Çox güman ki, belə bir ifadəni eşitmişiniz – hüquqların rəqabəti (regulatory competition). Qeyd edim ki, burda rəqabət və anti-monopoliya hüququndan söhbət getmir. Bu konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, iqtisadi münasibətlər inkişaf etdikcə, müxtəlif yursdiksiyalar (ölkələr) biznesi öz iqtisadiyyatlarına cəlb etmək üçün öz yerli hüquq qaydalarını inkişaf edirlər, liberallaşdırırlar və təkmilləşdirillər.
Bu idea ilk olaraq, keçən əsrin 50-60-ci illərdə ABŞ-ın ştatları arasında böyük populyarlıq qazanmışdır. Biznesi cəlb etmək üçün və korporasiyaları öz ştatlarında qeydiyyata alınmasına sövq etmək üçün ştatlar həmin “hüquqların rəqabəti” çərçivəsində öz müvafiq qanunvericiliklərinin inkişafı üzərində çalışırdılar. Avropa Ittifaqinda “hüquqların rəqabəti” mövzusu məşhur “Centros” (Centros Ltd v Erhvervs- og Selskabsstyrelsen C-212/97) işindən sonra daha çox gündəmə gəldi və kontinental hüquq sisteminə malik olan ölkələr öz korporativ hüquqlarının sərt tələblərini yumşaltmağa başladılar.
Kapital cəlb etmək üçün müxtəlif yurisdiksiyalar (ölkələr) arasında qlobal rəqabət məsələsi gündəmə gəldi. İnvestorları cəlb etmək üçün və bununla iqtisadiyyatlarının inkişafına yeni təkan vermək niyyəti ilə və öz yurisdiksiyalarını beynəlxalq biznes aləmində cəlbediciliyini artırmaq üçün ölkələr öz qanunvericiliklərində daha liberal və “müştəriyə istiqamətlənmiş” normalara üstünlük verməyə başladılar. MDB ölkələrdən bu rəqabətə uğurla qoşulanlar arasında Rusiyanı, Ukraynanı, Gürcüstanı, Qazaxıstanı qeyd etmək olar.
Kommersiya sahəsində iri əqdlərlə (korporativ əqdlər, alqı-satqı və sair biznes əqdləri) çalışan hüquqşünaslar həmin “rəqabətin” nəticələrini görürlər. Belə ki, bir çox əhəmiyyətli əqdlər ingilis hüququna istiqamətlənirlər. Əvvəl bu hal əsasən xarici elementli əqdlərdə rast gəlinirdisə, son 5-6 ildən bəri yerli biznes iştirakçıları arasında bu təcrübə formalaşıb. Yerli qanunvericiliyin metodları iştirakçıların kommersiya maraqlarını təmin etmədiyindən (və zəruri müdafiə mexanizmləri olmadığından) sahibkarlar öz əqdlərini xarici yurisdiksiyaların tətbiqi dairəsinə salmağa çalışırlar.
Bu tendensiya inkişaf edən post-sovet ölkələrin hamısında baş verir və qeyd etdiyim kimi, artıq bir sıra ölkələr bu problemin həlli üçün müəyyən addımları atmağa başlayıblar. Məsələn, son zaman Rusiya kommersiya hüququnda baş verən əhəmiyyətli dəyişikliklər barədə çox güman ki xəbərdarsınız. Əsasən ABŞ, İngilis və kontinental Avropa hüququndan bizə tanış olan “shareholders agreement”, “representation & warranties”, “public company”, “piercing the corporate veil” və digər institutlar aktiv şəkildə Rusiya mülki qanunvericiliyinə daxil edilir. Bu yanaşma Ukrayna və Qazaxıstanda həmçinin müşahidə olunur. Sözsüz, nəticədə həmin “hüquqi transplantların” (legal transplants) praktikada tətbiqi ilə müəyyən problemlər çıxır və onlar təcrübə prosesində müəyyən “kökləmələr və sazlama” vasitəsi həll edilir.
Azərbaycan hüququnun bu rəqabətdən kənarda qalmasını sözsüz ki, mənfi haldır. Nəticədə nəyinki xarici investorlar gəlmirlər, hətta yerli biznes digər yürisdiksiyalara keçməsinə səbəb ola bilər. Əvvəl yerli biznes üçün qərb (ABŞ, Avropa) yurisdiksiyasından istifadə imkanları məhdud olduğundan buna az rast gəlinirdi, ancaq indi qərb kommersiya hüququnun “cəlbedici” institutları yaxın (qonşu) ölkələrin hüquqlarında yer alması nəticəsində biznes iştirakçıları üçün yaxşı alternativ əmələ gəlir.