Ötən ilin ortalarında yenilənmiş dövlət satınalmaları haqqında qanunvericiliyə əsasən Nazirlər Kabineti bir neçə müqavilə formasını təsdiqləyib. Formaları1 gözəyarı nəzərdən keçirəndə məsuliyyətin məhdudlaşdırılması ilə bağlı istifadə olunmuş bu ifadələr xeyli təəccüblü gəldi: “cinayət səhlənkarlığı” və “qəsdən sui-istifadə”. Mülki hüququn nəzəriyyəsindən və bu konsepsiyaların xarici dillərdəki qarşılığından xəbərdar olmayan biri üçün bu ifadələr heç bir məna ifadə etməyəcək. Gəlin bu ifadələrdən istifadənin niyə problemli olduğunu müzakirə edək.
Sözügedən ifadələr məsuliyyət hədlərini təsbit edən maddələrdə istifadə olunub. Maddələrin tam məzmunu ilə sizi yormaq istəmirəm. Qısaca, istifadə konteksti belədir ki, təchizatçının məsuliyyətinin məhdudlaşdırılması “cinayət səhlənkarlığı” və “qəsdən sui-istifadə” hallarında istisna olunur. Sizi bilmirəm, mənim üçün bu ifadələr ingiliscə müqavilələrdəki “gross negligence” və “wilful misconduct” ifadələrinin (kobud) tərcüməsinə bənzədi. Bilmirəm, bəlkə də başqa dildəndir, amma dəqiq Azərbaycan mülki hüququna yaddır.
Belə ki, Mülki Məcəllənin 448.2-ci maddəsinin ikinci cümləsi belədir:
Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
Əslində, Mülki Məcəllənin özü də bu mövzuda yekdil deyil: məcəllədə “qərəz” əvəzinə bəzən “qəsdən” ifadəsi də işlədilib. Lakin bu ifadələrin mahiyyəti eynidir; ziyan vurmaq niyyəti və ya belə niyyətlə edilmiş əməl. Qəsd pozuntu niyyətini ehtiva etdiyi halda, ehtiyatsızlıq diqqətsizliyi və təsadüfiliyi ehtiva edir. Kobud ehtiyatsızlıq öz növbəsində sadə diqqətsizlikdən daha ciddi və ağır nəticəli risk yarada biləcək laqeydlikdir.
Sözümün qısası odur ki, dövlət satınalmaları müqavilələrinə başa düşülməyəcək yeni və yad ifadələr gətirməyə ehtiyac yox idi. Məhkəmələr qarşısına “cinayət səhlənkarlığı” və “qəsdən sui-istifadə” ifadələri gələndə hansı vəziyyətin yaranacağını təxmin etmək çətin deyil. Bu ifadələrin yaratdığı çətinliklərlə bağlı aşağıdakıları qeyd etmək olar:
- “Cinayət səhlənkarlığı” ilk baxışdan elə anlam verir ki, cinayət məsuliyyəti olmasa səhlənkarlıq tanınmayacaq (hələ cinayət konseptlərinin mülki hüquqa gətirmək bir yana).
- “Qəsdən sui-istifadə” isə ilk baxışdan heç bir anlam vermir. Əvvəla, “qəsd” və ya “qərəz” ayrılıqda onsuz da mülki təqsir elementidir və bu hal məsuliyyətin məhdudlaşdırılmasını istisna edir. Digər tərəfdən isə qəsd və ya qərəz varsa, burada “sui-istifadə” ifadəsi yalnız qarışıqlıq yaradır. Hüquqdan sui-istifadə özü ayrıca institutdur və onu təqsir institutuna qarışdırmaq düzgün olmazdı.
- Digər tərəfdən Mülki Məcəllənin məsuliyyətin məhdudlaşdırılması barədə onsuz da məcburi qaydası ola-ola bu ifadələrin nəyə xidmət edəcəyi də ayrıca sualdır.
Məncə, müqavilələrdə, mükəmməl olmasa da, Mülki Məcəllənin mövcud institutlarından istifadə etmək daha doğru addımdır. Məhkəmələrə kömək etmək üçün ifadələri aydın və anlayış verməklə yazmaq da pis strategiya deyil.
İstinadlar və izahlar
- 1. 502 – “Satınalma predmeti üzrə satınalma müqaviləsinin nümunəvi formasının təsdiq edilməsi və “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli Qərarının ləğv edilməsi barədə;
2. 497 – Çərçivə sazişinin, təklif sorğusunun və sadə satınalma müqaviləsinin nümunəvi formasının təsdiq edilməsi haqqında