Giriş

Son zamanlar Azərbaycan hüquq icmasında yetərincə tez-tez, xüsusi ilə məhkəmə sistemində, süni intelektin tətbiq edilməsi və ya geniş mənada rəqəmsallaşdırma barədə eşitmək mümkündür. Başlanğıcda bu qeydlər “məhkəmə sistemində suni intelekt tətbiq edilməlidir” ifadələri ilə yetərincə zərərsiz başlasa da, sonralar “süni intelektlər hakimləri əvəz edəcək”, “5 il sonra hüquqşünaslara ehtiyac qalmayacaq” və ya “xaricdə artıq hakimləri əvəz ediblər biz geriyə qalmışıq” kimi daha radikal ifadələr ilə əvəz edilmişdir.

Elə bir neçə gün əvvəl xəbər saytlarının birində bənzər fikirləri əhatə edən bir yazını oxudum.1 Bu xəbəri oxuduqdan sonra hüquq sistemində süni intelektin tətbiq edilməsinə dair öz münasibətimi bildirən bu bloqu yazmaq fikrinə gəldim.

İlkin mülahizələr

Hüquqda rəqəmsallaşma vasitələrinin tətbiq edilməsi fikirləri yeni deyildir. Həmin fikirlərə artıq keçmiş əsrin 90-ci illərində rast gəlmək mümkündür.2 Bu fikirlər ilkin olaraq hüquqşünasın gündəlik əsasla gördüyü təkrarlanan texniki işlərin (məsələn, müştərilərin qəbul edilməsi, onların qeydiyyatının aparılması  və s.) avtomatlaşdırılmasını əhatə edirdi. Bəzən hətta məhkəmədə məhdud və strukturlaşdırılmış iddia ərizələrinin tətbiq edilməsi müzakirə edilirdi. Lakin, onların tətbiq dairəsi yetərincə məhdud qalmışdır. Hüququn rəqəmsallaşmasını şərti olaraq üç pilləyə bölmək mümkündür:3

  1. Məlumatların rəqəmsallaşdırılması – Fiziki daşıyıcılarda yazılı olaraq mövcud məlumatların komputerlərdə istifadə oluna biləcək formaya gətirilməsi.  
  2. Proseslərin avtomatlaşdırılması – Müəyyən hüquqi proseslərdə hə-yox tipli məntiqi testlər və keçidlər tətbiq etməklə avtomatlaşdırma. Bu proses, həmçinin, “workflow mapping” olaraq tanınır və əvvəlcədən alqoritmik xəritənin müəyyən edilməsi ilə prosesin avtomatlaşdırılmasına xidmət edir. 
  3. Yaradıcı süni intellekt (Generative AI) tətbiqi – Bu son mərhələdə isə, süni intellekt artıq ona məlum olan bütün məlumatlar əsasında özü yeni bir hüquqi sənəd və ya bənzərini tərtib edir.

Bir qayda olaraq 2022-ci ilə qədər hüququn rəqəmsallaşması deyildikdə əsasən 1 və 2-ci mərhələdəki məfhumlar nəzərdə tutulurdu. 

2022-ci ildə ChatGPT 3 geniş dil modelinin çıxması ilə müzakirə daha da sürətləndi. Hüquq texnologiyaları bazarında Harvey, Legora və s. böyük və dəyəri milyardlarla ölçülən şirkətlər yaranmış və sürətlə böyümüşdür. Hüququn bütün sahələrində süni intelektin mümkün qədər geniş tətbiq edilməsi müzakirə edilirdi.

Azərbaycanda əksər hallarda hüquq sistemində süni intelektin tətbiq edilməsi deyildikdə, əslində hamının ilkin baxışdan düşündüyü yaradıcı süni intellektin deyil, daha çox avtomatlaşdırma tətbiq edilməsi nəzərdə tutulur.4 Lakin, bəzən tətbiq edilməsi nəzərdə tutulan və təklif edilən üçüncü mərhələ olan elə yaradıcı süni intellektin tətbiq edilməsidir. 

Yaradıcı süni intellektin Azərbaycan hüquq sistemində, xüsusilə hakimlikdə tətbiq edilməsinin və hakimliyin bununla süni intelekt “reys”lərinə keçirilməsi məsələsini müzakirə edərkən yetərincə ehtiyatlı olmaq gərəkdir. Burada iki əsas məsələyə diqqət etmə ehtiyacı var. Biri hüquqi, digər isə texniki xarakterli. Düşünürəm ki, Azərbaycanda da “süni intelekt məhkəmədə hakimlik etsin” ideyası barədə daha dərin təhlil zəruridir.

Hüquqi problem

Əksər ölkələrdə qəbul olunmuş konstitusiya quruluşuna əsasən məhkəmələr hakimiyyətin üç qolundan birini təmsil edir. Onun icra və qanunvericilik kimi digər hakimiyyət qolları ilə bərabər səviyyədə hətta bəzi hissələrdə onlar üzərində nəzarətin keçirilməsi nəzərdə tutulur.  

Bundan əlavə Konstitusiyada nəzərdə tutulan insan və hüquq azadlıqlarının təmin edilməsinin əsas mexanizmlərindən biri qismində məhkəmə çıxış edir və məhkəməyə müraciət etmək hüququ özü-özlüyündə fundamental hüquq olaraq konstitusiyada öz əksini tapır. Azərbaycan Respublikasının Konstitusiyasın 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati və ya məhkəmə müdafiəsinə təminat verir.  

Məhkəmə və hakimlərə münasibətdə tələblər isə, Konstitusiyanın 7-ci fəslinin 125 və 126-cı maddələrində müəyyən olunur. 126-cı maddəyə əsasən Azərbaycan Respublikasında hakim olmaq səlahiyyətinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşı, yəni insan, sahibdir.

126-cı maddədə qeyd edilən tələblərə zidd formada fiziki şəxsin əvəzinə hər hansı bir texniki vasitənin hakim qoyulması Azərbaycan Konstitusiyasının ən azından 60, 125 və 126-cı maddələrinin pozulmasına gətirib çıxaracaq. Əlavə olaraq, süni intellektdə “black box” adlı problem mövcuddur. Yəni süni intelektin tam olaraq hansı qərarı niyə və necə qəbul etdiyini müəyyən etmək mümkün deyil. Azərbaycan süni intelektin potensial olaraq hakim qismində çıxış etməsi zamanı Konstitusiyanın 127-ci maddəsinin tələbləri (məsələn, hakimlərin işlərə qərəzsiz, ədalətlə və s. yanaşması) də pozulacaq.

Xarici ölkələrdə, xüsusi ilə Estoniyada, robot-hakim mövcuddur fikirlərinə münasibətdə isə bildirmək gərəklidir ki,5 süni intellekt modellərinin mövcud olması zamanı onlar, bir qayda olara, hakimi əvəz edib qərar qəbul etmir.6 O, yalnız verilən məlumatlar əsasında tövsiyə xarakterli potensial qətnamə layihəsini hakimə təqdim edir. Hakimin həmin layihəni qəbul etmək öhdəliyi mövcud deyildir. Süni intelekt bu hissədə internet və s. texniki vasitə kimi hakimin (fiziki şəxsin) qərar verməsinə dəstək aləti kimi çıxış edir.

Hətta bəzi ölkələrdə hakimlərin hansı qərarı qəbul edəcəyini proqnozlaşdıran alətlərin yaradılması birbaşa olaraq cinayət məsuliyyətinə səbəb olur. Belə ki, Fransada LexisNexis bənzər bir alət təklif edirdi. Həmin alət mövcud məlumatlar əsasında hansı hakimin hansı növ qərar verəcəyini proqnozlaşdırırdı. Bu növ alətin mövcudluğu hakimin müstəqilliyinə və daxili iradəsinə müdaxilə kimi qiymətləndirildiyi üçün cinayət sanksiyası əlavə edilmişdir.7

Hələ 1990-cı illərdə Almaniyada “Ştutqart modeli” adı altında tanınan təklifə əsasən tərəflərin strukturlaşdırılmış ərizələri əsasında hakimə qərar qəbul etməyə dəstək verən sistemlərin yaradılması təklif edilsə də,8 Azərbaycanda olduğu kimi konstitusiya hüququ perspektivindən problemli olduğu üçün rədd edilmiş və yalnız 2020-ci illərdə daha zəif dərəcədə rəqəmsallaşmanın mülki prosessual məcəlləyə əlavə edilməsi razılaşdırılmışdır.9

ABŞ-də“DoNotPay” adlı onlayn hüquq və çatbot xidmətlərini təklif edən şirkət də bənzər taleyi bölüşmüşdür. Belə ki, həmin şirkət ilkin olaraq yalnız yol hərəkəti qaydalarının pozuntusu ilə bağlı mübahisələrdə fiziki şəxslərə avtomatlaşdırılmış dəstək göstərirdi. Bir sonrakı mərhələdə onlar, süni intelekt əsaslı qulaqcıq xidmətini təqdim edəcəklərini elan etdilər. Həmin qulaqcıq mikrofona və daxili prosessora sahib idi. İddiaçı və ya cavabdeh şəxs həmin qulaqcığı taxaraq qulağında rəqəmsal vəkilə sahib olacaqdı. Rəqəmsal vəkil qarşı tərəfin qeydlərini mikrofon ilə eşidib istifadəçi şəxsin qulağına hüquqi cavabı “pıçıldaması” gözlənilirdi. Həmin şəxs isə, özü rəqəmsal vəkilin dediklərini şifahi formada məhkəmədə bildirməli idi. Şirkət bu yeniliyini təklif etdikdən dərhal sonra 2023-cü ildə ona qarşı bir neçə ştatın vəkillər kolegiyası tərəfindən təzyiq edilmiş,10 2024-cü ildə isə, Amerika Federal Ticarət Komitəsi tərəfindən cərimələnmişdir.11

Yuxarıda qeyd edilənləri nəzərə alaraq “süni intelekt qərar verməlidir” və ya “xaricdə hamı qabağa getdi, biz geriyə qaldıq” fikirlərinə münasibətdə bildirilməlidir ki, bu ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasına ziddir və ikinci olaraq da bəzən təhrif olunmuş formada təqdim edilən xarici ölkə təcrübələrində də məhkəmə prosesində süni intelektin tətbiq edilməsi çox məhdud səviyyədədir.

Texniki problem

Ehtimal edək ki, hüquqi problemlər mövcud deyildir. Azərbaycan Respublikasının Konstitusiyasına referendum ilə düzəliş edilir və süni intelektə də hakim olmaq imkanı yaradılır. Bu hissədə texniki problem ortaya çıxır. 

Yuxarıda qeyd edildiyi kimi Azərbaycandakı müzakirələrdə sadəcə alqoritmik nəticə verən proqramın (avtomatşadırmanın) yaradıcı süni intellekt modeli ilə qarışdırılması müşahidə olunur. Lakin aşağıda süni intellektdən istifadə deyəndə Azərbaycan dilində olan məsələyə geniş dil modelinin tətbiqini nəzərdə tutulur.

Hüquq texnologiyası sahəsində aktiv olan hətta yaxından izləyən şəxslərə məlumdur ki, rəqəmsal hüquqi alətlərin yaradılması zamanı ən böyük problem keyfiyyətli məlumatdır. Bu hətta hüquq texnologiyası deyil, ümumi olaraq maşın öyrənməsi (machine learning) sahəsində mövcud problemdir.12

ChatGPT kimi dil modelləri düşünmür. Həmin sistemlər, onların hazırlanması mərhələsində daxil edilən məlumat əsasında bir sonrakı sözün ehtimal edilməsi ilə məşğuldur. Yəni geniş dil modelinə hazırlıq mərhələsində 100 dəfə “mavi səma” ifadəsi daxil edilibsə o, 101-ci dəfə “mavi” sözündən sonra yüksək ehtimalla “səma” sözünün gəlməsini ehtimal etdiyi üçün “səma” sözünü əlavə edəcək. Yəni dil modeli düşünmür, o, dəfələrlə deyilmiş ifadəni ehtimal əsasında təkrarlayır.

Hüquq və məhkəmə kontekstində bu o deməkdir ki, geniş dil modellərinin hazırlanması zamanı daxil edilən məhkəmə qərarlarının mətnindəki sözlər “tokenləşdirilir” və onun məlumat/yaddaş bazasında əlavə edilir. Artıq o, özü məhkəmə qərarı hazırladıqda məlumat bazasına baxaraq söz qrupunda və ya kontekstdə bir sözdən sonra hansı sözün gəlməsi ehtimalının daha yüksək olmasına görə qərar verəcək.

Yuxarıda mücərrəd yazılmış ifadənin aydın dildə desək bu o deməkdir ki, mövcud məlumat çoxaldılır. İlkin hazırlıq mərhələsində daxil etdiyiniz məlumat yaxşıdırsa, yaxşı nəticə çoxalacaq. Məlumat pisdirsə, pis nəticə çoxalacaq. Məlumatın dil modelinin hazırlanmasında istifadə edilib-edilməməli olmasına həmin sahədə ixtisaslaşmış insanlar edir. Bu prosesin adı annotasiyadır.

Heç kimə sirr deyil ki, Azərbaycan məhkəmə təcrübəsində bir məsələ ilə bağlı 100 ədəd (məcazi mənada) fərqli qərar tapmaq mümkündür. Hətta ehtimal var ki, o “100” fərqli qərarın içində doğru qərar ümumiyyətlə olmasın. Ali Məhkəmə hal-hazırda vahid məhkəmə təcrübəsinin yaradılması ilə bu problemin həllinə çalışır. Lakin, bu proses müəyyən zaman tələb edir. Elə bu qeyri-müəyyənlik səbəbindən süni intelektin tətbiq edilməsi təklif edilir. Nəticədə sizin həmin baza əsasında yaratdığınız geniş dil modeli həmin “yalnış” qərarın çoxalmasına və mənfi təsirin birə beş artmasına səbəb olacaq.

Yetərincə dərindən və dəqiqliklə təlim görməmiş süni intelektin qəbul etdiyi qərarlarının fəsadlarının aradan qaldırılması daha çətin olacaqdır. Çünki ehtimal ediləcək ki, bu qərar sözdə tərəfsiz, qərəzsiz alət tərəfindən qəbul edilmiş qərardır. Aşağı keyfiyyətli məlumatlar əsasında özümüzə CSV formatda “rəqəmsal tanrı” yaradıb sonra da onun verdiyi yalnış qərarların nəticələrindən özümüzü azad etməyə çalışacağıq. 

Düşünülə bilər ki, həmin məhkəmə qərarları arasında hansının daha keyfiyyətli olduğuna qərar verəcək (annotasiya edəcək) hüquqşünasların dəstəyindən istifadə edilə bilər. Burada da biz digər bir problemə rast gəlirik: keyfiyyətli hüquqşünas kadrı. Elə bir neçə həftə öncə, LEGIS forumunda təcrübədən akademiyaya qədər hamının bir ağızdan dediyi də bu idi. Hüquq bazarı nə kəmiyyət, nə də keyfiyyət baxımından zəruri hüquqşünaslar ilə təmin edilmir. Azərbaycan dilində heç keyfiyyətli hüquq ədəbiyyatı belə yoxa hesabdır.

Yuxarıda qeyd edilən səbəblərdən hazırkı mərhələdə mövcud məhkəmə qərarları əsasında yaradıla biləcək potensial “süni hakim” əksər hallarda indiyə qədər edilmiş səhvlərin çoxaldılmasından başqa bir məqsədə xidmət etməyəcək.

Nəticə

Hal-hazırda dünyada çox böyük süni intelekt “epidemiyası”ı var. Azərbaycandan və xüsusilə hüquq sahəsindən də bu “epidemiya” yan keçmir. Hüquqda bir çox sahədə rəqəmsallaşma və optimallaşdırılma potensialı var. Süni intellekt iki tərəfi iti bıçaq kimidir. Onunla həm sendviç hazırlamaq mümkündür, həm də insan həyatına təhlükə yaratmaq.

Azərbaycan hüquq sistemi, xüsusi ilə mülki və inzibati hüquq, ciddi şəkildə hüquqi transplantların üzərinə qurulmuş sistemdir. Əksər hallarda müvafiq “idxal” edilmiş normaların tətbiqində ciddi qüsurlar ilə qarşılaşmaq mümkündür.13 Bunun üzərinə, 35 ildən çox keçməsinə baxmayaraq, hələ də hüquq təcrübəsində canımızdan çıxmayan Sovet düşüncəsinin də Avropadan transplantasiya edilmiş normalara tətbiqini göz önünə gətirdikdə vəziyyət yetərincə pessimist görünür. Süni intellektin düzgün həcmdə və yerlərdə tətbiq etdiyimiz halda, biz həmin mənfi amillərin öhdəsindən çox çevik sürətdə gələ bilərik.

Lakin süni intellektin tətbiq edilməsi müzakirəsinə elə bir başa məhkəmə və hakimlik kimi fundamental sahələrdən başlanılması insanı vahiməyə salır. Məhkəmə və hakimlər konstitusion quruluşun və bununla da dövlətin əsas sütunlarından biridir. Həmin sütunlardan birinini nəyi necə düşündüyünü başa düşmədiyimiz bir alət olan süni intelektə tapşırılması yetərincə təhlükəli və risklidir. Biz hələ o mərhələyə yaxınlaşmamışıq.

Rəqəmsallaşmanın əsas məqsədi mövcud hansısa prosesin çevikləşməsi, zəruri olmayan bürokratiyanın aradan qaldırılması və effektivliyin artırılmasıdır. Mövcud sistemi bütövlüklə süni intelekt ilə əvəz edilməsi təklifləri “qaşı düzəldən yerdən gözün çıxardılmasından” başqa bir şeyə bənzəmir.

Post-skriptum

Süni intelektin tətbiqinin yalnız müsbət yox, həm də mənfi hallarına diqqət yetirmək gərəkdir. Albaniya süni intelektin tətbiqinə tələsilib rüsvayçılığa səbəb olduğu bir nümunədir.

11 sentyabr 2025-ci ildə (talk about irony) Albaniyada dövlət satınalmalarınının şəffaflaşdırılması məqsədləri ilə Süni İntelekt Nazirliyi yaradıldı və Albaniya Milli İnformasiya Cəmiyyəti (AKSHI) tərəfindən yaradılmış “Diella” adlı süni intelekt nazir təyin edilmişdir.14 Bununla Albaniya dünyada süni intelekti hakimiyyətin bir nümayəndəsi olaraq təyin edən ilk ölkə olmuş və bunu öz inkişaflarının təsdiqi olaraq müəyyən növ marketinq aləti olaraq istifadə edirdi. 18 sentyabr 2025-ci il tarixində Diella hətta Albaniya Parlamentində çıxış belə etmişdir.15

Artıq 4 ay sonra, 2026-cı ilin yanvar ayında Diella ilə bağlı dövlət satınalmalarında baş verən korrupsiya amillərində şübhə ilə əlaqədar araşdırmalar başlanmışdır.16 Dövlət satınalmalarında Diella-nın nəzərdə tutulan tenderlərin qiymətlərinə süni müdaxilə etməsi müşahidə edilmişdir. Diella-nı yaradan AKSHI-yə qarşı cinayət təqibi başlanmışdır.

Bu xəbər bir çox kütləvi informasiya vasitələrində lağ obyektinə çevrilmişdir. Albaniyada Diella-nın tətbiq edilməsi nümunəsi süni intelektin sürətlə bütün sahələrdə tətbiq edilməsini sürətlə və təkidlə təşviq edən şəxslərə qırmızı fonda böyük hərflərlə yazılmış “Diqqət!” olmalıdır.

  1. Kəmalə Ağayeva, Азербайджанцев будут судить роботы, Haqqın.az https://haqqin.az/newsarchive/376424 (son baxış 02.03.2026). ↩︎
  2. Məsələn bax, Rolf Bender, Jürgen Schwarz, Strukturierter Parteivortrag und elektronische Akte, CR 1994, 372-379. Richard Susskind özünün məşhur “Tomorrow’s Lawyers” kitabının girişində artıq 1980-ci ildən hüququn rəqəmsallaşması ilə bağlı doktorluq dissertasiyası yazdığı zamandan başlayaraq hüququn rəqəmsallaşmasını müzakirə etdiyini deyir, daha ətraflı bax, Richard Susskind, Tomorrow’s Lawyers, üçüncü buraxılış (2023), səh. xvi.
    ↩︎
  3. Müqayisə üçün məsələn, Thomson Reuters-də çıxan bu məqalədə hüququn rəqəmsallaşması hətta 8 pilləyə bölünür. Daha ətraflı bax, Thomson Reuters, White Paper, The Past, present, and future of legal research with Generative AI, 2024, https://legal.thomsonreuters.com/en/insights/white-papers/helping-the-legal-researcher-feel-confident-they-have-done-enough (son baxış 02.03.2026). ↩︎
  4. Məsələn bax, Günel Türksoy, Ali Məhkəmənin kollegiya sədri: Süni intellekt hakimi əvəz edə bilməz, AZƏRTAC, 23.02.2026. ↩︎
  5. Joshua Park, Your Honor, AI, Harvard International Review 2020, https://hir.harvard.edu/your-honor-ai/ (son baxış 02.03.2026). ↩︎
  6. Estoniyada süni intellekt əsaslı hakimlərin yaradılması iddialarına cavab olaraq 2022-ci ildə Estoniya Ədliyyə və Rəqəmsal İnkişaf Nazirliyi bənzər bir sistemin yaradılması barədə məlumatların təhrif və yalnış olmasına dair bəyanat ilə çıxış etmişdir. Bax, Estnoniya Ədliyyə və Rəqəmsal İnkişaf Nazirliyi, Estonia does not develop AI (2022), https://www.justdigi.ee/en/news/estonia-does-not-develop-ai-judge (son baxış 02.03.2026). ↩︎
  7. Malcolm Langford, Mikael Rask Madsen, France Criminalizes Research on Judges (2019), https://verfassungsblog.de/france-criminalises-research-on-judges/ (son baxış 02.03.2026); Article 33, LOI n° 2019-222 du 23 mars 2019 de programmation 2018-2022 et de réforme pour la justice, https://www.legifrance.gouv.fr/jorf/article_jo/JORFARTI000038261761?r=3LmMkQwI17 (son baxış 02.03.2026). ↩︎
  8. Bender, Schwarz, yuxarıda istinad 2. ↩︎
  9. Daha ətraflı bax, Nicat Rəsulzadə, Mülki Prosesdə Ərizə Formalarının tətbiq edilməsi: Alman Hüququndan baxış, Bakı Tələbə Hüquq Junrnalı, Buraxılış 9:1, 111-119. ↩︎
  10. Amanda Yeo, DoNotPay’s AI lawyer stunt cancelled after multiple state bar associations object (2023), https://mashable.com/article/donotpay-artificial-intelligence-lawyer-experiment?taid=63d3525732439200012f10d1 (son baxış 02.03.2026). ↩︎
  11. American Federal Trade Commission, DoNotPay, Case Summary (2024), https://www.ftc.gov/legal-library/browse/cases-proceedings/donotpay (son baxış 02.03.2026). ↩︎
  12. Qeyd: bu prosesin texniki tərəfinin sadələşdirilmiş izahıdır, ümumilikdə daha nüanslı proses baş verir. ↩︎
  13. Bu barədə daha ətraflı digər yazımızda oxuya bilərsiniz. ↩︎
  14. Alice Taylor, Albania appoints world’s first AI-made minister, Politico (2025), https://www.politico.eu/article/albania-apppoints-worlds-first-virtual-minister-edi-rama-diella/ (son baxış 02.03.2026). ↩︎
  15. Llazar Semini, Albania’s AI ‘minister’ makes its debut with an address to parliament, AP News (2025), https://apnews.com/article/albania-new-cabinet-program-ai-minister-diella-corruption-3aa58c801d69b5b295975cc68079a2d3 (son baxış 02.03.2026). ↩︎
  16. Lara Jakes, Albania Created an ‘A.I. Minister’ to Curb Corruption. Then Its Developers Were Accused of Graft, NY Times (2026), https://www.nytimes.com/2026/01/27/world/europe/albania-ai-corruption-graft.html (son baxış 02.03.2026). ↩︎