Tərcümə Joel P. Trachtman, The Tools of Argument: How the Best Lawyers Think, Argue and Win, 2013 kitabındandır. Qeyd edim ki, bəzi hissələrin daha anlaşıqlı olması üçün ümumiləşdirmə aparılmış və ixtisarlar edilmişdir.

Hüquqşünaslar hüquqi sualları hissələrə və ya elemenlərə bölür və hər bir elementi ayrı-ayrılıqda təhlil (analiz) edirlər. Yəni əgər adam öldürmə cinayətinin elementlərini qəsd, səbəb, ölüm təşkil edirsə, biz bu komponentləri ayrılıqda təhlil edir və tam şəkildə başa düşmək üçün bu təhlillərin nəticələrini ümumiləşdiririk (sintez).

Lakin bu, şəxsin yanaşmasına görə fərqlənə bilər. Belə ki, o, hüquqi təhlili nəzərə almadan ümumi düşüncə ilə elə qənaətə gələ bilər ki, “bu qəsdən adam öldürmədir” və ya “bu oğurluqdur”, yaxud “bu dələduzluqdur”. İnsan davranışı üzrə araşdırma aparan alimlər təsdiq etmişdirlər ki, insanlar ilk öncə nəticələri əldə edir və sonra təhlil edirlər. Hüquq isə bu cür şeyləri bir növ “yavaşlada” bilir və nəticədən əvvəl məsələni bizə analitik cəhətdən düşünməyə icazə verir.

Analiz və sintez üslubu həm də yaxşı hüquqi yazını formalaşdıra bilər. Arqumentinizin ilk hissəsində cinayət əməlini və ya iddianı elementlərə ayırın: iddianı təhlil edin. Növbəti hissələrdə hər bir elementin faktiki olaraq mövcud olub-olmadığını müəyyən etmək üçün ayrılıqda təhlil edin. Bitdiyi zaman bütün elementləri birləşdirmək, yaxud onlara nəzər yetirmək və onların sual altında olan cinayəti və ya iddianı təşkil edib-etmədiklərini müəyyən etmək asanlaşacaqdır. Yaxşı hüquqi yazı digər təsviredici yazılar kimi məhdud həcmdə olmalı, yəni yalnızca nəticə əldə etmək üçün zəruri olan amilləri əhatə etməlidir, daha artığını deyil.

Müqavilələrdən irəli gələnlər də daxil olmaqla bütün hüquqi qadağalar və ya tələblər “əgər …, onda …” məntiqi formasına uyğun gəlir: əgər x, y və z-dirsə, onda a-dır. İlkin analitik sual sadə şəkildə “əgər nədir?” ifadəsini müəyyən etməkdir. Qeyd etdiyimiz “əgər …, onda …” formulunun “əgər …” hissəsini nə təşkil edir? Cavab həmin cinayət əməlinin və ya iddianın, yaxud müqavilədən irəli gələn öhdəliyin elementləridir. “Əgər nədir?” sualını müəyyən etmək üçün biz sadəcə qanunu və ya müqaviləni oxuyur və onun müvafiq hüquqi nəticələr üçün hansı şərtlər müəyyənləşdirdiyini dəqiqləşdiririk. Elementləri bildiyimiz zaman “əgər …” hissəsinin nədən bəhs etdiyini də bilirik. Qanun isə nəticələri müəyyənləşdirir: “onda …” hissəsini. (Müəllif burada qeyd edir ki, “əgər …, onda …” formulunun “əgər” hissəsini müəyyənləşdirmək bizim elementləri təhlil etməyimizlə ortaya çıxırsa, “onda” hissəsini qanun özü müəyyənləşdirir.)

Bu, pasiyentin məruz qaldığı xəstəliyi müəyyən etmək üçün həkimin müxtəlif diaqnozlardan istifadə etməsindən fərqlənmir. Həkim pasiyentin vəziyyətini qiymətləndirir və faktiki elementləri müəyyən edir. Həkimin ilk öncə onun şikayəti olub-olmadığını, sonra onun qızdırmasının olub-olmamasını, daha sonra da öskürüb-öskürmədiyini soruşduğu kimi, hüquqşünas da hüquqi suala bənzər texnika ilə yanaşır. Əlbəttə, ola bilər ki, həkim heç bir xəstəlik tapa bilməsin və ya hüququşünas iddianın əsasının olmadığını müəyyən etsin, çünki hər hansı xəstəliyin və ya iddianın elementləri aşkar olunmamışdır.

Məsələn, mülki] hüquq pozuntusu və ya “delikt”-ə görə məsuliyyətin olması üçün (i) öhdəlik, (ii) həmin öhdəliyin pozulması, (iii) zərurət istisna olmaqla (iv) öhdəliyin aid olduğu şəxsə (v) zərər vurulmasına səbəb (vi) olmalıdır. Əgər bütün bu şərtlər ödənilirsə, onda delikt üçün hüquqi məsuliyyət yaranır.

Beləliklə, hüquqi analiz (a) hər bir hüquq qaydasını siyahı halına salmaqdan və (b) hər şərtin hüquqi məsuliyyətlə nəticələnib-nəticələnməyəcəyini müəyyən etmək üçün qiymətləndirməkdən ibarətdir. Qeyd edək ki, elementlər bir-biriləri ilə əlaqəlidir; hər hansı şərtə cavab vermədikləri halda, hüquqi məsuliyyət yaranmayacaqdır (qaydanın təbiətindən irəli gələrək, nəticənin müsbət olması üçün qaydanın bütün elementlərinin, yaxud da qaydanın yalnız bir və ya bir neçə elementinin mövcud olmasını əsaslandırmağa ehtiyac ola bilər).

Bu arada, yaxşı yazılmış qanunlar və müqavilələr məsuliyyətin elementlərini müəyyən etməyi daha da asanlaşdırır; ən aydın sənədlər onları birbaşa olaraq müəyyən edir. Yaxşı hüquqi tərtibat (drafting) öhdəliklərin aydın şəkildə ifadəsini ehtiva edir və öhdəliklər həmişə “əgər …, onda …” formulası ilə ifadə olunur. Bu cür tərtibat “əgər …” hissələrini bariz şəkildə müəyyən etməli və “onda …” hissələrini dəqiqliklə qeyd etməlidir. Hər hansı hüquqi sənədi təhlil edərkən əsas olan həmin “əgər …, onda …” formulasının aydın ifadə olunub-olunmamasıdır.

Aşağıda “əgər …, onda …” formulasının yaxşı nümunəsi qeyd olunmuşdur:

Əgər B tərəfinin X əmlakından istifadə etməsi səbəbindən ətraf mühitin çirklənməsinin nəticəsində A tərəfi hər hansı zərərə məruz qalmışdırsa, onda B Tərəfi A Tərəfinə dəymiş zərərin əvəzini tam şəkildə ödəməlidir.

Beləliklə, hazırki müddəaya əsasən zərərin əvəzinin ödənilməsi üçün  B Tərəfinin (i) X əmlakından (ii) istifadə etməsi səbəbindən (iii) ətraf mühitin çirklənməsinin nəticəsində (iv) A Tərəfi (v) hər hansı zərərə məruz qalmalıdır.

Əlbəttə, təhlil sırf hüquqşünaslara xas deyildir. Adi həyatda biz hər hansı birinin bizə yalan deyib-demədiyini müəyyənləşdirmək istəyə bilərik. Bunu etmək üçün biz özümüzə “yalanın komponentlərinin nə olduğunu” soruşmalıyıq. Deyək ki, sizin cəmiyyətdə (bir qədər hüquq sistemində uzaqlaşsaq) ümumi elementlər aşağıdakılardır: (i) qeyd olunan şəxs danışmalıdır; (ii) danışıq həqiqəti əks etdirməməlidir; (iii) danışan onun həqiqəti əks etdirmədiyini bilməlidir; (iv) bu cür yalan danışıq digər şəxsə zərər vurmaq məqsədi daşımalıdır; və (v) yalan danışıq faktiki olaraq digəri şəxsə zərər vurmalıdır.

Bəs “bəyaz yalan” (heç kəsə zərər vurulmadığı və ya zərər vurmaq məqsədinin olmadığı yalan) yalan hesab olunurmu? Digər şəxsin faktları yanlış anlaması qarşısında susmaq yalan deməkdir? Ən yaxşı analitik yanaşma zəruri olan elementləri müəyyən etmək və sonra hansı elementlərin mövcud olduğunu aşkar etməkdir. Hüquqi sistemdə də məhkəmə hansı elementin mövcud olub-olmamasını müəyyən edərkən, qanunverici hansı elementlərin zəruri olduğunu müəyyən edir.