Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq olunub (26 sentyabr 2018). Proqram müasir dövrün çağırışlarına cavab verməsi ilə diqqət çəkir. Son illərin inqilabi texnoloji yeniliklərindən olan blokçeyndən (blockchain) istifadənin dövlət səviyyəsində təşviqi xüsusən əhəmiyyətlidir.
Proqramda blokçeynin beynəlxalq təcrübədə istifadəsinin genişlənməsi və müsbət tərəfləri qeyd olunsa da, blokçeyn əsasında formalaşdırılan kriptovalyutaların narahatçılıqla qarşılanması vurğulanır. Bu isə Azərbaycanın kriptovalyutalara elə də maraq göstərməyəcəyindən xəbər verir.
Proqram üzrə blokçeyndən istifadənin əsas istiqamətlərinin aşağıdakı kimi olması gözlənilir:
- Blokçeynin və ya paylayıcı reyestr texnologiyalarının (distributed ledger technology) maliyyə sektorunda tətbiqi imkanlarının araşdırlması;
- Bu istiqamət üzrə işçi qrupunun yaradılması;
- Pilot layihənin seçilməsi, onun texniki şərtlərinin hazırlanması və realizasiyası.
Ümumiyyətlə, maliyyə sektorunda blokçeynin də daxil olduğu yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi üçün 20 milyon manat investisiyanın tələb olunacağı planlaşdırılır.
Görünən odur ki, blokçeyndən, hələ ki, sadəcə maliyyə sektorunda istifadə olunması düşünülür. Lakin nəzərə alınmalıdır ki, blokçeyn digər sahələr (əmlak reyestri və s.) üzrə də şəffaflıq və effektivliyi artıra biləcək texnologiyadır. Buna görə də, digər sahələr üzrə də blokçeynin tətbiqinin araşdırılması yaxşı olardı. Amma ümumilikdə blokçeynin rəsmi olaraq təşviq və tətbiqi Azərbaycan üçün mütərəqqi hadisədir.
Blokçeynin tətbiqinin özü ilə birlikdə gətirdiyi smart müqavilə, belə müqavilələrin hüquqi qüvvəsi kimi məsələlər də diqqətdə saxlanılmalı, qanunvericilikdə lazımi dəyişikliklər edilməlidir. Əvvəllər smart müqavilələrin hüquqi qüvvəsi məsələsini araşdırsam da, yaxın vaxtlarda Azərbaycan hüququ aspektindən daha geniş araşdırıb bloqda paylaşmağı düşünürəm.