Məhkəmə qərarının əsaslandırılmaması prosessual pozuntu kimi

Qətnamələrin oxunuşu zamanı xüsusi maraq oyadan məsələ onların hüquqi olaraq əsaslandırılmasıdır. Əksər hallarda məhkəmələr normaların qeyd edilməsi, onların məcəllələrdə və ya qanunlarda olduğu kimi məhkəmə qərarının mətninə əlavə edilməsi ilə kifayətlənirlər. Qətnamənin mətnindən niyə məhz həmin maddələrin tətbiq edilməsinin, yaxud dəlillərə ümumiyyətlə niyə qiymət verilməməsinin səbəbi aydın olmur. Əlavə olaraq sonda nəticənin çıxarıldığı zaman hansı maddənin tələblərinin yerinə yetirilməsi və hansının mövcud hal üçün uyğun olması halı da qeyd edilmir.

Burada bir sual yaranır: qətnamənin hüquqtətbiqetmə hissəsinin bu formada yazılmasını əsaslandırma hesab etmək olar mı? Bu hissədə digər yanaşmalara və mövcud qanunvericiliyə nəzər yetirmək məqsədəuyğundur.

I. Əsaslandırma ilə bağlı nəzəriyyə

Ümumiyyətlə, qərarın əsaslandırılması işin halları ilə iddia tələbinin əsası olan hüquq normasının tələbləri arasında uyğunluğun yoxlanılmasıdır.1 Prosessual hüququn tarixi inkişafı məhkəmə qərarına münasibətdə müxtəlif tələblərin yaranmasına gətirib çıxarmışdır. Həmin tələblərdən biri də ədalət mühakiməsinə çıxış prinsipinin fundamental əsaslarından biri hesab edilən qərarın əsaslandırılmasıdır.

Digər hüquqi konseptlərə olduğu kimi əsaslandırmaya da münasibətdə müxtəlif yanaşmalar mövcuddur. Burada mərkəzi sual qərarın hansı səviyyədə əsaslandırılmasıdır. Bu hissədə əsaslandırılmayan, yetərincə əsaslandırılmayan və əsaslandırılan qərarlar arasında fərqləndirilmənin aparılması zəruridir. Qeyd edilən fərqləndirmə qərarın hüquqi qüvvəsinə təsir edə bilər.

II. Fransa hüququ

Belə ki, Fransa hüququ eyni yanaşmanı tətbiq edir yəni, buraya müvafiq olaraq əsaslandırılmanın olmaması (défaut de motifs) və qərarın formasının qüsurluluğu (vice de forme) hallarını aid edirlər.2 Əsaslandırılma yetərincə aydın olmalı, iddianın bütün məqamlarına toxunmalı və eyni zamanda yuxarı instansiya məhkəməsi tərəfindən işə baxıldığı zaman məhkəmənin verdiyi əsaslandırma ilə gəldiyi nəticə arasında səbəbli əlaqə aydın olmalıdır. Əks halda, qərar əsaslandırılmamış hesab edilə və hüquqi qüvvəsini itirə bilər.3 Əsaslandırılmanın yetərsiz və ya yanlış olduğu halda isə məhkəmə bu çatışmazlığı qərarın yenidən yazıldığı zaman onları əlavə etməklə ortadan qaldıra bilər.4

III. Almaniya hüququ

Almaniya hüququnun yanaşması nisbətən fərqlidir. Alman hüququnun yanaşmasına uyğun olaraq bütün məhkəmə qərarları tam olaraq əsaslandırılmalıdır.5 Alman məhkəmələrinin qərarlarında qanunun normalarının tətbiq edilməsi zamanı onların tətbiq edilmə səbəbini, hər bir normanın tərkib elementinin mövcud haldakı elementlər üzrə üst-üstə düşməsi hallarını müşahidə etmək mümkündür.6

Əsaslandırılma tələblərinin pozulması maddi hüququn pozulması kimi deyil, prosessual hüququn qətnaməyə münasibətdə müəyyən etdiyi forma tələbinin pozulması kimi qəbul edilir.7 Almaniya Konstitusiya Məhkəməsinin yanaşmasına görə məhkəmə qərarının əsaslandırılması o dərəcədə aydın və ətraflı olmalıdır ki, qərarda AFR Konstitusiyasının 103-cü maddəsinin, yəni ədalət mühakiməsinə çıxış prinsipinin təmin edilməsi aydın olmalıdır.8

IV. Azərbaycan hüququ

Digər ölkələrdə olduğu kimi Azərbaycan mülki prosessual qanunvericiliyində də qərarın strukturuna münasibətdə müəyyən növ tələblər irəli sürülmüşdür. Mülki Prosessual Məcəllənin 220-ci maddəsində sadalanan bu tələblərdən biri də çıxardılmış məhkəmə qətnaməsinin əsaslandırıcı hissəni ehtiva etməsidir.

Əsaslandırıcı hissəyə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları, iclasda iştirak edən şəxslərin istinad etdikləri qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar daxil edilir.

Nəzərə alaraq ki, əsaslandırılma tələbinin pozulması prosessual qanunvericiliyin pozulmasıdır, Mülki Prosessual Məcəllənin təqdim etdiyi mümkün alətlərdən biri qismində birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi nəzərdə tutulub.9 Apellyasiya instansiya məhkəməsinin qətnamələri üçün də MPM-in 392.1.5-ci maddəsində eyni qaydada əsaslandırma tələbi nəzərdə tutulmasından onlardan da kassasiya şikayətinin verilməsi mümkün görünür.10 Hər bir halda qətnamələr o halda ləğv oluna bilər ki, prosessual tələblərin, bu halda əsaslandırılmanın pozulması düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.11 Bunun müəyyən olunması isə, artıq şikayət verən tərəfin vəkilinin inandırma qabiliyyətindən asılı olan bir məsələdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 1 iyun 2022-ci il tarixli qərarı ilə də bu yanaşmanı təsdiq etmişdir. Konstitusiya Məhkəməsi iş üzrə məhkəmələr tərəfindən qərarların “heç bir araşdırma aparmadan, […], işin digər hallarına, o cümlədən ərizəçinin dəlillərinə lazımi hüquqi qiymət vermədən və gəldikləri nəticəni kifayət qədər əsaslandırmadan” qəbul edilməsini müəyyən edərək işə yenidən baxılmalı olduğu nəticəsinə gəlmişdir.12 Qərarlarda tətbiq edilən normanın bu formada aydın izah edilməsi və hüquq qaydalarının işin hallarına müvafiq təhlillə düzgün tətbiq edilməsi hüquqi stabilliyin zəmanətçisidir. Əks halda, məhkəmənin təqdim etdiyi maddə “yığınından” nəyi, necə, niyə və ya ümumiyyətlə tətbiq edib-etmədiyi aydın olmur. Bu isə, öz növbəsində məhkəmə təcrübəsinin ümumiləşdirilməsi yolunda müəyyən məhdudiyyətlər yarada bilər.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

İstinadlar və izahlar

  1. Caroline Meller-Hannich, Zivilprozessrecht, 2-ci buraxılış, s. 132 (2016); daha ətraflı bax: Rolf Knieper, Azər Əliyev, Elçin Usub, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dair Praktikum, s. 16 – 17, 19 (2020).
  2. Gurnnar Bergholz, Ratio et Auctoritas: A comparative study of the Significance of Reasoned decisions with Special Reference to Civil Cases, European Legal Culture-da, Gessner Volkmar, Armin Hoelland, Varga Csaba (Red.), s. 124 (1996).
  3. Code of Civil Procedure of France maddə 458.
  4. Yuxarıda istinad 2, s. 124.
  5. Alman Mülki Prosessual Məcəlləsi (ZPO), § 311 Abs. 3, § 313 Abs. 1 Nr.6 və Abs. 3.
  6. BVerfG NJW 95, s. 2911; BGHZ 181, s. 268 = NJW 2010, 302; BVerfG NJW-RR 95, s. 1033; BGH 3.12.2013 – XI ZR 301/11, NJW-RR 2014, s. 381; BAG 11.12.2013 – 4 AZR 250/12, NJW 2014, s. 2382; BayVerfGH NJW 2005, s. 3772.
  7. Yuxarıda istinad 2, s. 125.
  8. BVerfG NJW 1980, s. 278.
  9. AR MPM maddə 385.1.1 və 387.1.
  10. AR MPM maddə 385.1.1 və 387.1.
  11. AR MPM maddə 387.1 və 418.1.3.
  12. 01.06.22 L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərar.
Oxşar paylaşımlar