hallarda edilə bilən bir şeydir. Əsasən, bunu etmək olar: hər hansı cinayətin törədilməsində və ya mülki münasibətlərdə digər şəxsləri aldatmaq məqsədi ilə bilə-bilə hüquqi şəxsdən yalnız bir mexanizm və ya metod kimi istifadə etdikdə. Əgər hüquqi şəxsin əvvəlcədən bilə-bilə mexanizm və ya metod kimi istifadə olunması barədə zərrəcə belə şübhə varsa, hesab edirik ki, bu şübhə hüquqi şəxsin sahibinin xeyrinə şərh olunmalıdır. “Korporativ pərdə”nin aradan qaldırılmasından geniş istifadə (o cümlədən vergi məsələlərində) sui-istifadəyə və hüquqi şəxsin əhəmiyyətinin azalmasına gətirib çıxaracaq.

 

İdarəçilik məsələlərində daxili sənədlər – xüsusən nizamnamə və iştirakçılar (səhmdarlar) arasında müqavilə əsasdır:

Hüquqi şəxsin hansı orqanı hansı qərarlar qəbul edə bilər və bilməz, bunun üçün kim məsuliyyət daşıyır və sair kimi çox sayda hüquqi suallar yaranır. İlk növbədə, hüquqi şəxsin nizamnaməsinə baxmaq lazımdır. Nizamnamə mühüm sənəddir. Mahiyyət etibarilə nizamnamə hüquqi şəxsin iştirakçıları (səhmdarları) arasında “müqavilədir”. Bu müqavilə aspekti çox vacibdir. Əgər nizamnamədə nəzərdə tutulursa ki, hüquqi şəxslə digər hüquqi şəxs arasında olan və məbləği 100.000 manat olan müqaviləni yalnız direktor təsdiq etməlidir, deməli, iştirakçılar (səhmdarlar) bu cür razılaşıblar. Bəzi məsələlər nizamnamədə tənzimlənə bilmədiyi üçün – o da sırf həmin məsələlərin təbiətindən irəli gələrək və ona görə yox ki, nizamnamədə hansısa məsələlər nəzərdə tutula bilməz – iştirakçılar (səhmdarlar) arasında müqavilə ilə tənzimlənir. Məhkəmələrin nizamnamənin və iştirakçılar (səhmdarlar) arasında bağlanan müqavilənin müddəalarına maksimal olaraq hörmət etməsi olduqca zəruridir. Xüsusən, əgər qanunun müddəaları ilə nizamnamənin və ya iştirakçılar (səhmdarlar) müqaviləsinin arasında ziddiyyətlərin olub-olmaması barədə zərrə qədər də şübhə varsa, mütləq nizamnamə və ya müqavilə əsas götürülməlidir.

Hüquqi şəxs bazar münasibətlərini tənzimləmək üçündür. Hüquqi şəxs nəzarət mexanizmi deyil! Bazar mexanizmi də odur ki, tərəflər öz aralarında nə razılığa gəliblərsə, o da mümkün qədər çox tətbiq olunsun.  Yalnız müstəsna hallar və açıq-aşkar qanunazidd hallarda nizamnamənin və ya müqavilənin müddəalarını nəzərə almamaq olar.

 

Vergilər Nazirliyinin əməkdaşından soruşmayın: “Filan şeyi niyə qeydiyyata almısınız”?

Bu bənd yuxarıdakı 2-ci bənddə qeyd etdiyimiz məsələ ilə sıx bağlıdır. Vergilər Nazirliyinin müvafiq idarəsi hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirir. Buna baxmayaraq, bir çox hüquqi və praqmatik səbəblərə görə qeydiyyat orqanı korporativ hüquq sahəsində ekspert deyil və şəxslərə qeydiyyatla bağlı hər hansı bir xidmət göstərmir. Yəni onların fəaliyyətinə yanlış yanaşma sadəcə insanları səhv istiqamətdə aparır. Qeydiyyatla bağlı bir çox məsələlərdə şəxslər qeydiyyat orqanlarının əməkdaşlarından hüquqi yardım tələb edirlər, həmin əməkdaşlar imkanları qədər dəstək göstərməyə çalışırlar, lakin bilmək lazımdır ki, bu, onların vəzifəsi deyil.

Hüquqi şəxsin qeydiyyata alınmasının yeganə səbəbi onun mövcud olmasını təsdiq etmək üçündür – sadəcə bu!  Başqa heç bir səbəb yoxdur və özümüzdən də heç bir əlavə səbəb ixtira etməli deyilik. Qeydiyyat sənədlərində qanunvericiliklə tələb olunan məlumatlar əhatə olunduqdan sonra qeydiyyat sənədlərinin, nizamnamənin tərtibatına və mətninə, hüquqi şəxsdə idarəçiliyin necə təşkil olunmasına dair Vergilər Nazirliyi məsuliyyət daşıya bilməz. Buna görə məsul olan şəxslər hüquqi şəxsi təsis edənlərdir və onların nə qədər düzgün hərəkət edib-etməməsinə nəzarəti yalnız aralarında mübahisə yarandıqda (!) məhkəmələr həyata keçirir.

Yenə də: hüquqi şəxs bazar münasibətləri alətidir.  Əgər bazar iştirakçıları – yəni hüquqi şəxsin iştirakçıları (səhmdarlar) – hansısa bir məsələ barədə razılığa gəliblərsə və bundan razıdırlarsa, o zaman bu razılıqla yaşasınlar. Əgər onların razılığı açıq şəkildə qanuna ziddirsə, bu, yalnız onların günahıdır. Qeydiyyat orqanının burada heç bir günahı yoxdur. Onun vəzifəsi sadəcə bazar iştirakçılarının təqdim etdiyi məlumatlar və sənədlər əsasında hüquqi şəxsin mövcud olmasını qeydiyyata almaqdır.

Qeydiyyat orqanına nəzarət funksiyasının verilməsi bir sıra neqativ nəticələrə səbəb olur. Onlardan ikisini qeyd etmək istərdik və bunlar bir-biri ilə sıx bağlıdır: (1) nəzarətin mahiyyət etibarilə senzura rolunu oynaması və (2) qeydiyyat orqanına nəticə etibarilə məhkəmənin səlahiyyətlərinin verilməsi. Birinci məsələ ilə bağlı: misal üçün, qeydiyyat orqanı deyəndə ki, nizamnamədə filan maddəni qəbul etmir, o, mahiyyət etibarilə senzura rolunu oynayır.  Bəlkə də bazar iştirakçıları (hüquqi şəxsin iştirakçıları və ya səhmdarlar) münasibətlərini məhz bu cür qurmaq istəyirlər. Müstəsna hallar istisna olmaqla – xüsusən üçüncü şəxslərin hüquqlarına təsir edən hallarda “yox, mən sizə deyirəm ki, siz öz münasibətlərinizi belə qurmayın” deməyə heç kimin ixtiyarı olmalı deyil.

İkinci məsələ: hüquqi şəxslərə dair qanunvericilik yalnız bəzi mühüm məsələləri tənzimləyir. Bir çox məsələləri tərəflər öz aralarında tənzimləyirlər. Qeydiyyat orqanı çox vaxt məhkəmə qarşısında məsuliyyətini əsas gətirərək (biz bilmirik ki, bu əsas nə qədər ciddidir) qanunun əsasında sənədləri, o cümlədən hüquqi şəxsin nizamnaməsinin nə qədər qanuna uyğun olub-olmadığını yoxlayır. Ancaq qeydiyyat orqanının bunu etməsi üçün resursu və şəraiti yoxdur. Hər hansı bir məsələ barədə ədalətli qərarın qəbulu üçün ortada mübahisə olmalıdır, fərqli mövqelər olmalıdır və bu mövqeləri müdafiə edən tərəflər olmalıdır. Məhkəmə də bu mövqeləri dinləyib ədalətli qərar qəbul edir. Qeydiyyat orqanı deyəndə ki, filan müddəanı qanunazidd hesab edir, o məhkəmə rolunu oynamış olur.  Bu da hüquqi şəxsin bazar mexanizmi təbiətinə ziddir!

 

Liberal korporativ hüquqa doğru:

Biz bu adlı məqaləni bir müddət əvvəl Bakı Hüquq Jurnalında dərc etmişik[4]. Bu məqalədəki mövqeyimizin əsaslarını məhz o məqalədə izah etmişik. Yekunda təcrübədə tez-tez rastlaşdığımız problemlərdən birini misal çəkmək istərdik:

“REM” MMC kapitalını artırmaq istəyir və qeydiyyat orqanına iki sənəd təqdim edib: (i) bankdan verilən 5 yanvar 2016-ci tarixli məktub – bu məktubda təsdiq edilir ki, “REM” MMC-nin (bundan sonra “Cəmiyyət”) iştirakçıları əlavə kapitalı banka ödəyiblər və (ii) Cəmiyyətin nizamnamə kapitalının artırılmasını təsdiq edən iştirakçıların 6 yanvar 2015-ci il tarixli qərarı.

Lakin qeydiyyat orqanı bu sənədləri qəbul etməkdən imtina edib və imtinanı bu cür əsaslandırıb: Mülki Məcəllənin 90.6-cı maddəsinə əsasən iştirakçılar əlavə payları ümumi yığıncaq qərar qəbul etdikdən sonra qoymalıdırlar. Yəni birinci qərar qəbul olunmalıdır, sonra isə pay qoyulmalıdır. Bu halda isə birinci əlavə pay qoyulub (05.01.2015), sonra iştirakçılar qərar qəbul ediblər (06.01.2015).

Biz bu mövqe ilə razı deyilik.  Əvvəla 90.6-cı maddədə deyilmir ki, əlavə pay yalnız qərardan sonra qoyula bilər. Yəni qərardan əvvəl kapital qoyulması istisna edilmir.  90.6-cı maddənin 5-ci cümləsinin məqsədi odur ki, əgər artıq qərar verilibsə, o zaman hökmən əlavə kapital qoyulmalıdır. Başqa cür desək, elə olmasın ki, qərar qəbul edilib, ancaq əlavə pay qoyulmur. Sual yaranır: nə üçün 90.6-cı maddəyə dair bizim şərhimiz deyil, məhz qeydiyyat orqanının şərhi əsas götürülməlidir?

İkincisi və ən əsası, hüquqi şəxs azad bazar alətidir. “REM” MMC-nin iştirakçıları qərar qəbul edib və bununla razılaşıblar. Nizamnamə kapitalı və kimin nə qədər paya malik olması onların arasında olan münasibətləri tənzimləyir. Əgər iştirakçılar buna razı olurlarsa, deməli, onlar bu cür şərtləri qəbul edir, münasibətlərini bu cür qurmaq istəyir və bu cür yaşamaq istəyirlər.

Yekunda qeyd etmək istəyirik ki, özü-özlüyündə qeydiyyat orqanının qanunu bildiyi kimi tətbiq etməsində heç bir problem yoxdur. Problem iki azad bazar iştirakçısının arasında olan münasibətlərə zəruri olmayan müdaxilənin edilməsindədir.  Buna heç bir zərurət yoxdur. Ancaq bəri başdan qanunu məhdudlaşdıran kimi şərh etməklə, bazar iştirakçılarının imkanları məhdudlaşdırılmış olur.

 ——————————–

[1] Burada “hüquqi şəxs” dedikdə tam ortaqlıq nəzərdə tutulmur.

[2] Hüquqi şəxsin fiksiya nəzəriyyəsi

[3] İngiliscə “corporate veil” – yəni hüquqi şəxs pərdə rolunu oynayır və onun sahibin hüquqi şəxsin arxasında dayanır.  Özü-özlüyündə pərdənin olması normaldır, sadəcə problem bu pərdədən sui-istifadədir.

[4] http://www.aaa.org.az/sites/default/files/Download%20Baku%20Law%20Journal%20I.pdf