03 aprel 2020-ci il tarixində Almaniya Federativ Respublikası (bundan sonra “Almaniya”) ilə Azərbaycan Respublikası (bundan sonra “Azərbaycan”) arasında məhkəmə qətnamələrinin qarşılıqlı tanınması və icrası ilə bağlı önəmli qərardad qəbul olunmuşdur. Belə ki, Bremen Əyalət Məhkəməsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1520/2016 saylı iş üzrə 21 dekabr 2016-cı il tarixli qətnaməsinin  (bundan sonra “Qətnamə”) tanınması və məcburi icrası barədə qərardad çıxarmışdır.

Almaniyada Avropa İttifaqı xaricindəki dövlətlərdə qəbul olunan məhkəmə qətnamələrinin tanınması və icrası (1) Almaniyanın üzv olduğu beynəlxalq müqavilələr və (2) alman qanunvericiliyi ilə tənzimlənir. Almaniya ilə Azərbaycan arasında bu sahədə bağlanmış hər hansı beynəlxalq müqavilə mövcud deyildir. Buna görə də Almaniyada Azərbaycan məhkəmələrinin qətnamələrinin tanınması və icrası alman qanunvericiliyi baxımından təhlil olunmalıdır.

A. Almaniya qanunvericiliyi.

Alman qanunvericiliyinə əsasən, xarici məhkəmə qətnamələrinin tanınması və icrası Almaniya Mülki Prosessual Məcəlləsinin (Zivilprozessordnung – bundan sonra “ZPO”) 328-ci, 722-ci və 723-cü maddələri ilə tənzimlənir. 723-cü maddəyə əsasən, məhkəmə qətnaməsinin məcburi icra olunması ilə bağlı qərardad çıxarılarkən qətnamənin məcburi icrası üçün ZPO-nun 328-ci maddəsində nəzərdə tutulan istisnalar mövcud olmamalıdır. ZPO-nun 328-ci maddəsinə əsasən, xarici məhkəmə qətnaməsinin məcburi icrasının istisna olunduğu hallardan biri də qarşılıqlılığın təminatlandırılmamasıdır.

Bu yazının məqsədləri üçün qarşılıqlı təminatlandırma anlayışı əhəmiyyət kəsb etdiyinə görə, alman hüququna əsasən qarşılıqlılığın anlayışına nəzər salmaq faydalı olardı. Qarşılıqlılığın təminatlandırılmaması XIX əsrdən bəri Almaniyada xarici məhkəmə qətnamələrinin tanınmasından və icrasından imtina üçün əsas olmuşdur.1 Alman hüququnun yanaşmasına görə, tanınmalı olan məhkəmə qətnaməsinin qəbul olunduğu ölkədə alman məhkəmə qətnamələri bərabər şərtlər altında tanınır və icra olunursa, qarşılıqlılıq təminatlandırılmış hesab olunur.2 Əgər hər hansı ölkə alman məhkəmə qətnamələrini tanımırsa, bu, onun məhkəmə qətnamələrinin Almaniyada tanınmasına mane olur.3 Qarşılıqlılığın qiymətləndirilməsi tanınma və icra barədə xarici hüququn alman hüququ ilə konkret müqayisəsinə əsaslanır və müvafiq növdə qətnamələrlə bağlı real praktika həlledici xarakter daşıyır. Əgər xarici məhkəmə qətnamələrinin qəbul olunduğu ölkədə müəyyən növ alman məhkəmə qətnamələri tanınmırsa, bu, oxşar məhkəmə qətnamələri üçün qarşılıqlılığı əngəlləyir.4 Burada həlledici olan müvafiq dövlətdə alman məhkəmə qətnamələrinin faktiki tanınması və icrasıdır.

B. Azərbaycan qanunvericiliyi.

Azərbaycanın Mülki Prosessual Məcəlləsinin (“MPM”) 458.1-ci maddəsi Azərbaycanda xarici məhkəmə qətnamələrinin hansı hallarda tanınmasını və icra olunmasını müəyyən edir. Müvafiq maddədə xarici məhkəmə qətnamələrinin (1) Azərbaycanın qanunlarında və ya (2) Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda tanınması və icra edilməsi ilə yanaşı, xarici məhkəmə qətnamələrinin (3) qarşılıqlı anlaşma əsasında Azərbaycanda tanınması və icra edilməsi qeyd olunur.

MPM-in 465.1-ci maddəsi bu yazının məqsədləri üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, müvafiq maddəyə görə, xarici dövlətin qarşılıqlı əlaqələrinin təmin olunmaması xarici məhkəmənin qətnaməsini məcburi qaydada icra etməkdən imtina edilməsinə yol açır.

C. İşin halları.

Müvafiq işdə iddiaçı Bremen Əyalət Məhkəməsinə müraciət edərək, məhkəmədən Qətnamənin məcburi icra olunması barədə qərardad çıxarmasını tələb etmişdir. Qeyd edək ki, müvafiq Qətnaməyə əsasən, cavabdeh iddiaçıya 257.279,80 avro məbləğində pul ödəməlidir.

İddiaçı iddia edir ki, Almaniya ilə Azərbaycan arasında məhkəmə qətnamələrinin icra edilməsi ilə bağlı qarşılıqlılıq təminatlandırılmışdır və qətnamələrin tanınması və icra olunması ilə bağlı olan digər tələblərə də cavab verilir. Buna görə də, qətnamənin məcburi icrası barədə qərardad çıxarılmalıdır.

Cavabdeh isə iddia edir ki, Azərbaycana münasibətdə məhkəmə qətnamələrinin icrası ilə bağlı qarşılıqlılıq mövcud deyildir. Buna görə də, iddiaçının iddiası təmin edilməməlidir.

D. Bremen Əyalət Məhkəməsinin qərardadı.

Bremen Əyalət Məhkəməsi qeyd edir ki, məhkəmə qətnamələrinin icra olunması üçün müqaviləsiz vəziyyətdə, əgər alman məhkəmə qətnamələrinin ümumilikdə və müqayisə olunan fərdi işlərdə Azərbaycanda tanındığı və icra edildiyi tələblər mümkün olduğu qədər ZPO-nun 328-ci, 722-ci və 723-cü maddələrinə münasibətdə alman hüququna uyğun gəlirsə, qarşılıqlılıq istənilən halda təsdiq olunur.

Bundan sonra Bremen Əyalət Məhkəməsi yuxarıda göstərilən müvafiq maddələrdə nəzərdə tutulan tələblər ilə Azərbaycan qanunvericiliyinin və Azərbaycandakı real məhkəmə təcrübəsinin müqayisəli təhlilini aparır. Bu təhlil zamanı (1) “qarşılıqlılıq” anlayışının Azərbaycan qanunvericiliyində və məhkəmə təcrübəsində tanınıb-tanınmaması; (2) Azərbaycanda xarici məhkəmə qətnamələrinin tanınmasından “ictimai qayda” prinsipinə istinad edərək imtina edilməsi ilə bağlı tələblər və müvafiq xarici ölkədə qəbul olunmuş məhkəmə qətnaməsinin mahiyyəti üzrə yoxlanıb-yoxlanılmaması; (3) məhkəmə sənədlərinin çatdırılması ilə bağlı tələblərin pozulması nəticəsində xarici məhkəmə qətnaməsinin Azərbaycanda tanınmasından imtinanın alman qanunvericiliyinə nə dərəcədə uyğun gəlməsi; (4) xarici məhkəmə qətnaməsinin qətnamənin qəbul olunduğu dövlətin hüququna əsasən hüquqi qüvvəyə minməməsi ilə bağlı olaraq Azərbaycanda tanınmasından imtina olunması ilə bağlı şərtlər araşdırılır.

Məhkəmə müqayisəli təhlil nəticəsində yuxarıda sadalanan müvafiq şərtlərin (həm qanunvericilik, həm də real məhkəmə təcrübəsi çərçivəsində) alman qanunvericiliyinə uyğun olması və Almaniya ilə Azərbaycan arasında mülki və kommersiya məsələlərində məhkəmə qətnamələrinin tanınması və icrası ilə bağlı qarşılıqlılığın təminatlandırılmış olması qənaətinə gəlir.

Nəticə.

Nəticə olaraq qeyd oluna bilər ki, Azərbaycan ilə Almaniya arasında məhkəmə qətnamələrinin qarşılıqlı olaraq tanınması və icrası barədə beynəlxalq müqavilənin olmadığı vəziyyətdə bu sahədəki münasibətlər hər iki tərəfin milli qanunvericiliyi ilə tənzimlənir. Həm alman hüququ, həm də Azərbaycan qanunvericiliyi bu cür beynəlxalq müqavilənin olmaması şəraitində qarşılıqlı təminatlandırma prinsipinə istinad edərək, məhkəmə qətnamələrinin qarşılıqlı tanınmasının və icrasının mümkünlüyünü təsdiqləyir. Qarşılıqlı təminatlandırma prinsipi üçün məhkəmə qətnamələrinin müvafiq dövlətin məhkəmələri tərəfindən praktiki olaraq tanınması və icrası əhəmiyyət kəsb etdiyindən, Almaniya və Azərbaycan arasında məhkəmə qətnamələrinin qarşılıqlı tanınmasının və icrasının təmin edilməsi üçün hər iki dövlətin məhkəmələrinin üzərinə öhdəlik düşür.

 

İstinadlar və izahlar

  1. Yuko Nishitani, Coordination of Legal Systems by the Recognition of Foreign Judgments – Rethinking Reciprocity in Sino-Japanese Relationships, 206.
  2. BGH NJW 2001, 524; MüKoZPO/Gottwald ZPO § 328 Rn. 131; BeckOK ZPO § 328 Rn. 46.
  3. Thomas Rauscher – Internationales Privatrecht: Mit internationalem und eurpäischem Verfahrensrecht, 513
  4. Yenə orada.