Aşağıdakı mətn ABŞ Ali Məhkəməsinin mərhum hakimi Antonin Scalia-nın (1936-2016) və Harvard Hüquq Məktəbinin hazırki dekanı John F. Manningin 2012-ci ildə birlikdə müəllifi olduqları məqalənin1  mətnindən tərcümə üçün uyğunlaşdırılmış hissələrdir.

Son illər Ali Məhkəmə konstitusiyanın şərhi ilə bağlı işlərdə də mətnin mənasının açıqlanmasına verdiyi önəmi artırıb. Kimsə deyə bilər ki, bu sadəcə hüququn şərhinə olan sağlam yanaşma ilə bağlıdır, amma tam olaraq belə deyil. Əgər biz hüquq cəmiyyətində insanların demokratik qaydada qəbul edilmiş sənədlərə etimad etməli olduğunu nəzərə alsaq, deyə bilərik ki, şərhçilərin işi qanun mətnlərinin dilin xüsusiyyətlərindən xəbərdar olan şəxs üçün nə ifadə etdiyini müəyyən etməkdir.

Hakimlər arasında nüfuz qazansa da, bu trend hüquq elmi ilə məşğul olanlar arasında ziddiyyətlə qarşılanmaqdadır. Bu yanaşmanın tənqidçiləri hesab edir ki, tekstualizm mətnin önəmini həddən artıq çoxaldır, Konqresin müəyyən etdiyi siyasi istiqamətlərin önəmini isə azaldır. Onların fikrincə, tekstualistlər məsələyə çox seçici yanaşırlar. Onlar iddia edirlər ki, tekstualist yanaşma qanunlarla bağlı səmərəli olsa da, qədim, açıq yazılmış və dəyişiklik edilməsi çətin olan konstitusiyaya tətbiq zamanı yararsızdır. Aşağıdakı dialoqda sizə bu debatda ortaya çıxan vacib suallardan bir neçəsini təqdim edəcəyik:

Sual: Professor Maks Radin bir yazısında: “qanunverici orqanın qanunun məqsədinin cəmiyyət üçün uyğun olub-olmadığını müəyyən etmək üçün konstitusional hüququ və səlahiyyəti var, buna tabe olmaq isə məhkəmənin sorğu-sualsız vəzifəsidir”, – demişdi. O daha sonra əlavə edir ki, qanunverici orqanın öz söz seçimini hər bir sözə münasibətdə dəqiq seçdiyini demək həqiqətə uyğun olmamaqla bərabər məhkəmələrin qanunlara olan təsirinə uyğunsuz ünsür daxil edir. Nəyə görə şərhçilər mətnin məzmununda ifadə olunan məqsəd əvəzinə mətnin birbaşa özünə etimad edirlər?

Cavab: Belə ki, onlar bunu etməyə borcludurlar, çünki, birincisi, biz qanunvericinin qəbul etdiyi ilə idarə olunuruq, fikirlərində tutduqları ilə yox. Onların qəbul etdikləri, qəbul etməyi nəzərdə tutduqları ilə uyğun gəlmirsə, onda birinci əsas götürüləcək. İkinci bir tərəfdən, əgər düşünürsüzsə ki, qanunlar qanunverici hakimiyyətin qəbul etdiyini yox, qanunverici hakimiyyət üzvlərinin nəzərdə tutduğunu ifadə edir, onda mətndən başqa heç nə onların əslində nəyi nəzərdə tutduğunu göstərə bilməz. Yalnız mətn qanunverici hakimiyyətin və prezidentin iştirakı ilə qəbul edilib. Yalnız mətn qanunverici hakimiyyətin məqsədini əks etdirə bilər. Qanunyaratma tarixçəsi2  kimi istifadə oluna bilən material maksimum qanun layihəsini işləyən komitənin rəyi olur. Ümumiyyətlə, konqresin digər üzvlərinin komitənin rəyini tam oxuması belə sual altındadır. Qanunyaratma tarixçəsinin Konqresin məqsədlərini əks etdirməsi Amerikan hüququnda sağ qalan son hüquqi uydurmadır. Lakin mənim etirazım bundan daha artığınadır. 

Qanunyaratma tarixçəsinin Konqresin həqiqi məqsədini əks etdirməməyi bir yana, həm də saxta məqsəd formalaşdırır. Bu ənənədən nə qədər çox istifadə etsən, o qədər çox saxtalaşacaq. Məsələn, Vaşinqtonun hüquq şirkətləri qanunyaratma tarixçəsini formalaşdırmağı bizneslərinə çeviriblər. Onlar qanunverici orqana komitələrin rəylərində nəzərə alına biləcək hüquqi rəylər göndərirlər.

Biz bu vasitədən var olduğuna görə istifadə etmirik, biz istifadə etdiyimizə görə o hələ də var. Mən əvvəllər də dediyim kimi düşünmürəm ki, bizim axtardığımız şey məqsəddir. Səmimi şəkildə deyirəm, rəsmi qaydada qəbul edilən mətnin arxasında mövcud olan qanunvericinin məqsədinin mənim üçün əhəmiyyəti yoxdur. Güman edin ki, Konqresin üzvləri toplaşırlar və qanun qəbul etmək məqsədləri barədə kifayət qədər anlaşıqlı nəsə deyirlər. Bu komitənin rəyi deyil, bu məclisin rəyidir. Mən deyə bilərəm ki, bu da mənim üçün əhəmiyyət daşımır, çünki biz qanunların dövlətiyik, insanların yox. Biz Konqres üzvlərinin qəbul etdikləri qanunlar tərəfindən idarə olunuruq, onların nəzərdə tutduqları tərəfindən yox.

Hər bir halda biz Konqresin dəqiq olduğunu güman etməliyik, çünki bu demokratiyanın gümanıdır. Biz 436 qanunvericinin3 hər birinin ağlından keçəni oxuya bilmədiyimizdən, dəqiq bildiyimiz tək şey onların mətni orta ingilis dilli oxucunun başa düşəcəyini hesab edib lehinə səs verməklə qəbul etmələridir. Əslində, onların səs verərkən sərxoş olub-olmamaqlarının belə məsələyə aidiyyatı yoxdur. Əgər onlar səs veriblərsə, o mətn artıq qanundur.

Sual: Siz deyirsiniz ki, hakim qanunun mətnini Konqres üzvü kimi oxumalıdır və təyin olunmuş anlamı tətbiq etməlidir. Bəs niyə qanunverici şərh prinsiplərini yaxşı əks etdirən komitələrin rəylərini də qanunun funksional tərkibi kimi saymasın?

Cavab: Qanunverici qanunu qəbul edərkən etdiyini mən onu şərh edərkən edirəm. Amma qanunun mənasının hər hansı bir komitə, yaxud bir konqresmen tərəfindən müəyyənləşdirildiyini demək konstitusiyaya zidd olardı. Məhkəmə hakimiyyəti kimi qanunvericilik hakimiyyəti də kiməsə həvalə edilə bilməz. Mən öz köməkçimə rəy yazdıra, qərarın mətnini yazdıra bilərəm, amma onu imzalayan, sonda təsdiq edən yenə özüməm. Eyni qaydada Konqres də öz səlahiyyətlərini kiməsə həvalə edə bilməz. Əgər etsəydi onda Konstitusiyanın 1-ci maddəsinin nə anlamı qalardı?

Sual: Siz şərh zamanı qanunyaratma tarixçəsindən istifadə etməkdən imtina etməyinizə baxmayaraq, qərarlarınızda Federalist yazılara4 istinad etməkdə problem görmürsünüz. Halbuki Federalist yazılar hazırlanan zaman bir-biri ilə əlaqəsi zəif olan və daha çox sayda insana xitab olunub, çünki konstitusiyanın qəbulu prosesində daha çox insan iştirak edib. Bu mətnləri kimlərin oxuduğunu və razılaşdığını bilmək mümkün deyil. Sizin məntiqinizlə çıxış etsək, əgər komitələrin rəyini qanunyaratmada istifadə etmək olmazsa, onda Federalist yazıları da istifadə etmək olmaz axı?

Cavab: Mən Federalist yazılara qanunyaratma tarixçəsinin parçası hesab edərək istinad etmirəm. Eləcə də müəlliflərinin fikirlərinə olan etimadımın səbəbi onların Konstitusiyanın hazırlanmasında iştirak etmələri və orada yazılanlar barədə düşüncələri deyil. Mən bu yazılara dövrün ən ziyalı, dünya görüşlü və təcrübələrinə görə önə çıxan şəxslərinin fikirlərini ifadə etdiyinə görə etimad edirəm. Oxşar səbəblərə görə Tomas Cefersonun sözlərinə də etimad edirəm. Onun dedikləri mənim üçün qəti deyil, amma həmin zamanlar konstitusiyanın insanlar üçün nə ifadə etdiyini bilmək üçün inandırıcı vasitədir. Bu qanunyaratma tarixçəsindən tamamilə fərqlidir.

Bundan əlavə, mənim Federalist mətnlərə olan istinadlarım (qanunyaratma tarixçəsinə edilənin əksinə) konkret söz və ifadələrin şərhi ilə bağlı yox, məsələn hakimiyyət bölgüsü prinsipinin qorunması üçün konstitusiyanın ümumi prinsiplərinin şərhi ilə bağlıdır.

İstinadlar və izahlar

  1. Antonin Scalia & John F. Manning, A Dialogue on Constitutional and Statutory Interpretation, 80 Geo. Wash. L. Rev. 1610 (2012).
  2. Burada qanunun qəbul olunması ilə bağlı bütün materiallar – komitə rəyləri, iclaslar, debatlar, gələn məktublar və atılan addımların tarixçəsi nəzərdə tutulur. İngiliscə: legislative history
  3. Prezidenti də burada saya daxil edir.
  4. 1788-ci ildə ABŞ-ın qurucu ataları tərəfindən Konstitusiya qəbulunu təşviq etmək məqsədilə yazılmış 85 məqalə və esseni ifadə edir.

Kateqoriya:

Tərcümələr,