Əkiz Qüllələr kimi tanınan Dünya Ticarət Mərkəzində (DTM) baş verən terror aktı həyatın müxtəlif sahələrinə böyük təsir göstərməklə müqavilə və sığorta hüququ sahələrinə də təsirsiz ötməyib. Bunun bariz nümunəsi World Trade Center Properties, L.L.C. v. Hartford Fire Insurance Co.1 işidir. Həmin işdə bir qeyri-müəyyən anlayışın fərqli başa düşülə bilməsinin necə fərqli və ağır nəticələr doğura biləcəyi də ortaya çıxmışdı.
Faktlar və iddianın əsası. 11 sentyabr 2001-ci il tarixində DTM-də bir-birindən 16 dəqiqə fərqlə qeydə alınmaqla iki bomba partlayışı baş verir. 2001-ci ilin yazında buranı 99 illik icarəyə götürmüş Silverstein şirkəti (İddiaçı) müxtəlif sığorta şirkətləri ilə cəmi 3.5 milyard dəyərində olan sığorta müqavilələri bağlamışdı. Hər bir müqavilədə minimum və maksimum azadolma məbləği2 müəyyənləşdirilirdi. Zərər minimum azadolma məbləğindən çox olduqda hər sığorta hadisəsi üçün (per occurence) sığorta ödənişi ediləcəyi qeyd olunurdu. Dörd sığortaçıdan yalnız üçü sığorta hadisəsinin anlayışını müəyyənləşdirmişdi. Həmin anlayış belə idi:
Bir səbəbdən və ya oxşar səbəblər ardıcılığından əmələ gələn zərərlərin məcmusu bir sığorta hadisəsi kimi qiymətləndiriləcəkdir.
Əhəmiyyəti. Hər sığorta hadisəsi üçün sığorta ödənişinin edilməsi deyildikdə, sığorta hadisəsinin sayı niyə önəmlidir? Ona görə ki, məhkəmə bir neçə ardıcıl hadisənin vahid bir hadisə olduğu qənaətinə gəlsə, sığorta məbləği cəmi bir hadisə üçün ödənəcəkdi. Bu ardıcıl hadisələr, əksinə, ayrı-ayrı sığorta hadisəsi kimi nəzərə alınsa, hər iki hadisə üçün ayrıca sığorta məbləği, yəni toplam 7 milyard dollar ödənəcəkdi.
Sual: “Hər sığorta hadisəsi üçün” anlayışındakı sığorta hadisəsi nədir? Bu sualın cavabına əsasən, 16 dəqiqə ara ilə baş vermiş iki terror aktı bir, yoxsa iki ayrı sığorta hadisəsi kimi qiymətləndirilməlidir?
İddiaçının mövqeyi. Sığortaçıların hamısı sığorta hadisəsi üçün eyni anlayışı müəyyənləşdirmədiyi üçün (üç sığortaçı bir anlayış müəyyən etsə də, qalan biri belə etməmişdi) İddiaçı dörd şəhadətnamədən üçündə mövcud olan anlayışa müraciət edilməsi əvəzinə məsələnin Nyu-York ştatının hüququna uyğun olaraq həll edilməsini tələb edirdi. O iddia edirdi ki, Nyu-York presedentinə əsasən sığorta hadisəsi anlayışının vahid tərifi var və bu tərifə əsasən 11 senytabr 2001-ci il tarixli terror aktı bir yox, iki sığorta hadisəsi olaraq dəyərləndirilməlidir.
Məhkəmənin mövqeyi. Məhkəmə qeyd edir ki, İddiaçının Nyu-York presedenti ilə bağlı əsaslandığı izah vahid tərif kimi qəbul edilə bilməz, çünki istinad edilən tərif üçüncü şəxsə dəyən zərər üzrə işin halları üzərindən formalaşıb. Bu işdə isə söhbət üçüncü şəxsə dəyən zərərdən deyil, sığortalının öz əmlakına dəyən zərərdən gedir. Belə hal üzrə isə sığorta hadisəsinin vahid anlayışı formalaşdırılmayıb. Beləcə, məhkəmə zərərin sığortalının öz əmlakına dəydiyi işlərə nəzər salaraq sığorta hadisəsi anlayışına tərif verməyə çalışır. Nəticə olaraq, o, Newmont Mines Ltd. v. Hanover Ins. Co. qərarının üzərində dayanır. Qərarda deyilirdi:
“Tərəflər sığorta hadisəsi dedikdə tək, davamlı bir halın tərkib hissəsi olmadığı, hər an gözlənilmədən və planlanmadan baş vermiş maddi zərərin təmin olunmasını nəzərdə tutur.”
Məhkəmə qeyd edir ki, 11 Sentyabrda baş vermiş halın tək və davamlı, yaxud birdən çox, ayrı sığorta hadisəsi olduğunu bu tərifə əsasən müəyyən etmək mümkün deyil. “Davamlı hadisə”nin özünün nə olduğu aydın olmadığı üçün məhkəmə bu barədə qərar verə bilməz. Obyektiv müşahidəçi on altı dəqiqə ara ilə partlayışların baş verməsini həm ayrı iki hadisə, həm də davamlı, tək hadisə kimi başa düşə bilər. Buna görə də, Məhkəmə qərar verir ki, bu iş üçün sığorta hadisəsi anlayışının vahid tərifini müəyyənləşdirmək mümkünsüzdür. Nəticə olaraq, işə faktlara əsasən baxılmalı və neçə sığorta hadisəsi olduğuna andlı iclasçılar qərar verməlidir.
Davam edən prosesdə İddiaçı tərəf qeyd edir ki, mövcud adətə görə sığorta hadisəsi anlayışının mənası vahiddir və dörd sığortaçıdan üçünün müəyyən etdiyi sözügedən anlayış praktikadakı anlayışdan kənara çıxdığına görə həmin fərqli tərif tətbiq olunmamalıdır.3 Andlı iclasçılar sonda iki sığorta hadisəsi olduğuna qərar verir4 və göründüyü kimi sığorta hadisəsinin sayını hansısa konkret hüquq qaydasına görə deyil, faktlara əsaslanaraq müəyyənləşdirməyə üstünlük verilir.
İstinadlar və izahlar
- World Trade Center Properties, L.L.C. v. Hartford Fire Insurance Co. – son dəfə baxılıb: (4 aprel 2020-ci il).
- Azadolma məbləği şirkət sığortalıyaödəmədən öncə onun (sığortalının) hər hansı bir ziyan üçün ödəyəcəyi məbləğdir. Məsələn, azadolma məbləği 500 dollardırsa, sığortalıdəyən zərərin 500 dollara qədər məbləğini özü ödəməli, zərər 500 dolları keçmədikdə sığorta şirkətinə qarşı iddia qaldırmamalıdır.
- Scott G. Johnson, Ten Years after 9/11: Property Insurance Lessons Learns , Tort Trial & Insurance Practice Law Journal 46, 685-734, 689 (2011).
- Yenə orada.