Mülki Məcəllənin yazılı əqdi tənzimləyən 331-ci maddəsi müqavilələrin elektron qaydada bağlanmasına ümumi olaraq toxunur. Bununla bağlı olan 331.5-ci maddə “elektron ticarət haqqında və elektron sənəd dövriyyəsinə dair” qanunvericiliyə göndəriş etməkdədir. Hazırda Milli Məclisdə baxılmaqda olan qanun layihəsində bu qaydaya düzəliş nəzərdə tutulur. 331.1-ci maddəyə kursivlə verilən ikinci və üçüncü cümlələr əlavə olunur:

331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

Bu şəkildə tənzimləmə əslində 331.5-ci maddənin göndəriş etdiyi digər aktlardakı rejimin Mülki Məcəlləyə köçürülməsidir. Elektron imza və elektron sənəd haqqında Qanuna görə:

  1. Elektron imza “digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər”dir (m. 1.1.4); və
  2. “Elektron formada və ya sertifikatsız olduğuna, sertifikatlaşdırılmamış imza vasitələri ilə yaradıldığına görə elektron imza etibarsız sayıla bilməz” (m. 3.1).

    Sözügedən qanun layihəsi təsdiq olunduqdan sonra Mülki Məcəllənin 331.5-ci maddəsi isə aşağıdakı məzmunda olacaq (üstündən xətt çəkilən sözlər kursivlə yazılan hissə ilə əvəz olunacaq):

    331.5. Əqdlərin elektron formada bağlanması ticarət zamanı bağlanılması və elektron imza ilə təsdiq edilməsi ilə bağlı məsələlər elektron ticarət haqqında və elektron sənəd dövriyyəsinə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

    Qeyd etmək lazımdır ki, Elektron imza və elektron sənəd haqqında Qanunun yuxarıda istinad edilən müddəalarından da göründüyü kimi yazılı müqavilənin elektron imza ilə təsdiq edilməsi üçün dövlət orqanları tərəfindən verilən sertifikatlaşdırılmış imzanın olması vacib deyil (belə imzanın xüsusi olaraq tətbiqi nəzərdə tutulmursa).

    Xeyli müddətdir elektron sənəd dövriyyəsi və sənədlərin qarşılıqlı imzalanması üçün müxtəlif elektron həll və portallardan istifadə artdığına görə məsələnin birbaşa olaraq Mülki Məcəllədə aydınlaşdırılması müsbət haldır.

    Kateqoriya:

    Müqavilə hüququ,